Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-580/2022 18.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1971-ci il tarixli 32 №-li doğum haqqında akt qeydində adının “İbrahim” adından “Məmməd” adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddiaçının doğum haqqında akt qeydinə düzəliş edilərək adının “İddiaçı” kimi qeyd olunması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “xx.xx.1971-ci il tarixli 32 №-li doğum haqqında akt qeydində adının “İbrahim” adından “Məmməd” adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçının ilkin doğum haqqında akt qeydində adı “İbrahim” olaraq qeyd edilmiş, lakin iddiaçı barəsində tərtib edilmiş bütün digər sənədlərdə adı “Məmməd” olaraq yazılmışdır. İddiaçı müvafiq sənədlər əsasında ilkin doğum haqqında akt qeydinə düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə münasibətində bildirmişdir ki, iddiaçı doğum haqqında akt qeydində adına düzəliş edilməsi ilə bağlı müraciət etmiş, lakin düzəlişə əsas verən lazımi sənədi təqdim edə bilməmişdir. Buna görə də doğum haqqında akt qeydində düzəliş edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək iddia tələbinin qanuni həll edilməsini xahiş etdi İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - SHÇÜDX-nin Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 537 №-li məktubuna əlavə edilmiş iddiaçının qeydiyyat kartasında, iddiaçı barəsində tərtib edilmiş fərdi uçot kartoçkasında xx.xx.1970-ci il təvəllüdlü İddiaçı barəsində məlumatlar qeyd edilmişdir. - iddiaçının digər bacı və qardaşları barəsində cavabdeh orqan tərəfindən təqdim edilmiş doğum haqqında akt qeydlərindən görünür ki, iddiaçının doğulduğu dövrdə digər qardaşı doğulmamışdır. - XVİİİ-ЖГ 453130 və İ-AZ 202364 №-li doğum haqqında şəhadətnamələrdən görünür ki, Nizaməddin Abdulrəhimov və Fərid Abdulrəhimovun valideynlərinin ata qrafasında “Məmməd” adı qeyd edilmişdir. - xx.xx.1971-ci il tarixli 32 №li doğum haqqında akt qeydindən görünür ki, X1 xx.xx.1970-ci ildə doğulması barədə qeydiyyat aparılmış, atası – X2, anası X4 qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının adı doğum haqqında akt qeydində “İbrahim” qeyd edilməsinə baxmayaraq, bütün digər sənədlərdə adı “Məmməd” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin (Ümumi müddəalar) 2.2.2-ci bəndinə əsasən vətəndaşın doğum haqqında şəhadətnaməsi ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən tələb olunan sənədlərdən biridir. İddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarında adının “Məmməd” olaraq qeyd edilməsi onu deməyə əsas verir ki, şəxsiyyət vəsiqəsinin verilməsi üçün təqdim edilən doğum haqqında şəhadətnamədə də iddiaçının adı “Məmməd” olmuş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə adının “Məmməd” olaraq qeyd edilməsi ilə bağlı həmin sənədlərin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Bundan başqa 1984-cü ildə hərbi komissarlıqda uçota duran zaman iddiaçının adı “Məmməd” olaraq qeyd edilmiş, iddiaçının fərdi uçot kartoçkasında olan məlumatlarla da adı “Məmməd” göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində adına düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. xx.xx.1971-ci il tarixli 32 №-li doğum haqqında akt qeydində (X5 ilə bağlı) iddiaçının adının “İbrahim” adından “Məmməd” adına düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.