Məhkəmə qərarları › İş №2-1(116)-58/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-58/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-58/2024 24.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Salahlı kəndində yerləşən 3.0908 ha torpaq sahəsinin yerində mərzlənərək, ölçülərək istifadəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yevlax rayonu Salahlı kəndində yerləşən 3.0908 ha torpaq sahəsinin yerində mərzlənərək, ölçülərək istifadəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarı ilə X2 və qeyrilərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş JN-396 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş 3:09 ha torpaq sahəsini satın almışdır. Həmin torpaq sahəsinin 3.0908 ha torpaq sahəsinin yerində mərzlənərək, ölçülərək istifadəsinə verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi müraciətinə imtina məktubu vermişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər tərəfimizdən araşdırılan zaman məlum olmuşdur ki, vətəndaşın mülkiyyətində olan torpaq sahəsi ilə TEKUİS-də göstərilmiş torpaq sahəsinin faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluq vardır. Belə ki, həmin məlumatlara əsasən 3.0908 ha torpaq sahəsi ilə azalma ilə 2.71 ha göstərilmişdir.Azalmanın səbəbi onunla izah olunur ki, Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair hüquqların dövlət reyestrindən çıxarış elektron xəritə baza məlumatlarına əsasən verilsə də Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli fərmanına əsasən ölkə ərazisində təkrar inventarlaşdırma ilə bağlı “X3 İnformasiya Sistemi”-i yaradıldıqdan sonra faktiki istifadə etdikləri natura üzrə konfiqurasiyanın olması ilə bağlıdır. Vətəndaşa izah olunmuşdur ki, sənəd və faktiki sahə üzrə uyğunsuzluğun aradan qaldırılması üçün tələbkarın rəsmi razılığı əsasında 2.71 ha torpaq sahəsinə dövlər reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü-sənədlərinin verilməsi mümkündür. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Yevlax ərazi idarəsinin təqdim etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayonu Salahlı kəndi ərazisində yerləçən 3.0908 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

3. A seriyalı 015299 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 3.0908 ha torpaq sahəsi İddiaçı adına verilmişdir.

4. JN-396A KOD 90100038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktından görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 27 saylı qərarı 3.09 ha torpaq sahəsi X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-2245/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının adına RX seriyalı, ******* nömrəli çıxarış əsasında tərtib edilmiş xx.xx.2015-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 3.0908 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası əkin. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İstifadə olunan torpaq sahəsi “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 3.0908 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının iddia etdiyi və naturada göstərdiyi (sənəd üzrə olan torpaq sahəsi faktiki istifadə olunan torpaq sahəsi ilə eynilik təşkil etmir) torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-4131/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavə edilmiş düzəlişdən görünür ki, İddiaçı alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə hazırlanmış xx.xx.2015-ci il tarixli plan ölçü sənədinin tərtib olunmasına əsas JN-396 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktıdır. İddiaçının adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli plan ölçü sənədində göstərilən torpaq sahəsi faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. JN-396 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktının koordinatlarında göstərilən 3.09 ha torpaq sahəsi faktiki istifadə olunan torpaq sahəsi ilə eynilik təşkil etmir. İddiaçının alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə hazırlanmış xx.xx.2015-ci il tarixli plan ölçü sənədində göstərilən torpaq sahəsi JN-396 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktının koordinatlarında göstərilən 3.09 ha torpaq sahəsi ilə eynidir.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçının hüquqi varisi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia qismən əsaslıdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsindən və iddiaçının izahatından müəyyən edilir ki,onun hüquqi marağı ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən yeni plan-ölçü sənədinin verilməsindən ibarətdir.İddiaçının 3.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeyd alınsa da faktiki olaraq onun istifadəsində həmin torpaq sahəsi deyil,2,71 ha torpaq sahəsi vardır.Həmin torpaq sahəsi isə ilkin texniki sənəddə qeyd olunan torpaq sahəsi ilə eyni deyildir. Hazırkı iddiaya əsasən iddiaçı cavabdeh inzibati orqandan 3,09 ha torpaq sahəsinin yerinin müəyyən edilməsini və həmin koordinatlara uyğun plan-ölçü sənədinin verilməsini tələb etmişdir. Cavabdehin imtinasının əsasını iddia olunan 3.09 ha torpaq sahəsinin naturada az olması ilə bağlı olmuşdur.Məhkəmə aşağıdakılara əsasən hesab edir ki,iddia qismən əsaslıdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 27 saylı qərarı 3.09 ha torpaq sahəsi X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir və onlar həmin torpaq sahəsini alqı-satqı yolu ilə İddiaçı satmışdır.Mülki əqdin əsasında iddiaçının mülkiyyət hüququ qeydə alınaraq müvafiq çıxarış verilmişdir.İşin hallarından görünür ki,iddiaçıya verilmiş çıxarış və torpaq sahəsinin plan-ölçü sənədi ilə onun faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür.Belə ki,müvafiq sənədlər mülki əqdə uyğun olaraq JN-396 saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktının DWG məlumat bazası əsasında verilmişdir.Təqdim olunan mütəxəssis rəyinə əlavə edilmiş Yerquruluşu planından da görünür ki,iddiaçının adına tərtib edilmiş Çıxarış və texniki sənədin koordinatları ilə faktiki istifadə olunan torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. İddiaçının adına olan çıxarış əsasında 3,09 ha torpaq sahəsinə yeni plan-ölçü sənədinin verilməsi mümkün deyildir.Belə ki,həmin sənədin koordinatları faktiki istifadə vəziyyətinə əsasən qeydə alınmış digər subyektlərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür.TEKUİS-ə əsasən təqdim olunan rəydən görünür ki,iddiaçının hazırda istifadəsində 2,71 ha torpaq sahəsi vardır.İddiaçıya TEKUİS-ə və faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədi təqdim olunmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq Xidmətin aşağıdakı vəzifələri var : - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətinə olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq 2.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar