Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-578/2023 01.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiziya və Reabilitasiya Agentliyinə qarşı “TSERA tərəfindən əlillik dərəcəsinin bərpası ilə bağlı forma 88-ə edilən imtinanın ləğv edilməsi və TSERA-ya əlillik dərəcəsinin bərpa edilməsi üçün müvafiq göstərişlərin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “TSERA tərəfindən əlillik dərəcəsinin bərpası ilə bağlı forma 88-ə edilən imtinanın ləğv edilməsi və TSERA-ya əlillik dərəcəsinin bərpa edilməsi üçün müvafiq göstərişlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-10846/2022 saylı qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı, tələbin dəqiqləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə təqdim edərək cavabdehin imtinasının ləğv edilməsi və ona əlillik təyin edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı 2012-ci ildə keçirdiyi avtomobil qəzası nəticəsində döş qəfəs orqanları ilə qarın boşluğu, qabırqalarının hamısının qırılaraq əyri formada bitişməsi, çanaq orqanlarının müştərək travması və qarın boşluğunun bitişmə əlamətləri olan xəsarət almışdır.Həmin tarixdən ona tibb müəssisəsinin həkimi tərəfindən qoyulan diaqnoza müvafiq olaraq, 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının 0288003AAJ8Z nömrəli göndərişi əsasında qiymətləndirilmə aparılmış və göndərişin natamam doldurulması-səbəb, “Xəstənin 2012-ci ildən 2021-ci ilə qədər aldığı stasionar müalicələri qeyd olunmayıb;" qərarı verilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Mingəçevir 2 nömrəli Poliklinikanın xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S22 - Qabırğanın (qabırğaların), döş sümüyünün və onurğanın döş şö ...; Diaqnozun mətni; QKBT qarın boşluğunun və döş qəfəsinin qapalı travması. Daxili qanaxma laparatoniyaspleykextoniya. Splenoktomiyas. ve rektomiya əməliyyatından s/v. Kolostoma qoyulması. Relaparatomiya kolostomanın lə-mi. Çəki defisiti; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın ...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T08- T14 - Gövdənin, ətrafın və bədənin hər hansı nahiyəsinin dəqiqləşdirilməmiş hissəsinin travması => TO...; Diaqnozun mətni: Döş qəfəsi orqanlarının, qarın boşluğu orqanlarının, çanaq orqanlarının müştərək travmasına görə aparılmış laparatomiya, çənbər bağırsağının, dalaq əyriliyinin reaksiyası 60 mm, kolostoma, enən bağırsaq keçməzliyinə görə aparılan bağırsaq ilgəyinin bitişmədən ayrılması, vahid tək böyrəyin piolenefriti, asteno-nevrotik vəziyyət, xroniki xolesistit; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin müalicə müddəti yetərli deyil;” səbəbi ilə imtina verilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K90-K93 - Həzm orqanlarının digər xəstəlikləri => K91 - Həzm orqanlarının, başqa rubrikalarda təsnif edilməyən, tibbi proseduralardan sonra baş verən pozğu...; Diaqnozun mətni: Döş qəfəsi orqanları ilə qarın boşluğu və çanaq orqanlarının müştərək travmaları,; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin 2012-ci ildən, 2021-ci ilə qədər aldığı stasionar müalicələri qeyd olunmayıb;" səbəbi ilə imtina verilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - TƏBİB Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2022ci il tarixli PHŞ/6.61-2-2-2022-461 nömrəli məktubuna əlavə edilmiş 499008/1630 nömrəli X2 Kartasından görünür ki, iddiaçıya “Qarın boşluğu orqanlarının, döş qəfəsi orqanlarının, müştərək travmasına görə aparılmış laparatomiya, Splenoktomiyas və rektomiya əməliyyatından sonraki vəziyyət, həzm sisteminin pozğunluğu qabırğaların çoxsaylı sınığı, BXX. İ mərhələ” diqanozu qoyulmuşdur. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 474 nömrəli məktubuna əlavə edilmiş T28/2023 nömrəli Ekspert Rəyindən görünür ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Döş qəfəsi, qarın boşluğu və çanaq orqanlarının müştərək travmasma görə aparılmış laparatomiya, çənbər bağırsağının, dalaq əyriliyinin reaeksiyası 60 mm, kolostoma, enən bağırsaq keçməməzliyinə görə aparılan bağırsaq ilgəyinin bitişməfən ayrılması, travmatik subdural qansızma, postxolesistektomik sindrom, vahid tək böyrəyin pielonefriti, uretranm postravmatik daralması, dəmir defisitli anemiya, asteno-nevrotik sindrom, xroniki xolesistit” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Qeyd olunan diaqnozun dəqiqləşdirilməsi üçün tətbiq edilən müayinə metodlarını qənaətbəxş saymaq olar. Qərardadda göstərilən bu suallar məhkəmə tibb ekspertinin deyil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi- Sosial Tkspert Komissiyaları tərəfindən həyata keçirilir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının müraciətinə inzibati orqan tərəfindən baxıldığı vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.3-cü bəndinə əsasən, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Normaların məzmunundan göründüyü kimi, 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirmək, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən etmək TSEK-in və həmin Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmətin səlahiyyətlərinə aid edilmişdir. Eyni ilə, hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtinasını əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əliliyin təyini üçün müalicə müddətinin yetərli olmaması ilə əsaslandırmışdır. Cavabdehin imtinasının özündə bir birinə zidd məlumatlar öz əksini tapmışdır. Cavabdeh orqan iddiaçının əlavə müalicəyə ehtiyacının olmasını bildirməklə bərabər, əlilliyin təyini üçün müalicə müddətinin yetərli olmadığını bildirir. Lakin, tələb olunan müalicə müddəti və aparılmalı olan əlavə müalicə barədə cavabdeh orqanın mövqeyi qeyri-müəyyəndir. Yəni, aparılacaq əlavə müalicənin əlilliyinin təyin edilməsi zərurətini aradan qaldıracağı, yaxud əlilliyin təyini üçün müalicə dövrü ilə bağlı formal müddətin tələb olunması ilə bağlı mövqe anlaşılan deyil. Göndərişin verildiyi vaxtda qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.2-ci bəndinin tələblərinə görə göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmalıdır. Bundan əlavə, göndərişin verildiyi vaxtda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 2.3-cü bəndinə əsasən, göndərişdə şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar göstərilməlidir. Əgər göndərişdə aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu qeyd edilməmişdirsə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.22-ci bəndinin hansı səbəblərdən tətbiq olunmadığı məlum deyil. Həmin bəndin tələbinə görə, göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. Lakin həmin normada göndərişin keyfiyyət meyarları göstərilmir. Cavabdeh isə Əsasnamənin 4.22-ci bəndinin iddiaçıya aid göndərişə münasibətdə tətbiqini zəruri hesab etməmiş, bununla da, həmin göndərişin keyfiyyət meyarına uyğunluğunu qəbul etmiş, müraciətə mahiyyəti üzrə baxmış və həll etmişdir. Lakin cavabdeh tərəfindən hər hansı əlavə inzibati araşdırma aparıldığına dair işdə məlumat yoxdur. Müraciətə baxıldığı vaxtda qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin - 4.16-cı bəndinə əsasən, TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.25-ci bəndinə əsasən, araşdırma şəxsin iştirakı ilə təkrar müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə təkrar müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. Normaların məzmunu, həmçinin orada müəyyən edilmiş icraat qaydası və müddətləri belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh müraciətlərə “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun (işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması, əlavə sübutların toplanması və s.) baxılmasına müddət baxımından iqtidarlı olmamışdır. Bundan fərqli olaraq, hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın – 2.4-cü bəndinə görə, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.7-ci bəndinə görə, TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Xidmət tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Xidmətə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Xidmətin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. Həmin normalarla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması həmin icraatda mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi). İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından iddia qismən təmin olunmalı, cavabdehin imtina qərarı ləğv edilməklə onun üzərinə xx.xx.1979-cu il tarixdə doğulmuş İddiaçı aid xx.xx.2022-ci il tarixli 0288003AAJ8Z nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə Qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtina qərarı ləğv edilməklə onun üzərinə xx.xx.1979-cu il tarixdə doğulmuş İddiaçı barəsində “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixli 0288003AAJ8Z nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən yenidən baxmaq öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №2-1(116)-578/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-578/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver