Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-587/2024 22.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, ona müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli, 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1-ci (travmaların nitəcələri T90) və 6.7ci (epilepsiya-G40) bəndlərində nəzərdə tutulmuş xəstəlik tibbi sənədlərində iddiaçıya qoyulmuş diaqnoz üzrə xəstəliklərinə (kəllə beyin travması və qıcolma) uyğun gəldiyində və bu bəndə müvafiq məhkəmə tibbi rəyi mövcud olduğuna görə cavabdehin xx.xx.2023cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1992-ci ildə Şəki Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə başlamışdır. Həmin dövrdə döyüş əməliyyatlarının aparıldığı Ağdərə rayonuna göndərilmiş, Çıldıran yaşayış məntəqəsinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərkən sol ayağından qəlpə yarası alaraq müalicə olunması üçün Qəbələ rayon hərbi hospitalına, oradan da Şəki rayon xəstəxanasına təxliyyə edilmişdir. Müalicəsini başa vurduqdan sonra təkrar hərbi xidmətə qaytarılmış və 1993-cü ilin mart ayında Ağdam rayonunun Canyataq və Gülyataq yaşayış məntəqələrinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərkən başında, sağ kürək nahiyyəsində və sol qulağında qəlpə yarası və kontuziya alması nəticəsində müalicə olunması üçün Yevlax rayon Mərkəzi Xəstəxanasına göndərilmiş və orada ixtisaslı müayinə və müalicə olunduqdan sonra yenidən hərbi xidmətə geri qaytarılmışdır. 1996-cı ilin avqust ayının 11-də həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi xidmətdə olarkən başının müxtəlif nahiyyələrindən aldığı qəlpə yaraları nəticəsində ağrıları şiddətlənməyə başlamış və qıcolmaları artmışdır. Bununla əlaqədar etdiyi müraciət nəticəsində 2002-ci ilin aprel ayının 10-da Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinə edilərək iddiaçıya 3-cü qrup əlillik dərəcəsi təyin edilmişdir. 2002-ci ilin aprel ayından iddiaçıya 3-cü qrup əlillik dərəcəsi təyin edildikdən sonra vaxtaşırı olaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinə edilərək 3-cü dərəcəli əlillik dərəcəsi təyin edilməkdə davam etmişdir. İddiaçıya təyin edilmiş 3-cü dərəcə əlillik dərəcəsi heç bir qanuni əsas olmadan 2021-ci lin aprel ayında kəsilmişdir İddia ərizəsinə əlavə olunmuş TSEK-da sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddən görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçının əlillik dərəcəsi qiymətləndirilmiş, ona “kəllədaxili travmaların nəticələri, baş beyinin travmatik xəstəliyi (1992) ensefalomatiya. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Sol sağrı nahiyyəsində dəlib keçən qəlpə yarası. Başın, sağ kürək nahiyyəsinin və sol qulağın kontuziyadan sonrakı nevriti” diaqnozu qoyulmuş, diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, Şəki şəhər sakini, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: **********6). Tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilməmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1999-cu il tarixli 10 nömrəli arayış verilmişdir. Həmin arayışda “Sol sağrı nahiyyəsində dəlib-keçən qəlpə yarası. Başın, sağ kürək nahiyəsinin və sol qulağın kontuziyadan sonrakı nevriti" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “müayinə zamanı baş ağrılarından və seyrək, 10 dəqiqə davam edən “qıcolma” tutmalarından şikayətlənmişdir. Nevroloji statusda ocaqlı patologiya aşkarlanmamış, ətraflarda reflekslər canlı, hərəkətlər sərbəst saxlanılmışdır" kimi qeyd olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yuxusuzluq, qıcolmalardan şikayətlənmişdir. Baxış zamanı sağ təpə nahiyəsində və sol sağrıda çapıqlar izlənmişdir. Anamnestik məlumatlarında dili qatlandığını və qıcolma tutmalarının olduğunu, gündə 1 dəfə Depakin 500 mg qəbul etdiyini ifadə etmişdir. Psixi statusunda adekvat, verilən suallara normal cavablar vermiş, bələdliliyi qorunmuş, intellektual mnestik sferası dünya görüşünə, sosial mühitinə, təhsilinə uyğun olmuş, davranış və şəxsiyyət pozuntusu əlamətləri, psixoproduktiv simptomatika qeyd edilməmişdir. Nevroloji müayinə zamanı əlillik təyinatına əsas verə biləcək ocaqlı simptomatika aşkar edilməmişdir. Qıcolma tutmalarından şikayətlənsə də, buna dair tibbi sənəd, ekspertiza üçün əhəmiyyətli olan EEQ müayinəsinin nəticəsi təqdim edilməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli Kranial KT müayinəsinin nəticəsi “Baş beyin parenximasında həcmli proses izlənmir. Səğ təpə nahiyyəsində dərialtı hiperdens ocaqlar-yad cisim (qəlpələr). Alın-təpə nahiyyəsində subaraxnoidal sahədə genişlənmə. Yan mədəciklərdə genişlənmə izlənir-minimal intrakranial hipertenziyaya xarakter. Sağ maxillyar sinusda retension kista" kimi müəyyənləşdirilmiş, klinik olaraq əlillik təyinatına əsas verməmişdir. Şəki rayon Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Dekompensasiya halında” kimi qeyd edilmiş, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirakı edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli, 13 may 2022ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1-ci (travmaların nəticələri T90) və 6.7-ci (epilepsiya-G40) bəndlərində nəzərdə tutulmuş xəstəlik tibbi sənədlərində ona qoyulmuş diaqnoz üzrə xəstəliklərinə (kəllə-beyin travması və qıcolma) uyğun gəldiyindən və bu bəndə müvafiq məhkəmə tibbi rəyi mövcud olduğuna görə cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, ona müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə ona münasibətdə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunmasını tələb edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati aktın dəyişdirilməsini və ya yeni akt qəbul olunmasını tələb etsə də, müraciəti təmin edilməmişdir. Məhkəmənin iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(116)-2901/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi”nin ekspertlərinə həvalə edilmiş, ekspertin rəy verə bilməsi üçün 2-1(116)-2901/2023 nömrəli iş materialları ekspertizaya təqdim edilmişdir. Sözügedən qərardadın surətləri proses iştirakçılarına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 1200 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçı müayinəyə getməmişdir. Belə ki, iddiaçıya müayinə tarixi və keçirilmə yeri barədə məlumat verilmiş, lakin İddiaçı müayinə olunması üçün getməmişdir. Məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi barədə qərardadın Məhkəmə- Tibbi Ekspertiza və X2 göndərilməsi barədə məktuba iddiaçının rekvizitləri daxil edilmiş, həmçinin məhkəmə tərəfindən iddiaçıya ekspertizanın keçirilməsi üçün müayinə tarixi və keçirilmə yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı müayinə olunmaq üçün getməkdən imtina etmişdir. Məhkəmənin əvvəllər icraatında olmu. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının əsassız hesab edilərək ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şəki İnzibati Məhkəməsi tərəfindən baxılmış, həmin iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-329/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdehin xx.xx.2022-ci il tarixli (müayinə tarixi xx.xx.2022-ci il) imtina qərarı ləğv edilməklə onun üzərinə xx.xx.1973-cü il təvəllüdlü İddiaçı aid 0344003AAK8W nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxılması öhdəliyi qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. 2-1(116)-329/2023 nömrəli inzibati işdən təsdiq olunmuş surəti əldə olunaraq hazırkı işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 553 nömrəli məktubuna əlavə olunmuş T40/2023 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 1973-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə özünün məhkəmə-tibbi müayinəsinə və qərardada göstərilən suallara cavab olaraq “X1: XİX Sinif - travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri - T90-T98 - travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri - T90 - Başın sol təpə nahiyəsində dərialtı ocaqlaryad cisim qəlpələr (xx.xx.2021-ci il KT müayinəsi əsasında); Diaqnozun mətni: Kəllədə travmaların nəticələri, baş beyinin travmatik xəstəliyi (1992) ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Sol sağrı nahiyyəsində dəlib-keçən qəlpə yarası. Başın sağ kürək nahiyyəsinin və sol qulağın kontuziyadan sonrakı nevriti” onun stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborat instrumental müayinələrin əsasında düzgün müəyyən edilmişdir. Həmin iş üzrə cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-4/2-8033/2023 nömrəli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydasfna uyğun olaraq vətəndaşların əlillik, vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Məlumat üçün bildirilmişdir ki, İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbindən əlillik vəziyyəti Şəki Rayon Mərkəzi Xəstəxanasının 0344003AAK8W nömrəli göndərişi və müraciəti əsasında X5-sosial ekspert komissiyasında xx.xx.2022-ci ildə əyani müayinədə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Belə ki, müayinə zamanı məlum olmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1999-cu il tarixli 10 nömrəli Arayış verilmişdir. Həmin arayışda “Sol sağrı nahiyəsində dəlib-keçən qəlpə yarası. Başın, sağ kürək nahiyəsinin və sol qulağın kontuziyadan sonrakı nevriti” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin sağlamlıq vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri. Baş beyinin travmatik xəstəliyi (1992) ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kompleks parsial tutmalarla müşahidə olunan epilepsiya” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nevroloji statusda ocaqlı patologiya aşkarlanmamış, ətraflarda reflekslər canlı, hərəkətlər sərbəst saxlanılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan"nın 6-cı bəndinə əsasən, orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin (gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması) nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Cavabdeh həmin iş üzrə məhkəmənin qərarının icrasına dair təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı hazırda sözügedən xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16883/2023-cü il tarixli qərarı mübahisələndirməkdədir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşin faktiki hallarını iş materialları ilə qarşılıqlı şəkildə təhlil edən məhkəmə hesab edir ki, iddia əsassızdır. İddiaçının cavabdehə ilkin müraciət etiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunurdu. Həmin Əsasnamənin: 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Həmin bənddə birinci dərəcə əlilliyin təyin edilməsi üçün 16 hal sadalanmışdır. 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. 2.3-cü bəndinə əsasən isə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Qeyd olunan bənddə üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün 9 hal sadalanmışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Əsasnamənin tələblərinə müvafiq olaraq nə ilkin məhkəmə icraatı zamanı, nə də hazırkı iddia tələbi çərçivəsində cavabdehin qərarının qanuniliyinin yoxlanılması zamanı iddiaçıya münasibətdə əlilliyin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq da diaqnozun əlillik əlaməti təyin etmədiyi müəyyən edilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97-ci maddəsinə əsasən: 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.2. İşdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. 97.4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. 97.4-1. İşdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. İddiaçı tələbində göstərilən halların araşdırılması ilə bağlı iş üzrə təyin edilmiş məhkəmə ekspertizasından keçməkdən imtina etdiyindən, məhkəmə yuxarıda göstərilən əsasdan çıxış edərək hesab edir ki, iş üzrə iddia tələbinin təmin olunmasını istisna edən faktiki hallar öz təsdiqini tapır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli, 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1-ci (travmaların nəticələri T90) və 6.7-ci (epilepsiya-G40) bəndlərində nəzərdə tutulmuş xəstəlik tibbi sənədlərində ona qoyulmuş diaqnoz üzrə xəstəliklərinə (kəllə-beyin travması və qıcolma) uyğun gəldiyindən və bu bəndə müvafiq tibbi rəy mövcud olduğuna görə cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, ona müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(116)-587/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-587/2024
22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver