Məhkəmə qərarları › İş №2-1(116)-600/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-600/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-600/2022 24.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya ödənilən yaşa görə müavinətdən tutulmaların ləğvi və 134 manat pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin 12 saylı Regional Ərazi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ona ödənilən yaşa görə müavinətdən tutulmaların ləğvi və bu günə kimi tutulmuş məbləğlərin dəqiq müəyyən olunaraq geri qaytarılması (90 manat)” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(116)-1784/2021 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə X3 Şəxsin 12 saylı Regional Ərazi Filialı – hüquq varisi Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Daha sonra iddiaçı, tələbin həcminin artırılması barədə ərizə təqdim edərək, geri qaytarılmasını tələb etdiyi məbləğin 104 manat qeyd edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı, yenidən tələbin həcminin artırılması barədə ərizə təqdim edərək geri qaytarılmasını tələb etdiyi məbləğin 134 manat qeyd edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı, növbəti dəfə tələbin həcminin artırılması barədə ərizə təqdim edərək, geri qaytarılmasını tələb etdiyi 134 manat, mənəvi ziyan məbləği 1500 manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-600/2022 nörməli qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş, cavabdehdən cəmi, “1634 manat pul məbləğinin tutulması ilə bağlı tələbin həcminin artırılması barədə” ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-600/2022 nörməli qərardadı ilə iddia tələbinin 1500 manat mənəvi ziyanla bağlı hissəsi mümkün sayılmamışdır. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən avtomatlaşdırılmış qaydada 130 manat yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh orqan, iddiaçıya müavinətin ödənildiyi dövrdə onun əmək fəaliyyətinin olmasını və buna görə də 486,31 manat artıq pul məbləğinin ödənilməsini müəyyən edərək, həmin məbləğin geri qaytarılmasını iddiaçıdan tələb etmiş, iddiaçı, həmin məbləğin geri qaytarılmasından imtina etmişdir. Buna görə də cavabdeh orqan, iddiaçıya ödənilən sosial müavinətdən xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə hər ay 26 manat olmaqla, cəmi 104 manat pul məbləğini tutmuşdur. İddiaçı, həmin pul məbləğinin ona ödənilən müavinətdən tutulmasının qanunsuz olduğunu bildirərək, tutulmaların dayandırılması və tutulmuş pul məbləğinin qaytarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu müvafiq tutulmaların icra edilməsinə razılıq verməməsi, cavabdeh orqan tərəfindən özbaşına olaraq həmin məbləğlərin tutulması ilə əsaslandırmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazını iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalanması ilə əsaslandırmış, qeyd etmişdir ki, “İnzibati İcraat Haqqında” Qanunun 82.3-cü maddəsinə əsasən şəxsə əsassız ödənilmiş sosial müavinətin məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Buna görə də iddiaçıya ödənilmiş vəsaitdən müvafiq tutulmalar icra edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Dövlət Sosial Müdafiə X3 Şəxsin 12 saylı Regional Ərazi Filialının ərizəçiyə ünvanladığı xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, ərizəçiyə yaşa görə müavinətin ödənildiyi dövrdə əmək fəaliyyəti olduğu üçün 486,31 manat artıq müavinətin ödənilməsi barədə məlumat verilmiş və həmin məbləğin 10 iş günü müddətində məktuba əlavə edilmiş hesaba bərpa olunması xahiş edilmiş, həmçinin “Sosial müavinətlər haqqında” Qanunun 12-ci maddəsinin tələbləri izah edilmişdir. - ərizəçinin Dövlət Sosial Müdafiə X3 Şəxsin 12 saylı Regional Ərazi Filialın ünvanladığı xx.xx.2021-ci i tarixli və xx.xx.2021-ci il tarixli məktuba etirazlarından görünür ki, o, artıq ödənilmiş müavinətin təqdim edilmiş hesaba ödənilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli xidməti məktubundan görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən avtomatlaşdırılmış qaydada 130 manat yaşa görə sosial müavinət təyin edilmişdir. sosial müavinətin məbləği xx.xx.2022-ci il tarixdən 180 manata çatdırılmışdır. İddiaçıya təyin edilmiş sosial müavinətdən xx.xx.2021-ci il tarixdən – xx.xx.2021-ci il tarixinədək aylıq 26 manat tutulma həyata keçirilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli MXMT(116)-13/2021 nömrəli qərardadına əsasən tutulmalar dayandırılmışdır. Hal-hazırda iddiaçıya 180 manat sosial müavinət ödənilir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. İddiaçı, məhkəməyə ünvanladığı ərizəsində inzibati işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. “Sosial müavinətlər haqqında” Qanunun 11.1.2-ci maddəsində şəxs əmək fəaliyyətinə başladıqda yaşa görə müavinətin dayandırılması qaydası müəyyən edilmişdir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. İdiaçının əmək fəaliyyətinə başlaması ona ödənilən yaşa görə müavinətin dayandırılması üçün qanunvericiliklə birbaşa müəyyən edilmiş əsas olmuşdur. Buna görə də cavabdeh orqan, iddiaçıdan artıq ödənilmiş müavinətin geri qaytarılmasını tələb etmiş, lakin, nəzərə almamışdır ki, iddiaçı müvafiq ödənişlərin ödənilməsindən imtina etdiyi halda mübahisə məhkəmə qaydasında həll olunmalı idi. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı, ona ödənilən müavinətdən tutulmaların aparılmasına açıq-aşkar, dəfələrlə etiraz etmiş, lakin cavabdeh orqan özbaşına olaraq, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli MXMT(116)-13/2021 nömrəli qərardadı qəbul edilənədək məhkəmədən kənar qaydada, iddiaçıya ödənilən müavinətdən artıq ödənilmiş vəsaiti tutumaqda davam etmişdir. İşdə olan sənədlərlə iddiaçının artıq ödənilmiş müavinəti qaytarmaqdan imtina etməsi və cavabdehin mövqeyinə açıq-aşkar etiraz etməsi sübut olunur (cavabdehin tələb məktubları və iddiaçının həmin tələbə etiraz məktubları ilə). Yuxarıda istinad olunan normanın məzmunundan da göründüyü kimi qanunverici, cavabdeh orqana, iddiaçının artıq ödənilmiş müavinətin qaytarılmasına razılıq verdiyi halda həmin məbləğin tutulması ilə bağlı icraatın aparılması səlahiyyətini vermişdir. İddiaçı, tələbində ona ödənilən müavinətdən tutulan məbləği 134 manat qeyd etsə də, iş materialları ilə müəyyən olunur ki, iddiaçıdan xx.xx.2021-ci il tarixdən – xx.xx.2021-ci il tarixədək tutulmuş pul məbləği cəmi 104 manat olmuşdur. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki,... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Beləliklə, İPM-in 118ci maddəsində təsbit edilmiş dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra sözügedən subyektlərin xeyrinə çıxarılmış həm pul tələblərinin icra edilməsi ilə bağlı olan, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə qərarlarının icrasına dair məsələlərin tənzimlənməsinə yönəlmişdir. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra həyata keçirilməli olduğu hallarda İPM-in 118.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işə baxan hakim və ya məhkəmə icra orqanı sayılır. İPM-in 118.3- 118.5-ci maddələrinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Pul tələblərinin icra edilməli olduğu hallarda icra orqanı qismində çıxış edən hakim İPM-in 79.2 və 118-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci və “İcra haqqında” Qanunun 8-ci maddələrinə əsasən əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək xəbərdarlığın alındığı (elan olunduğu) gündən sonrakı 10 (on) gün müddətində könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində borclu könüllü olaraq ödəməni həyata keçirmədikdə məhkəmə tərəfindən icra sənədi qanunla nəzərdə tutulmuş qaydada icraya yönəldilməklə müvafiq İcra qurumuna göndərilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdirsə, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli, icraata başlamalı və pul tələblərinin ödənilməsini təmin etməklə bağlı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra hərəkətlərini həyata keçirməlidir. Bundan sonra isə icra məmuru həyata keçirdiyi icra hərəkətləri və icranın vəziyyəti barədə icra sənədini vermiş məhkəməyə məlumat təqdim etməlidir. İcra məmurunun belə məlumat vermək borcu, o cümlədən məhkəmənin icranın lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək vəzifəsi “İcra haqqında” Qanunun 26-cı və İPM-in 118.5-ci maddələrinin müddəalarından irəli gəlir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, qanunverici artıq müavinət ödənildiyi hallarda, müavinəti alan şəxs artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılmasını təsbit etmişdir. Yəni, cavabdeh tərəfindən müvafiq məbləğin qaytarılması ilə bağlı iddiaçının münasibəti öyrənilməli, iddiaçı, ödənilmiş vəsaitin qaytarılmasından imtina etdikdə isə mübahisə ilə bağlı məhkəməyə müraciət edilməli idi. Cavabdeh orqan, iddia tələbini etirazını “İnzibati icraat haqqında” Qanunun 82.3-cü maddəsi ilə əsaslandırsa da məhkəmə qeyd edir ki, həmin norma pul tələbinin ödənilməsi ilə bağlı inzibati aktın qəbul edilməsini deyil, qəbul edilmiş inzibati aktın icraya yönəldilmə qaydasını tənzimləyir. Bunun üçün isə cavabdehin pul tələbinin ödənilməsi barədə, yəni hazırkı işə münasibətdə - “artıq ödənilmiş müavinətin geri qaytarılması barədə” qərar qəbul etmək səlahiyyəti olmalıdır. Cavabdeh inzibati orqanın sahəvi qanunu olan və birbaşa fəaliyyətini tənzimləyən “Sosial müavinətlər haqqında” Qanunda ona müvafiq razılıq olmadığı halda, müstəqil olaraq “artıq ödənilmiş sosial müavinətin geri qaytarılması barədə” qərar qəbul etmək səlahiyyəti verilməmişdir. Buna görə də iddiaçının razılığı olmadan icra edilmiş, artıq ödənilmiş müavinətin tutulmasında ifadə olunan cavabdeh orqanın hərəkətləri mahiyyət etibarilə əsassız olmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı ödənilən yaşa görə müavinətdən tutulmaların dayandırılması və tutulmuş 104 manat pul məbləğinin iddiaçıya geri qaytarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar