Məhkəmə qərarları › İş №2-1(116)-583/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-583/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-583/2025 05.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu, Mamrux bələdiyyəsinin 27 mart 2005-ci il tarixli, 03 saylı protokolu üzrə qəbul olunmuş qərarına əsasən İddiaçı satılmış Zaqatala rayonu,Mamrux kəndi ərazisində yerləşən 2400 kv.m torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Zaqatala rayonu, Mamrux bələdiyyəsinin 27 mart 2005-ci il tarixli, 03 saylı protokolu üzrə qəbul olunmuş qərarına əsasən İddiaçı satılmış Zaqatala rayonu,Mamrux kəndi ərazisində yerləşən 2400 kv.m torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, Zaqatala rayon Mamrux bələdiyyəsinin 27 mart 2005-ci il tarixli 03 saylı protokol üzrə qəbul olunmuş qərarına əsasən iddiaçıya 0,24 ha torpaq sahəsi satılmışdır. İddiaçı torpaq sahəsinin dəyərini 15 mart 2005-ci il tarixdə Zaqatala rayon Mamrux bələdiyyəsinin hesabına ödəmişdir. Zaqatala rayon Mamrux bələdiyyəsinin 27 mart 2005-ci il tarixli 03 saylı iclasının qərarını və digər müvafiq sənədləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə təqdim edərək torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq Dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, sözügedən 0,24 ha torpaq sahəsinə dair iddiaçı tərəfindən təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, qeyd olunan torpaq sahəsinə dair “Torpaqların alqı-satqısına dair Akt” sənədi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən təsdiq olunmamış və qeydiyyata alınmamışdır. X2 kitabında qeyda alınan səhifədən çıxarış və iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər ərazi idarəsində aşkar edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nomrəli Fərmanı ilə təsdiq edilmiş torpaqların alqı-satqısı Qaydalarının 8-ci maddəsinə əsasən torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri va torpaq alan şəxs imzalayır və möhürlə təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uygun gəlməlidir. "Belediyye torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların her hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı ve tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar va digər məhdudiyyətlər, muqavileye xitam verilməsinin əsasları ve torpaqların istifadəsi va mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə va digər hüquqlar qanunvericiliklə müayyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Nəzərinizə çatdırırıq ki, “Bələdiyyəyə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli Qanununun 3-cü hissəsində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə yeni redaksiyada verilmiş (Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir) və həmin Qanun 30 noyabr 2007-ci il tarixində qüvvəyə minmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Sözügedən qanun qüvvəyə mindiyi tarixdən sonra bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin “bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddiaçının təqdim etdiyi sənədlər qanunla müəyyən olunmuş tələblərə uyğun olmadığı üçün həmin sənədlər əsasında qeydiyyatın aparılması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci və 15.1.2-ci maddələrinə əsasən, qeyd olunan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Zaqatala rayon Mamrux bələdiyyəsinin 27 mart 2005-ci il tarixli 03 saylı protokol üzrə qərarından görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0.24 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır.

3. İddiaçının təqdim etdiyi xx.xx.2005-ci il tarixli ödəniş qəbzindən görünür ki, 3 milyon 840 min manat (köhnə) məbləğində torpağın dəyəri Zaqatala rayon Mamrux Bələdiyyəsinin hesabına ödənilmişdir.

4. Torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli Aktın surətindən görünür ki, qarşı Zaqatala rayon Mamrux bələdiyyəsinin 27 mart 2005-ci il tarixli 03 saylı qərarı ilə iddiaçıya 0,24 ha torpaq sahəsi ayrılmışdır.

5. Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə oluann sənədlər;

6. Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə oluann sənədlər;

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-5351/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Zaqatala rayon Mamrux bələdiyyəsinin 27 mart 2005-ci il tarixli 03 saylı qərarı ilə iddiaçıya 0,24 satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan, torpaq sahəsinin satılması barədə qərar, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, torpaq sahəsinin ayrılmasına sahəni seçmə aktı ilə də təsdiq edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alğı-satqı aktı tərtib edilir. Cavabdehin hüquqların qeydiyyata alınmasından imtina edilməsinin əsası kimi istinad etdiyi alğı-satqı predmeti olan torpaq sahəsi üzərində Zaqatala rayon Mamrux bələdiyyəsinin hüquqlarının qeydə alınmadığı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, inzibаti orqаnlаrın inzibаti prаktikаsınа fiziki və yа hüquqi şəxslərin etimаdı qаnunlа qorunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Zaqatala rayon Mamrux bələdiyyəsinin 27 mart 2005-ci il tarixli 03 saylı qərarına əsasən 0,24 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır.Məhkəmə hesab edir ki,bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması zamanı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki,həmin Qanunun 8-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; 8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək; Hazırda iddia olunan torpaq sahəsi Zaqatala rayon Mamrux kəndində yerləşdiyindən torpaq sahəsinin ayrılma həddi qanunla 0,12 ha həddində məhdudlaşdırılmışdır. Yəni,bələdiyyə 0,24 ha torpaq sahəsini ayırmaq səlahiyyəti olmamışdır. Qanunverici bu məhdudiyyəti tətbiq etməklə torpaq sahəsinin ayrılmasının səmərəli təşkil edilməsi,bələdiyyə orqanları tərəfindən torpaq ehtiyatından istifadənin insan faktorunu nəzərə almaqla tənzimlənməsinin zəruriliyini nəzərə almışdır.Digər tərəfdən konkret ərazilər üzrə fərqli ölçü məhdudiyyətinin tətbiqi həmin ərazi üzrə ehtiyat torpaq fondu və əhalinin say,eləcə də artım nisbəti fonunda həyata keçirilmişdir.Bu zaman fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsünün ayrılma məqsədinə uyğunluğu qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən iddia qismən təmin edilməli, cavabdehin üzərinə Zaqatala rayon Mamrux bələdiyyəsinin 27 mart 2005-ci il tarixli 03 saylı qərarına əsasən iddiaçıya ayrılmış 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınıb çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə Zaqatala rayonu Mamrux bələdiyyəsinin 27 mart 2005-ci il tarixli, 03 saylı qərarına əsasən iddiaçıya ayrılmış Zaqatala rayonu Mamrux kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində (faktiki istifafə və hüquqi marağına uyğun olaraq) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarış verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar