Məhkəmə qərarları › İş №2-1(116)-585/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-585/2021

12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-585/2021 12.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil oğlunun, üçüncü şəxslər Cavabdeh5 Hikayət oğlu və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8) qarşı “cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 09.10.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın dəyişdirilərək buraxılmış səhvin aradan qaldırılaraq “HACİAĞA” firmasında həmin çıxarışda İddiaçı payının 72/90, Cavabdeh1 və Cavabdeh2 hər birinin payının 6/90 və mərhum X1 vərəsələrinin (6 nəfər) hər birinin payının isə 1/90 hissədə müəyyən edilərək adlarına yeni hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “09.10.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın dəyişdirilərək buraxılmış səhvin düzəldilməsi, yəni əmlakda paylara uyğun qeydiyyatın aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya iddia ərizəsindəki nöqsanların aradan qaldırılması və iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım edilmişdir. İddiaçı nöqsanların aradan qaldırıldığı və tələbin dəqiqləşdirildiyi iddia ərizələrini məhkəməyə təqdim edərək cavabdeh qismində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini, üçüncü şəxslər qismində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qeyd etmiş, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş 09.10.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın dəyişdirilərək buraxılmış səhvin aradan qaldırılaraq "xxxx" firmasında həmin çıxarışda İddiaçı payının 72/90, Cavabdeh1 və Cavabdeh2 hər birinin payının 6/90 və mərhum X1 vərəsələrinin (6 nəfər) hər birinin payının isə 1/90 hissədə müəyyən edilərək adlarına yeni hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 12.03.2021-ci il tarixli və 30.04.2021-ci il tarixli qərardadları ilə müvafiq ərizələr icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 04.01.1998-ci il tarixli 8527 nömrəli şəhadətnamə əsasında Ağdaş rayonu Ləki Neftbazasının nəzdində 3 saylı Xosrov X8nin əmlakı İddiaçı, Cavabdeh1, X5 və Cavabdeh2 mülkiyyətinə verilmişdir. Bundan sonra 21 yanvar 1998-ci il tarixdə tərəflər (İddiaçı, Cavabdeh1, X5 və Cavabdeh2) 3 saylı Xosrov X4 paylarını birləşdirərək "xxxx" firmasını təsis etmiş, müəssisənin nizamnamə fondunda (28 470 000 manat) iddiaçının payı 80.86%, digər şəxslərin payı isə 6.38% müəyyən edilmişdir. Cavabdeh tərəfindən 06.08.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə tərtib edilmiş hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışda tərəflərin payı ümumi birgə mülkiyyət olaraq qeyd edilmiş, daha sonra isə birgə payçılardan X2 01.05.2011-ci il tarixdə vəfat etməsi nəzərə alınaraq, onun 6 nəfər vərəsəsinin adı da daxil edilməklə 09.10.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış tərtib edilmişdir. Sonuncu çıxarışda mübahisəli əmlak üzrə tərəflərin əmlak payları "xxxx" firmasının nizamnaməsində nəzərdə tutulmuş, təsisçilərin mayalarına uyğun qeyd edilmədiyindən iddiaçı 09.10.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı mübahisələndirərək həmin çıxarışda payların nizamnamə fondundakı tərəflərin payına uyğun olaraq “iddiaçının payının 72/90, Cavabdeh1 və Cavabdeh2 hər birinin payının 6/90 və mərhum X1 vərəsələrinin (6 nəfər) hər birinin payının isə 1/90 hissədə müəyyən edilərək adlarına yeni hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil oğlu iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: 3 saylı YDM Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 04.01.1998-ci il tarixli, 8527 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnaməyə əsasən İddiaçı, Cavabdeh1, X5 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmişdir. Əvvəllər tanınmış hüquq İddiaçı rəsmi, 17.07.2019-cu il tarixli ərizəsi ilə **********3 qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmış, X3 vəfatından sonra ona məxsus olan pay Göyçay rayon notariat ofisinin 2V-594 reyest nömrəli qanun üzrə vərəsəlik hüuqu haqqında şəhadətnaməyə əsasən onun vərəsələri - Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 bərabər hissədə miras əmlakı kimi adlarına keçmiş və 09.10.2019-cu il tarixdə əvvəlki hüquq sahiblər ilə birlikdə paylı mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydə alınmışdır. Çıxarışda mərhum X3 payı 6 nəfər vərəsə arasında bərabər bölündüyündən onlara ¼ payın 1/6 hissəsi düşdüyü üçün onların hər birinin payı 1/24 hissə kimi, əvvəlki hüquq sahiblərinin payları isə vərəsələrin paylarına uyğun olaraq hər birinin ¼ payı, 6/24 hissə kimi göstərilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsi xahiş edilmişdir. Üçüncü şəxslər Cavabdeh5 Hikayət oğlu və Cavabdeh2 məhkəmə iclasında hər biri ayrı-ayrılıqda izahat verərək müvafiq təsis müqaviləsində və müəssisənin nizamnaməsində əmlak paylarının hansı qaydada müəyyən edilməsindən məlumatsız olduqlarını bildirdilər. Həmçinin mübahisələndirilən çıxarışda hazırda qeyd edilmiş hissədə əmlak paylarının müəyyən edilməsinin onların mənafeyinə uyğun olduğunu qeyd edərək iddia tələbinin təmin edilməməsini xahiş etdilər. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 04.01.1998-ci il tarixli, 8527 qeydiyyat nömrəli Şəhadətnamə, - 21 yanvar 1998-ci il tarixli "xxxx" firmasının təsis müqaviləsi, 03.02.1998-ci il tarixdə Ədliyyə Nazirliyinin Hüquqi X7 üzrə Göyçay Bölgəsində 7/26 nömrə ilə qeydiyyata alınmış nizamnamə və "xxxx" firmasının dövlət qeydiyyatı haqqında şəhadətnamə, - 06.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış, - 09.10.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış, - ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 02.12.2019-cu il tarixli və 19.12.2019-cu il tarixli müraciətin təmin olunmasından imtina məktubları, - Göyçay rayon notariat ofisi tərəfindən tərtib edilmiş, 2V-594 reyest nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, - 9 saylı Ərazi Vergilər İdarəsinin "xxxx" firmasının qeydiyyatı barədə 07.02.2020-ci il tarixli çıxarışı və olduğu yer üzrə uçota alınması haqqında **********6 nömrəli arayışı, - iddiaçı tərəfindən 2020-ci ilin sentyabr ayında üçüncü şəxslərə ünvanlanmış bildiriş və bildirişin üçüncü şəxslərə çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətləri. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Həmdiyyə oğlu, üçüncü şəxslər Cavabdeh1, Cavabdeh3, X6, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İştirak etməyən tərəflər məhkəmə iclasında iştirakını mümkünsüz edən üzürlü səbəblər barədə məlumat verməmişlər. İddiaçı Həmdiyyə oğlu məhkəmə iclasında vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil oğlu vasitəsilə təmsil olunmuşdur. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının, cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. İş materiallarına əlavə edilmiş, 04.01.1998-ci il tarixli, 8527 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamədən görünür ki, Ağdaş rayonu Xosrov kəndində yerləşən 3 saylı “Xosrov” X8 İddiaçı, Cavabdeh1, X5 və Cavabdeh2 tərəfindən satın alınaraq onların mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş, 21 yanvar 1998-ci il tarixli "xxxx" firmasının təsis müqaviləsindən, 03.02.1998-ci il tarixdə Ədliyyə Nazirliyinin Hüquqi X7 üzrə Göyçay Bölgəsində qeydiyyata alınmış nizamnamədən və "xxxx" firmasının dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, İddiaçı, Cavabdeh1, X5 və Cavabdeh2 3 saylı Xosrov X4 paylarını birləşdirərək "xxxx" firmasını təsis etmiş və 21.01.1998-ci il tarixdə təsis müqaviləsi bağlamışlar. Müəssisənin nizamnaməsi 03.02.1998-ci il tarixdə şərikli müəssisə olmaqla ******* identifikasiya kodu ilə qeydiyyata alınmışdır. Müəssisənin nizamnamə fondu 28 470 000 manat təşkil etmiş, tərəflərin nizamnamə fondundakı payları aşağıdakı kimi müəyyən edilmişdir: - İddiaçı – 23 020 842 manat, nizamnamə fondunun 80.86%-i, - Cavabdeh1 – 1 816 386 manat, nizamnamə fondunun 6.38%-i, - X5 - 1 816 386 manat, nizamnamə fondunun 6.38%-i, - Cavabdeh2 - 1 816 386 manat, nizamnamə fondunun 6.38%-i. İş materiallarına əlavə edilmiş, 06.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışdan görünür ki, müvafiq çıxarışda Ağdaş rayonu Xosrov kəndində yerləşən “əmlak kompleksi kimi müəssisədə” İddiaçı, Cavabdeh1, X5 və Cavabdeh2 payı ümumi birgə mülkiyyət olaraq qeyd edilmişdir İş materiallarına əlavə edilmiş, 09.10.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışdan görünür ki, müvafiq çıxarışda mübahisəli əmlakda İddiaçı, Cavabdeh1 və Cavabdeh2 payları 6/24 hissə, Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 hər birinin payı 1/24 hissə olmaqla qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 02.12.2019-cu il tarixli və 19.12.2019-cu il tarixli müraciətin təmin olunmasından imtina məktublarından görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh inzibati orqana müraciət edilmiş, lakin cavabdeh inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən 2020-ci ilin sentyabr ayında üçüncü şəxslərə ünvanlanmış bildirişdən və ona əlavə edilmiş poçt qəbzlərinin surətlərindən görünür ki, 06.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və 09.10.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışlarda düzəlişin aparılması və buraxılmış səhvlərin düzəldilməsi məqsədilə üçüncü şəxslər iddiaçı tərəfindən cavabdeh inzibati orqana dəvət edilmiş, müvafiq bildirişlər üçüncü şəxslərə poçt vasitəsi ilə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş, Göyçay rayon notariat ofisi tərəfindən tərtib edilmiş, 2V-594 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X3 vərəsələri - Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8dur və onların miras əmlakda payları bərabərdir. İş materiallarına əlavə edilmiş, 9 saylı Ərazi Vergilər İdarəsinin "xxxx" firmasının qeydiyyatı barədə 07.02.2020-ci il tarixli çıxarışı və "xxxx" firmasının olduğu yer üzrə uçota alınması haqqında **********6 nömrəli arayışından görünür ki, Ağdaş rayonu Xosrov kəndində yerləşən X8 12.05.2006-cı ildə **********-33001 nömrə ilə uçota alınmışdır. 9 saylı Ərazi Vergilər İdarəsində qurumun adı - "xxxx" firması, qeydiyyata alındığı tarix - 03.02.1998-ci il, əvvəlki qeydiyyat nömrəsi - 7/26, təşkilati-hüquqi forması - digər kommersiya təşkilatı, nizamnamə kapitalının miqdarı - 5,694 manat, təsisçilər və nizamnamə kapitalında mayaların miqdarı - İddiaçı 80.0086 pay, Cavabdeh1 - 6.38 pay, X5 6.0038 pay, Cavabdeh2 6.0038 pay, qanuni təmsilçi - İddiaçı qeyd edilmişdir. Belə ki, iş materiallarında olan, yuxarıda sadalanan sənədlərdən müəyyən olunur ki, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı Ağdaş rayonu Xosrov kəndində yerləşən X4 (əmlak kompleksi kimi müəssisə) əmlak payının nizamnamə kapitalına uyğun olaraq, yəni 80.86 % (72/90 hissə) qeyd edilməsinə nail olmaqdır. İddiaçının cavabdeh inzbati orqanın hərəkətlərinə qarşı hüquqi müdafiə marağının əsasını (müvafiq çıxarışda payların düzgün qeyd edilməməsi ilə bağlı) mülki-hüquqi əqd (təsis müqaviləsi, firmanın nizamnaməsi) təşkil etsə da, iddiaçı həmin təsis müqaviləsi və firmanın nizamnaməsini deyil, ondan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmamasını mübahisələndirir. Buna görə də məhkəmə hazırki mübahisəyə baxılmasında özünü səlahiyyətli hesab edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4№-li qərarının 17-ci bəndinin 6-cı abzasında qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilir ki, ümumi satış qiyməti 28 470 000 manat (iyirmi səkkiz milyon dörd yüz yetmiş min) məbləğində müəyyən edilən Ağdaş rayonu Ləki Neftbazasının nəzdində 3 saylı Xosrov X8nin əmlakı müvafiq pul vəsaiti dövlət büdcəsinə köçürüldükdən sonra İddiaçı, Cavabdeh1, X5 və Cavabdeh2 mülkiyyətinə verilmiş və bu barədə “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 04.01.1998-ci il tarixli 8527 nömrəli şəhadətnamə tərtib edilərək reyestrdə qeydiyyata alınmışdır. İddia tələbinin faktiki əsası kimi istinad olunan 21 yanvar 1998-ci il tarixli "xxxx" firmasını təsis edilməsi barədə müqavilə və 03.02.1998-ci il tarixli müəssisənin nizamnaməsi aşkar şəkildə sübut edir ki, İddiaçı nizamnamə fondundakı payı 80.86%, Cavabdeh1, X5 və Cavabdeh2 isə hər birinin payı 6.38%-dir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisəli əmlak kompleksi üzrə tərəflərin paylarını həmin tərəflərin müəssisənin nizamnamə fondundakı paylarını nəzərə almaqla qeyd etməli idi. Mülki Məcəllənin 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. İddiaçı tərəfindən cavabdeh inzibati orqanın tərtib etdiyi 06.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış mübahisələndirilməsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin ilkin çıxarış verilərkən də, cavabdeh inzibati orqan, tərəflərin hər birinin əmlak kompleksində olan paylarını müəyyən etməli, payları bəlli olan əmlak üzrə ümumi birgə mülkiyyətin qeyd olunduğu çıxarış tərtib etməməli idi. Belə ki, Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli əmlak əslində paylı mülkiyyətdə olmuş, tərəflərdən hər birinin payının konkret olaraq müəyyən edilməsi mümkün olmuşdur. Məhkəmə yuxarıda qeyd edilən hüquqi mövqeni hazırki iş üzrə mübahisələndirilən 09.10.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışla bağlı da təkrarlayaraq qeyd edir ki, cavabdeh inzibati orqan müvafiq təsis müqaviləsindən və müəssisənin nizamnaməsindən təsisçilərin hər birinin payını aşkar şəkildə müəyyən edə bildiyi halda, əmlak kompleksini ümumi birgə mülkiyyət hesab edərək payları ümumi birgə mülkiyyətə uyğun qeyd etməkdə haqlı olmamışdır. Bu isə onu deməyə əsas verir ki, mübahisələndirilən 09.10.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışın “tərəflərin paylarının qeyd edildiyi” hissəsinin məzmunu mübahisəli əmlak üzrə tərəflərin əslində mövcud olan həqiqi hüquqi vəziyyətinə uyğun olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, 09.10.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışda buraxılmış səhv aradan qaldırılmalı, həmin çıxarış dəyişdirilməli, tərəflərin mübahisəli əmlakda payları "xxxx" firmasının nizamnamə kapitalında müəyyən edilmiş paylarına uyğun olaraq qeyd edilməli və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış verilməlidir. İddiaçı tərəf mübahisəli əmlak üzrə mövcud olan 80.86% payına uyğun olaraq özünə düşən payın 72/90 hissə, Cavabdeh1 və Cavabdeh2 münasibətdə mübahisəli əmlakda olan 6.38 % paya uyğun olaraq 6/90 hissə və digər üçüncü şəxslərə (Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8) mərhum ataları X3 6.38% payına uyğun olaraq hər birinə 1/90 hissə payın qeyd edilməsini xahiş edir. Müəyyən edilir ki, göstərilən qaydada payların qeyd edilməsi hazırki iş üzrə iddiaçının və üçüncü şəxslərin, o cümlədən mərhum X3 vərəsələrinin mübahisəli əmlakda faktiki mövcud olan paylarına uyğunluq təşkil edir. Belə ki, 28 470 000 manat nizamnamə fondunun 72/90 hissəsi 22 776 000 manat təşkil edir ki, bu da ümumi nizamnamə fondunun 80%-nə bərabərdir. 28 470 000 manat nizamnamə fondunun 6/90 hissəsi 1 897 999 manat təşkil edir ki, bu da ümumi nizamnamə fondunun 6.66 %-nə bərabərdir. 28 470 000 manat nizamnamə fondunun mərhum X3 6 nəfər vərəsəsinin hər birinə qeyd edilməsi nəzərdə tutulan 1/90 hissəsi isə 316 333 manat təşkil edir ki, bu da ümumi nizamnamə fondunun 1.11%-nə, cəmi 6 nəfərə münasibətdə 6.66 %-nə bərabərdir. Mübahisələndirilən çıxarışda tərəflərin payları yuxarıda göstərilən qaydada qeyd edilərkən iddiaçının payının nizamnamə fondunda müəyyən edilmiş paya nisbətdə cüzi miqdarda (0,86%) azalmasına, əksinə digər üçüncü şəxslərin paylarının cüzi miqdarda (0,28%) artmasına münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən bölgü iddiaçının iradə ifadəsi olduğundan, tərəflərin nizamnamə fondunda müəyyən edilmiş payları ilə uyğunluq təşkil etdiyindən, həmçinin payların qeydə alınması üçün hesablanmanın daha asan həyata keçirilməsini təmin etdiyindən müvafiq qaydada payların qeyd edilməsi məqbul hesab edilməlidir. Digər tərəfdən göstərilən qaydada payların qeyd edilməsi üçüncü şəxslərin hüquqlarını və qanunla qorunan maraqlarını pozmur (hətta cüzi miqdarda paylarının artmasına səbəb olur). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır Həmin Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.10.2015-ci il tarixli, 319 saylı qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»nın 8.1-ci bəndinə əsasən, ərazi idarələri hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərin dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizəsi (11 nömrəli əlavə) alındığı tarixdən 3 (üç) gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına qeydiyyat şöbəsi tərəfindən 48 saat ərzində səhvlərin aradan qaldırılması barədə bildiriş (12 nömrəli əlavə) verilməlidir. Həmin Qaydaların 8.2-ci bəndinə görə, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağını və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 09.10.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarış dəyişdirilir. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə 09.10.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışda Ağdaş rayonu Xosrov kəndində yerləşən "xxxx" firmasının əmlak kompleksi üzrə İddiaçı payı 72/90 hissə, Cavabdeh1 payı 6/90 hissə, Cavabdeh2 payı 6/90 hissə və mərhum X1 vərəsələrinin: Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 hər birinin payı 1/90 hissə qeyd edilməklə adlarına yeni hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar