Məhkəmə qərarları › İş №2-1(116)-584/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-584/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-584/2022 06.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayon Qoxmuq kənd “1 May” adına kolxozun ayırdığı 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qoxmuq kənd “1 May” adına kolxozdan aldığı 0,10 ha həyatyanı torpaq sahəsinin sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06.05.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı tələbini dəqiqləşdirərək, “Şəki rayon Qoxmuq kənd “1 May” adına kolxozun ayırdığı 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 06.05.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Respublika Dövlət Arxivinin Şəki Filialının 29.06.2020-ci il tarixli 401 №-li arxiv arayışına istinad edərək ona Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozun 1991-ci il tarixli qərarına əsasən 0.10 ha torpaq sahəsinin ayrıldığını bildirərək, zəbt etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb etmiş, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçıya Şəki rayon AİKnın 16.12.1997-ci il tarixli 41 saylı qərarına əsasən 0.164287 ha və 0.06538 ha həyətyanı torpaq sahələri verilmişdir ki, bu da iddiaçının təqdim etdiyi 25.10.2021-ci il tarixli 840 saylı arxiv çıxarışında qeyd olunan 0.23 ha torpaq sahəsinə uyğundur. İddiaçının müraciəti əsasında torpaq sahəsi müayinə olunmuş, mövcud elektron baza məlumatlarına əsasən “kollu örüş” olan ərazidə yerləşdiyi müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsi üzərində heç bir tikili yoxdur. Torpaq sahəsi cənubdan yol, şimal, şərq və qərbdən qonşu ilə əhatə olunur. Kommunikasiya xətlərinin qorunma zolağında yerləşmir, qərb sərhəddi mişardaşı, digər sərhədləri şərti bərkidilmişdir. İddiaçı, məhkəmə iclasında, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Respublika Dövlət Arxivinin Şəki Filialının 29.06.2020-ci il tarixli 401 №-li arxiv arayışından görünür ki, Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunun 1986-cı ilin “torpaq kadastrı kitabına” əsasən 59-cu sırada İddiaçı Süley. oğlunun torpağının cəmi 0.13 yazılmış, üstündən xətt çəkilib 0.23 göstərilmiş, tikililər, kolluqlar, meşəliklər və yarğanlar altında olan sahələr 001 olması, qeyd qrafasında isə 1991-ci ildə təzə yer verilib 0.10 ha qeyd edilmişdir. - cavabdeh tərəfindən təqdim edilmiş, iddiaçı və ailə üzvlərinə məxsus Şəki rayonu Qoxmuq kəndində yerləşən torpaq sahələrinə aid subyektlər siyahısından çıxarışdan, Şəki RAİK-nın Şəki rayon AİK-nın 16.12.1997-ci il tarixli 41 saylı qərarı və iddiaçıya (ailə tərkibi – cəmi 7 nəfər) məxsus torpaq sahəsinin planı və ölçüsü sənədlərindən görünür ki, Qoxmuq kəndində torpaqların islahatı ilə əlaqədar hazırlanmış sənədlərin təsdiqi haqqında yerli islahat komissiyalarının yekun protokolları təsdiq edilmiş, iddiaçıya ailə üzvləri ilə birlikdə Şəki rayon AİK-nın 16.12.1997-ci il tarixli 41 saylı qərarı əsasında 0.23 ha torpaq sahəsi ayrılmış, 1642.87 kv.m torpaq sahəsinə dair A153519 №-li, 653.38 kv.m torpaq sahəsinə dair A153518 №-li torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. - Respublika Dövlət Arxivinin Şəki Filialının 26.01.2022-ci il tarixli 18 №-li məktubundan görünür ki, İddiaçı Qoxmuq kənd 1 May kolxozunun 1991-ci ilin iclas protokollarına əsasən torpaq sahəsinin verilməsinə dair qeydiyyatı tapılmamışdır. Kolxozun “Torpaq kadastrı kitabına” əsasən 59-cu sırada iddiaçının torpaq sahəsinin olmasına dair vərəqdə 0.13 rəqəminin üzərindən xətt çəkilərək 0.23 yazılmış və “1991-ci ildə təzə yer verilib 0.10 ha” qeyd edilmişdir. - cavabdehin 04.11.2021-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19.05.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İddia tələbindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Şəki rayonu Qoxmuq kəndində 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına və çıxarışın verilməsinə nail olmaqdır. Belə ki, iddiaçı torpaq sahəsinin ona 1991-ci ildə Şəki rayon Qoxmuq kənd “1 May” adına kolxozunun ayırdığını iddia edir. İş materialları ilə müəyyən edilir ki, kolxozun “Torpaq kadastrı kitab”ında əsasən iddiaçıya “1991-ci ildə təzə yer verilib 0.10 ha” qeyd edilməsinə baxmayaraq Şəki rayon Qoxmuq kənd “1 May” adına kolxozunun 1991-ci ilin iclas protokollarına əsasən iddiaçıya müvafiq torpaq sahəsinin verilməsinə dair qeydiyyat tapılmamışdır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, iddiaçıya Şəki rayon AİK-nın 16.12.1997-ci il tarixli 41 saylı qərarı əsasında 0.23 ha torpaq sahəsi ayrılaraq, 1642.87 kv.m torpaq sahəsinə dair A153519 №-li, 653.38 kv.m torpaq sahəsinə dair A153518 №-li torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Göründüyü kimi, ayrılmış həmin torpaq sahələrinin cəmi 2296,25 kv.m bərabərdir ki, bu da faktiki olaraq kolxozun “Torpaq kadastrı kitab”ında aparılan 0.23 qeydi ilə uyğunluq təşkil edir. Nəzərə alınmalıdır ki, torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsində olan torpaq sahələrinin onların əvəzsiz mülkiyyətinə verilməsi nəzərdə tutulmuş və iddiaçıya müvafiq torpaq sahəsi artıq Şəki rayon AİK-nın 16.12.1997-ci il tarixli 41 saylı qərarı əsasında verilmişdir. İddiaçı isə zəbt etdiyi torpaq sahəsinin Şəki rayon Qoxmuq kənd “1 May” adına kolxozunun 1991-ci il tarixli qərarına əsasən ona ayrıldığını iddia edir və hesab edir ki, müvafiq AİK-nın qərarı ilə ayrılmış torpaq sahələrindən əlavə, həmin torpaq sahəsi üzərində də mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəki rayon Qoxmuq kənd “1 May” adına kolxozunun 1991-ci il tarixli qərarı ilə iddiaçıya torpaq sahəsinin ayrılması müəyyən edilmir, kolxozun “Torpaq kadastrı kitabı”na əsasən 59-cu sırada iddiaçının torpaq sahəsinin olmasına dair vərəqdə 0.13 rəqəminin üzərindən xətt çəkilərək 0.23 yazılması və “1991-ci ildə təzə yer verilib 0.10 ha” qeyd edilməsi həmin sənədlər əsasında iddiaçıya verilmiş torpaq sahəsinin naturada yerini müəyyən edilməsi mümkün olan sənədlər kimi nəzərdən keçirilə bilməz. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin sxematik planı torpaq sahəsinin yerini müəyyən etmək üçün zəruri olan və qanunvericiliklə hüquqların qeydiyyatı barədə ərizəyə əlavə edilməli sənəddir ki, iddiaçı torpaq sahəsinin təhkim aktını, torpaq sahəsinin sxemini və ya torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən və torpaq sahəsini ona təhkim edən səlahiyyətli orqanın təsdiqlədiyi hər hansı sənədi nə cavabdehə, nə də ki məhkəməyə təqdim etməmişdir. İddiaçının istinad etdiyi, arxiv arayışında və kolxozun “Torpaq kadastrı kitabı”nda qeyd edilən məlumatlar əsasında torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyən etmək mümkün deyil. İddiaçı özü də cavabdehə ilkin müraciətində həmin torpaq sahəsinin zəbt etdiyini bildirmiş və zəbt torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Digər tərəfdən hətta iddiaçının uzun müddət torpaq sahəsindən faktiki istifadə etməsini bildirməsi, ona verilmiş torpaq sahəsinin məhz həmin torpaq sahəsi olmasını iddia etmək üçün əsas vermir. Bunun üçün ən azı torpaq sahəsinin ölçülərinin əks olunduğu müvafiq yerquruluşu sənədləri də mövcud olmalıdır ki, məhkəmə araşdırması zamanı da belə sənədlər aşkar edilməmişdir. İddia olunan torpaq sahəsinin yerləşmə sxemi mövcud olmadığından və kolxozun “Torpaq kadastrı kitabı”nda müvafiq torpaq sahəsinin koordinatları, coğrafi yerləşmə vəziyyəti barədə hər hansı məlumat olmadığından, hansı torpaq sahəsi üzərində (yaxud nəyə görə məhz iddiaçının faktiki sahibliyində olan, zəbt etdiyi torpaq sahəsi üzərində) iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmalı olmasını müəyyən etmək mümkün olmamış, həmçinin iddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi üzərində müvafiq hüquqları təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa cavabdehin etiraz məktubundan müəyyən olunur ki, iddia olunan torpaq sahəsi “kollu örüş” sahələrə aiddir ki, Torpaq Məcəlləsinin 16-cı maddəsində qeyd olunan torpaq sahələrinin yalnız istifadəyə və icarəyə verilməsi təsbit olunmuş, xüsusi mülkiyyətə verilməsi qadağan edilmişdir. Torpaq Məcəlləsinin 16-cı maddəsi:

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının İ hissəsi (ümumi müddəalar):

1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki rayon Qoxmuq kənd “1 May” adına kolxozun ayırdığı 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar