Məhkəmə qərarları › İş №2-1(116)-595/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-595/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-595/2024 30.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, üçüncü şəxs X4, iddiaçının nümayəndəsi (vəkili) X10 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “cavabdeh tərəfindən iddiaçıya məxsus olan Yevlax şəhəri, Aran qəsəbəsində yerləşən 16 ha torpaq sahəsinə dair koordinat nöqtələrində düzəliş edilərək faktiki istifadədə olan torpaq sahəsinin koordinat nöqtələri ilə yenidən təyin edilməsi və dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçıya məxsus olan Yevlax şəhəri, Aran qəsəbəsində yerləşən 16 ha torpaq sahəsinə dair koordinat nöqtələrində cavabdeh tərəfindən düzəliş edilərək faktiki istifadədə olan torpaq sahəsinin koordinat nöqtələri ilə yenidən təyin edilməsi və dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə İddiaçı kənd təsərrüfatının inkişaf etdirməsi ilə bağlı ona Yevlax rayonu, Aran qəsəbəsində atasından vərəsəlik qaydasında keçmiş torpaq sahəsində kənd təsərrüfatı mahlarının saxlanması ilə məşğul olur. Qeyd olunan torpaq sahəsi mərhum atasının adına alqı-satqı müqaviləsi əsasında keçmiş,atasının və iddiaçının hüququları dövlət qeydiyyatından alınmışdır. Buna baxmayaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus olan torpaq sahəsinin koordinat nöqtələri Yevlax şəhər Aran Bələdiyyəsinin koordinat nöqtələri ilə kəsişmişdir. Beləki, 2023-cü il tarixdə iddiaçıya məxsus olan torpaq sahəsinin koordinatları yerində ölçülərək qeyd olunan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinat nöqtələri ilə eynilik təşkil etdiyi göstərilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən Aran Bələdiyyəsinin torpaq sahəsinin koordinat nöqtələri onun torpaq sahəsinin koordinat nöqtələrinin üzərinə sürüşdürülərək əsassız olaraq torpaq sahəsinin koordinat nöqtələri ilə eyniləşdirilmişdir. Bunun üçün isə müvafiq olaraq ona məxsus torpaq sahəsinin koordinat nöqtələri cavabdehin mütəxəssislərinin iştirakı ilə ilkin ayırmaya dair sənədlərlə birlikdə koordinat nöqtələri düzəldilməlidir. Beləki, cavabdeh tərəfindən sürüşdürülmüş koordinatlar düzəldilərək iddiaçının torpaq sahəsinin koordinatları yerinə düzəldilməsi ilə bağlı öhdəlik qoyulmalıdır. Bununla bağlı cavabdehə müraciət etsə də cavabdeh ona torpaq sahəsi ilə bağlı koordinat nöqtələrinin düzəldilməsindən imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan **********84 reyestr nömrəli 16 ha torpaq sahəsi Aran qəsəbəsində aparılan torpaq islahatı zamanı JN-684 685, 686 və 687 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinin alqı-satqı qaydasında əldə edilməsindən yaranmışdır. İddiaçıya təqdim edilmiş çıxarış və plan-ölçü sənədində göstərilən koordinatlar Aran qəsəbəsində aparılan torpaq islahatı zamanı JN-684, 685, 686 və 687 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktlarında göstərilmiş koordinatlarla eynilik təşkil edir İddiaçının hüquqi marağı plan-ölçü sənədində göstərilən koordinatların faktiki istifadə vəziyyətinə uyğunlaşdırılaraq yenidən təyin edilməsi və fakitiki istifadə vəziyyətinə uyğun olaraq dövlət qeydiyyatının aparılması digər şəxslərin konstitusion mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəcəyi səbəbindən qeyri-mümkün sayılmışdır. Belə ki, iddiaçının iddia tələbi üzrə qeyd etdiyi koodmatlar daxilində yerləşən torpaq sahəsi digər şəxsin qeydiyyata alınmış icarə hüququ ilə yüklü edilmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. 2019006700 qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən 16 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

3. Yevlax rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 128 nömrəli sərəncamı.

4. 05.12.2014-cü il tarixli 081446 nömrəli Lisenziya sənədi.

5. AN-İ ******* seriya nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X5, X12 və X6 özlərinə məxsus torpaq sahəsini X1.

6. AN-İ ******* seriya nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X5 və digərləri özlərinə məxsus torpaq sahəsini X1.

7. AN-İ ******* seriya nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X2 və digərləri özlərinə məxsus torpaq sahəsini X1.

8. xx.xx.2019-cu il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə.

9. RX ******* seriya nömrəli xx.xx.2012-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən 16.0 ha torpaq sahəsi X7 xüsusi mülkiyyətində olmuşdur.

10. JN-0684 KOD 90100016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X2 və ailə üzvlərinin mülkiyyətinə Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 57 saylı qərarı ilə 4.27 ha torpaq sahəsi verilmişdir.

11. JN-0685 KOD 90100016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X8 və ailə üzvlərinin mülkiyyətinə Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 57 saylı qərarı ilə 5.34 ha torpaq sahəsi verilmişdir.

12. JN-0686 KOD 90100016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X5 və ailə üzvlərinin mülkiyyətinə Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 57 saylı qərarı ilə 3.20 ha torpaq sahəsi verilmişdir.

13. JN-0687 KOD 90100016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, X9 və ailə üzvlərinin mülkiyyətinə Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 57 saylı qərarı ilə 3.20 ha torpaq sahəsi verilmişdir.

14. 2023007623 qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən 20 ha torpaq sahəsi X4 icarəsindədir.

15. A 995502 seriyalı Torpaq sahəsinin planı və ölçüsü sənədi.

16. 28.04.2023-cü il tarixli İcarə müqaviləsindən görünür ki, Yevlax rayonu Aran bələdiyyəsi Aran qəsəbəsində yerləşən 20 ha torpaq sahəsini X4 icarəsinə vermişdir.

17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 17 may 2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçı iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı faktiki istifadə etdiyi torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə bağlıdır.İddiaçı həmin tələbi “16 ha torpaq sahəsinə dair koordinat nöqtələrində cavabdeh tərəfindən düzəliş edilərək faktiki istifadədə olan torpaq sahəsinin koordinat nöqtələri ilə yenidən təyin edilməsi və dövlət qeydiyyatının aparılması” kimi ifadə etmişdir. İşin araşdırılmış hallarından görünür ki,iddiaçının mərhum atası alqı-satqı müqavilələri əsasında torpaq sahələri əldə etmişdir.Cəmi 16 ha torpaq sahəsi üzərində mərhum X7 mülkiyyət hüququ xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışla rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçıya miras qalan həmin torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixli Çıxarışla iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır.Sözügedən torpaq yerləşmə vəziyyəti A seriyalı 387553 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən edilir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının dəyişməsini istədiyi torpaq sahəsi ilə bağlı araşdırılma aparılmış,mütəxəssis rəyi tələb edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 17 may 2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi iddiaçıya verilmiş A seriyalı 387553 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları daxilində yerləşmir. İddiaçıya verilmiş A seriyalı 387553 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin və JN-684, 685, 686 və 687 nömrəli Dövlət Aktlarının DWJ və TEKUİS bazasında yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Aran bələdiyyəsinin “X3 Uçotu informasiya Sistemindəki xəritəsinə əsasən torpaq sahələrinin mülkiyyətçiləri Aran qəsəbəsində aparılan torpaq islahatı zamanı JN-684, 685, 686 və 687 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları ilə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələri omuşdur. Hal-hazırkı mülkiyyətçisi (alqı-satqı qaydasında əldə edilmişdir) - İddiaçıdur. Torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatı (kənd təsərrüfatına yararlı) torpaq sahəsi, uqodiyası - əkindir. Torpaq sahəsinin naturadakı sahəsi, döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Göründüyü kimi iddiaçıya verilmiş Plan-ölçü sənədi ilə onun alqı-satqı nəticəsində əldə etdiyi torpaq sahələri eynidir.İddia olunan torpaq sahəsinin koordinatlarının dəyişməsi bələdiyyə mülkiyyətində olan və hazırda üçüncü şəxsin icarəsinə verilmiş torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsi deməkdir. Nəticə etibarı ilə iddiaçı Yevlax rayonu Aran bələdiyyəsinin mülkiyyətində olan və hazırda üçüncü şəxs X4 icarəsinə verilmiş 20 ha torpaq sahəsinin bir hissəsinin onun mülkiyyətinə verilməsini cavabdeh inzibati orqandan tələb etmişdir.Lakin iş materiallarına əsasən görünür ki,həmin torpaq sahəsinin iddiaçı tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş torpaq sahələrinə hər hansı aidiyyəti yoxdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə əsasən, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “cavabdeh tərəfindən iddiaçıya məxsus olan Yevlax şəhəri Aran qəsəbəsi ünvanında yerləşən 16 ha torpaq sahəsinə dair koordinat nöqtələrində düzəliş edilərək faktiki istifadədə olan torpaq sahəsinin koordinat nöqtələri ilə yenidən təyin edilməsi və dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar