Məhkəmə qərarları › İş №2-1(116)-595/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-595/2021

27.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-595/2021 27.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi ilə, İddiaçı “X6 və satışı” Məhdud Məsuliyyəti cəmiyyətinin Cavabdehnə qarşı “30.06.2020-ci il tarixli 10/8 №-li qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X6 və satışı” MMC Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “30.06.2020-ci il tarixli 10/8 №li qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Mingəçevir Şəhər Məhkəməsinin 09.10.2020-ci il tarixli 2(051 )-1505/2020 nömrəli qiyabi qətnaməsi ilə Mingəçevir bələdiyyəsinin mülkiyyətində olan “Bələdiyyə Bazarının” icarəyə verilməsi ilə bağlı X8 ilə bağlanmış 02.10.2019-cu il tarixli 02 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, X1 2400 manat icarə pulunun alınaraq Mingəçevir bələdiyyəsinin büdcəsinə ödənilməsi, Mingəçevir şəhəri AzİES qəsəbəsində inşa edilmiş və istifadəyə verilmiş “Bələdiyyə Bazarının” boşaldılaraq Mingəçevir bələdiyyəsinə təhvil verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 09.10.2020-ci il tarixli 2(051 )- 1505/2020 nömrəli qiyabi qətnaməsində qeyd edilmişdir ki, Mingəçevir bələdiyyəsinin 30.06.2020-ci il tarixli 10/8 №li qərarı ilə Mingəçevir bələdiyyəsinin “Bələdiyyə Bazarının” "X6 və satışı" MMC-yə icarəyə verilməsi haqqındakı 22.11.2019-cu il tarixli 8/8 saylı qərarı ləğv edilsin və onunla bağlanmış müqavilə xitam verilməsi üçün məhkəməyə müraciət edilsin. Qətnaməni 05.01,2021-ci il tarixdə icra məmurundan almışdır və həmin vaxtdan məlumatlı olmuşdur. Mingəçevir bələdiyyəsinin 30.06.2020-ci il tarixli 10/8 №li qərarı rəsmi qaydada təqdim edilməmiş və qiyabi qətnaməni alarkən məlumatlı olmuşdur. Mingəçevir bələdiyyəsinin 30.06.2020-ci il tarixli 10/8 №li qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, birtərəfli qaydada müqavilə ləğv edilə bilməz. Qiyabi qətnamədən göründüyü kimi, 24.06.2020-ci il tarixində akt tərtib edilir ki, bazar işləmir və 6 gün sonra, yəni Mingəçevir bələdiyyəsinin 30.06.2020-ci il tarixli 10/8 №li qərarı ilə icarəyə verilməsi haqqındakı 22.11,2019-cu il tarixli 8/8 saylı qərarın ləğv edilməsi və onunla bağlanmış müqavilə xitam verilməsi üçün məhkəməyə müraciət edilməsi qərara alınır. Göstərilənlər nəzərə alınaraq Mingəçevir bələdiyyəsinin 30.06.2020-ci il tarixli 10/8 №li qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tələb hüququnun əsası kimi Mülki Məcəllənin 19, 423-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15.01.2010-cu il tarixli qərarına istinad etmişdir. Cavabdeh iddia tələbinə münasibətində qeyd etmişdir ki, Mingəçevir Bələdiyyəsinin 22 noyabr 2019 cu il tarixli 18/8 nömrəli qərarına əsasən Mingəçevir Az.İES qəsəbəsində inşa edilmiş “Bələdiyyə Bazarı”, Mingəçevir Bələdiyyəsinin 02 dekabr 2019 cu il tarixli 02 nömrəli müqaviləsi ilə 25 il müddətinə “X6 və Satışı” MMC-nin icraçı direktoru X2 icarəsinə verilmiş, icarə müqaviləsi hər iki tərəfin iştirakı və razılığı əsasında tərtib edilmiş, illik icarə haqqı 7200 ( yeddimim iki yüz ) AZN hesablanaraq aylıq ödəniş 600 (altı yüz) AZN müəyyənləşdirilmişdir. Y.C.Məmmədov icarə müqaviləsi bağlandıqdan sonra yəni, 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar, fevral, mart aylarına dair hər ay 600 manat hesabı ilə 2400 manat icarə pulunu ödəmişdir. Lakin, 2020-ci ilin aprel, may, iyun və iyul ayları üçün aylıq icarə haqqını ödəməmiş və icarə müqaviləsinin şərtlərini pozmuşdur. Ona edilmiş xəbərdarlıqlara baxmayaraq qeyd olunan aylar üçün icarə haqqını ödəməmiş və icarə haqqını ödəmədiyinə görə Bələdiyyə tərəfindən “Bələdiyyə Bazarına” baxış keçirilmiş və məlum olmuşdur ki, bazarın giriş qapısına qıfıl vurulmuş və bazar fəaliyyət göstərmir, bir gün belə bazarı təyinatı üzrə işlətməmişdir. Ona görə də Mingəçevir bələdiyyəsinin 30 iyul 2020-ci il tarixli, 10/8 nömrəli qərarına əsasən, Mingəçevir bələdiyyəsinin “Bələdiyyə bazarı”nın “X6 və satışı”MMC-nin icraçı direktoru X3 icarəsinə verilməsi haqqındakı 22 noyabr 2019-cu il tarixli, 18/8 saylı qərarının ləğv edilmiş və onunla bağlanmış 02.12.2019cu il tarixli icarə müqaviləsinə xitam verilmişdir. Mingəçevir bələdiyyəsi “Bələdiyyə bazarının” icarəyə verilməsi ilə bağlı“X6 və satışı” MMC-nin icraçı direktoru X9 ilə icarə müqaviləsi bağlanmışdır. Mingəçevir bələdiyyəsi X7 ilə heç bir icarə müqaviləsi bağlamamışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “X6 və satışı” MMC-nin dövlət reyestri məlumatlarından görünür ki, kommersiya qurumu 11 saylı Ərazi Vergilər Baş İdarəsində 30.01.2019-cu il tarixdə qeydiyyata alınmışdır (VÖEN: **********). Hüquqi ünvanı - AZ4500, ünvan 1i - X4r. - Mingəçevir bələdiyyəsinin 22.11.2019-cu il tarixli 18/8 nömrəli qərarından və 02.12.2019-cu il tarixli 02 nömrəli müqavilədən görünür ki, bələdiyyənin Az.İES qəsəbəsində inşa etdiyi “Bələdiyyə bazarı” obyektinin “X6 və satışı” MMC-yə 02.12.2019cu il tarixdən, illik icarə haqqı 7200 manat olmaqla, 25 il müddətinə icarəyə verilməsi qərara alınmış və bununla bağlı tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. - bələdiyyənin maliyyə, vergi və ödənişlər şöbəsinin Mingəçevir bələdiyyəsinə təqdim etdiyi arayışda qeyd olunmuşdur ki, “X6 və satışı” MMC icarə müqaviləsinin şərtlərini pozmuşdur. Belə ki son 2 ayda icarə haqqı ödənilmədiyi üçün 24.06.2020-ci ildə “Bələdiyyə bazarı”-na baxış keçirilmiş, bazarın giriş qapısına qıfıl vurulması və fəaliyyət göstərməməsi məlum olmuşdur. Odur ki, icarə müqaviləsinin 2.2-ci bəndinin pozulduğu bildirilərək, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndini əsas tutularaq Mingəçevir bələdiyyəsinin “Bələdiyyə bazarı”-nın “X6 və satışı” MMC-yə icarəyə verilməsi haqqındakı 22.11.2019-cu il tarixli 18/8 saylı qərarının ləğv edilməsi və 02.12.2019-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi təklif edilmişdir. - Mingəçevir bələdiyyəsi tərəfindən təsdiq edilmiş 24.06.2020-ci il tarixli aktda qeyd olunmuşdur ki, son 2 ayda icarə haqqı ödənilmədiyi üçün “Bələdiyyə bazarı”-na baxış keçirilmiş, bazarın giriş qapısına qıfıl vurulması və fəaliyyət göstərməməsi məlum olmuşdur. - Mingəçevir bələdiyyəsinin 30.06.2020-ci il tarixli 10/8 nömrəli qərarından görünür ki, Mingəçevir bələdiyyəsinin “Bələdiyyə bazarı”nın “X6 və satışı” MMC-yə icarəyə verilməsi haqqındakı 22.11.2019-cu il tarixli 18/8 saylı qərarı ləğv edilmiş və onunla bağlanmış 02.12.2019-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi və məhkəməyə göndərilməsi qərara alınmışdır. Müvafiq qərarın “X6 və satışı” MMC-nin icraçı direktoru X5 verilməsi və 10 gün müddətində “Bələdiyyə bazarı”nın bələdiyyəyə təhvil verilməli olması qeyd edilmişdir. - Mingəçevir Şəhər Məhkəməsinin 09.10.2020-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, Mingəçevir bələdiyyəsinin mülkiyyətində olan, “Bələdiyyə Bazarının” icarəyə verilməsi ilə bağlı X8 ilə bağlanmış 02.12.2019-cu il tarixli, 02 nömrəli icarə müqaviləsi ləğv edilmiş, X1 2400 manat icarə pulu alınaraq Mingəçevir bələdiyyəsinin büdcəsinə ödənilməsi, Mingəçevir şəhəri, Az.İES qəsəbəsində inşa edilmiş və istifadəyə verilmiş “Bələdiyyə bazarının” boşaldılaraq Mingəçevir bələdiyyəsinə təhvil verilməsi qət edilmişdir. - Mingəçevir Şəhər Məhkəməsinin 10.02.2020-ci il tarixli qərardadından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 09.10.2020-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, iş üzrə məhkəmə iclası 25.02.2021-ci il tarixə təyin edilmişdir. - Mingəçevir Şəhər Məhkəməsinin 25.02.2020-ci il tarixli qərardadından görünür ki, iddiaçı Mingəçevir bələdiyyəsinin cavabdeh X5 qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə pulunun ödənilməsi və bələdiyyə bazarının boşaldılması tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası “mübahisələndirmə haqqında” iddia (İPM-in 2.2.1 və 32-ci maddələri) qismində mümkün iddiadır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar 30.06.2020-ci il tarixində qəbul edilmişdir. Müvafiq qərarın iddiaçıya göndərilməsi ilə bağlı qərarda qeyd olmasına baxmayaraq, həmin qərarın həqiqətən də iddiaçıya bələdiyyə tərəfindən təqdim edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, mübahisələndirilən qərarın iddiaçıya rəsmi qaydada təqdim edilib-edilməməsi ilə bağlı məhkəmənin çoxsaylı sorğularını cavabdeh Mingəçevir bələdiyyəsi cavablandırmamış, mübahisləndirilən qərarı və ona əlavə edilmiş sənədləri məhkəməyə təqdim etməklə 30.06.2020-ci il tarixli qərarın iddiaçıya təqdim edilibedilməməsi ilə bağlı heç bir məlumat verməmişdir. Odur ki, cavabdeh, müvafiq qərarın iddiaçıya təqdim edilməsi ilə bağlı sübut təqdim edə bilmədiyindən və məhkəmənin sorğularını cavablandırmaqdan yayındığından məhkəmə müvafiq qərarın iddiaçıya ümumiyyətlə təqdim edilməməsi qənaətinə gəlir. Eyni zamanda müvafiq qərardan iddiaçının hansı tarixdə məlumatının olmasını aydınlaşdırmaq məqsədilə məhkəmə tərəfindən Mingəçevir şəhər icra və probasiya şöbəsinə sorğu verilmiş, sonuncu tərəfindən təqdim edilmiş sənədlərdən də müəyyən edilmişdir ki, Mingəçevir şəhər icra və probasiya şöbəsi Mingəçevir Şəhər Məhkəməsinin 09.10.2020-ci il tarixli qiyabi qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata başlasa da, müvafiq icraatdan iddiaçının məlumatlı olması təqdim edilmiş sənədlərdən müəyyən edilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 10.02.2020-ci il tarixli qərardadında iddiaçının 10.02.2021-ci il tarixdə qiyabi qətnamənin ləğvi ilə bağlı ərizə verdiyi qeyd edilmişdir, eyni zamanda iddiaçı özü də iddia ərizəsində mübahisələndirdiyi qərardan 05.01.2021-ci il tarixdə məlumatının olduğunu bildirir. Hazırki iddia ərizəsi isə 04.02.2021-ci il tarixdə məhkəməyə poçt xidməti vasitəsilə göndərilmişdir. Belə olan halda məhkəmə, iddiaçının mübahisələndirdiyi qərardan 05.01.2021-ci il tarixdə məlumatlı olması ilə razılaşır və hesab edir ki, iddia ərizəsi 30 günlük iddia müddəti ərzində məhkəməyə təqdim edildiyindən İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülməmişdir. İddianın qaldırılmasında iddiaçının subyektiv hüququ mövcuddur. Belə ki, mübahisələndirilən qərar Mingəçevir bələdiyyəsi tərəfindən “bələdiyyə bazarının” iddiaçının icarəsinə verilməsi ilə bağlı qərarın ləğvi və icarə müqaviləsinin xitamı barədədir. Mübahisələndirilən qərar iddiaçıya münasibətdə əlverişsiz inzibati aktdır. İddia ərizəsi iddiaçının qanuni təmsilçisi sayılan şəxs tərəfindən imzalanmışdır. İddianın qaldırılmasında iddiaçının hüquqi marağı - Mingəçevir şəhəri, Az.İES qəsəbəsində inşa edilmiş “Bələdiyyə bazarı”-nın “X6 və satışı” MMC-nin icarəsinə verilməsi barədə Mingəçevir bələdiyyəsinin 22.11.2019-cu il tarixli 18/8 nömrəli qərarını ləğv edən 30.06.2020-ci il tarixli 10/8 №li qərarın ləğvinə nail olmaqdır. Həmçinin iddia əsaslıdır. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 73-cü maddəsinin 1-ci bəndinin 7-ci abzasına əsasən, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə torpaq sahəsi üzərində icarə hüququna xitam verilir; - 73-cü maddəsinin 3-cü bəndinə əsasən bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların (istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi halları) müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir); - 75-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq bu Məcəllənin 73-cü maddəsinin 1ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir; - 75-ci maddəsinin 3-cü bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir; - 75-ci maddəsinin 6-cı bəndində isə torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilməsi göstərilmişdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. “Torpaq icarəsi haqqında” Qanunun 31-ci maddəsində də göstərilir ki, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Həmin qanunun 48-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15.01.2010-cu il tarixli qərarında «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə münasibətdə qeyd edilmişdir ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna bilər müddəası digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Qanunvericilik torpaq icarəsi müqaviləsinin tərəflərin razılığı olmadığı təqdirdə məhkəmə qaydasında ləğv edilməsini nəzərdə tutur. Lakin hazırkı işin hallarından məlum olur ki, cavabdeh inzibati orqan qeyd edilən şərtə əməl etməmişdir. Belə ki, iddiaçıya öhdəliyin yerinə yetirilməməsi, xüsusən də icarə müqaviləsinin şərtlərinə əməl edilməməsi ilə bağlı xəbərdarlıq edilməmiş, iddiaçı, torpaq icarəsindən yaranan münasibətlərə xitam verilməsi ilə bağlı öz razılığını ifadə etməmişdir. Cavabdeh məhkəməyə müraciət etmək əvəzinə müqaviləni iddiaçının iradəsinə zidd olaraq birtərəfli qaydada ləğv etmiş və bununla bağlı iddiaçıya münasibətdə qanunsuz qərar qəbul etmişdir. İddiaçının icarə müqaviləsi şərtlərinə əməl etməməsi torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi üçün əsas olsa da, Mingəçevir bələdiyyəsi müvafiq qərarı qəbul etməyə səlahiyyətli olmamışdır. Belə ki, Torpaq Məcəlləsinin yuxarıda istinad olunan maddələrindən göründüyü kimi, qeyd olunan halda icarə hüququna məhkəmə qaydasında xitam verilməli olması birmənalı olaraq təsbit edilmişdir. Həmin halda belə, icarə ilə bağlı hüquqlara xitam verilməsi haqqında qərarın, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra, tədbirlər görülmədikdə qəbul edilməsi müəyyən edilmişdir. İş materiallarından isə Mingəçevir bələdiyyəsinin iddiaçıya pozuntuların aradan qaldırılması ilə bağlı hər hansı xəbərdarlıq etməsi müəyyən olunmur. Belə ki, cavabdeh 24.06.2020-ci il tarixli akt tərtib etdikdən 6 gün sonra, 22.11.2019-cu il tarixli 18/8 №-li qərarın ləğvi barədə təklifin əks olunduğu arayış əsasında hazırda mübahisələndirilən qərarı qəbul etmişdir ki, bu da özlüyündə cavabdehin heç bir xəbərdarlıq edilmədən birtərəfli qaydada iddiaçının hüquqlarının pozulmasına səbəb olan qanunsuz inzibati akt qəbul etməsini sübut edir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən icarə müqavilənin ləğvi ilə bağlı sonradan Mingəçevir Şəhər Məhkəməsinə müraciət edilməsinə baxmayaraq hazırda mübahisələndirilən - Mingəçevir bələdiyyəsinin 30.06.2020-ci il tarixli 10/8 nömrəli qərarı hər bir halqa qanunsuz hesab edilməlidir. Belə ki, 22.11.2019-cu il tarixli 18/8 saylı qərarının ləğv edilməsi «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olmamaqla iddiaçının hüquq və səlahiyyətlərinin pozulmasına yönəlmiş, bununla da - bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olmaması ilə bağlı - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan mövqeyinə də zidd olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən “İnzibati İcraat Haqqında” Qanunun, “Torpaq Məcəlləsi”nin, «Bələdiyyələrin statusu haqqında» Qanunun tələbləri kobud şəkildə pozulmuş və qanunvericilik tərəfindən müvafiq səlahiyyət verilmədiyi halda, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuş inzibati akt qəbul edilmişdir. Odur ki, məhkəmə Cavabdeh 30.06.2020-ci il tarixli 10/8 №li qərarının qanunsuz əlverişsiz inzibati akt olması qənaətinə gəlir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh 30.06.2020-ci il tarixli 10/8 №-li qərarı ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar