Məhkəmə qərarları › İş №2-1(116)-590/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-590/2025

09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-590/2025 09.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “60 yaşının bitdiyi tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “iddiaçı xx.xx.2024-cü il tarixdə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən imtina məktubu təqdim edilmişdir. İmtina vərəqəsində iddiaçının 1992-ci ildən Rusiya Federasiyasında işlədiyi illərin nəzərə alınmaması qeyd edilmişdir.”. Cavabdeh xx.xx.2025-ci il tarixli etirazını belə əsaslandırmışdır ki, “İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xahişi ilə xx.xx.2024-cü il tarixli ərizə ilə inzibati orqana müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17- 1/2-İ-83241/2024 nömrəli məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Həmin imtina məktubuna əsasən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.1992xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində iddiaçının Rusiya Federasiyasında işlədiyi müddəti sığorta stajına daxil etmək mümkün olmadığı üçün onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 5 ay 22 gün ) təşkil etdiyindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Hesab edirik ki, İddiaçı iddia tələbi tam əsassızdır və aşağıda geyd “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Bildiririk ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə - 60 yaşına xx.xx.2022-ci il tarixdə çatmışdır. Beləliklə, İddiaçı tələbi üzrə 60 yaşının tamam olduğu xx.xx.2022- ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: • azı 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli; • stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməli; • fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (iddiaçının tələbinə münasibətdə 34560 manat) Məhkəmənin diqqətinə çatdırırıq ki, İddiaçı ümumi iş stajı 26 il 11 ay 16 gün (xx.xx.2006-cı il tarixədək 17 il 5 ay 16 gün, həmin tarixdən sonra 9 il 6 ay) təşkil edir: • 22.10.1979-xx.xx.1980-ci il tarixləri arasındakı əmək fəaliyyəti dövrləri; • 31.10.1980- xx.xx.1981-ci il tarixləri arasındakı əmək fəaliyyəti dövrləri; • 11.02.1981-xx.xx.1981-ci il tarixləri arasındakı əmək fəaliyyəti dövrləri; • 02.05..1981-xx.xx.1983-cü il tarixlərində hərbi xidmətdə olduğu dövr; • 19.09.1983-xx.xx.1984-cü il tarixləri arasındakı əmək fəaliyyəti dövrləri; • 28.02.1984-xx.xx.1984-cü il tarixləri arasındakı əmək fəaliyyəti dövrləri; • 03.05.1984- xx.xx.1986-cı il tarixləri arasındakı əmək fəaliyyəti dövrləri; • xx.xx.1986-xx.xx.1992-ci il tarixləri arasındakı əmək fəaliyyəti dövrləri; • 17.01.2000-xx.xx.2005-ci il tarixləri arasındakı əmək fəaliyyəti dövrləri. “Əmək pensiyaları haqqında” Qanunun 23.1 -ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Bundan başqa həmin Qanunun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı sözügedən maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Qeyd olunan səbəblərdən X.X2 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının xx.xx.1992-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasında işlədiyi müddəti sığorta stajına daxil etmək mümkün olmadığı üçün onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 5 ay 22 gün (xx.xx.1986-xx.xx.1992-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyindən müraciətin müsbət həlli mümkün olmamışdır. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” xx.xx.1995-ci il tarixli 1057 nömrəli Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqaviləni təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası, təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa gələn tərəflərin şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə" xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Həmin Müqavilənin 12-ci maddəsinin 1-ci bəndinə əsasən razılığa gələn tərəflərin səlahiyyətli orqanları bu Müqavilənin tətbiqinə dair inzibati saziş bağlayırlar. Əsas məqam kimi qeyd etmək istərdik ki, hər iki dövlətin səlahiyyətli orqanları tərəfindən müqavilənin icrasının təmin edilməsi məqsədilə inzibati saziş bağlanmadığından sözügedən müqavilə qüvvəyə minməmişdir. Həmçinin qanunvericilikdə digər dövlətdəki əmək fəaliyyətinin yalnız müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına daxil edilməsi nəzərdə tutulsa da, iş materiallarında iddiaçının məcburi dövlət sosial sığorta haqqlarını ödəməsi ilə bağlı sənəd mövcud deyildir. Oxşar inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1 (102)-524/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin sözügedən qərarının 45-ci bəndində qeyd edilir ki, müqavilə hər iki dövlətin qanunverici orqanı tərəfindən ratifikasiya olunsa da, onun qüvvəyə minməsini şərtləndirən ratifikasiya sənədlərinin mübadiləsi baş verməmişdir. Həmin qərarın 46-cı bəndində qeyd edilir ki, iddiaçı əmək pensiyasının təyin edilməsi üçün Rusiya Federasiyası ərazisində qazandığı iş stajının sığorta stajına daxil edilməsini tələb edə bilməz. Belə ki, onun həmin staja əsaslanmaq imkanı müqavilənin qüvvəyə mindiyi tarixdən başlayacaqdır. Qeyd olunanlardan göründüyü kimi, qanunvericilikdə əmək pensiyası təyin edilərkən xarici dövlətlərdəki əmək fəaliyyətinin yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilə əsasında və müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi şərtilə sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda pensiya kapitalı şərtinə münasibətdə bildiririk ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə 22653,62 manat təşkil edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı qanunvericiliklə tələb olunan 12 il 6 aydan az təşkil etdiyindən və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı kifayət etmədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək bildirdi ki, iddiaçının ümumi sosial sığorta stajı 26 il 11 ay kimi hesablanmışdır. Və burada heç bir problem yoxdur. Lakin güzəştli iş stajının 5 il 5 ay təşkil edir. İddiaçının xx.xx.1992-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasında işlədiyi müddəti sığorta stajına daxil etmək mümkün olmadığı üçün onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 5 ay 22 gün (xx.xx.1986-xx.xx.1992-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyindən müraciətin müsbət həlli mümkün olmamışdır. Cavabdehin nümayəndəsi məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. • AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. • 12.12.2023-cü il tarixli 8448, 8447, 8449, nömrəli arxiv arayışlarının surəti. • 15.01.2024-cü il tarixli 30/009-ox nömrəli arayışın surəti. • İddiaçıya məxsus HЗ ******* nömrəli hərbi biletin surəti. • İddiaçıya məxsus ИT ******* nömrəli əmək kitabçasının surəti; • Ucar rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 5-80-27/2-26/2025 nömrəli arxiv arayışının surəti. • X3 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli 22 nömrəli arayışı. • X3 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin surəti. • Şəxsin Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı. • Cavabdehin xx.xx.2025-ci il tarixli etiraz məktubu və ona əlavə edilmiş sənədlərin surəti. • Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Nazirliyin Aparatının Beynəlxalq əlaqələr şöbəsinin xx.xx.2025 tarixli 3-17/3- 1-5624/2025 nömrəli xidməti məruzəsinə və Nazirliyin Aparatının Sosial sığorta və pensiya şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17/3-1- 5679/2025 nömrəli xidməti məktubuna əsasən, 26 aprel 2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə”nin (bundan sonra - Müqavilə) 12-ci maddəsinin 1-ci bəndinə əsasən, Müqavilənin tətbiqi üçün səlahiyyətli orqanlar arasında İnzibati Saziş imzalanmalıdır. Qeyd edirik ki, İnzibati Sazişin imzalanması bu günədək təmin edilməmişdir. Eyni zamanda bildiririk ki, Müqavilə 8 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası, 18 mart 2023-cü il tarixində isə Rusiya Federasiyası tərəfindən ratifikasiya edilsə də, ratifikasiya sənədlərinin mübadiləsi aparılmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 32.1.Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqaviləni təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası, təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa gələn tərəflərin şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər. Maddə 8. Dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri Azərbaycan Respublikasının Milli Məclisi təsdiq (ratifikasiya) edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Əsaslandırma hissə: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, mahiyyət etibarilə də əsassızdır. İlk növbədə qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:

1. iddiaçı tələb olunan yaş həddinə çatmalıdır.

2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır.

3. ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının ümumi iş stajı 26 il 11 ay 16 gün (xx.xx.2006-cı il tarixədək 17 il 5 ay 16 gün, həmin tarixdən sonra 9 il 6 ay) təşkil edir. İşin mübahisəli halı iddiaçının xx.xx.1992-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasında işlədiyi müddətlə bağlıdır. Bununla əlaqədar qeyd edilməlidir ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilmişdir. Həmin Sazişin 12-ci maddəsinin 1-ci bəndində müəyyən edilmişdir ki, “Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları bu Müqavilənin tətbiqinə dair inzibati saziş bağlayırlar. Razılığa gələn Tərəflərin kompetent təşkilatları (səlahiyyətli orqanları) bu Müqavilənin və eyni zamanda bu Müqavilənin tətbiqinə dair inzibati Sazişin həyata keçirilməsi məqsədilə Razılığa gələn Tərəflərin qanunvericiliyinə uyğun müəyyən edilmiş etibarlı üçüncü tərəflər vasitəsilə həyata keçirilə biləcək elektron qarşılıqlı əlaqə haqqında razılaşma imzalaya bilərlər.”. İşin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, Qeyd edirik ki, İnzibati Sazişin qeyd edilən bəndi bu günədək təmin edilməmiş, həmçinin Saziş 8 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası, 18 mart 2023-cü il tarixində isə Rusiya Federasiyası tərəfindən ratifikasiya edilsə də, ratifikasiya sənədlərinin mübadiləsi aparılmamışdır. Belə olan halda isə iddiaçının Rusiya Federasiyasında işlədiyi müddətin Azərbaycan Respublikasında sığorta stajına daxil edilməsini istisna edilir. Bu səbəbdən cavabdeh haqlı olaraq iddiaçının xx.xx.1992-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasında işlədiyi müddəti sığorta stajına daxil etmək mümkün olmadığı üçün onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 5 ay 22 gün (xx.xx.1986-xx.xx.1992-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyi səbəbilə imtina etmişdir. Odur ki, iddia əsaslı hesab edilə bilməz. Anoloji inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1 (102)-524/2024 nömrəli qərarında qeyd edilmişdir ki, “45. Müqavilə hər iki dövlət qanunverici orqanı tərəfindən ratifikasıya olunsa da, onun qüvvəyə minməsini şərtləndirən ratifikasiya sənədlərinin mübadiləsi baş verməmiş, Müqavilə bu qərarın qəbul edildiyi tarixə qüvvəyə minməmişdir (https://www.mid.ru/ru/foreign_policy/international_contracts/international_contracts/2 _contract/60800/). 46. Digər tərəfdən, Müqavilənin 18-ci maddəsinin 1-ci bəndinin (Bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır) və 20-ci maddəsinin 2-ci bəndinin (Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir) tələbləri nəzərə alındıqda, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən ona əmək pensiyası təyin edilməsi üçün RF-nin ərazisində qazandığı iş stajının sığorta stajına daxil edilməsini tələb edə bilməz. Qeyd olunduğu kimi, onun həmin staja əsaslanmaq imkanı Müqavilənin qüvvəyə mindiyi tarixdən başlayacaq ki, bu halda da, o, artıq əmək pensiyasının 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən təyin edilməsini (RFnin ərazisində qazandığı staja istinadla) tələb edə bilməz.”.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə, Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşının bitdiyi tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar