Məhkəmə qərarları › İş №2-1(116)-584/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-584/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-584/2025 27.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X15 qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu, Talalar kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1986-cı ildə inşa edilmiş fərdi yaşayış evi üzərində onun əvvəllər yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək “Balakən Rayon Dövlət Notariat Kontorunda 14 aprel 2005-ci il tarixdə, 4Ə-49 reyestr nömrəsi ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş, üzərində onun mülkiyyət hüququ keçmiş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 14 aprel 2005-ci il tarixdə, 3 nömrəli reyestr kitabının 30-cu səhifəsində dövlət qeydiyyatına alınaraq, qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmiş Balakən rayonu, Talalar kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1986-cı ildə inşa edilmiş fərdi yaşayış evi üzərində onun əvvəllər yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-2319/2024 nömrəli qərardadı ilə X7, X5, X6, X8 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, 14 aprel 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 Balakən rayonu, Talalar kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsini və həmin sahədə inşa edilmiş fərdi yaşayış evini almışdır. Həmin əmlak üzərində mülkiyyət hüququ X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. İddiaçı əldə etdiyi əmlakın mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin qurum 12 dekabr 2023-cü il tarixli məktubla ərizənin icrasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının, Balakən Rayon Dövlət Notariat Kontorunda xx.xx.2005-ci il tarixində bağlanılmış 245557 nömrəli alqı-satqı müqaviləsinə əsasən yalnız fərdi yaşayış evini əldə etmiş olması ilə əsaslandırmış, qeyd etmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarına əsasən, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,07 ha torpaq sahəsi X7 və ailə üzvlərinin mülkiyyətinə verilmiş və onların adına JN-785F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə rəsmiləşdirilmişdir. Buna görə də, iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, xx.xx.2005-ci il tarixli, 245557 saylı müqavilə, JN-785F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə, Balakən Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 1250 saylı məktubu, Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş, Balakən rayon notariat ofisində xx.xx.2005-ci il tarixdə, 4Ə-48 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti, may 1993-cü il tarixli, 683 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu, cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planı. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2003-cü il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ... Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). ... «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr... İş materialları ilə müəyyən olunur ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Balakən rayonu, Talalar kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1986-cı ildə inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır. İddiaçı, sözügedən daşınmaz əmlak obyektini Balakən Rayon Dövlət Notariat Kontorunda 14 aprel 2005-ci il tarixdə, 4Ə-49 reyestr nömrəsi ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə etdiyini bildirir. Həmçinin iddiaçı, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun keçmiş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 14 aprel 2005-ci il tarixdə, 3 nömrəli reyestr kitabının 30-cu səhifəsində dövlət qeydiyyatına alınaraq, qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirildiyini bildirsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 02 saylı qərarı ilə Balakən rayonu Talalar kəndində yerləşən 0,07 ha torpaq sahəsi X2 (4 nəfər ailə üzvü ilə birlikdə) ümumi birgə mülkiyyətinə verilmiş, JN- 785F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmişdir (Şəhadətnamə 2002-ci ildə tərtib edilmişdir). Bundan sonra o, xx.xx.2005-ci il tarixli, 245557 saylı ev-alqı satqı müqaviləsi ilə Balakən rayonu Talalar kəndində 700 kv.m torpaq sahəsində yerləşən 1986-cı ildə tikilmiş fərdi yaşayış evini iddiaçıya satmışdır. Cavabdeh orqan alqı-satqı müqaviləsi bağlanarkən yalnız fərdi yaşayış evinin iddiaçıya satılmasını bildirsə də, yuxarıda istinad olunan maddi hüquq normalarından göründüyü kimi iddia olunan 0,07 ha torpaq sahəsi üzərində Ramazan Mustafayevin ümumi birgə mülkiyyət hüququ olmuş sonrakı alqı-satqı müqaviləsi ilə həmin hüquqlar iddiaçıya keçmişdir. Torpaq sahəsi üzərində əmlak hüquqlarının iddiaçıya ötürülməsinə digər ümumi birgə mülkiyyətçilərin iradə ifadəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. ... Həmçinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Ev alqı-satqısı ilə bağlı müqaviləyə həmin tikilinin yerləşdiyi, ümumi mülkiyyətdə olan torpağın birgə mülkiyyətçilərinin razılığı (imzası) olmadan sərəncam verilsə də, məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş aşağıdakı hüquqi mövqeyə istinad etməyi zəruri hesab edir: - Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. İnzibati işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddia olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı iddiaçı və üçüncü şəxs arasında alğı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən torpaq sahəsi iddiaçının aşkar sahibliyində və istifadəsində olmuşdur. Alqı-satqı müqaviləsi ötən müddət ərzində mübahisələndirilməmiş, həmçinin tərəflər arasında sözügedən torpaq sahəsindən istifadə ilə bağlı hər hansı mübahisə və məhkəmə çəkişməsi olmamışdır. Bununla da müəyyən edilmişdir ki, torpaq sahəsinə münasibətdə ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış üçüncü şəxslər uzun müddət ərzində həmin əmlakın alqı-satqı müqaviləsi əsasında qarşı tərəfin mülkiyyətində olduğunu qəbul etmiş, onun fasiləsiz və açıq şəkildə istifadəsinə etiraz etməmişlər. Yuxarıda qeyd edilmiş işin hallarından göründüyü kimi, Ramazan Mustafayevin 0,07 torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququ olduğundan və müqavilədə ayrı qayda nəzərdə tutulmadığından, 0.07 torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ iddiaçıya keçmişdir. Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Mülki Məcəllənin 245-ci maddəsində (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi MM-nin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici, özgəninkiləşdirilən tikiliyə (fərdi yaşayış evinə) mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir və xüsusi olaraq qeyd edir ki, “bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”. Göründüyü kimi tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir. Məhkəmə tərəfindən JN-785F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin iddia olunan torpaq sahəsinə münasibətdə yerləşmə vəziyyəti mütəxəssis rəyi alınaraq yoxlanılmışdır. Müəyyən edilmişdir ki, iddia olunan 0,07 hektar torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan 0,2943 hektar torpaq sahəsinin tərkibindədir, torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, JN-785F saylı Şəhadətnamə ilə üçüncü şəxs X2 torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınsa da, həmin sahədə yerləşən fərdi yaşayış evi xx.xx.2005-ci il tarixli, 245557 saylı alqı-satqı müqaviləsi ilə iddiaçıya satıldığından, cavabdeh orqan tikili ilə birlikdə torpaq sahəsi üzərində əmlak hüquqlarının da iddiaçıya ötürülməsini nəzərə almalı və iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını təmin etməli idi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən rayonu, Talalar kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1986-cı ildə inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar