Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-594/2022 28.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki ŞİHB-nın xx.xx.2005-ci il tarixli, 1/45 saylı sərəncamı ilə Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb tərəfində, Kiş çayından şərqdə mişar sexi tikintisi altında verilmiş 500 kv.m torpaq sahəsinin və torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Ərizəçi İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Şəki ŞİHB-nın xx.xx.2005-ci il tarixli, 1/45 saylı sərəncamı ilə Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb tərəfində, Kiş çayından şərqdə mişar sexi tikintisi altında verilmiş 500 kv.m torpaq sahəsinin və torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış obyektinin adına sənədləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya tələbin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım edilmiş, iddiaçı, tələbini dəqiqləşdirərək özünü iddiaçı, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsini cavabdeh olaraq qeyd etmiş, Şəki ŞİHBnın xx.xx.2005-ci il tarixli, 1/45 saylı sərəncamı ilə Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb tərəfində, Kiş çayından şərqdə mişar sexi tikintisi altında verilmiş 500 kv.m torpaq sahəsinin və torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış obyektinin adına sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı, tələbini yenidən dəqiqləşdirərək iddia olunan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş, hər iki ərizə icraata qəbul edilmiş, həmçinin, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Şəki şəhər İHB-nın xx.xx.2005-ci il tarixli, 1/45 saylı sərəncamı ilə icarə qaydasında 20 il müddətinə ayrılmış 500 kv.m torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsinin sənədləşdirilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu, müvafiq torpaq sahəsinin ona Şəki şəhər İHB-nın xx.xx.2005-ci il tarixli, 1/45 saylı sərəncamı ilə ayrılması, onun şəxsi vəsaiti hesabına həmin ərazini daşlıq və kolluqdan təmizləyərək ətrafına hasar çəkməsi və ərazini abadlaşdırması ilə əsaslandımışdır. Məhkəmə iclasında, iddiaçı, iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığını, belə ki, ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin ləğv edilmiş DT və XK-nin rayon şöbəsinin möhürü ilə təsdiq edilmədiyini, müvafiq qaydada qeydiyyatdan keçmiş torpaq icarə müqaviləsi təqdim edilmədiyini, torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair sənədlər təqdim edilmədiyini bildirərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Şəki şəhər İHB-nın xx.xx.2005-ci il tarixli, 1/45 saylı sərəncamından çıxarışdan görünür ki, Şəki şəhəri S.M.Əfəndiyev küçəsi 9 saylı evdə yaşayan İddiaçı şəhərin S.Mümtaz küçəsinin qərb tərəfində, Kiş çayından şərqdə hal-hazırda istifadə edilməyən daşlıq ərazidə mişar sexi tikintisinin altına 500 kv.m icarə qaydasında 20 il müddətinə torpaq sahəsi ayrılmışdır. - Şəki şəhər İHB tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, tərəfinizdən Şəhərsalma və Tikinti Məcəlləsinin 74 və 75-ci naddələrinin tələbləri pozulmaqla icarə qaydasında istifadənizə ayrılmış torpaq sahəsində tikintisini tamamladığınız qeyri-yaşayış obyektinin DƏDRX-də qeydiyyata alınması üçün tələb edilən sənədlərin hazırlanmasının qanunamüvafiq həlli mümkün deyildir. - Şəki şəhər İHB-nın 18.05.202-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya Şəki şəhər İHB-nın xx.xx.2005-ci il tarixli, 1/45 saylı sərəncamı ilə ona verilmiş 500 kv.m torpaq sahəsində inşa etdiyi mişar sexinin tikintisinə dair Şəki şəhər İcra Hakimiyyəti tərəfindən tikintiyə və istismara icazə sənədi verilməmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən edilir ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiy torpaq sahəsi Şəki şəhər İHB-nın xx.xx.2005-ci il tarixli, 1/45 saylı sərəncamı ilə 20 il müddətinə onun icarəsinə verilmişdir. Həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi isə özbaşına tikinti olmaqla tikintisinə və istismarına Şəki şəhər İH tərəfindən icazə verilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Göründüyü kimi Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək və qüvvəyə mindikdən sonra tikilmiş tikinti obyektləri üçün müvafiq qaydada sənədləşmə işlərinin həyata keçirilməsi tələb olunurdu ki, hazırkı iş üzrə müvafiq tikilinin inşası ilə bağlı hər hansı sənədləşmənin aparılması müəyyən olunmur. İşdə olan sənədlərlə tikilinin faktiki olaraq neçənci ildə tikilib başa çatdırılmasını müəyyən etmək mümkün olmasa da, məhkəmə hesab edir ki, hər bir halda qeyri-yaşayış sahəsi müvafiq sənədləşmə işləri aparılmadan inşa edildiyindən, həmin qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması yolverilməzdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı iddiaçı hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmir. İddiaçının yeganə istinad etdiyi sənəd Şəki şəhər İHB-nın xx.xx.2005-ci il tarixli, 1/45 saylı sərəncamıdır ki, müvafiq sərəncam da, torpaq sahəsinin mülkiyyətə yox, iddiaçının icarəsinə verilməsi barədədir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin orqan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki ŞİHB-nın xx.xx.2005-ci il tarixli, 1/45 saylı sərəncamı ilə Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb tərəfində, Kiş çayından şərqdə mişar sexi tikintisi altında verilmiş 500 kv.m torpaq sahəsinin və torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.