Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-578/2025 18.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayonu ərazisində istifadəsində və sahibliyində olan 0.06 ha torpaq sahəsinə onun adına hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13in 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayonu ərazisində istifadəsində və sahibliyində olan 0.06 ha torpaq sahəsinə onun adına Hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın və plan-ölçü sənədinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı əsasında JN-2040F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Qəbələ rayonunda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi hazırda da, onun istifadəsində və sahibliyindədir. İddiaçı 0,06 ha torpaq sahəsinə çıxarış və plan ölçü sənədinin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan 30 noyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Qəbələ şəhəri ərazisində yerləşən JN-2040F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0,06 ha torpaq sahələrinə çıxarış və plan ölçü sənədinin hazırlanması ilə bağlı “Daşınmaz Əmlkam Dövlət Kadastrı və Reyestri” X13 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı müraciəti ilə bağlı Ərazi İdarəsinin arxiv məlumatları əsasında müvafiq araşdırma aparılmışdır. JN-2040F saylı "Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə" nin arxiv nüsxəsi Ərazi İdarəsinin arxiv məlumatlarında aşkarlanmamışdır. Həmçinin Qəbələ şəhəri üzrə subyektlər siyahısında 2040F sıra nömrəsi başqa vətəndaşın adı (X8) qeyd edilmişdir. Qeyd olunan səbəbə görə də müraciətin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubu, JN-2040F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə, Qəbələ Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu və həmin məktuba əlavə olunmuş Laza kənd İƏN-nin təsərrüfatbaşına kitablardan çıxarış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 3-21-3- 60/2-1862/2024 nömrəli məktubu, cavabdehin xx.xx.2025-ci il tarixli məktubu və həmin məktuba əlavə edilmiş mütəxəssis rəyi, cavabdehin xx.xx.2025-ci il tarixli məktubu. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbinə görə iddiaçının adlarına tərtib edilmiş JN-2040F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin istinad olunan Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. İşin hallarından göründüyü kimi iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı JN-2040F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyət hüquqları qeydiyyata alınmış 0.06 ha torpaq sahəsinə dair yeni nümunəli çıxarışın verilməsinə nail olmaqdır. Belə ki, həmin torpaq sahəsi üzərində qeydiyyata alınmış və sözügedən şəhadətnamə ilə rəsmiləşdirilmiş mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. Hazırkı iş üzrə iddiaçının məqsədi də, əslində torpaq sahəsi üzərində hüququn cavabdeh tərəfindən qeydiyyata alınmasına deyil, artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsinə yönəlmişdir. İş materialları ilə müəyyən edilir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı əsasında JN-2040F nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə Qəbələ rayonunda yerləşən 0,06 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili JN-2040F saylı "Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə" nin arxiv nüsxəsi Ərazi İdarəsinin arxiv məlumatlarında aşkarlanmaması və Qəbələ şəhəri üzrə subyektlər siyahısında 2040F sıra nömrəsi başqa vətəndaşın adı (X8) qeyd edilməsi ilə bağlıdır. Məhkəmə, cavabdeh orqanın dəlilinə münasibətdə qeyd edir ki, Ərazi İdarəsinin arxivində eyni torpaq sahəsinə münasibətdə fərqli subyektlərin adına eyni nömrəli Şəhadətnamələrin olması iddiaçının müraciətinin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Belə ki, bu zaman cavabdeh orqanın araşdırmalı və qiymətləndirməli olduğu məsələ sözügedən şəhadətnamələrdən hansının legitim olması ilə bağlıdır. Bunun üçün isə cavabdeh orqan torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış hüququn mövcudluğu kontekstində inzibati araşdırma aparmalı idi. İcraat materiallarından görünür ki, iddiaçının adına JN-2040F saylı, X5 və ailə üzvlərinin adına JN-2039F saylı, X2 adına JN-2041F “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr tərtib edilərək mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmışdır. Nəzərə alınmalıdır ki, hər üç qonşu torpaq sahəsi faktiki olaraq onlara ayrılmış torpaq sahələrindən istifadə etmiş və ötən müddət ərzində aralarında mübahisə baş verməmişdir. Şəhadətnamələrin qeydiyyatı kitabında JN-2040F saylı Şəhadətnamənin verildiyi subyekt olaraq qeyd edilmiş X3 adının üzərindən xətt çəkilmiş və iddiaçının adı qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, Arif Murtuzovun adına tərtib edildiyi bildirilən eyni nömrəli Şəhadətnamənin arxiv nüsxəsi də, Ərazi İdarəsində aşkarlanmamışdır. Cavabdeh orqan tərəfindən iddiaçının əslini təqdim etdiyi JN-2040F saylı Şəhadətnamənin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində də qeyd edilmişdir ki, İddiaçı faktiki istifadə olan 0,0792 ha torpaq sahəsinin 0,06 ha hissəsi JN-2040F saylı Şəhadətnaməyə əsasən iddiaçının xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Qalan 0,0192 ha hissəsi isə Qəbələ rayonu Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Qəbələ şəhər İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar Qəbələ bələdiyyəsinin mülkiyyətinə aid ərazidir. İddiaçı adına tərtib edilmiş JN-2040 F saylı Şəhadətnamə Qəbələ şəhəri ərazisində aparılmış torpaq islahatına dair Kompleks yerquruluşu xəritəsində (DWG) mövcuddur. Sözügedən Şəhadətnamənin nüsxəsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ- nin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində mövcud deyildir. Ərazi İdarəsinin arxivində nüsxəsi mövcud olmadığına baxmayaraq, Qəbələ şəhərinin həyətyanı torpaq sahəsi alan subyektlər siyahısında 2040 nömrə ilə İddiaçı adı qeyd edilmişdir. Sözügedən torpaq sahəsi X6 X7 (TEKUİS) əsasən sənəd nömrəsi 2040F saylı Şəhadətnamə, mülkiyyət növü isə xüsusi mülkiyyət göstərilmişdir. Faktiki naturada ölçülmüş torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir. Həmçinin iş üzrə materiallardan da, həmin torpaq sahəsinin iddiaçıya ayrılmasının təkzib edilmədiyi, başqasına ayrılmadığı və dövlət reyestrində başqasının adına qeydiyyata alınmadığı, eləcə də, həmin torpaq sahəsinin ayrıldığı vaxtdan iddiaçının faktiki istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi görünür. Odur ki, artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsindən imtina etməkdə cavabdeh orqan haqlı olmamışdır. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13in 9 saylı Qəbələ ərazi idarəsinə üzərinə Qəbələ rayonu ərazisində yerləşən, JN-2040F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə İddiaçı istifadəsində və sahibliyində olan 0.06 ha torpaq sahəsinə onun adına hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın və plan-ölçü sənədinin verilməsi verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.