Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-595/2025 13.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayonu İkinci Alıcanlı kəndində yerləşən Zərdab rayon Aqrar İslahat Komissiyasının 07 avqust 1998-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş 0.38 ha həyətyanı torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayonu İkinci Alıcanlı kəndində yerləşən Zərdab rayon Aqrar İslahat Komissiyasının 07 avqust 1998-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş 0.38 ha həyətyanı torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçıya və ailəsinə Zərdab rayonunun İkinci Alıcanlı kəndi ərazisindən Aqrar İslahat Komissiyasının 07 avqust 1998-ci il tarixli qərarı ilə 4,28 ha torpaq sahəsi verilməli idi. Komissiya üzvləri əvvəl həyətyanı torpaq sahəsini, sonra pay torpaq sahələrini ölçdülər. Həyətyanı torpaq sahəsini ölçən zaman artıq torpaq sahəsi çıxdı. Və komissiya üzvləri ilə razılaşmaya əsasən həmin artığı pay torpağından çıxılmasını xahiş etmişdirlər.Daha sonra Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyətyanı torpaq sahəsinə A№119512 nömrəli kadastr verilmiş və hazırda mübahisə predmeti olan 0,38 ha torpaq sahəsi orada öz əksini tapmamışdır. Cavabdeh tərəfindən ona verilmiş çıxarışların hər ikisi onlara ayrı-ayrı yerlərdən verilmiş iki pay torpağına aiddir. O, həyətyanı torpaq sahəsinə çıxarış almaq üçün müraciət etmişdir. Zərdab rayonu Alıcanlı kəndi ərazisində 0,38 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin icrasından cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının 07 avqust 1998-ci il tarixli 06 nömrəli qərarı ilə iddiaçı və ailə üzvlərinə 3.90 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Həmin qərara uyğun olaraq iddiaçı və ailə üzvlərinin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "Torpağa mülkiyyət hüququna dair JN-0047 nömrəli Dövlət Aktı verilmişdir. Məlumat üçün məhkəmənin nəzərinə çatdırılır ki, torpaq sahəsi 2 konturda yerləşir və **********25 reyestr nömrəsi ilə 3,2986 ha və **********99 reyestr nömrəsi ilə 0,6 ha olmaqla daşınmaz əmlakın dövlət reyestrində iddiaçı və ailə üzvlərinin adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmədə iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. 2722020187 qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli, **********qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışlar;
3. A 931161, 947985 nömrəli torpaq sahəsinin plan-ölçü sənədləri;
4. Zərdab Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər;
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3- 60/2-1801/2024 nömrəli məktubuna əlavə olunan sənədlər,
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 19.05.25-ci il tarixli 3-21-3-36/2-1409/2025 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi;
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Zərdab rayonu İkinci Alıcanlı kəndində yerləşən Zərdab rayon Aqrar İslahat Komissiyasının 07 avqust 1998-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş 0.38 ha həyətyanı torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınmasına nail olmaqdır. İddiaçı, tələbini sözügedən torpaq sahəsinin Zərdab rayon Aqrar İslahat Komissiyasının 07 avqust 1998-ci il tarixli qərarına əsasən ayrılması ilə əsaslandırır. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinə dair araşdırma iki istiqamətdə aparılmışdır.Məhkəmə iddia tələbini araşdırarkən iddianın mahiyyətinə qiymət verilməsi məqsədilə iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin mövcudluğunu,iddianın mümkünlüyünü araşdırılması baxımından torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsini zəruri hesab etmişdir. Birinci xüsusatla bağlı məhkəmə qeyd edir ki,iddia olunan torpaq sahəsi aqrar islahat zamanı iddiaçının mülkiyyətinə verilməmişdir.Belə ki,iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Zərdab rayonu Aqrar İslahat Komissiyasının 07 avqust 1998-ci il tarixli 06 nömrəli qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair JN-0047 nömrəli Dövlət Aktı ilə 3.90 ha torpaq sahəsi verilmişdir. İddia olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, əkin uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmaqla faktiki olaraq iddiaçının fərdi yaşayış evinin yaxınında yerləşən, zəbt olunmuş torpaq sahəsidir.Həmin xüsusat təqdim edilmiş rəyə əsasən də öz təsdiqini tapır. İddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədi ilə alınmış mütəxəssis rəyində qeyd edilir ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının 07 avqust 1998-ci il tarixli 06 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.30 ha (2956.48 kv.m) həyətyanı torpaq sahəsi ilə bağlı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0057 (blank nömrəsi 119512) kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlar real məkana uyğun tərtib edilməmiş, koordinatlar torpaq sahəsinin faktiki yerləşmə məkanından 190 metr qərbə düşür. Zərdab rayonu 2-ci Alıcanlı kəndi ərazisində mövcud olan həyətyanı torpaq sahəsi mülkiyyətçilərinin adlı siyahısında 20-ci sətirdə İddiaçı, X4, X2, X1 adları qeyd olunmuşdur, (sot 0.23 ha, zəbt 0.17 ha) İdarənin elektron baza məlumatlarında təqdim olunan Zərdab rayonu 2-ci Alıcanlı kəndinin kompleks yerquruluşu islahat layihəsində (DVJ) JN-20 nömrəli kontur **********0057 (blank nömrəsi 119512) kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan konfiqurasiya ilə eyni olmaqla JN-20 nömrəli konturda göstərilən 0.30 ha (faktiki sahəsi 0.2958 ha) torpaq sahəsi İddiaçı baxış zamanı naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 0.8855 ha torpaq sahəsi ilə üst-üstə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) əsasən İddiaçı faktiki istifadəsində olan 0.8855 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, əkin uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir. İdarənin elektron baza məlumatlarında mövcud olan Zərdab rayonu 2-ci Alıcanlı kəndinin kompleks yerquruluşu islahat layihəsində (DVJ) İddiaçı faktiki istifadəsində olan 0.8855 ha torpaq sahəsi, həmçinin JN-20 nömrəli kontur kənd təsərrüfatı təyinatlı örüş uqodiyalı çevrənin üzərində göstərilmişdir. JN-20 nömrəli konturda göstərilən 0.30 ha (0.2958 ha) torpaq sahəsi üzərində fərdi yaşayış evinin 0.01 ha hissəsi, iddiaçı tərəfindən naturada göstərilən 0.8855 ha torpaq sahəsi üzərində isə fərdi yaşayış evi və yardımçı tikililər mövcuddur. İddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 0.8855 ha torpaq sahəsinin 0.30 ha (faktiki 0.2958 ha) hissəsi DVJ məlumatlarında JN-20 nömrəli kontur ilə (İddiaçı), 0.8855 ha torpaq sahəsinin 0.0858 (858.52 kv.metr) hissəsi JN-92A nömrəli kontur ilə (X9), 0.8855 ha torpaq sahəsinin 0.0407 ha (407.92 kv.metr) hissəsi JN-88A nömrəli kontur ilə (X3) üst-üstə düşür. 0.8855 ha torpaq sahəsinin qalan hissəsi isə (o cümlədən 0.10 ha hissəsi 267BB) bələdiyyə mülkiyətinə aiddir. İş materiallarından da göründüyü kimi, **********25 reyestr nömrəsi ilə 3,2986 ha və **********99 reyestr nömrəsi ilə 0,6 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçı və ailə üzvlərinin adına ümumi birgə mülkiyyət hüququ ilə qeydə alındığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Məhkəmə yuxarıda qeyd olunan DVJ məlumatlarında üst-üstdə düşmə halı ilə TEKUİS bazasında fərqi nəzərə alaraq hesab edir ki,iddianın mümkülüyü məsələsi hazırkı vəziyyətdə aradan qalxdığından iddiaya mahiyyəti üzrə qiymət verilməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayonu İkinci Alıcanlı kəndində yerləşən Zərdab rayon Aqrar İslahat Komissiyasının 07 avqust 1998-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş 0.38 ha həyətyanı torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə