Məhkəmə qərarları › İş №2-1(116)-592/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-592/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-592/2024 03.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X23 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 saylı qərarına əsasən iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, A seriyalı 379922 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 10692 kv.m kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü - əkin) torpaq sahəsi üzərində TEKUİS məlumat bazasına əsasən torpaq sahəsinin yerləşmə vəziyyətinə uyğun ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 saylı qərarına əsasən iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, A seriyalı 379922 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 10692 kv.m kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü - əkin) torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 saylı qərarına əsasən iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Zaqatala rayonu, Yuxarı Tala kəndində 10692 kv.m kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü - əkin) torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində ailənin hüquqları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 12 saylı Şəki Ərazi İdarəsinin hüquqi varisi olduğu keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax Rayon Şöbəsi tərəfindən A seriyalı 379922 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi ilə rəsmiləşdirilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-2494/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında fərq vardır. Belə ki, torpaq sahəsi sənəd üzrə sahədən 0,0868 ha azdır. Qeyd olunan torpaq sahəsinin faktiki istifadə olunan ölçüdə (0,9832 ha) qeydiyyata alınmasına dair bütün mülkiyyətçilər tərəfindən notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi əlavə edilərək yenidən müraciət olunduğu təqdirdə məsələyə baxılacaqdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-3827/2023 nörməli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-592/2024 nömrəli qərardadı ilə X14, X5, X11, X15, X22 və X8 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşlar. Üçüncü şəxslər tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixdə hazırlıq icraatı çərçivəsində keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 saylı qərarına əsasən iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, A seriyalı 379922 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 10692 kv.m kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü - əkin) torpaq sahəsi üzərində TEKUİS məlumat bazasına əsasən torpaq sahəsinin yerləşmə vəziyyətinə uyğun ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə həmçinin iddiaçının vəkili tərəfindən imzalanmışdır. Həmin məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Həmin məhkəmə iclasında iştirak etmiş üçüncü şəxslər X22 və X9 iddia tələbinin təmin olunmasına etiraz etməmişlər. Tərəflərə xx.xx.2024-cü il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-47RA/2/77/2023 nömrəli məktubuna əlavə olunmuş Zaqatala rayon Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1995-2005-ci illərə dair təsərrüfatbaşına kitablarından iddiaçı və ailə üzvlərinə aid arxiv çıxarışının təsdiq edilmiş surətindən görünür ki, 1996-2000-ci illərdə İddiaçı ailə başçısı olmaqla, X14, X5, X6 və X2 təsərrüfatda qeydiyyatda olmuşlar. “Cəmi torpaq” qrafasında “0,06” ha qeyd olunmuşdur. Həmçinin 2001-2005-ci illərdə iddiaçı özü ailə başçısı olmaqla təsərrüfatda 5 nəfər qeydiyyatda olmuşdur. “Cəmi torpaq” qrafasında 2001-2005-ci illər üzrə “1,95” və “0,06” ha, “o cümlədən xüsusi mülkiyyətdə, istifadədə (sahiblikdə), icarədə” qrafasında “0,06” və “1,95” ha, “kənd təsərrüfatına yararlı” qrafasında “2,01” qeyd olunmuşdur. Cavabdehin etiraz məktubuna əlavə olunmuş A seriyalı 379922 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə 10692 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 verilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2542/2023 nömrəli məktubuna əlavə olunmuş “Yuxarı Tala kənd sakinlərinin keçmiş 2 nömrəli “Fındıqçılıq” sovxozu ərazisindən torpaq alan zaman torpaq islahatında yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşdirilməsinə aid” tərtib olunmuş yekun subyektlər siyahısının təsdiq olunmuş surətindən görünür ki, 134-cü sırada, 134 nömrəli dövlət aktı olmaqla X1 adı yazılmış, “faktiki sahə” qrafasında “0,35”, “qanuni sahə” qrafasında “0,08”, “zəbt olunmuş shə” qrafasında “0,27”, “cəmi torpaq pay norması” qrafasında “1,95” qeyd olunmuşdur. Sözügedən məktuba Zaqatala Rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarının da təsdiq edilmiş surəti əlavə edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-4581/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, mübahisəli 10692 kv.m torpaq sahəsinin naturada istifadə vəziyyəti ilə sənəd üzrə ayrılmış torpaq sahəsi arasında ciddi uyğunsuzluqlar mövcuddur. Məlumat üçün bildirilir ki, mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X21 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri ilə bağlı həmin ərazidə dürüstləşmə işləri aparılaraq yeni uçot xəritələri hazırlanmış və vətəndaşların torpaq sahələri pay normalarına uyğun olaraq elektron baza məlumatlarında öz əksini tapmışdır. X21 Uçotu xəritələrində İddiaçı mülkiyyətinə pay normalarına uyğun olaraq 10692 kv.m torpaq sahəsi işlənilmişdir. Torpaq sahələrinin sənəd üzrə və TEKUİS məlumat bazasına əsasən yerləşmə vəziyyəti tərtib edimiş yerquruluşu planlarında öz əksini tapmşdır. DTXK tərəfindən tərtib olunmuş A seriyalı 379923 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarın ilə 1016 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 ayrılmışdır. DTXK tərəfindən tərtib olunmuş A seriyalı 379921 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarın ilə 10294 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X16 ayrılmışdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X21 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” na əsasən: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə X21 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. 1.2. X21 uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir... 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi iddiaçı ona Aqrar İslahar Komissiyasının qərarı ilə ayrılmış torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istəyir. Məhkəmə araşdırması və mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdehin imtinasının əsası qismində torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında fərqin olması çıxış etsə də, TEKUİS məlumat bazasına əsasən torpaq sahəsinin yerləşmə vəziyyəti və iddiaçı ilə qonşularının naturada istifadə etdiyi torpaq sahələrinin yerləşmə vəziyyəti müəyyən edilmişdir (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı-2). İddiaçıya mübahisəli torpaq sahəsinin rayon aqrar islahat komissiyasının qərarı ilə ayrılması və onun mülkiyyətinə 10692 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə dair hüquqi sənədlər cavabdeh tərəfindən mübahisələndirilməmişdir və işin mübahisəsiz halıdır. İddiaçı ayrılmış torpaq sahəsinin X21 uçotu informasiya sistemi məlumatlarına əsasən torpaq sahəsinin yerləşmə vəziyyətinə uyğun ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etməkdədir ki, məhkəmə araşdırması ilə həmin məlumat bazasına əsasən sənəd üzrə ayrılmış torpaq sahəsinin qonşu torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Eyni zamanda üçüncü şəxslər iddia tələbinin TEKUİS-də öz əksini tapan məlumatlara uyğun şəkildə təmin olunmasına etiraz etməmişlər. Cavabdeh isə torpaq sahəsinin faktiki istifadə vəziyyətinə əsaslanmaqla heç bir hüquqi əsas olmadan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, mövqeyini uyğunsuzluğun mövcud olması ilə əsaslandırmışdır. Belə uyğunsuzluqların aradan qaldırılması isə məhz cavabdehin səlahiyyət hüdudları çərçivəsində həll edilməli məsələdir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 saylı qərarına əsasən iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, A seriyalı 379922 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 10692 kv.m kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü - əkin) torpaq sahəsi üzərində TEKUİS məlumat bazasına əsasən torpaq sahəsinin yerləşmə vəziyyətinə uyğun iddiaçının ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 saylı qərarına əsasən iddiaçı X7 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, A seriyalı 379922 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 10692 kv.m kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü - əkin) torpaq sahəsi üzərində TEKUİS məlumat bazasına əsasən torpaq sahəsinin yerləşmə vəziyyətinə uyğun X1 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar