Məhkəmə qərarları › İş №2-1(116)-597/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-597/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-597/2023 01.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı cavabdeh Qəbələ Regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə qarşı “Ağdaş rayonu Mıxlıqovaq kənd soveti tərəfindən 12 iyun 1963-cü il tarixdə 116 nömrə ilə tərtib edilmiş doğum haqqında akt qeydində düzəliş edilərək adının “Ehtibar” və ata adının “İsbəndiyar” yazılması barədə düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Qəbələ Regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ağdaş rayonu Mıxlıqovaq kənd soveti tərəfindən 12 iyun 1963-cü il tarixdə 116 nömrə ilə tərtib edilmiş doğum haqqında akt qeydində düzəliş edilərək adının “Ehtibar” və ata adının “İsbəndiyar” yazılması barədə düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Ağdaş rayonunun Mıxlıqovaq kəndində xx xxx 1963-cü il tarixdə anadan olmuşdur və hazırda da orada yaşayır. Mülkiyyətində olan torpaq sənədinə hüquqmüəyyənedici sənəd almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, müraciəti təmin olunmamış və ona torpaq sənədləri ilə şəxsiyyətini müəyyən edən sənədlər arasında ziddiyyətin olduğu bildirilmişdir. Həmin ziddiyyətləri aradan qaldırmaq üçün, yəni doğum aktı qeydində düzəliş edilərək ona yeni doğum haqqında şəhadətnamə verilməsi üçün müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının adı “Ehtibar”, ata adı isə “İsfəndiyar” kimi qeyd olunmuşdur. - iyun 1963-cü il tarixli 116 nömrəli doğum akt qeydindən görünür ki, iddiaçının adı “İkra” qeyd olunmuşdur. - xx.xx.1961-ci il tarixli 4 nömrəli evlənmə haqqında akt qeydindən görünür ki, X1 ilə X2 arasında nikah bağlanmışdır. - may 1969-cu il tarixli 60 №-li doğum haqqında akt qeydindən görünür ki, xx.xx.1969-cu ildə doğulmuş Hicran Allahverdiyevanın ata adı “İsbəndiyar” qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktub göndərərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etirazları olmadığını qeyd etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının adı doğum haqqında ilkin akt qeydində “İkra” qeyd edilmişdir. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsində adı “Ehtibar” qeyd edildiyindən sözügedən akt qeydində “ad qrafasında” icra olunmuş qeydlərlə ziddiyyət yaranmışdır. İddiaçı uzun illər ərzində adının “Ehtibar” olması ilə bağlı onda olan sənədlərin məzmununa etimad göstərmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, “İkra” adı xüsusi isim olaraq Azərbaycan dilinin linqvistikasında mövcud deyil. İddiaçının ata adına münasibətdə isə müəyyən edilir ki, sözügedən akt qeydində iddiaçının ata adının əlyazma ilə hansı qaydada yazılması tam oxunmadığından iddiaçı həmin qeydə də düzəliş edilməsini tələb etməkdə haqlı olmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçını ata adı “İsbəndiyar” olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Qəbələ Regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin üzərinə iddiaçı Ağdaş rayonu Mıxlıqovaq kənd soveti tərəfindən 12 iyun 1963-cü il tarixdə 116 nömrə ilə tərtib edilmiş doğum haqqında akt qeydində ad qrafasına “Ehtibar” və ata adı qrafasına “İsbəndiyar” yazılmaqla düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar