Məhkəmə qərarları › İş №2-1(116)-586/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-586/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-586/2021 16.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki Rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq, bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli fərmanı ilə təsdiq edilmiş, “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin” 4.5.6-cı və 4.5.7-ci yarımbəndlərini rəhbər tutaraq Fond tərəfindən xx.xx.2020-ci il tarixli ******* nömrəli qərar qəbul edilmiş, qərara əsasən Fondun keçmiş rayon şöbələri (filialları) üzrə regional ərazi filialları yaradılmış, onların əsasnamələri təsdiq edilmişdir. Şəki rayonu üzrə faktiki olaraq Fondun 15 saylı regional ərazi filialı fəaliyyət göstərir ki, həmin qurum tərəfindən pensiya təyinatı aparılmır. Hazırda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərə mərkəzləşdirilmiş qaydada əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növə keçirilməsi, ödənilməsi, məcburi dövlət sosial sığortanın məqsədləri üçün həmin şəxslərin fərdi uçotunun həyata keçirilməsi, onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. İddiaçının müraciətinə xx.xx.2020-ci il tarixli ********** nömrəli məktubla imtina cavabı da məzh Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmişdir. Odur ki, iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra – “İPM”) 13-cü maddəsinə müvafiq olaraq cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondu Şəki rayon şöbəsi yerinə əsl cavabdeh AR ƏƏSMN DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qeyd edilməklə, hansı tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etdiyinin göstərildiyi dəqiqləşdirilmiş iddia ərizəsini Məhkəməyə təqdim etmək təklif olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını göstərdiyini bildirmiş və cavabdehin üzərinə 2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Məhkəmənin iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Eyni tarixli məktubla iddiaçıya İPM-in 8.1.4-cü maddəsinə əsasən işə cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalı olduğundan, iş üzrə cavabdeh dəyişdirildiyi üçün iddianın ərazi aidiyyəti üzrə əsl cavabdeh Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının yerləşdiyi yer - ünvan 1 ünvanı nəzərə alınmaqla, baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməli olması izah edilmişdir. İddiaçı Məhkəməyə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı iddia tələbi İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri olan inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara, yəni öhdəliyin icrası haqqında iddialara aiddir. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən İPM-in 8-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq olunur ki, həmin Məcəllənin: 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1-ci maddəsinə görə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.4-ci maddəsinin tələbinə əsasən isə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Normanın tələbindən də göründüyü kimi, öhdəliyin icrası haqqında iddialara, əgər həmin iddialar daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı deyildirsə, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibəti ilə bağlı deyildirsə, Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı deyildirsə, cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yeri olmadığı hallarda olduğu yerin və ya axrıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır və aidiyyətlə bağlı sadalanan istisnalar iş üzrə müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Həmin qanunun 43-cü maddəsinə görə inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddiaya ərazi aidiyyatı üzrə cavabdehin yerləşdiyi yerin məhkəməsində, yəni hüquqi ünvanı ünvan 1 olduğundan, Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarına əsasən 15.1-ci bəndinə əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 8, 16.3 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar