Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-590/2021 15.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı Cavabdehnə qarşı "şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı "şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşdən görünür ki, İddiaçı atası X3 iddiaçının doğum haqqında təkrar şəhadətnaməsinin ona verilməsi barədə ərizə ilə Cavabdehnə müraciət etmiş, lakin həmin Şöbə təkrar şəhadətnamə verməkdən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, ərizəçi X1 Bəhruz Sadiq oğlunun şəxsiyyətini təsdiq edən sənədi və notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməmişdir. Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 22.02.2021-ci il tarixli sərəncamı ilə İddiaçı bildirilmişdir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna görə onun mümkünlük şərtlərindən biri iddiaçının əvvəlcədən eyni tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə bundan imtina etməsidir. Təkrar şəhadətnamənin verilməsi üçün Cavabdehnə İddiaçı deyil, atası X3 müraciət etdiyinə görə hazırkı iddianın da X3 tərəfindən verilməsi daha məqsədə uyğundur, İddiaçı isə inzibati orqana müraciəti olmadığına görə iddia mümkün sayıla bilməz. İddiaçı məhkəmənin göstərilən məktubunu aldıqdan sonra Cavabdeh tərəfindən ona yazılmış 19.06.2020-ci il tarixli məktubu məhkəməyə təqdim etmişdir. Həmin məktubdan görünür ki, o, öz adına doğum haqqında təkrar şəhadətnamə verilməsi üçün ərizə ilə Cavabdehnə müraciət etmiş, həmin Şöbə isə o, şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədiyinə görə bundan imtina etmişdir. Məhkəmənin təklifinə baxmayaraq, hazırkı iddianı İddiaçı atası X3 verməmiş və iddianı İddiaçı davam etdirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 9.7-ci bəndinin ikinci cümləsinə əsasən, 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmin Qaydanın 9.8-ci bəndinə əsasən, qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Göründüyü kimi, mövcud normalarda şəxsiyyət vəsiqəsi təqdim edilmədən təkrar şəhadətnamənin verilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən, İddiaçı şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə məhkəməyə hazırkı iddianı verən şəxsin həqiqətən İddiaçı olmasını da müəyyən etmək mümkün deyil. Hazırkı iddianın məhkəmə qərarı ilə təmin ediləcəyini ehtimal etsək belə, bu qərarın icrasının hansı qaydada həyata keçiriləcəyi, doğum haqqında təkrar şəhadətnamənin bilavasitə kimə təqdim ediləcəyi, qərarın icrası üçün gələn şəxsin İddiaçı olub-olmamasının necə müəyyən ediləcəyi məlum deyil. Bu səbəbdən iddia mümkün sayıla bilməz. İddiaçı doğum haqqında təkrar şəhadətnaməni almaqda məqsədi həmin sənədi polis orqanlarına təqdim etməklə şəxsiyyət vəsiqəsi almaqdan ibarət olduğuna görə, məhkəmə qeyd edir ki, onun şəxsiyyət vəsiqəsi təqdim etmədən doğum haqqında təkrar şəhadətnamə alması mümkün olmasa da, doğum haqqında şəhadətnamə təqdim etmədən şəxsiyyət vəsiqəsi alması mümkündür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 23.10.2013-cü il tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş ""Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə" ilə aşağıdakılar müəyyən edilmişdir. 2.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. 2.2. Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. 2.7. Vəsiqə verən orqanın məsul əməkdaşı vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi (dəyişdirilməsi) barədə ərizə-anketinin düzgün doldurulduğunu yoxlayır. Vətəndaşın ərizə-anketindəki məlumatlar ondan əlavə sənəd tələb edilmədən, İAMAS-da toplanılan və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri, X5 Sistemi və digər dövlət informasiya resursları tərəfindən İAMAS-a təqdim olunan məlumatlar əsasında yoxlanılır. 2.8. Vətəndaşın ərizə-anketindəki hər hansı məlumatın İAMAS-da toplanılan məlumatlar əsasında yoxlanılması mümkün olmadıqda, həmin şəxs barədə toplanılmış müvafiq fərdi məlumatlar İAMAS vasitəsilə bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş aidiyyəti dövlət informasiya sisteminə ötürülür və həmin sistem tərəfindən zəruri məlumatlar müəyyən edilərək İAMAS-a təqdim edilir. 2.9. Vəsiqə verən orqanın məsul əməkdaşı vətəndaşın ərizə-anketi üzrə məlumatları yoxladıqdan sonra ərizə-anketdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edərək, onları vətəndaşın fotoşəkli və əl-barmaq izləri ilə birlikdə dərhal İAMAS-a daxil edir. İAMAS-a daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. Bundan başqa, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununda deyilir ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. (1.1-ci maddə) Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. (1.2-ci maddə) İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (24.3-cü maddə) Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. (24.4-cü maddə) İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. (24.5-ci maddə) Sadalanan normaların birgə təhlilindən görünür ki, şəxs şəxsiyyət vəsiqəsi almaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanlarına müraciət etdiyi zaman doğum haqqında şəhadətnaməsini təqdim edə bilmədikdə, həmin orqan başlanmış inzibati icraat çərçivəsində özü bu sənədi əldə etməli və şəxsiyyət vəsiqəsinin verilməsi məsələsini həll etməlidir. Məhkəmə qeyd edir ki, ilk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etmiş şəxs doğum haqqında şəhadətnaməsini təqdim etmiş olsa belə, şəhadətnamədə onun şəkli olmadığına görə, müraciət etmiş şəxsin kimliyini, onun həqiqətən də şəhadətnamədə adı yazılmış şəxs olub-olmamasını müəyyən etmək lazım gəlir. Bu vəzifənin məhz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanlarının üzərinə qoyulması təsadüfi deyil, qanunvericilik aktları ilə polis orqanlarına verilmiş səlahiyyətlər bu vəzifəni icra etməyə imkan verir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin isə belə səlahiyyətləri yoxdur. Ona görə də İddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün yaşayış yeri üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanına müraciət edə bilər. Məhkəmənin 17.06.2021-ci il tarixli məktubu ilə həmin hallar iddiaçının diqqətinə çatdırılmış və bununla bağlı fikirlərini 10 gün müddətində yazılı şəkildə Şəki İnzibati Məhkəməsinə bildirməsi ondan xahiş edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş və 28.06.2021-ci ildə imza etdirilməklə ona çatdırılmışdır. Lakin ötən müddət ərzində iddiaçı qeyd olunan məsələlərə münasibət bildirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddianın mümkün sayılması üçün əsas yoxdur. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı "şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-590/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-590/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver