Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-583/2023 27.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “iddiaçının Balakən rayonu Qazbinə bələdiyyəsindən 2007-ci ildə alğı-satqı yolu ilə aldığı 0,10 ha həyətyanı torpaq sahəsinə sənəd üzrə, faktiki istifadə ilə üst-üstə düşən hissədə hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının nümayəndəsi və vəkili cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Balakən rayonu Qazbinə bələdiyyəsindən 2007-ci ildə alğısatqı yolu ilə aldığı 0,10 ha həyətyanı torpaq sahəsinə hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 15 dekabr 2007-ci ildə Balakən rayonu Qazbinə (Mahamalar) Bələdiyyəsindən 0,10 ha həyətyanı torpaq sahəsi almışdır. Buna dair 15 dekabr 2007-ci il tarixli Balakən rayonu Qazbinə bələdiyəsinin sərəncamı və Qazbinə Bələdiyyəsinin həmin tarixli 12 saylı protokolundan çıxarış vardır. Eyni zamanda 0,10 ha həyətyanı torpaq alqı-satqısı ilə bağlı iddiaçı Balakən rayonu Qazbinə Bələdiyyəsinin hesabına 382 (üç yüz səksən iki) manat pul köçürmüş və buna dair kassa mədaxil qəbzi AQSN 029795 vardır. Həmçinin həmin torpaq sahəsinin perspektiv inkişafı üçün torpaq sahəsinin yerquruluşu planı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən Rayon Şöbəsi tərəfindən təsdiq edilmiş və möhürlənmişdir. Balakən rayonu Qazbinə Bələdiyyəsindən aldığı torpaq sahəsinin vergisini də 2007-ci ildən başlayaraq iddiaçı ödəyir. İddiaçının nümayəndəsi və vəkili hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********55 nömrəli imtina məktubunda qeyd etmişdir ki, sözügedən 0,10 ha torpaq sahəsinə dair təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, qeyd olunan 0,10 ha torpaq sahəsinin bilavasitə satılması barədə Balakən rayonu Qazbinə bələdiyyəsinin qərarı xx.xx.2007-ci il tarixlidir. Həmçinin həmin torpaq sahəsinin satılması barədə müvafiq “Torpaqların alqı-satqısına dair akt” sənədi ərizəyə əlavə olunmamışdır. Halbuki, mövcud olmuş qanunvericiliyin tələbinə görə bələdiyyə tərəfindən bilavasitə satılmış qeyd olunan torpaq sahəsinə dair bələdiyyənin qərarı 30 noyabr 2007-ci il tarixinədək qəbul olunmalı və həmin qərara müvafiq alğı-satqı aktı 30 noyabr 2007-ci il tarixinədək Ləğv edilmiş Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilərək imza və möhürlə təsdiq olunaraq qeydiyyata alınmalı idi. Cavabdeh xx.xx.2022-ci il tarixli **********90 nömrəli etiraz məktubunda iddiaçının nümayəndəsi və vəkilinə ünvanladığı imtina məktubunda göstərilənləri əsas gətirməklə iddia tələbinə dair münasibətini bildirmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəmə daxil olmuş ərizəsində iddia tələbini dəqiqləşdirərək, “iddiaçının Balakən rayonu Qazbinə bələdiyyəsindən 2007-ci ildə alğısatqı yolu ilə aldığı 0,10 ha həyətyanı torpaq sahəsinə sənəd üzrə, faktiki istifadə ilə üstüstə düşən hissədə hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-583/2023 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-2531/2022 nömrəli qərardadı ilə Balakən rayonu Mahamalar bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-583/2023 nömrəli qərardadı ilə Balakən bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Üçüncü şəxs Balakən rayon Mahamalar bələdiyyəsi xx.xx.2022-ci il tarixli, 197 nömrəli arayışında qeyd etmişdir ki, Mahamalar kənd inzibati ərazi dairəsində iki bələdiyyə fəaliyyət göstərirdi. Azərbaycan Respublikasının 2011-ci il 6 may tarixli 106-İVQ nömrəli Qanununa və “Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 6 may tarixli 106-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentininin 7 iyun 2011-ci il tarixli Sərəncamına əsasən Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilmişdir. Qazbinə və Mahamalar bələdiyyələrinin xeyli ərazisi, əhalisi və təsərrüfatları şəhərə birləşdiyindən azalmışdır. Qazbinə və Mahamalar bələdiyyələrinin birləşməsi zərurəti yaranmışdır. 19 May 2015-ci ildə Balakən rayon Mahamalar və Qazbinə bələdiyyələri ləğv edilmiş və yeni Mahamalar bələdiyyəsi yaranmışdır. Qazbinə bələdiyyəsindən Mahamalar bələdiyyəsinə ötən illərə aid torpaq alqı satqısı barədə heç bir sənəd təhvil verilməmişdir. İddiaçı həyətyanı məqsədi ilə ayrılmış 0,10 ha torpaq sahəsinə aid Mahamalar bələdiyyəsinin arxivində heç bir sənəd yoxdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçının nümayəndəsi və vəkili məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İddia ərizəsinə əlavə olunmuş: Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli Sərəncamından (nömrəsi göstərilməmişdir) görünür ki, Mahamalar kənd sakini İddiaçı həyətyanı üçün torpaq sahəsi tələbi nəzərə alınmış, Qazbinə bələdiyyəsinin mülkiyyətinə aid olan, kəndin perspektiv inkişafı üçün saxlanmış ərazidən alqı-satqı yolu ilə 0,10 ha torpaq sahəsinin həyətyanı üçün iddiaçıya verilməsi qərara alınmışdır. Sərəncam Qazbinə bələdiyyəsinin sədri tərəfindən imzalanmışdır. Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı iclasının protokolundan çıxarışdan görünür ki, Mahamalar kənd sakini İddiaçı həyətyanı üçün torpaq sahəsi tələbi nəzərə alınmış, Qazbinə bələdiyyəsinin mülkiyyətinə aid olan, kəndin perspektiv inkişafı üçün saxlanmış ərazidən alqı-satqı yolu ilə 0,10 ha torpaq sahəsinin həyətyanı üçün iddiaçıya verilməsi qərara alınmışdır. AQS seriyalı 029795 nömrəli “Kassa mədaxil orderinin qəbzi”ndən görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdə 0,10 ha torpaq sahəsinin alqı-satqısı üçün Qazbinə bələdiyyəsinin hesabına 382 manat ödəniş etmişdir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi yuxarıda göstərilən sənədlərin mötəbərliyinin yoxlanılması məqsədilə məhkəmə tərəfindən Balakən rayon Dövlət Arxivinə müvafiq sorğu verilmişdir. Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 151 nömrəli məktubunda qeyd olunmuşdur ki, Balakən rayonu Qazbinə Bələdiyyəsinin protokollar kitabında 28 dekabr 2007-ci il tarixli 12 saylı iclas protokolu qeyd edilmişdir və həmin protokolda İddiaçı torpaq sahəsi verilməsi barədə qeydiyyat aparılmamışdır. Arxivin məktubuna əlavə olunmuş 28 dekabr 2007-ci il tarixli 12 saylı iclas protokolunun təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Qazbinə bələdiyyəsinin mülkiyyətinə aid olan, perspektiv inkişaf üçün saxlanılmış “Atatürk” adlı yeni yaşayış massivi ərazisindən Qarabağ əlilləri və şəhid ailələrinə tikiləcək yaşayış binası üçün 0,32 ha torpaq sahəsinin əvəzsiz olaraq ayrılması qərara alınmışdır. İddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı məsələ iclasda müzakirə edilməmiş, belə bir qərar qəbul olunmamışdır. Həmçinin iddiaçının Qarabağ əlili və ya şəhid ailə olmasına dair hər-hansı məlumat məhkəməyə təqdim edilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-294/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Balakən rayonu, Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı iclas qərarı ilə İddiaçı Balakən rayonu, Qazbinə kəndi ərazisindən ayrılmış 0,10 ha torpaq sahəsi 18 saylı Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron baza məlumatlarında öz əksini tapan kompleks yerquruluşu layihələrinə əsasən kəndin perspektiv inkişafı üçün ayrılmış yaşayış məntəqələri torpaqlarına aid həyətyanı məqsədi üçün nəzərdə tutulmuş torpaqlara və TEKUİS məlumat bazasına əsasən isə kənd təsərrüfatı təyinatlı əkin ərazisinə düşür. Həmin torpaq sahəsi Balakən İnzibati Ərazi Dairəsinin hüdudları daxilində naturada sahəsi 0,10 ha olmaqla Balakən bələdiyyəsinin mülkiyyətinə aiddir. Sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq torpaq sahəsi qismən üst-üstə düşür. Mübahisəli torpaq sahəsi torpaq sahəsinin ölçüləri, yerləşmə vəziyyəti və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixdə sorğu ünvanlanaraq, mütəxəssis rəyində göstərilən uyğunsuzluğun aydınlaşdırılması məqsədilə mübahisəli torpaq sahəsinin hansı kateqoriya və uqodiyaya aid olması (həmçinin məlumat bazalarından hansının əsas götürülməli olması barədə), kənd təsərrüfatı təyinatlı torpaq sahəsidirsə, kənd təsərrüfatına yararlı, yararsız və ya az yararlı olması barədə dəqiqləşdirilmiş məlumatın məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1565/2023 nömrəli sorğuya cavab məktubunda qeyd etmişdir ki, mübahisəli ərazi kənd təsərrüfatı təyinatlı torpaqlara bitişik ərazidə yerləşdiyindən, fiziki sərhədləri və hər-hansı bir hissəsində mərz nişanları olmadığından, naturada həyətyanı məqsədi üçün istifadə edilmədiyinə görə TEKUİS məlumat bazasında kənd təsərrüfatı təyinatlı əkin ərazisi kimi işlənilmişdir. Daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq aparılmış yerquruluşu işləri ilə bağlı tərtib edilmiş (TEKUİS) xəritələri əsasında aparılır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-2620/2023 nömrəli məktubunda qeyd etmişdir ki, TEKUİS məlumat bazasında sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı əkin ərazisi kimi keyfiyyət qrupu İİ, banitet balı 67 olmaqla kənd təsərrüfatına yararlı torpaqlara aid edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir; 23.1-ci maddəsinə görə qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə əsasən isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). Həmin Məcəllənin: 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. O cümlədən, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə iddiaçı ilə bələdiyyə arasında mövcud mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş qanunvericilik normaların tətbiqi baxımından aşağıdakı müdəalara istinad olunmalıdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 9.6-cı maddəsinin qüvvədə olmuş mətninə görə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir. Həmçinin Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; 25-ci bəndinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir; 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin ona Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı iclasının qərarı ilə satıldığını iddia etsə də, həmin bələdiyyənin 12 saylı iclası xx.xx.2007-ci il tarixdə keçirilmişdir. İclas protokolunun arxiv nüsxəsinə əsasən müəyyən olunmuşdur ki, həmin iclasda iddiaçıya torpaq sahəsinin satılması nə müzakirə edilməmiş, nə də ki, belə bir məsələ üzrə qərar qəbul edilməmişdir. İddiaçının qərar qismində istinad etdiyi sənəd isə Balakən rayonu Qazbinə bələdiyyəsinin sədrinin xx.xx.2007-ci il tarixli Sərəncamından (nömrəsi göstərilməmişdir) ibarətdir. Bununla bağlı məhkəmə xüsusilə qeyd edir ki, bələdiyyə kollegial orqan olduğundan, bələdiyyənin qərarları kollegial şəkildə qanunvericiliklə nəzərdə tutulmuş qaydada səs çoxluğu ilə qəbul edilir. Bələdiyyə sədrinin torpaq sahəsinin ayrılması ilə xüsusi səlahiyyəti qanunvericiliklə müəyyən edilməmişdir. Digər tərəfdən işin hallarının araşdırılması çərçivəsində mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı əkin sahəsi qismində İİ keyfiyyət qrupuna aid, bonitet balı 67 olan kənd təsərrüfatına yararlı torpaqlara aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə göstərilən mövqedən çıxış edərək Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “iddiaçının Balakən rayonu Qazbinə bələdiyyəsindən 2007-ci ildə alqı-satqı yolu ilə aldığı 0,10 ha həyətyanı torpaq sahəsinə sənəd üzrə, faktiki istifadə ilə üst-üstə düşən hissədə hüquqların dövlət qeydiyyatına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-583/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-583/2023
27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver