Məhkəmə qərarları › İş №2-1(116)-586/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-586/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-586/2023 20.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı X1rşı “cavabdehin 26 avqust 2020-ci il tarixli, 106 nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Şamaxı X1rşı “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi” barədə 18 sentyabr 2019-cu il tarixli 04 saylı müqavilənin ləğv edilməsi barədə cavabdehin 26 avqust 2020-ci il tarixli, 106 nömrəli əmrinin ləğv edilməsi barədə” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2535/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçının nümayəndəsi, cavabdeh orqanı dəqiqləşdirərək “cavabdeh inzibati orqanın - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X9 Təsərrüfatı Mərkəzinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh orqanın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə X9 X3 meşəbəyliyinin 42-ci kvartalının 3, 7, 8. 10. 11, 12, 14, 15, 20-ci bölməsindən 60,0 hektar torpaq sahəsinin istirahət-rekrasiya məqsədi ilə 49 il müddətinə istifadəyə verilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzi ilə T.Əhmədov adına "xxxx" QSC arasında «Meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi» barədə 18 sentyabr 2019-cu il tarixli 04 saylı müqavilə bağlanmışdır. Sözügedən müqavilə bağlandıqdan sonra X9 Təsərrüfatı Mərkəzi tərəfindən istifadəmizə verilmiş 60 hektar torpaq sahəsi naturada tanıdılaraq iddiaçıya təhvil verilmiş, eləcə də həmin torpaq sahəsinin döngə nöqtələrini özündə əks etdirən sxem tərtib edilmişdir. İcarə müqaviləsinin 3.1 -ci bəndində istifadəyə verilmiş 60 hektar torpaq sahəsinin icarə haqqı, eləcə də ödəniş qaydası və müddəti göstərilsə də, lakin hesablaşma hesabı qeyd olunmamış, buna dair aidiyyəti rekvizitlər təqdim edilməmişdir. İcarə müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə edilsə də, yuxarıda qeyd olunan səbəbdən illik icarə haqqı ödənişini müvafiq hesaba köçürə bilməmişdir. Ötən müddət ərzində də X9 Təsərrüfatı Mərkəzi tərəfindən iddiaçıya aidiyyəti rekvizitlər göndərilməmiş, eləcə də, icarə haqqının ödənilməsi üçün bildiriş, yaxud xəbərdarlıq, və ya digər məktub (müraciət) daxil olmamışdır. Bu hal iddiaçını ciddi narahat etdiyi üçün cavabdeh inzibati orqana müraciət edilərək, istifadələrinə verilmiş 60 ha torpaq sahəsinə dair icarə haqqının ödənilməsi üçün aidiyyəti hesab barədə (bank rekvizitləri) məlumatın təqdim edilməsi xahiş edilmişdir. Cavabdeh inzibati orqan 21 oktyabr 2022-ci il tarixli müraciətinə baxmış və 01 noyabr 2022-ci il tarixli məktubunda bildirmişdir ki, «Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi» barədə 18 sentyabr 2019-cu il tarixli 04 saylı müqavilə xx.xx.2020ci il tarixli 106 saylı əmrlə birtərəfli qaydada ləğv edilmişdir. İddiaçı, tələbini Torpaq Məcəlləsinin 73, 75-ci, Mülki Məcəllənin 421, 423-cü, “Torpaq icarəsi haqqında” Qanunun 13-cü maddələri ilə əsaslandıraraq qeyd etmişdir ki, normativhüquqi aktların müddəaları icarəyə, o cümlədən torpaq icarəsi ilə əlaqədar yaranan münasibətlərə xitam verilməsi üçün tərəflərin razılığı olmadığı halda məhkəməyə müraciət edilməsini tələb edir. Lakin cavabdeh inzibati orqan istinad olunan normativ hüquqi aktların tələblərini pozmuş, iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulduğunu hesab etdiyi halda, bu barədə xəbərdarlıq etməli, pozuntuların aradan qaldırılmasını tələb edərək müəyyən müddət verməli, həmin müddət ərzində pozuntular aradan qaldırılmadığı halda, müvafiq iddia ilə məhkəməyə müraciət etməli idi. Qeyd edildiyi kimi cavabdeh inzibati orqan bu tələblərə əməl etmədən, eləcə də icarə müqaviləsinə xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmədən bir başa hazırda mübahisələndirilən əmrlə icarə müqaviləsinə xitam vermişdir. Məhkəmənin sorğusuna cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, iddia ərizəsində göstərilən 60 ha torpaq sahəsinin döngə nöqtələrini özündə əks etdirən sxem "xxxx" QSC tərəfindən iddia ərizəsinə əlavə edilmiş və X9 Təsərrüfatı Mərkəzinin direktoru tərəfindən təsdiq edilmiş “Girdiman meşəbəyliyi”nin 1:10000 miqyaslı planşetindən çıxarışdır. Həmin çıxarış da "xxxx" QSC tərəfindən iddia ərizəsinə əlavə edilmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsi əsasında 60 ha torpaq sahəsinə dair icarə haqqının ödənilməsi ilə bağlı qeyd edirəm ki, iddia ərizəsində qeyd edildiyi kimi icarə müqaviləsi bağlandığı tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 3 il 1 ay müddət ərzində cavabdeh inzibati orqan icarə haqqının ödənilməsinə dair bildirişi, eləcə də bank rekvizitini iddiaçıya təqdim etməmiş, eyni zamanda müqavilə ilə müəyyən edilmiş müddət ərzində cavabdeh inzibati orqanın əməkdaşları şifahi şəkildə də olsun icarə haqqını tələb etməmişlər. Bu səbəbdən tərəflər arasında bağlanmış müqavilə üzrə icarə haqqının ödənilməsi mümkün olmamışdır. Cavabdeh inzibati orqanın həmin əraziyə nəzarət edən meşəbəylərinə şifahi müraciət edilərək, icarə haqqının ödənilməsi üçün hesab nömrəsi verilməsi xahiş olunmuş, lakin buna baxmayaraq bir nəticəsi olmamışdır. İcarə haqqının ödənilməsi ilə bağlı yalnız bir dəfə xx.xx.2022-ci il tarixdə "xxxx" QSC tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş, həmin müraciət əsasında verilmiş cavab məktubu ilə aydın olmuşdur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, AzNar”QSC-nin direktoru X2 RMTM-i ilə xx.xx.2019-cu il tarixdə bağladığı müqavilənin 2.7 və 2.17-ci bəndlərinin tələblərini pozmuş, öhdəsinə götürdüyü şərtlərə əməl etməmişdir.Belə ki, müxtəlif vaxtlarda Şamaxı RMTM-nin aidiyyəti əməkdaşlar tərəfindən müqaviləyə əsasən icarəyə götürülmüş sahənin məişət tullantıları ilə çirkləndirilməsi, sahəyə mal-qaranın buraxılması faktları aşkar edilərək bunun ilə əlaqədar olaraq xx.xx.2020-ci il, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərində aktlar tərtib edilmişdir. Buna görə də "xxxx" QSC-nin direktoru Teymur Əhmədov ilə bağlanmış müqaviləyə həmin müqavilənin 4.1-ci bəndinə əsasən birtərəfli olaraq xitam verilmiş və xx.xx.2020-ci il tarixdə 583 saylı məktub ilə rəsmi olaraq xəbərdarlıq edilmişdir. "xxxx" QSC-nin icarə haqqının ödənilməsi nəzərdə tutulan məbləğ 41720 nömrəli hesab idi, müqavilə bağlandıqdan sonra həmin hesaba heç bir ödəniş olmamışdır. Müqaviləyə xitam verildikdən sonra icarə haqqının ödənilməsinin təmin edilməsindən ötrü heç bir tədbir görülməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şamaxı RMTMnin Girdiman meşəbəyliyinin 42-ci kvartalının 3, 7, 8, 10, 11, 12, 14, 15, 20-ci bölməsindən 60,0 ha torpaq sahəsinin istirahət-rekrasiya məqsədi ilə 49 il müddətinə istifadəyə verilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzi ilə T.Əhmədov adına "xxxx" QSC arasında «Meşə fondu sahələrindən elmi-tədqiqat, idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi» barədə 18 sentyabr 2019-cu il tarixli 04 saylı müqavilə bağlanmışdır. Qeyd edilən müqavilə bağlandıqdan sonra torpaq sahəsinin sxemi tərtib edilmiş, Şamaxı RMTM-nin əməkdaşları tərəfindən istifadəsinə verilmiş 60 ha torpaq sahəsi naturada tanıdılaraq təhvil verilmiş, o cümlədən icarəyə verilmiş torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə edilməsi tövsiyyə edilmişdir. Lakin, "xxxx" QSC tərəfindən icarəyə verilmiş torpaq sahəsi təyinatına uyğun istifadə edilmədiyindən, eləcə də icarə haqqı ödənilmədiyindən «Meşə fondu sahələrindən elmitədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi» barədə 18 sentyabr 2019-cu il tarixli 04 saylı müqavilə xx.xx.2020-ci il tarixli 106 saylı əmrlə birtərəfli qaydada ləğv edilmişdir. Buna baxmayaraq həmin torpaq sahəsindən "xxxx" QSC-nin istifadəsi davam etmişdir. İcarə müqaviləsinin ləğv edilməsi barədə əmr və bildiriş "xxxx" QSC-yə göndərilsə də, məlum olmayan səbəbdən ünvana çatmamışdır. Tərəflər arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli 04 saylı müqavilə ləğv edildiyindən, icarə haqqının ödənilməsi üçün aidiyyəti hesab (bank rekvizitləri) barədə məlumatın təqdim edilməsi mümkün deyildir. 18 sentyabr 2019-cu il tarixli 04 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixli 106 saylı əmr "xxxx" QSC göndərilməklə, sözügedən əmrin ləğv edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququmuzun olması izah olunur. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X9 Təsərrüfatı Mərkəzinin xx.xx.2020-ci il tarixli 106 nömrəli əmrindən görünür ki, Şamaxı RMTM ilə “AZ Nar" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X7 arasında istirahət-rekreasiya məqsədi ilə bağlanmış müqaviləyə Azərbaycan Respublikasının Nazirlər kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni sağlamlaşdırma, turizim və idman məqsədləri və ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə” Qaydalarının 4.1-ci bəndinə istifadəçi tərəfindən əməl edilmədiyi üçün onunla bağlanmış müqavilə ləğv edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin xx.xx.2019-cu il tarixdə bağlanmış və xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış 68 nömrəli müqavilədən görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixli müraciəti nəzərə alınaraq 49 illik müddətinə X9X3 meşəbəyliyinin 42-ci kvartalının 3,7, 8, 10, 11, 12, 14, 15, 20-ci bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahət-rekrasiya məqsədi ilə 60 ha torpaq sahəsi ayrılmışdır. 47600 manat illik istifadə haqqının dövlət büdcəsinə ödənilməli olduğu, istifadə haqqının Müqavillə qüvvəyə mindiyi gündən başlayaraq 1 ay müddətində ödənilməli olması qeyd edilmişdir. Həmin Müqavilənin 2.3-cü bəndindən görünür ki, meşə fondundan istifadə üçün haqqı müəyyən olunmuş müddətdə ödəmək istifadəçinin vəzifəsidir. Həmin Müqavilənin 4.1.2-ci bəndindən görünür ki, istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilmədikdə müqaviləyə xitam verilir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin xx.xx.2020-ci il tarixli 583 nömrəli, X5 ünvanlanmış məktubunda qeyd edilmişdir ki, mərkəzin əməkdaşları Meşə Fondu torpaq sahələrinin istifadə vəziyyətini yerində araşdırarkən Girdiman meşəbəyliyinin 2 saylı meşə dolayının 42-ci kvartalında iddiaçı ilə X9 Təsərrüfatı Mərkəzi arasında 60.0 ha sahədə istirahət-rekreasiya məqsədilə 49 il müddətinə xx.xx.2019-cu il tarixli 68 saylı qeydiyyat nömrəli, bağlanılmış müqavilə əsasında icarəyə götürdüyü meşə sahəsində sahibsiz malqaraların otladığını və meşə ərazisinin məişət tulantıları ilə zibilləndiyi müəyyən olunmuşdur. Bununla bağlı Mərkəzin əməkdaşları xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020ci il tarixlərinə müvafiq akt tərtib etmişlər. İcarəyə götürdüyü ərazidə baş vermiş mal-qara otarılması və ərazinin məişət tullantılarının atılması faktı iddiaçı ilə Mərkəz arasında bağlanılmış müqavilənin 4.1-ci bəndində göstərilən Azərbaycan Respublikası Meşə qanunvericiliyinin tələbləri pozulmuşdur. Odur ki, iddiaçı ilə Mərkəz arasında bağlanılmış müqaviləyə Mərkəzin 26 avqust 2020-ci il tarxli 106 nömrəli əmrinə əsasən birtərəfli olaraq xitam verilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2022-ci il tarixli 27/793 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 1998-ci il 219 nömrəli qərarı təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi Qaydaları”nın 10-cu bəndinə əsasən müqavilə forması Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 789/ü nömrəli əmri ilə meşə fondu ərazilərindən istifadə üçün müqavilə forması təsdiq edilmişdir. Yuxarıda qeyd edilən qərarın 2-ci bəndinə əsasən məsələyə baxılarkən yerli meşə təsərrüfatı orqanlarının rəyi və şərtləri əsas tutulmalıdır. Sözügedən qərarın 10-cu maddəsinə əsasən müqavilənin bağlanılması və ləğv edilməsi X9 Təsərrüfatı Mərkəzinin səlahiyyətlərinə aiddir. Nazirliyin 789/ü nömrəli əmrinə əsasən isə "xxxx" QSC ilə xx.xx.2019-cu il 04 nömrəli müqavilə bağlanılmış, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 68 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Şamaxı RMTM "xxxx" QSC tərəfindən müqavilənin 4.1 bəndinə əsasən müqavilə şərtlərinə əməl edilmədiyindən müqaviləyə xitam verilmişdir və bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi kitabında müvafiq qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 789/ü əmrindən görünür ki, meşə fondu torpaqlarının icarəyə verilməsi barədə müqavilə" forması təsdiq edilmişdir. - Kommersiya qurumların dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin məlumatlarından görünür ki, Teymur Əhmədov adına "xxxx" QSC (VÖEN: **********) xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı AZ2300, Göyçay rayonu, Natəvan ev 120, qanuni təmsilçisi - X6r. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası “mübahisələndirmə haqqında” iddia (İPM-in 2.2.1 və 32-ci maddələri) qismində mümkün iddiadır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Mübahisələndirilən əmr xx.xx.2020-ci il tarixində qəbul edilmişdir. Lakin, sözügedən əmrin iddiaçıya rəsmi qaydada təqdim edilməsinə dair hər hansı sübut iş materiallarında mövcud olmadığından, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubunda hazırda mübahisələndirilən əmr barədə iddiaçıya məlumat verildiyindən və iddia ərizəsi xx.xx.2022-ci il tarixdə imzalanaraq təqdim edildiyindən Məhkəmə hesab edir ki, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ötürülməmişdir. İddianın qaldırılmasında iddiaçının subyektiv hüququ mövcuddur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin əmri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmri mübahisələndirmişdir. Belə ki, mübahisələndirilən əmr tələbdə qeyd edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi ilə bağlı müqavilənin ləğvi barədədir. Odur ki, Mübahisələndirilən əmr iddiaçıya münasibətdə əlverişsiz inzibati aktdır. İddia ərizəsi iddiaçının qanuni təmsilçisi sayılan şəxs tərəfindən imzalanmışdır. Lakin, iddia əsassızdır. Tətbiq edilən hüquq: Meşə Məcəlləsi: Maddə 14. Meşə fondu sahələrindən istifadə hüququ Meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir. Maddə 15. Meşə fondu sahələrindən istifadə hüququnun əsasları Meşə fondu sahələrindən istifadə hüququnun əsasları aşağıdakılardır: müqavilələr; məhkəmə qərarları; bu Məcəllə ilə yol verilən digər əsaslar. Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu sahələrinin icarə müqaviləsinin dövlət qeydiyyatından keçdiyi, meşəqırma bileti, order, meşə bileti alındığı vaxtdan əldə edilir. Maddə 17. Meşə fondu sahələrindən istifadə hüququnun həyata keçirilməsi Meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata keçirirlər ki, bu, meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin. Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır. Bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanlarının meşə fondu sahələrindən istifadə sahəsində meşə istifadəçilərinin fəaliyyətinə qarışmasına yol verilmir. Maddə 20. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin əsasları Meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə hüququnun müddəti başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir. Meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilməsi yalnız aşağıdakı hallarda həyata keçirilir: meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda; fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə; meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilmədikdə; meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində, meşəqırma biletində, orderdə, meşə biletində nəzərdə tutulmuş şərtlər pozulduqda; meşə istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə əməl edilmədikdə; meşə fondu sahələri dövlət ehtiyacları üçün alındıqda. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikasının meşə qanunvericiliyinə görə meşə istifadəçisinin intizam, inzibati, mülki və cinayət məsuliyyətindən azad etmir. Maddə 21. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin qaydaları Meşə fondu sahələrindən istifadə hüququna meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin ləğvi nəticəsində xitam verilir. Meşə istifadəçisi meşə fondu sahəsindən istifadə hüququndan imtina etdikdə bu hüquq onun rəsmi ərizəsi əsasında dayandırılır. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi bu barədə meşə istifadəçisinə rəsmi xəbər verməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (30 mart 1998-ci il): Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar həmin Məcəllənin tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram: ...

2. Müəyyən edilsin ki: Azərbaycan Respublikası Meşə Məcəlləsinin ... 19-cu maddəsinin birinci hissəsində, 21-ci maddəsinin üçüncü hissəsində, 22-ci maddəsinin birinci hissəsində, ... nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (17 oktyabr 1998-ci il): Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları”:

4. Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə zamanı meşə istifadəçisi aşağıdakılara əməl etməyə borcludur: meşə fondu sahələrindən mövcud qanunvericiliyə uyğun istifadə etmək; müqavilənin şərtlərinə əməl etmək, meşə fondundan istifadə üçün haqları vaxtında ödəmək; istifadə olunan sahənin və onun ətrafının zibillənməsinə yol verməmək, digər sanitariya qaydalarına əməl etmək; sahəyə mal-qaranın buraxılmasına yol verməmək; istifadə olunan sahəyə bitişik meşənin qanunsuz qırılmasına yol verməmək; istifadəyə verilmiş meşə fondu sahələrindən meşə yanğını təhlükəsizliyi qaydalarına riayət etmək və ərizədə yanğın baş verdikdə onun söndürülməsini təmin etmək; meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən qaydada bərpa etmək və ya dəymiş ziyanı ödəmək.

7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə fondu sahələrindən istifadə hüququna yalnız aşağıdakı hallarda məcburi xitam verə bilər: meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda; fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə; meşə istifadəçisi tərəfindən meşə fondu sahələrinin istifadə haqqının müəyyən olunmuş müddətdə ödənilmədikdə; meşə istifadəçisi tərəfindən müqavilədə nəzərdə tutulmuş şərtlər pozulduqda; meşə istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl edilmədikdə; Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi barədə meşə istifadəçisinə rəsmi xəbər verməlidir.

Cavabdeh orqan Müqavilə şərtinin iddiaçı tərəfindən xx.xx.2019-cu ildən etibarən pozulmasını aşkar etməsinə və Müqavilənin 3.2-ci maddəsində ödəmə qaydalarına hər ilin (ayın) əvvəlində yenidən baxılması müəyyən edilməsinə baxmayaraq, istifadə müqaviləsinin xitamı ilə bağlı əmri xx.xx.2020-ci il tarixdə vermiş, əmri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydalarının 4.1-ci bəndinin tələblərinin pozulması ilə əsaslandırmışdır. Həmçinin iddia tələbinə münasibətdə cavabdeh orqan mübahisələndirilən əmrin qəbul edilməsini xx.xx.2019-cu il tarixli müqavilənin 2.7 və 2.17-ci bəndlərinin tələblərinin pozulması, sahənin məişət tullantıları ilə çirkləndirilməsi, mal-qaranın buraxılması ilə əsaslandırmışdır. İnizbati işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, istifadəçi tərəfindən ümumiyyətlə ötən müddət ərzində Meşə fondu sahəsindən istifadə üçün haqq ödənilməmiş və faktiki olaraq istifadə müqaviləsinin ləğvi ilə bağlı cavabdeh orqanın qəbul etdiyi xx.xx.2020-ci il tarixli əmr əsaslı omuşdur. Belə ki, iş materiallarından görünür ki, Teymur Əhmədov adına "xxxx" QSC ilə X9 Təsərrüfatı Mərkəzi arasında xx.xx.2019-cu il 04 nömrəli müqavilə bağlanılmış, Ekologiya və Təbii Sərvətlər Nazirliyində xx.xx.2019-cu ildə 68 nömrə ilə qeydiyyata alınmışdır. Həmin müqavilənin qeydiyyata alındığı tarixdən, yəni xx.xx.2019-cu il tarixdən Meşə Məcəlləsinin 15-ci maddəsinə əsasən iddiaçının 60 ha torpaq sahəsi üzərində istifadə hüququ yaranmışdır. Bununla belə müqavilənin dövlət qeydiyyatına alındığı xx.xx.2019-cu il tarixdən – həmin müqavilənin ləğv edildiyi xx.xx.2020-ci il tarixədək ötən 10 aydan artıq müddətdə və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən əvvəl cavabdeh orqana müraciət edilmiş xx.xx.2022-ci il tarixədək ötən 3 il müddətində iddiaçı tərəfindən istifadə haqqı dövlət büdcəsinə ödənilməmişdir. İddiaçı ilə cavabdeh orqan arasında bağlanmış istifadə Müqaviləsinin 2.3-cü bəndindən görünür ki, iddiaçı, meşə fondundan istifadə üçün haqqı müəyyən olunmuş müddətdə ödəmək öhdəliyi götürmüş, həmin Müqavilənin 3.3-cü bəndində istifadə haqqının bu Müqavilə qüvvəyə mindiyi gündən başlayaraq 1 ay müddətində illik ödənilməsi qaydası müəyyən edilmişdir. Yəni, Müqavilənin qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixdən sonra 1 ay müddətində - xx.xx.2019-cu il tarixədək iddiaçı tərəfindən illik istifadə haqqı dövlət büdcəsinə ödənilməli idi. Həmin Müqavilənin 4.1.2-ci maddəsində isə istifadə haqqı müəyyən olunmuş müddətdə ödənilmədikdə müqaviləyə xitam verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi xx.xx.2019-cu il tarixdən başlayaraq iddiaçı tərəfindən tam hərəkətsizlik göstərilərək torpaq sahəsindən istifadə üçün haqqın ödənilməsi təmin edilməmiş, bununla da müqavilə şərti kobud şəkildə pozulmuşdur. İddiaçı, ödənilməli hesabla bağlı rekvizitlərin təqdim olunmadığını bildirsə də, sözügedən Müqavilənin 3.1-ci bəndində istifadə haqqının dövlət büdcəsinə ödənilməli olduğu birmənalı qeyd edilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Müqavilənin “istifadəyə verən öhdəsinə götürür” hissəsində istifadə üçün haqqın məbləğini və ödəmə qaydasını müəyyənləşdirib istifadəçi ilə razılaşmaq cavabdeh orqanın vəzifəsi olaraq qeyd edilmişdir. Müqavilənin 3-cü bəndində cavabdeh orqan 60 ha torpaq sahəsi üçün istifadə haqqının məbləğini illik 47600 manat, ödəmə qaydasını isə Müqavilə qüvvəyə mindiyi gündən başlayaraq 1 ay müddətində illik dövlət büdcəsinə ödənilməli olmasını müəyyən edərək iddiaçı ilə razılaşdırmış, Müqaviləni hər iki tərəf imzalayaraq təsdiq etmişdir. Cavabdeh orqanın əlavə olaraq rekvizitlər təqdim etməli olması ilə bağlı hər hansı müqavilə öhdəliyi olmamış, eyni zamanda iddiaçı özü də cavabdeh orqanın müqavilə öhdəliyini yerinə yetirməməsini ümumiyyətlə mübahisələndirməmişdir. Yəni, iddiaçının cavabdeh orqandan hər hansı sənəd və ya rekvizit təqdim etməsi ilə bağlı gözləntisi olmamışdır. İddiaçı, müvafiq hesabın ona verilməsi ilə bağlı cavabdeh orqana dəfələrlə müraciət etdiyini bildirməsinə baxmayaraq, cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmiş xx.xx.2022-ci il tarixli müraciətdən başqa ümumiyyətlə belə bir müraciətin edilməsi müəyyən edilmir. İddiaçı, Müqavilə qüvvəyə mindikdən sonra ümumiyyətlə hər hansı ödəniş etməmiş və yalnız 3 il sonra ona ödənişin edilməsi üçün hesabın təqdim edilməsini xahiş etmişdir. Cavabdeh orqanın sözügedən məktubunun məzmunundan o qənaət yaranır ki, ümumiyyətlə iddiaçının niyyəti istifadə haqqının ödənilməsi ilə bağlı hesabın əldə edilməsi yox, cavabdehin xx.xx.2020-ci il tarixli əmrinin məzmunundan ilk dəfə məlumatlı olmasına hüquqi zəmin yaratmaq və mübahisələndirmə haqqında iddianın müddətlə bağlı xüsusi mümkünlük şərtinə formal riayət etmək olmuşdur (hər bir halda cavabdeh orqan tərəfindən iddiaçının daha əvvəl mübahisələndirilən əmrlə bağlı məlumatlandırılması aşkar edilmədiyindən hazırkı mübahisəyə mahiyyəti üzrə baxılmışdır). Əks halda iddiaçı, xx.xx.2019-cu ilədək istifadə haqqını ödəməli olduğundan, cavabdeh orqandan ödənişlərin edilməsi üçün zəruri olan hesabı 3 il keçdikdən sonra tələb etməzdi. Meşə Məcəlləsinin 20-ci maddəsinin tələbinə görə meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilməməsi Meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilməsi əsaslarından biri olaraq müəyyən edilmişdir. Sözügedən normada qeyd edilmişdir ki, Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi bu barədə meşə istifadəçisinə rəsmi xəbər verməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaların 7-ci bəndinin 6-cı abzasında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi barədə meşə istifadəçisinə rəsmi xəbər verməlidir. Göründüyü kimi qanunverici, istifadə hüququna xitam vermə ilə bağlı meşə istifadəçisinə rəsmi xəbər verilməli olmasını müəyyən etmiş, həmin xəbərin verilməsini istifadə müqaviləsinin xitamından bilavasitə əvvəl olması, o cümlədən xəbər verilməməsi halında müvafiq qərarın qəbulunun mümkünsüzlüyü ilə bağlı məhdudlaşdırıcı norma müəyyən etməmişdir. Həmin münasibətlərin tənzimlənməsi üçün qəbul edilmiş “Qaydalar”ın tələbi də ondan ibarətdir ki, istifadə hüququna xitam verilməsi barədə cavabdeh orqan meşə istifadəçisinə rəsmi xəbər verməklə kifayətlənməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış “istifadə müqaviləsi”nin 2.3-cü maddəsində istifadə haqqını ödəmək istifadəçinin öhdəliyi olaraq müəyyən edilmiş və həmin Müqavilənin 4.1.2-ci maddəsində istifadə haqqının ödənilmədiyi halda müqaviləyə xitam veriləcəyi qeyd edilərək razılaşdırılmışdır. İddiaçı, özü də faktiki olaraq müqavilə ləğv edilənədək və ondan sonra ümumiyyətlə istifadə haqqını ödəməmişdir. Odur ki, istifadə haqqının ödənilməyəcəyi halda müqavilənin ləğv edilcəyi iddiaçı üçün aşkar görünən hal olmuşdur. Məhkəmə tərəfindən hazırkı iş üzrə inzibati orqanın praktikası öyrənilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2022-ci il tarixli 27/793 nömrəli məktubunda qeyd etmişdir ki, müqavilənin bağlanılması və ləğv edilməsi X9 Təsərrüfatı Mərkəzinin səlahiyyətlərinə aiddir. İddia tələbinin Torpaq Məcəlləsinin 73, 75-ci, Mülki Məcəllənin 421, 423-cü, “Torpaq icarəsi haqqında” Qanunun 13-cü maddələrinə istinad etməklə əsaslandırılmasına münasibətdə isə məhkəmə qeyd edir ki, Meşə fondu torpaqlarından istifadə ilə bağlı qanunverici xüsusi tənzimləmə müəyyən etdiyindən hazırkı mübahisəyə də, məhz Meşə Məcəlləsi və həmin Məcəllənin tətbiqi ilə bağlı qəbul edilmiş “Qaydalar” rəhbər tutulmaqla hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı X1rşı “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi” barədə 18 sentyabr 2019-cu il tarixli 04 saylı müqavilənin ləğv edilməsi barədə cavabdehin 26 avqust 2020-ci il tarixli, 106 nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar