Məhkəmə qərarları › İş №2-1(116)-581/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-581/2020

09.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-581/2020 09.12.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Oğuz rayon filialına qarşı “cavabdehin 671671 saylı pensiya işi üzrə pensiyasının dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamının ləğv edilməsi, təyin olunmuş pensiyanın əsassız dayandırıldığı xx xxxxxx 2019-cu il tarixdən bərpa edilməsi, ondan əsassız geri alınmış 4655 manat məbləğində pulun və həmin tarixdən halhazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb birdəfəyə dərhal ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Oğuz rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Oğuz rayon Avtonəqliyyat müəssisəsində çilingər, 1986-1995-ci illərdə Oğuz rayon “Xaçmaz” kolxozunda kolxozçu işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü il tarixdə Oğuz rayonunda anadan olmuşdur. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Oğuz rayon Avtonəqliyyat müəssisəsində çilingər, 1986-1995-ci illərdə Oğuz rayon “Xaçmaz” kolxozunda kolxozçu işləmişdir. İddiaçının Oğuz rayon Avtonəqliyyat müəssisəsində əmək fəaliyyəti illərinə dair onun əmək kitabçasında müvafiq qeydlər aparılsa da, 1986-1995-ci illərdə Oğuz rayon “Xaçmaz” kolxozunda işlədiyi müddət qeyd edilməmişdir. Hal-hazırda müəssisə və kolxoz fəaliyyət göstərmir. İddiaçı Oğuz rayon Dövlət Arxivindən Oğuz rayon “Xaçmaz” kolxozunda işlədiyinə və əmək haqqı almasına dair arxiv arayışı əldə etsə də, Oğuz rayon Avtonəqliyyat müəssisəsinin 1984-1986-cı illərə dair çilingər və yük parkı işçilərinin şəxsi hesab kitablarının arxivə təhvil verilməməsi səbəbindən müvafiq arxiv arayışı əldə edə bilməmişdir. İddiaçı pensiya yaşına çatdığı üçün xx.xx.2017-ci il tarixdən əmək pensiyası alır. Lakin cavabdeh orqan tərəfindən ona xx.xx.2019-cu il tarixli məktub göndərilərək “Xaçmaz” kolxozunda işlədiyi dövr üçün əmək kitabçasının surətini, Oğuz rayon Avtonəqliyyat müəssisəsində işlədiyi dövr üçün isə əmək haqqı arayışını təqdim edə bilmədiyi üçün həmin dövrlərin onun sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı bildirilmiş və bu səbəblə də təyin olunmuş pensiya ödənişinin dayandırıldığı qeyd olunmuş, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan bütün müddət ərzində ödənilmiş pensiya məbləğinin geri qaytarılması iddiaçıdan tələb edilmişdir. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə ünvanlayaraq iddia tələbində düzəlişlər aparmış və “cavabdehin 671671 saylı pensiya işi üzrə pensiyasının dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamının ləğv edilməsi, təyin olunmuş pensiyanın əsassız dayandırıldığı xx xxxxxx 2019-cu il tarixdən bərpa edilməsi, həmin tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb birdəfəyə dərhal ödənilməsi, həmçinin əsassız geri alınmış məbləğin birdəfəyə ona qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə yenidən ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində cavabdehin 671671 saylı pensiya işi üzrə pensiyanın dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamına əsasən xx xxxxxx 2019-cu il tarixdə artıq alınmış təqaüd qismində YXO-nun tərkibində olan Oğuz Rayon Maliyyə İdarəsinin **********6800201168 nömrəli hesabına X3 adından 1500 (bir min beş yüz) manat və öz adından 3155 (üç min bir yüz əlli beş) manat, cəmi 4655 (dörd min altı yüz əlli beş) manat məbləğində pul ödədiyini bildirərək, “cavabdehin 671671 saylı pensiya işi üzrə pensiyasının dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamının ləğv edilməsi, təyin olunmuş pensiyanın əsassız dayandırıldığı xx xxxxxx 2019-cu il tarixdən bərpa edilməsi, əsassız geri alınmış 4655 (dörd min altı yüz əlli beş) manat məbləğində pulun və xx xxxxxx 2019-cu il tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb birdəfəyə ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında ərizə protokol qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdeh orqan iddiaçının tələbinə münasibət bildirirərək qeyd etmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlər nəzərə alınaraq xx.xx.2017-ci il tarixdən 12 il 09 gün iş stajına uyğun olaraq (tələb edilən norma 12 ildir) 140.72 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 2019-cu ilin dekabr ayında şöbədə aparılan araşdırma zamanı vətəndaşın xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Oğuz Rayon Avtonəqliyyat Müəssisəsində işlədiyi dövrə aid əmək haqqı arayışı təqdim edilmədiyinə görə həmin dövr, yəni 01 il 11 ay 18 gün hesablamadan çıxarılmışdır. Nəticədə vətəndaşın staj hüququ yaranmadığına görə ona təyin edilən pensiyanın ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Bu barədə vətəndaşa şöbə tərəfindən xx.xx.2019-cu il tarixli **********8 №-li məktubu ilə rəsmi məlumat verilmişdir. X4 xx.xx.2019-cu il tarixdə müraciət edərək xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək X1 işlədiyi dövrə dair xx.xx.2019-il tarixli 208 №-li Oğuz Rayon Dövlət Arxivindən verilmiş arxiv arayışını və xx.xx.2019-cu il tarixli 207 №-li Arxiv arayışını təqdim edərək iş stajının yenidən hesablanmasını tələb etmişdir. Vətəndaşa bildirilmişdir ki, "Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmləşdirilməsi, baxılması və saxlanılması Qayda"larının 3.1.1-ci bəndinə görə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyasının hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına müəyyən edilir. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan Oğuz Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 207 nömrəli arxiv arayışından müəyyən edilir ki, iddiaçı “Xaçmaz” kolxozunda 1986-1995-ci illərdə cəmi 634 iş günü (iddiaçı 1986-cı ildə 104 iş günü, 1987-ci ildə 199, 1988-ci ci ildə 48, 1989-cu ildə 93, 1990-cı ildə 46, 1991-ci ildə 3, 1992-ci ildə 2, 1993-cü ildə 129 və 1995-ci ildə 10 iş günü işləmişdir) olmaqla (minimum norma 1986-cı ildə 200 gün, 1987- 1995-ci illərdə 260 gün olmuşdur) əmək fəaliyyəti ilə məşğul olmuşdur. (cəmi 2 il 5 ay) İş materiallarında olan Oğuz Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 208 nömrəli arxiv arayışından müəyyən edilir ki, Oğuz rayon Avtonəqliyyat müəssisəsinin Oğuz rayon Dövlət Arxivində mühafizə olunan sənədlərində 1984-1986-cı illərin çilingər və yük parkı işçilərinin şəxsi hesab kitabları Arxivə təhvil verilmədiyindən iddiaçının əmək haqqına dair arayışın verilməsi mümkün olmamışdır. İş materiallarında olan ******* nömrəli “Əmək kitabçası”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Oğuz rayon Avtonəqliyyat müəssisəsində çilingər işləmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan müəyyən edilir ki, Oğuz Rayon Dövlət Arxivi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 207 nömrəli arxiv arayışında yazılan qeydlərin düzgünlüyü cavabdehin mütəxəssisləri və arxiv müdirinin iştirakı ilə yerində yoxlanılmış və iddiaçının 1986-1995-ci illərdə “Xaçmaz” kolxozunda kolxozçu işləməsi faktı öz təsdiqini tapmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan müəyyən edilir ki, Oğuz Rayon Dövlət Arxivi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 208 nömrəli arxiv arayışında yazılan qeydlərin düzgünlüyü cavabdehin mütəxəssisləri və arxiv müdirinin iştirakı ilə yerində yoxlanılmış və məlum olmuşdur ki, Oğuz Avtonəqliyyat müəssisəsinin 1984-1986-cı illər üzrə çilingər və yük parkı işçilərinin şəxsi hesab kitabları arxivə təhvil verilməmiş və bu səbəbdən də iddiaçının həmin müəssisədə işləməsinə dair müvafiq məlumatların əldə edilməsi mümlün olmamışdır. İş materiallarında olan 155 nömrəli “Pensiya işi”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, cavabdehin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli 155 nömrəli Qərarı ilə iddiaçıya xx.xx.2017-ci il tarixdən daimi yaşa görə 140.72 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Pensiya işində tələb olunan iş stajı 12 göstərilməklə iddiaçının 2 il 01 ay 07 gün hərbi xidmət illəri və 09 il 11 ay 02 gün iş stajı olmaqla cəmi iş stajının 12 il 09 gün olduğu qeyd edilmişdir. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubunda həmçinin qeyd olunur ki, iddiaçının göstərilən 12 il 09 gün iş stajının hesablanması aşağıdakı kimi olmuşdur: 73.05.10 - 75.06.17 (hərbi xidmət dövrü) 75.09.05 - 80.02.18 (Mingəçevir RT) 80.02.19 - 80.04.22 (Mingəçevir çörək zavodu) 80.11.03 - 84.03.01 (X6) 84.06.06 - 86.05.24 (Avtonəqliyyat müəssisəsi) ***-**-** 405-20-82 -392-33-43 11-11-39 (12 il 09 gün cəmi iş stajı) İş materiallarında olan cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubunda qeyd edilir ki, iddiaçı X2 yaşa görə əmək pensiyasının təyin edilməsində iş stajının hesablanması aşağıdakı qaydada aparılmışdır. Vətəndaşın təqdim etdiyi əmək kitabçasına əsasən 09 il 11 ay 02 gün, hərbi xidmət dövrünə görə 2 il 01 ay 07 gün olmaqla, cəmi 12 il 09 gün ümumi iş stajı olmuşdur. Vətəndaşa 12 il 09 gün iş stajına görə (12 il x2.56 x30.72 x144 =4423.68) BH-110.00, SH-30.72 Cəmi 140.72 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 2019-cu ilin dekabr ayında şöbədə aparılan araşdırma zamanı vətəndaşın xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Vartaşen (Oğuz) Avtonəqliyyat Müəssisəsində işlədiyi dövrə dair əmək haqqı arayışı təqdim edilmədiyinə görə 1 il 11 ay 18 gün ümumi iş stajından çıxarılmışdır. Nəticədə tələb edilən 12 il iş stajı norması yaranmadığına görə pensiya işi ləvğ edilmişdir. Vətəndaşın mübahisə edilməyən iş stajı 10 il 21 gün, mübahisə edilən iş stajı 1 il 11 ay 18 gün olmuşdur. İş materiallarında olan pensiya işinin dayandırılması barədə sərəncamın surətindən görünür ki, iddiaçının pensiya ödənişi xx.xx.2019-cu il tarixindən dayandırılması və ödənilmiş məbləğin geri qaytarılmasının təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Kapital Bank ASC-nin 48607 və 48619 nömrəli qəbzlərindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixində cəmi 4655 manat Oğuz rayon maliyyə idarəsinə ödənilmişdir. Ödənişin təyinatı artıq ödənilmiş pensiya qeyd olunmuşdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2019-cu il tarixli **********9 nömrəli imtina məktubu, Oğuz Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 207 nömrəli arxiv arayışı, Oğuz Rayon Dövlət Arxivinin xx.xx.2019cu il tarixli 208 nömrəli arxiv arayışı, ******* nömrəli “Əmək kitabçası”nın təsdiq edilmiş surəti, xx.xx.2020-ci il tarixli Aktlar, cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubu, xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubu, cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından görünür ki, iddiaçıya təyin olunmuş pensiyanın dayandırılması barədə sərəncam xx.xx.2019-cu ildə qəbul edilmiş, iddiaçıya xx.xx.2019-cu il tarixli imtina məktubu verilmiş, ona mübahisəli sərəncam barədə məlumat verilməmiş, pensiyanın dayandırılması səbəbi izah edilməmiş, mübahisəli sərəncam elan olunmamış və ya təqdim edilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İddia qismən əsaslıdır. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya cavabdeh orqan tərəfindən xx.xx.2017-ci il tarixində pensiya təyin edilmiş, sonradan iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək X1 işlədiyi 01 il 11 ay 18 gün dövr əmək haqqı arayışı təqdim edilmədiyinə görə onun iş stajından çıxarılmış, tələb olunan 12 il staj tamamlanmadığına görə pensiya dayandırılmış və ödənilmiş pensiya məbləği iddiaçıdan geri tələb edilmişdir. İddiaçı cavabdeh orqanın hərəkəti ilə razılaşmamış, ona müraciət etmiş, lakin tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmiş və beləliklə tərəflər arasında hazırkı mübahisə yaranmışdır. x xxxxxx 2006-cı il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Belə ki, iddiaçının yaşa görə pensiya almaq hüququ xx xxx 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə xx.xx.2017-ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 7-ci maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlər nəzərə alınaraq xx.xx.2017-ci il tarixdən 12 il 09 gün iş stajına uyğun olaraq (tələb edilən norma 12 ildir) 140.72 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 2019-cu ilin dekabr ayında şöbədə aparılan araşdırma zamanı vətəndaşın xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək X1 işlədiyi dövrə aid əmək haqqı arayışı təqdim edilmədiyinə görə həmin dövr, yəni 01 il 11 ay 18 gün hesablamadan çıxarılmış və vətəndaşın staj hüququ yaranmadığına görə ona təyin edilən pensiyanın ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. İddiaçının xx.xx.2017-ci il tarixə tələb olunun 12 il sığorta stajından artıq staja malik olması iş materiallarına əlavə olunmuş pensiya işi, əmək kitabçasının surəti və arxiv arayışı ilə təsdiq olunur ki, cavabdeh tələb olunan əmək stajının öz təsdiqini tapmaması əsası ilə iddiaçıya yaşa görə təyin edilmiş pensiyanı dayandırmaqda haqlı olmamış, bununla da iddiaçının pensiya hüquqlarını məhdudlaşdırmışdır. İddiaçının tələbinin “ondan əsassız geri alınmış 4655 manat məbləğində pulun və həmin tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb birdəfəyə dərhal ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri analitik hesablamalara əsaslanmış konkret rəqəmlərlə əks edildiyindən pensiya xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur. Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququ pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyətinin təşkili hakimiyyətin bölgüsü prinsipi əsasında həyata keçirilir. Həmin maddənin 4-cü hissəsinə əsasən - Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 671671 saylı pensiya işi üzrə pensiyanın dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncam ləğv edilməli, təyin olunmuş pensiyanın əsassız dayandırıldığı xx xxxxxx 2019-cu il tarixdən bərpa edilməsi, ondan əssasız geri alınmış 4655 manat məbləğində pulun və həmin tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb iddiaçıya ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Oğuz rayon filialının 671671 saylı pensiya işi üzrə İddiaçı pensiyasının dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamı ləğv edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Oğuz rayon filialının üzərinə təyin olunmuş pensiyanın əsassız dayandırıldığı xx xxxxxx 2019-cu il tarixdən bərpa edilməsi, əsassız geri alınmış 4655 manat məbləğində pulun və həmin tarixdən hal-hazıradək ödənilməmiş qalan pensiya məbləğinin hesablanıb İddiaçı ödənilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar