Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-596/2023 28.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı1, cavabdehin nümayəndəsi X7 və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında JN-342A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçıların mülkiyyətinə verilmiş, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsi üzərində onların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında JN-342A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçı və ailə üzvlərinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı əsasında JN-342A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. JN-342A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,38 ha torpaq sahəsi torpaq islahatından əvvəl də iddiaçının istifadəsində olmuş və hal-hazırda da iddiaçı və ailə üzvlərinin mülkiyyətində və faktiki istifadəsindədir. Həmin torpaq sahəsində uzun illərdir ki, bağ salmış, qulluq göstərirlər. Heç kimlə mübahisəsi olmamış və yoxdur. Bum qəsəbə İcra Nümayəndəliyi, Bum qəsəbə Bələdiyyəsi də bu bağın iddiaçı və ailə üzvlərinin oldğunu bilir, təsdiq edirlər. Bağın sənədinin işləndiyi 650 m fərqli ərazi isə başqa adamın həyətidir. Həmin həyətdə ona məxsus fərdi yaşayış evi və digər həyət tikililəri var. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********11 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəriciləri ilə sənəd üzrə torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcuddur və faktiki istifadədə olan həyətyanı torpaq sahəsi sənəd üzrə göstərilən torpaq sahəsindən 650 metr fərqlə vardır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********53 nörməli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş, həmçinin bildirmişdir ki, Qəbələ rayon Torpaq şöbəsi tərəfindən həmin torpaq sahəsi ilə bağlı tərtib edilmiş JN-342A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ərazi idarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmışdır. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-596/2023 nömrəli qərardadı ilə Qəbələ rayonu Bum bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. Üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianın təmin olunmasına etiraz etmədiyini bildirərək, qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş JN-342A kod 40800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə 0,38 ha həyətyanı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 ayrılmışdır. Qəbələ rayon Dövlət Arxivinin 170 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş 1991-1995, 1996-2000 və 2001-2005-ci illərə dair təsərrüfatbaşına kitablarından iddiaçılara aid səhifələrin təsdiq olunmuş arxiv nüsxələrindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 həmin təsərrüfatda qeydiyyatda olmuşlar və xüsusi mülkiyyətlərində 0,12 ha torpaq sahəsi olmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********78 nömrəli məktubuna əlavə olunmuş: Həyətyanı torpaq sahələrinə dair subyektlər siyahısının təsdiq olunmuş surətindən görünür ki, siyahıda 342-ci sırada İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 adları qeyd olunmuş, xəritədə nömrəsi qrafasında 342, 342a və 342b yazılmış, “qanuni istifadədə olan həyətyanı sahə” qarafasında “0,12” göstərilmişdir. Digər cədvəldə isə İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 adları göstərilmiş, akt nömrəsi 342, həyətyanı torpaq sahəsi 0,12 ha, zəbt olunan torpaq sahəsi 0,61 ha, faktiki torpaq sahəsi A 0,38 ha, C 0,0707 ha, CY 0,0043 ha, B 0,2546 ha, BY 0,0204 ha, ümumi torpaq sahəsi 0,7299 ha olaraq qeyd olunmuşdur. Pay torpağı alacaq subyektlərin siyahısının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, siyahıda İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 adları göstərilmiş, “qaytanlanmış kitabda həyətyanı torpaq sahəsi” qrafasında “0,12”, “faktiki torpaq sahəsi” qrafasında “1,10” qeyd olunmuşdur. Cavabdehin etirazına əlavə olunmuş JN-342A kod 40800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə 0,38 ha həyətyanı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 ayrılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-3792/2023 nömrəli məktubuna əlavə olunmuş: mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 istifadəsində olan faktiki naturada ölçülmüş 0,7188 ha torpaq sahəsinin 0,3958 ha hissəsi kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla uqodiyası çoxillik əkmələr olan Bələdiyyə (1394B-1398B) mülkiyyəti torpaqlarına, 0,3015 ha hissəsi kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla Bələdiyyə (1400B-1399S) mülkiyyəti torpaqlarına və 0,0215 ha hissəsi isə yol yerinə düşür. Torpaq sahəsi iddiaçı və ailə üzvlərinin istifadəsindədir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi və sənəd üzrə (JN-342A) ayrılmış torpaq sahəsi ilə üstüstə düşmür. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir. JN-978A kod 40800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə 0,45 ha həyətyanı torpaq sahəsi X8 və X4 ayrılmışdır. Şəhadətnamədə qeyd olunan torpaq sahəsinin planında qonşu torpaqların göstərildiyi hissədə İ-dan J-yə kimi 342A şəhadətnamə nömrəsi ilə İddiaçı1 aid torpaqü sahəsi qeyd edilmişdir. JN-977A kod 40800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə 0,42 ha həyətyanı torpaq sahəsi X5, X6, X3 və X2 ayrılmışdır. Şəhadətnamədə qeyd olunan torpaq sahəsinin planında qonşu torpaqların göstərildiyi hissədə A-dan B-yə kimi 342A şəhadətnamə nömrəsi ilə İddiaçı1 aid torpaqü sahəsi qeyd edilmişdir. Məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş mütəxəssis rəyinə əlavədə qeyd olunur ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 istifadəsində olan faktiki naturada ölçülmüş 0,7188 ha torpaq sahəsinin 0,3958 ha hissəsi kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla uqodiyası çoxillik əkmələr olan Qəbələ rayonu Bum Bələdiyyəsinin (1394B-1398B) mülkiyyətinə aid torpaqlara, 0,3015 ha hissəsi kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla Qəbələ rayonu Bum Bələdiyyəsinin (1400B-1399S) mülkiyyətinə aid torpaqlara və 0,0215 ha hissəsi isə yol yerinə düşür. Torpaq sahəsi iddiaçı və ailə üzvlərinin istifadəsindədir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi və sənəd üzrə (JN-342A) ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” na əsasən: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir... 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi iddiaçılar faktiki olaraq istifadələrində olan və onlara Aqrar İslahar Komissiyasının qərarı ilə ayrılmış torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istəyirlər. Məhkəmə araşdırması ilə və mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçıların faktiki istifadəsində qeyd olunan ölçüdə torpaq sahəsi mövcuddur və bələdiyyə mülkiyyəti kimi elektron məlumat bazasında öz əksini tapmışdır. Cavabdehin imtinası isə iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinin göstəricilərinin sənəd üzrə torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluqların mövcud olması ilə bağlı olmuşdur. Belə uyğunsuzluqların aradan qaldırılması isə məhz cavabdehin səlahiyyət hüdudları çərçivəsində həll edilməli məsələdir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi isə, torpaq sahəsinin aqrar islahatla iddiaçılara ayrıldığını və əvvəldən onların istifadəsində olduğunu, iddia tələbinin təmin olunmasına bələdiyyənin etirazının olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında JN-342A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçıların mülkiyyətinə verilmiş, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən və iddiaçıların faktiki istifadəsində olan 0,38 ha həyətyanı torpaq sahəsi üzərində onların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında JN-342A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçıların mülkiyyətinə verilmiş, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən və iddiaçıların faktiki istifadəsində olan 0,38 ha həyətyanı torpaq sahəsi üzərində onların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-596/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-596/2023
28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver