Məhkəmə qərarları › İş №2-1(116)-579/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-579/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-579/2020 17.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "01.09.1972-ci il tarixdən 06.03.1978-ci il tarixədək X3 Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə anadan olmuş və hazırda Yevlax rayonu Xanabad kəndində yaşayır. O, 01.09.1972-ci ildə X3 Texnikumuna daxil olmuş, 04.06.1973-cü ildən 12.06.1975-ci ilədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, sonra təhsilini davam etdirərək, 06.03.1978-ci ildə Texnikumu bitirmişdir. Ona 07.01.2019-cu ildə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin həmin vaxt onun Texnikumda təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməmişdir. Hazırda onun aldığı pensiyanın məbləği 244,09 manat təşkil edir, təhsil müddəti onun sosial sığorta stajına daxil ediləcəyi halda, bu məbləğ artacaq. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək təhsil aldığı həmin müddətin sosial sığorta stajına daxil olunmasını xahiş etmiş, lakin cavabdeh özünün 24.12.2019-cu il tarixli məktubu ilə bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən müddətlərin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmadığına görə onun əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi qanunauyğun deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, öz tələbini belə əsaslandırmışdır ki, 2019-cu ilin yanvar ayında pensiyaya çıxmışdır. Ancaq əyani təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilməmişdir. Təhsil aldığı zaman qüvvədə olmuş qanunvericiliyə görə, təhsil müddəti sosial sığorta stajına daxil edilməlidir, əgər bu müddət nəzərə alınarsa, onun aldığı yaşa görə əmək pensiyasının məbləğində artım olacaqdır. Cavabdeh iddiaya qarşı 14.02.2020-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, AT seriyalı 000151 nömrəli diplomdan görünür ki, İddiaçı 01.09.1972-ci ildən 06.03.1978-ci ilədək X3 Texnikumunda təhsil almışdır; - İşdə olan, НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı 04.06.1973-cü ildən 12.06.1975-ci ilədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur; - İşdə olan, cavabdehin 14.02.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 07.01.2019-cu ildə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Halhazırda pensiyanın məbləği 244,09 manatdır. Əgər əyani təhsil müddəti nəzərə alınarsa, onun aldığı yaşa görə əmək pensiyasının məbləğində 17,65 manat artım oluna bilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. İşdən göründüyü kimi, cavabdehin imtinasının dəlili "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajına daxil edilməməsindən ibarətdir. 01.10.1956-cı ildə qüvvəyə minmiş və 23.09.1992-ci ilədək qüvvədə olmuş "Dövlət pensiya təminatı haqqında" SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman qüvvədə olan pensiya qanunvericiliyi təhsil müddətinin iş stajına daxil edilməsini nəzərdə tutur. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında, o cümlədən, 01.01.2006-cı ildə qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin şərti kimi çıxış edən is stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Ona görə də təhsil müddəti iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Bununla yanaşı, iddiaçı öz iddia ərizəsində təhsil müddəti kimi 01.09.1972-ci il tarixdən 06.03.1978-ci ilədək olan müddəti göstərsə də, müəyyən edildi ki, o, 04.06.1973-cü ildən 12.06.1975-ci ilədək hərbi xidmətdə olmuşdur. Həmin hərbi xidmət müddəti təhsil müddətinə aid olmadığına görə iddianın həmin müddətlə bağlı hissəsi təmin oluna bilməz. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçının 01.09.1972-ci ildən 03.06.1973-cü ilədək və 13.06.1975-ci ildən 06.03.1978ci ilədək X3 Texnikumunda təhsil aldığı müddəti onun sosial sığorta stajına daxil etməməkdə haqlı olmamışdır. Ona görə də iddia həmin müddətlə bağlı hissədə təmin edilməli, cavabdehin üzərinə həmin müddətin iddiaçının sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalı, qalan hissədə isə iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 01.09.1972-ci ildən 03.06.1973-cü ilədək və 13.06.1975-ci ildən 06.03.1978-ci ilədək X3 Texnikumunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. İddia 04.06.1973-cü ildən 12.06.1975-ci ilədək müddətə aid olan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar