Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-581/2023 21.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı " 0,03 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN-7198A saylı (kod ********) “Torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək bildirdi ki, “ünvan 2 ünvanında yerləşən torpaq sahəsi atasına və digər ailə üzvlərinə məxsusdur. Tələbi həmin torpaq sahəsi ilə bağlı deyil. Təxminən 2006-2007-ci illərdə torpaq sahəsinin ayrılması üçün Yevlax rayonunda torpaq şöbəsinə müraciət etmişdir. Müraciət edənədək ünvan 3 ünvanında yaşayırdı. Müraciətindən sonra ona 32-ci məhəllədə olduğu bildirilən torpaq sahəsinin yeri göstərilmiş və JN-7198A saylı (kod ********) “Torpağa mülkiyyətə verilməsinə” dair şəhadətnamə təqdim olunmuşdur. Həmin vaxtdan torpaq sahəsi faktiki istifadəsindədir. Belə ki, torpaq sahəsində fərdi yaşayış evi inşa olunmuşdur. Odur ki, JN-7198A saylı (kod ********) “Torpağa mülkiyyətə verilməsinə” dair şəhadətnamədə qeyd edilmiş 0,03 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə JN-7198A saylı (kod ********) «Torpağı mülkiyyətə verilməsinə dair dövlət şəhadətnamədən Yevlax RAİK-nın 17 fevral 2006-cı il tarixli 10 №-li qərarı ilə iddiaçıya 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi o vaxtdan iddiaçının istifadəsindədir. İddiaçı, qeyd olunan torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, ərizəçinin tələbi ilə idarənin arxiv məlumatlarına, elektron məlumat bazasına əsaslanaraq JN-7198A nömrəli KOD 90101002 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə araşdırılmışdır. Məlum olmuşdur ki, Yevlax şəhər ərazisi üzrə elektron xəritə məlumat bazasında (DWJ) JN- 7198A nömrəli torpaq sahəsinin yerləşmə mövqeyi öz əksini tapmamışdır. Arxiv materiallarında şəhadətnamənin arxiv nüsxəsi mövcud deyil. Eləcədə elektron adlı siyahıda və şəhadətnamələrin qeydiyyatı kitabında İddiaçı adına JN-7198A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olması barədə məlumatlar qeyd olunmamışdır. Eyni zamanda, məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-2528/2022 saylı sərəncamında sorğu ilə tələb olunan 7149A və 7197A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə ərazi idarəsinin elektron xəritə baza məlumatlarında və elektron adlı siyahıda və şəhadətnamələrin qeydiyyatı kitabında mövcud deyil. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi və iddia tələbində göstərdiyi torpaq sahəsinin 2006-cı ildə Yevlax Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən xidməti otaqlardan birində fəaliyyət göstərən adını “Samir” olaraq bildiyi şəxsdən 1500 ABŞ dolları pul vəsaiti ödəməklə aldığını, bir müddət sonra ona JN-7198A saylı şəhadətnamə təqdim olunduğunu və aldığı torpaq sahəsinin yeri göstərildiyini, şəhadətnamənin kim tərəfindən tərtib olunması və icra edilmiş qeydlərlə bağlı heç bir məlumatı olmadığını bildirdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - iddiaçı tərəfindən təqdim edilmiş, arxiv nüsxəsi mövcud olmayan JN- 7198A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Yevlax RAİKnın xx.xx.2006-ci il tarixli 10 nömrəli qərarı ilə X2 0,03 ha torpaq sahəsi ayrılması qeyd olunmuşdur. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********80 nömrəli məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim edilmiş məlumata əsasən JN-7198A (kod ********) nömrəli Şəhadətnamə ləğv edilmiş DTXK-nın Yevlax rayon söbəsi tərəfindən təhvil verilmiş Şəhadətnamələrin qeydiyyat kitabında qeydiyyata alınmamışdır. Həmin məktuba əlavə olunmuş subyektlər siyahısından çıxarışdan görünür ki, X1 adının qarşısında qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi 0,03 ha qeyd edilmişdir. - məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-581/2023 nömrəli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/598 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş Kod 90101002, JN-7198A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci və 4-cü səhifələrində olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş Kod 90101002, JN-7198A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin 2-ci səhifəsində “F.Cəfərov" adının qarşısında olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vastəsilə icra edilmişdir. Təqdim edilmiş Kod 90101002, JN-7198A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci və 4-cü səhifələrində "M.Mustafayev” adının qarşısında olan imzalar hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdirlər. - Yevlax rayon AİK-nın xx.xx.2006-cı il tarixli 10 nömrəli qərarından görünür ki, müvafiq qərarda Yevlax şəhərinin inzibati ərazisi daxilində dövlət mülkiyyətində qalan, xüsusi mülkiyyətə verilən torpaqlar çıxmaqla yerdə qalan torpaqların Yevlax bələdiyyəsinin mülkiyyətinə verilməsi, həmin ünvanda yerləşən, vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi, təsdiq edilmiş sənədlərin və vətəndaşların siyahısının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Belə ki, Yevlax rayon AİK-nın xx.xx.2006-cı il tarixli 10 saylı qərarı əsasında iddiaçıya Yevlax şəhərində 0.03 ha torpaq sahəsinin ayrılması sübuta yetirilmir. Belə ki, Yevlax rayon AİK-nın xx.xx.2006-cı il tarixli 10 saylı qərarının məzmunundan göründüyü kimi həmin qərarda konkret olaraq torpaq payı ayrılmış subyektlərin adı qeyd olunmamış və ümumi olaraq Yevlax şəhərinin inzibati ərazisi daxilində dövlət mülkiyyətində qalan, xüsusi mülkiyyətə verilən torpaqlar çıxmaqla yerdə qalan torpaqların Yevlax bələdiyyəsinin mülkiyyətinə verilməsi, həmin ünvanda yerləşən, vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi, təsdiq edilmiş sənədlərin və vətəndaşların siyahısının Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilməsi qərara alınmışdır. Yəni, həmin qərar digər məsələlərlə bərabər “vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi” məsələsini həll etdiyindən iddiaçı Yevlax rayon AİK-nın xx.xx.2006-cı il tarixli 10 saylı qərarı qəbul edilənədək iddia olunan torpaq sahəsinin özünün qanuni istifadəsində olması şərtini sübuta yetirməlidir. Hazırkı iş üzrə iddiaçının sübut qismində əslini məhkəməyə təqdim etdiyi JN-7198A (kod ********) nömrəli Şəhadətnamə sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas ola bilməz. Belə ki, məhkəmə tərəfindən sözügedən Şəhadətnamənin mötəbərliyi yoxlanılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/598 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyi ilə Şəhadətnamənin 2-ci və 4-cü səhifələrində "M.Mustafayev” adının qarşısında olan imzaların hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülməsi və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilməsi müəyyən edilmişdir. Məhkəmə, xx.xx.2023-cü il tarixli 5/598 №-li ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edərək bu qənaətə gəlir ki, müvafiq rəy işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə zidiyyət təşkil etmədiyindən iş üzrə sübut qismində qəbul edilməlidir. İş materiallarından görünür ki, Yevlax şəhər ərazisi üzrə elektron xəritə məlumat bazasında (DWJ) JN-7198A nömrəli torpaq sahəsinin yerləşmə mövqeyi, arxiv materiallarında şəhadətnamənin arxiv nüsxəsi mövcud deyil. Eləcədə elektron adlı siyahıda və şəhadətnamələrin qeydiyyatı kitabında İddiaçı adına JN-7198A nömrəli, o cümlədən qonşu torpaq sahələrinə dair 7149A və 7197A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr də ərazi idarəsinin elektron xəritə baza məlumatlarında və elektron adlı siyahıda və şəhadətnamələrin qeydiyyatı kitabında mövcud deyildir. Nəzərə alınmalıdır ki, iddiaçı özü də təxminən 2006-2007-ci illərdə ona torpaq sahəsinin ayrılması üçün Yevlax rayonunda torpaq şöbəsinə müraciət etməsini, müraciətindən sonra ona 32-ci məhəllədə olduğu bildirilən torpaq sahəsinin yerinin göstərilməsini, Yevlax Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən xidməti otaqlardan birində fəaliyyət göstərən adını “Samir” olaraq bildiyi şəxsdən 1500 ABŞ dolları pul vəsaiti ödəməklə aldığını bildirir. Belə olan halda iddia olunan 0.03 ha torpaq sahəsinin Yevlax rayon AİK-nın xx.xx.2006-cı il tarixli 10 saylı qərarı qəbul edilənədək iddiaçının qanuni istifadəsində olmaması aşkar görünür. Beləliklə, iddiaçıya Yevlax rayon AİK-nın xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə Yevlax şəhərində 0.03 ha torpaq sahəsinin ayrılması iş üzrə yuxarıda qeyd edilmiş sübutlarla təkzib olunduğundan, JN-7198A nömrəli Şəhadətnamənin isə saxtalaşdırılması müvafiq ekspert rəy ilə sübut olunduğundan iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh inzibati orqanın hərəkətləri qanunauyğun olmuşdur, həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmamışdır. Buna görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-7198A saylı (kod ********) “Torpağa mülkiyyətə verilməsinə” dair şəhadətnamədə qeyd edilmiş 0,03 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Ekspertiza xərci iddiaçıya aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 62 (altmış iki) manat pul məbləği İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X3, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-581/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-581/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver