Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-587/2022 21.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-nin 12 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Zərdab rayonu camışçılıq sovxozunda tikinti sahəsində fəhlə işlədiyi iləəri sosial sığorta stajı kimi müəyyən edərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh DSMF PHŞ-nin 12 saylı Regional Ərazi Filialı – hüquq varisi Dövlət Sosial Müdafiə Fondu PHŞnin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, əmək kitabçasını, diplomunu və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “X1 və Emal Birliyi” MMC-nin müvafiq arayışını cavabdeh orqana təqdim edərək həmin sənədlərdə qeyd edilən müddətin nəzərə alınaraq, 65 yaşının bitdiyi tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin və digər müddətlərin təqdim etdiyi sənədlərlə (əmək kitabçası, arayış, diplom) sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərdən xx.xx.1997-xx.xx.1999-cu illər və Zərdab rayonu camışçılıq sovxozunda xx.xx.1971xx.xx.1972-ci il tarixdə işlədiyi illəri mübahisələndirmiş, iddia tələbinə etirazını xx.xx.1997xx.xx.1999-cu illərdə iddiaçıya əmək haqqı hesablanmaması və iddiaçının müddətsiz məzuniyyətdə olması ilə, Zərdab rayonu camışçılıq sovxozunda işlədiyi müddətin isə əmək kitabçasında qeyd edilməməsi ilə əsaslandırmışdır. Cavabdeh qeyd etmişdir ki, mübahisələndirdiyi dövrlər nəzərə alınmadan sosial sığorta stajı hesablandıqda iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün azı 25 illik sığorta stajı yaranmır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “X1 və Emal Birliyi” MMCnin xx.xx.2021-ci il tarixli arayışından, xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Zərdab rayonu camışçılıq sovxozunun hüquqi varisi olan “X1 və Emal Birliyi” MMC-də saxlanılan əmr kitablarına əsasən 1971-ci il 15 avqust tarixli 120 №-li əmrə əsasən Zərdab rayonu camışçılıq sovxozunda tikinti sahəsinə fəhlə işinə təyin edilmiş, həmin tarixdən fasiləsiz işləyərək 1972-ci il 21 may tarixli 72 №-li əmrə əsasən işdən azad edilmişdir. - Azərbaycan Memarlıq və İnşaat Universitetinin xx.xx.2021-ci il tarixli əmrdən çıxarışından görünür ki, iddiaçı xx.xx.1972-ci il tarixli əmrlə C.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Mexanika fakultəsinin əyani şöbəsinə qəbul olmuşdur. xx.xx.1977-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun Nəqliyyat fakultəsinin əyani şöbəsinin tam kursunu bitirmiş və Dövlət İmtahan Komissiyasının qərarı ilə ona “mühəndis-mexanik” ixtisası verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 693 saylı qərarına əsasən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun adı dəyişdirilib, Azərbaycan Memarlıq və İnşaat Universiteti olub. - ИТ –İ ******* nömrəli, xx.xx.1979-cu il tarixli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət aşağıdakı kimidir: xx.xx.1977 –xx.xx.1979 (2 il 3 ay 4 gün), xx.xx.1980 – xx.xx.1999 (18 il, 5 ay 22 gün), xx.xx.1979 – xx.xx.1980 (3 ay, 6 gün), xx.xx.1972 – xx.xx.1977 (4 il, 10 ay, 12 gün). - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2020-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1955-cı ildə doğulub). İş materiallarında olan, ИТ –İ ******* nömrəli, xx.xx.1979-cu il tarixli əmək kitabçasında iddiaçının ümumilikdə əmək stajı 25 il 10 ay 14 gün qeyd edilmişdir. Həmin müddətin xx.xx.1997-xx.xx.1999-cu illər aralığında müddət (1 il 6 ay 5 gün) cavabdeh tərəfindən mübahisələndirilmiş, iddiaçının məzuniyyətdə olduğu və əmək haqqı hesablanmadığı müddət sosial sığorta stajına daxil edilməmişdir. Bundan başqa iddiaçının Zərdab rayonu camışçılıq sovxozunda xx.xx.1971 xx.xx.1972-ci il tarixdə işlədiyi müddət (9 ay 6 gün) əmək kitabçasında qeyd edilmədiyinə görə qəbul edilməmişdir. İddiaçının Zərdab rayonu camışçılıq sovxozunda işləməsi, işdə olan arayışla və əmrdən çıxarışla tam sübuta yetirilir. Əmək kitabçasında lazım olan qeydlər olmadıqda müvafiq sənədlərin əmək stajını təsdiqedici sənəd kimi qəbul edilməsi istinad olunan “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndində birmənalı olaraq qeyd edilmişdir. Odur ki, həmin illərin sosial sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin etirazının dəlilləri tamamilə əsassızdır. Nəzərə alınmalıdır ki, cavabdehin mübahisələndirdiyi xx.xx.1997-xx.xx.1999-cu illər aralığında - 1 il 6 ay 5 gün- müddət nəzərə alınmadan iddiaçının sosial sığorta stajı hesablandıqda 25 ildən sığorta stajı yaranır. Belə ki, mübahisələndirilməyən 24 il 4 ay 9 gün müddətlə Zərdab rayonu camışçılıq sovxozunda iddiaçının işlədiyi 9 ay 6 gün müddət toplandıqda yaranan 25 il 1 ay 15 gün staj, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Odur ki, digər müddətin (xx.xx.1997-xx.xx.1999-cu illər) araşdırılmasına ümumiyyətlə lüzum qalmır. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.11, 23.2-ci maddələri, 1 yanvar 2006cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin və SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n tələblərinə görə iddiaçının əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti, hərbi xidmət dövrü və əyani ali təhsil dövrü ümumi iş stajına daxil edilir. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia təmin edilir. İddiaçı oğlunun xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Zərdab rayonu camışçılıq sovxozunda tikinti sahəsində fəhlə işlədiyi illəri sosial sığorta stajına daxil edərək hüququnun yarandığı vaxtdan – xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.