Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-594/2021 05.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs Ağdaş rayonu Şordəhnə bələdiyyəsinin mülkiyyətində saxlanılan (adam başına 0,70 ha olmaqla) iddiaçıya və ailə üzvlərinə islahat zamanı ayrılmalı olan 2,34 ha torpaq sahəsinin ayrılması, iddiaçının və ailə üzvlərinin adlarının Ağdaş Rayon AİK-in qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Şordəhnə kəndi üzrə həyətyanı təyinatlı torpaq sahəsi alacaq subyektlərin siyahısına daxil edilməsi və 15.02.1997-ci ildə doğulmuş övladı X1 adının Ağdaş Rayon AİK-nın qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Şordəhnə kəndi üzrə torpaq payı alacaq subyektlərin siyahısına daxil edilməsi ilə bağlı inzibati aktın qəbul olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, üçüncü şəxs Ağdaş rayonu Şordəhnə bələdiyyəsinin mülkiyyətində saxlanılan (adam başına 0,70 ha olmaqla) iddiaçıya və ailə üzvlərinə islahat zamanı ayrılmalı olan 2,34 ha torpaq sahəsinin ayrılması, iddiaçının və ailə üzvlərinin adlarının Ağdaş Rayon AİK-in qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Şordəhnə kəndi üzrə həyətyanı təyinatlı torpaq sahəsi alacaq subyektlərin siyahısına daxil edilməsi və 15.02.1997-ci ildə doğulmuş övladı X1 adının Ağdaş Rayon AİK-nın qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Şordəhnə kəndi üzrə torpaq payı alacaq subyektlərin siyahısına daxil edilməsi ilə bağlı inzibati aktın qəbul olunması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsinin əsaslarına görə, aqrar islahat zamanı Ağdaş rayonu Şordəhnə kəndində adam başına 0,70-0,75 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi, ailə başına isə 0,10-0,20 ha həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin torpaq islahatı zamanı Ağdaş ravonu Şordəhnə kəndində iddiaçı və ailə üzvlərinə həyətyanı təyinatlı torpaq sahəsi ümumiyyətlə verilməmiş, adam başına 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq payı verilməli olduğu halda ona və 3 nəfər ailə üzvünə adambaşına 0,09 ha torpaq payı verilmiş, 15.02.1997-ci ildə doğulmuş X1 adı isə ümumiyyətlə Şordəhnə kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısına daxil edilməmişdir. İddiaçı adlarının torpaq payı almaq hüququ olan subyektlər siyahısına daxil edilib-edilməməsi barədə məlumat verilməsi, siyahıya daxil edilmədiyi halda bunun təmin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdehin 17.12.2020-ci il tarixli 04/İ-İİİ-038 saylı məktubu ilə imtina cavabı almışdır. Cavabdehin 17.12.2020-ci il tarixli 04/İ-İİİ-038 nömrəli imtinasında iddiaçıya “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya 05.07.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq, “Torpaq islahatı haqqında” Qanunun 20 və 22-ci maddələrinin, həmçinin İPM-in 35-ci maddəsinin tələbləri izah edilmiş, Cavabdeh və ya Ağdaş rayonu Şordəhnə bələdiyyəsinin Ağdaş Rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olmadığı, həmçinin yerli icra hakimiyyəti orqanlarının yerli özünüidarəetmə orqanlarına birbaşa göstəriş vermək və ya onların üzərinə vəzifə qoymaq səlahiyyətinə malik olmadığı bildirilmiş, iddianın mümkünlüyü məsələsinə qiymət verilməli olduğundan məhkəmənin yardımına münasibət bildirməsi təklif edilmişdir. Hazırlıq icraatı çərçivəsində 29.07.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında da iddiaçıya qanunvericiliyin tələbləri izah olunmuş, iddiaçı qanunvericiliyin tələblərinin ona aydın olduğunu bildirmiş, lakin iddiasının təmin olunmasını xahiş etmişdir. Tərəflərə 05.08.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin hallarının tədqiqi ilə müəyyən olunur ki, iddiaçı faktiki olaraq inzibati məhkəmə icraatı qaydasında Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 09.01.1998-ci il tarixli 08 nömrəli qərarını mübahisələndirməkdədir. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının 18.02.1995ci il tarixli 978 nömrəli Qanununun 3-cü maddəsinin dördüncü hissəsinə sasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X5 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 02.03.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X5 Komissiyası yaradılmış, Prezidentin 14.04.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası X5 Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16.07.1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X5 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X5 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X5 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X5 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X4 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, X2 qərarları inzibati akt olduğundan, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Ağdaş Rayonu Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə bir neçə sənəd, o cümlədən "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə", "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə", "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20.04.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "X4 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 02.03.1995-ci il tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası X4 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 14.04.1995-ci il tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15.02.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 02.03.1995-ci il tarixli 290 nömrəli Fərmanının sadalanan Əsasnamələrin təsdiq edilməsinə aid hissəsi ləğv edilmişdir. Sadalanan normalardan görünür ki, sovxoz və kolxozların islahatının, o cümlədən torpaq islahatının aparılması Azərbaycan Respublikası X5 Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, rayon və yerli X2 səlahiyyətinə aid edilmişdir. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə 02.03.1995-ci ildə X5 Komissiyası yaradılmış, 10.01.1997-ci ildə islahatın aparılması qaydalarını müəyyən edən Əsasnamələr və digər sənədlər təsdiq edilmiş, torpaq islahatı başa çatdıqdan sonra 20.04.2005-ci ildə Azərbaycan Respublikası X5 Komissiyası, 15.02.2016-cı ildə isə qeyd olunan Əsasnamələr ləğv edilmişdir. Göründüyü kimi, hazırda Cavabdehnə qarşı irəli sürülən tələb həmin orqanın səlahiyyətlərinə aid deyil. Bu səlahiyyətlər aqrar islahat komissiyalarına məxsus olmuş, həmin komissiyalar isə artıq ləğv olunmuşdur. Cavabdeh və ya Ağdaş rayonu Şordəhnə bələdiyyəsi Ağdaş Rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 146-cı maddəsinə əsasən bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər. Yəni yerli icra hakimiyyəti orqanları yerli özünüidarəetmə orqanlarına birbaşa göstəriş vermək və ya onların üzərinə vəzifə qoymaq səlahiyyətinə malik deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə Aqrar İslahat Komissiyasının qərarı mübahisələndirilə bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs Ağdaş rayonu Şordəhnə bələdiyyəsinin mülkiyyətində saxlanılan (adam başına 0,70 ha olmaqla) iddiaçıya və ailə üzvlərinə islahat zamanı ayrılmalı olan 2,34 ha torpaq sahəsinin ayrılması, iddiaçının və ailə üzvlərinin adlarının Ağdaş Rayon AİK-in qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Şordəhnə kəndi üzrə həyətyanı təyinatlı torpaq sahəsi alacaq subyektlərin siyahısına daxil edilməsi və 15.02.1997-ci ildə doğulmuş övladı X1 adının Ağdaş Rayon AİK-nın qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Şordəhnə kəndi üzrə torpaq payı alacaq subyektlərin siyahısına daxil edilməsi ilə bağlı inzibati aktın qəbul olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-594/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-594/2021
05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver