Məhkəmə qərarları › İş №2-1(116)-60/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-60/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-60/2022 11.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Vəndam kəndində yerləşən **********58-10301 reyestr nömrə ilə qeydə alınmış fərdi yaşayış evinin tərkibində olan 0,02 ha zəbt kimi qeyd olunmuş torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Vəndam kəndində yerləşən **********58-10301 reyestr nömrə ilə qeydə alınmış fərdi yaşayış evinin tərkibində olan 0,02 ha zəbt kimi qeyd olunmuş torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının atası Süleyman Lətifov uzun müddət Qəbələ rayon Vəndam kəndində, ona atasından qalmış, 1930-cu ildə tikilmiş yaşayış evində yaşamış və təsərrüfat aparmışdır. Onun təsərrüfatında 0,16 ha torpaq sahəsi olmuş və bu, təsərrüfatbaşına kitablarda qeyd edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunanda kənddə də həyətyanı torpaqlar sakinlərin mülkiyyətinə verilmiş və Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci tarixli qərarı ilə 0,10 ha torpaq sahəsi X2 verilmiş, bunun da əsasında X1 adına JN-277A KOD 40600048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. 03 noyabr 2012-ci ildə iddiaçının atası X3 04.10.2012-ci il tarixli çıxarışa əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsini, 1930-cu ildə tikilmiş ümumi sahəsi 99,2 kv.m, yaşayış sahəsi 46,2 kv.m, yardımçı sahə 53 kv.m olan 3 otaqlı fərdi yaşayış evini və bütün tikililəri İddiaçı bağışlamışdır. Həmçinin bütün əmlakını ona bağışladığına dair müqavilə bağlamış, əlavə olaraq əmlakını ona vəsiyyət etmişdir. Atası vəfat etdikdən sonra həmin həyəti iddiaçı idarə edir. İddiaçı qeyd edir ki, atası Süleyman Lətifovun adına 04 oktyabr 2012-ci ildə Çıxarış verilərkən onun həyətinin texniki pasportu hazırlanmış və həyətyanı torpaq sahəsində 0,06 ha torpaq sahəsinin olması qeyd olunmuşdur. Həmin 0,06 ha zəbt torpaq sahəsindən 0,04 ha sahənin Vəndam Bələdiyyəsi tərəfindən qızı Lalə Əliyevaya satılmasına razılıq vermiş, həyətə giriş hissəsində qalan 0,02 ha torpaq sahəsi isə hazırkı müddətə qədər zəbt torpaq sahəsi kimi qeyd edilmişdir. İddiaçı 0,02 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh səhvən sənədləri ərazi aiddiyyəti üzrə DƏDRX 9 saylı Qəbələ ərazi idarəsinə göndərimiş (bax: 15.10.2021-ci il tarixli iclasın protokolu) və iddiaçının müraciəti DƏDRX 9 saylı ərazi idarəsi tərəfindən təmin edilməmişdir. Sözügedən orqan 05.04.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, 0,02 ha zəbt torpaq sahəsinə dair iddiaçı heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. İddiaçıya 15.10.2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, ünvan 1darəsinin yurisdiksiyasına daxil olan ərazi vahididir. Bu səbəblə də cavabdeh qismində hazırkı iddia tələbi üzrə əsl cavabdeh DƏDRX 9 saylı Qəbələ ərazi idarəsi qeyd edilməlidir. Bundan sonra iddiaçı məhkəməyə 17.11.2021-ci il tarixdə daxil olan ərizəsində cavabdehin DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 19.11.2021-ci il tarixli 2-1(116)-781/2021 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh 30.04.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı X6 oglu Qəbələ rayonu Vəndam qəsəbsində yerləşən 0,02 ha zəbt torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə müraciət etmişdir. İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İşdə olan DƏDRX 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən 01.05.2014-cü ildə tərtib edilmiş **********758-10301 reyestr nömrəli “Texniki pasport”un notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Sənəd üzrə torpaq sahəsinin 0,10 ha, faktiki sahənin 0,16 ha olduğu qeyd edilmişdir. İşdə olan JN-277A kod 40600048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28.10.1998-ci il tarixli 19 nömrəli qərarı ilə 0,10 ha həyətyanı torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Sənəd 11486-cı nömrə ilə kitabda qeydiyyata alınmışdır. İşdə olan RX seriyalı ******* nömrəli, 04.10.2012-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,10 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətində olmuşdur. 03.11.2012-ci il tarixli “Bağışlama müqaviləsi”nin təsdiq edilmiş surətinə əsasən, X3 xüsusi mülkiyyətində olan 0,1 ha torpaq sahəsini və ümumi sahəsi 99,2 kv.m olan fərdi yaşayış evini oğlu İddiaçı bağışlamışdır. RX seriyalı ******* nömrəli 02.05.2014-cü il tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən müəyyən olunur ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən, ümumi sahəsi 99,2 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,1 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Qeyd olunan normaların tələblərinin işin göstərilən hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi iddiaçı tələbində qeyd etdiyi 0,02 ha zəbt olunmuş torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə malik deyil və bu hal məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. Məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyinin verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti yanından Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin sorğuya cavab olaraq təqdim etdiyi 22.07.2021-ci il tarixli **********66 nömrəli məktuba əlavə edilmiş smetanın icrası iddiaçıya və cavabdehə təklif olunmuş, lakin icra edilməmişdir. İddiaçı məhkəmənin təklifinə cavab olaraq mütəxəssis rəyinin hazırlanmasına görə xidmət haqqının yekun məhkəmə qərarına uyğun ödənilməsini və işə şifahi məhkəmə baxışı keçirilməklə baxılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə görə, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Vəndam kəndində yerləşən **********58-10301 reyestr nömrə ilə qeydə alınmış fərdi yaşayış evinin tərkibində olan 0,02 ha zəbt kimi qeyd olunmuş torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar