Məhkəmə qərarları › İş №2-1(116)-579/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-579/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-579/2024 01.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X2rşı “Yaralandığı tarixindən, yəni 08 noyabr 2020-ci il tarixindən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yaralandığı tarixindən, yəni 08 noyabr 2020-ci il tarixindən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-12808/2023 saylı qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2001-ci il tarixində anadan olmuşdur. xx.xx.2019-cu il tarixində hərbi xidmətə çağırılmış, xx.xx.2021-ci il tarixində ordudan tərxis olunmuşdur. Hərbi xidmətdə olduğu dövrlərdə İİ Qarabağ müharibəsində fəal iştirak etmişdir. N və N saylı hərbi hissələrin tərkibində Füzuli və Xocavənd rayonlarının azad olunmasında iştirak etmişdir. Xocavənd uğrunda gedən döyüşlərdə ağır kəllə-beyin travması və qəlpə yarası almışdır. Uzun müddət müalicə alsa da, sağlamlığını bərpa etmək mümkün olmamışdır. Həm sağ, həm də sol ayaqlarının yumşaq toxumalarında olan qəlpələr çıxarılsa da, sümükdə olan qəlpələri çıxarmaq mümkün olmamışdır. Cavabdehə əlilliyin təyin edilməsi ilə bağlı olaraq bir neçə dəfə müraicət etsə də, cavabdeh tərəfindən hər dəfə imtina edilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023cü il tarixli 2697 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020). Sol bud sinirinin posttravmatik neyropatiyası nəticəsində ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə. Sağ radial sinirinin posttravmatik neyropatiyası, ətrafın funksiyasının cüzi dərəcədə pozulması ilə. Partlayış yaralanması (xx.xx.2020). Xarici burnun yumşaq toxumalarının yad cismi (metal qəlpəsi). Partlayış yaralanmasım(xx.xx.2020). Saq mil-bilək , sol bazu sümüyünün orta və aşağı 1/3-nin, sol bud sümüyünün başının, sağ incik sümüyünün orta 1/3-nin, sol xaya ətrafının yumşaq toxumaların yad cisimləri (metal qəlpələr). Üst və alt çənənin yumşaq toxumalarının yad cismi (metal qəlpə)" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdirş “Hər iki gözün mürəkkəb miopik astiqmatizmi sağda M 1,75D və 1,0D, solda 2,0 və 0,75D nəticəsində görmə itiliyinin 0,1-ə, solda 0.4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022- ci il tarixli 919 nömrəli Tibbi rəyində diaqnoz "Posttravmatik stress pozuntusu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 12473/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 692/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Posttravmatik stress pozuntusu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 336 nömrəli Tibbi rəyində diaqnoz "Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, sağ aşağı ətrafda, sol əldə hərəkət məhdudluğundan, keyimədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə. Kompensasiya vəziyyətində" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz - əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasinda iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixində müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir.

2. İddiaçıya məxsus SX seriyalı ******* nömrəli hərbi bilet.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 5035 nömrəli rəyi.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən tərtib edilən 14100 arayış.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən tərtib edilən 111243 arayış.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən tərtib edilən 15418 arayış.

7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2023-cü il tarixli 3-17- 4/3-3-4017/2023 nömrəli Qərarı;

8. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2882/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

9. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 5888 nömrəli rəyi . Əsaslandırma hissəsi:

İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlillik Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmasına dair Əsasnamə” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır. Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir (Forma 88) və qiymətləndirmə zamanı yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası : 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2882/2023 nömrəli qərardadı ilə iddiamının sağlamlıq vəziyyətinin əyani müayinəsi və rəy verilməsi məqsədi ilə məhkəmətibbi ekspertizası təyin edilmişdir.Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli T902/2023 nömrəli rəyi təqdim edilmişdir. 2001-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: “İddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Bakı 2 nömrəli X1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli, E00098330MRG nömrəli Forma 088 göndərişində qeyd edilmiş “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə, “astiqmatizim” diaqnoz ona Respublika Psixiatriya Xəstəxanasıda xx.xx.2023-cü il tarixində həkim-psixiatr komissiyası tərəfindən SN-nin xx.xx.2023-cü il tarixli, 3-28\3-1 -118X2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə əsasən müayinə edilərkən müəyyən edilmişdir. Həmin diaqnoz onun hazırkı sağlamlıq durumunun xəstəliyidir”. Yuxarıda qeyd edilən xəstəliklə əlaqədar o, dispanser qeydiyyata götürülür və mütəmadi müalicə olunmaqla nəzarətdə olurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1-ci bəndində posttravmatik stres pozuntusu F43.1 qeyd edilmişdir.Həmin diaqnozun əlillik əlaməti təyin edən qiymətləndirmə meyarları aşağıdakı kimi təsbit edilmişdir : 7.5.1.1. 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 35-60 orqanizmin funksiyalarının pozulması faizi 2 il müddətində. 7.5.1.2. 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət 65-80 orqanizmin funksiyalarının pozulması faizi 2 il müddətində. İddiaçının hazıkı sağlamlıq vəziyyətinin yoxlanılması zamanı təyin edilmiş məhkəmətibbi ekspertizasının rəyinə əsasən iddiaçının orqanizminin funksiyalarının pozulması nəticə etibarı ilə yuxarıda qeyd olunan meyaralara uyğun olmadığından əlillik əlaməti təyin etmir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

qərara aldı:

İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X2rşı “Yaralandığı tarixindən, yəni 08 noyabr 2020-ci il tarixindən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar