Məhkəmə qərarları › İş №2-1(116)-585/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-585/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-585/2022 25.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün qanunda nəzərdə tutulmuş qaydada kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün qanunda nəzərdə tutulmuş qaydada kompensasiyanın ödənilməsi tələbinə dair” qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı 1975-ci ildə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuş və həmin ünvanda yaşayır. xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmiş və Hərbi xidmət keçmə haqqında Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə əsasən ehtiyata buraxılmışdır. Bundan başqa xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək səfərbərliklə əlaqədar Azərbaycan Respublikası Silahlı qüvvələrində xidmət keçmiş və Hərbi xidmət keçmə haqqında Əsasnamənin 197-ci maddəsinə əsasən səfərbərlikdən tərxis edilmişdir. Hal-hazırda ehtiyatda olan zabitdir. Ehtiyyatda olan zabit kimi 479 manat pensiya alır. Zaqatala rayonu Aşağı Tala kəndində yaşayır, mülkiyyətində yaşayış evi yoxdur, ailəlidir, himayəsində 3 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarına əsasən və Hərbi xidmət keçmə haqında Əsasnamənin 158-ci maddəsinə əsasən ehtiyatda olan zabit kimi ona və ailə üzvlərinə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməlidir. Həmin kompensasiyanın verilməsini Cavabdeh həyata keçirməlidir. Həmin kompensasiyanın verilməsi ilə əlaqədar Cavabdehnə müraciət etmiş, lakin cavabdeh təşkilat kompensasiyanın ödənilməsindən imtina etmişdir. Cavabdehin imtinası xx.xx.2021-ci il tarixdə imzalanmışdır. Cavabdehin imtinasını qanunsuz hesab edir. Ona görə də məhkəməyə müraciət etmişdir. Cavabdeh, orqan imtina cavabında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Hazırda Rayon icra Hakimiyyəti tərəfindən yuxarıda qeyd olunan əsaslarla ehtiyyata və istefaya buraxılmış hərbi qulluqçulara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. İddiaçı “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə əsasən (törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan) məhkəmənin qanuni qüvvəsini almış hökmü əsasında ehtiyata buraxılmışdır. Belə ki, iddiaçı yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata buraxılmamışdır. Buna görə də müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilməsi mümkün deyildir. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qoşma kimi əlavə edilmiş şəxsi heyət baş idarəsi tərəfindən hüquq idarəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən ehtiyatda olan kapitan İddiaçı aşağıda qeyd olunan tarixlərdə göstərilən hərbi hissələrdə müvafiq vəzifələrdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir: xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin kursantı; xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək N nömrəli hərbi hissədə taqım komandiri; xx.xx.2000-ci il tarixdən xx.xx.2001 -ci il tarixədək N nömrəli hərbi hissədə bölük komandiri; xx.xx.2001 -ci il tarixdən 21,09.2002-ci il tarixədək N nömrəli hərbi hissədə taborun qərargah rəisi. Azərbaycan Respublikası müdafiə nazirinin 21,09.2002-ci il tarixli müvafiq əmrinə əsasən (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunmaqla bağlı olmayan cəzaya məhkum olunduğuna görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Zaqatala rayon hərbi komissarlığına göndərilmişdir. xx.xx.2020-ci il tarixdən 18.11 2020-ci il tarixədək N nömrəli hərbi hissədə bölük komandiri; xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə bölük komandiri. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli müvafiq əmrinə əsasən səfərbərlikdən tərxis edilmiş və sənədləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinə göndərilmişdir. - Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ünvanladığı izahatında inzibati işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: 146 (-). Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbihəkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə- ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü və dördüncü abzaslarında deyilir ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarında da konkret olaraq ehtiyata və ya istefaya buraxılmış hansı hərbi qulluqçuların mənzil kirayə haqlarının ödənilməsi qeyd edilmişdir. Qərarda adları sadalanan hərbi qulluqçuların sırasında xidmət müddəti başa çatan hərbi qulluqçular göstərilməmişdir. Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-56/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da təsbit olunmuşdur. Həmin normalardan göründüyü kimi, müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi ehtiyata və ya istefaya buraxılmış bütün şəxslər üçün deyil, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslər üçün nəzərdə tutulmuşdur. İddiaçı isə yaşa, xəstəliyə, ştatların ixtisarına və ailə vəziyyətinə görə yox, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin "b” bəndinə əsasən (törətdiyi cinayətə qörə azadlıqdan məhrum edilməklə bağlı olmayan) ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin dördüncü hissəsində nəzərdə tutulan hərbi qulluqçulara aid şərt iddiaçıya münasibətdə mövcud olmamışdır. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün qanunda nəzərdə tutulmuş qaydada kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar