Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-600/2025 08.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X9, mütəxəssis X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonu Qullar kəndi H.Nəsibov adına Kolxozun xx.xx.1980-cı il tarixli 4№-li iclasının qərarı ilə mərhum X4 mülkiyyətinə verilmiş 0.05 ha həyatyanı torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququnun X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonu Qullar kəndi H.Nəsibov adına Kolxozun xx.xx.1980-cı il tarixli 4№-li iclasının qərarı ilə mərhum X4 mülkiyyətinə verilmiş 0.05 ha həyatyanı torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququnun X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-600/2024 nömrəli qərardadı ilə X8, X11, X16 və X13 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İddia ərizəsinə əsasən iddiaçının atası xx.xx.2013-cü il tarixdə vəfat etmiş,ondan qalan mirasın qəbulu ila bağlı X19 Xidmət Mərkəzinə müraciət etmişdir. Həmin torpaq sahəsinin mərhum atasına məxsus olması barədə arayışın verilməsi barədə müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir.İmtina məktubunda iddia olunan torpaq sahəsinin DWG xəritələrində JN-1254 nömrəli Şəhadətnaməyə əsasən başqa şəxsə məxsus olduğu bildirilmişdir. Cavabdeh imtinasını iddia olunan torpaq sahəsi üzərində digər şəxsin mülkiyyət hüququnun qeydə alınması ilə əsaslandırmışdır Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edimişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mütəxəssis təqdim edilən rəyin məzmuna uyğun izahat verərək iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi üzərində digər şəxslərin hüququnun qeydə alındığını bildirdi. Əsaslandırma hissəsi: İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hüquqi marağı Balakən rayonu Qullar kəndi H.Nəsibov adına Kolxozun xx.xx.1980-cı il tarixli 4№li iclasının qərarı ilə X2 ayrılmış 0.05 ha həyatyanı torpaq mülkiyyət hüququnun X2 məxsus olması barədə arayışın verilməsindən ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin müəyyən edilməsi məqsədi ilə mütəxəssis rəyi tələb etmişdir. Təqdim olunan mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, X1 xx.xx.1980-cı il tarixli 4№-li iclasının qərarı ilə verilmiş 0.05 ha torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçının nümayəndəsi tərəfindən göstərilən torpaq sahəsi iddiaçı tərəfindən faktiki olaraq istifadə olunmur və iddiaçının nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi başqa şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddia olunan torpaq sahəsinin naturada ölçüləri 0.10 ha olmaqla Balakən rayonu, Qullar kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində X8 və onun ailə üzvlərinin hüquqları dövlət reyestrində qeydiyyata alınaraq **********17 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçisi və faktiki istifadəçisi X7 və onun ailə üzvləridir. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsi Balakən rayonu, Qullar kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində X8 və onun ailə üzvlərinin hüquqları dövlət reyestrində qeydiyyata alınmış **********17 reyestr nömrəli çıxarışda göstərilən 0.0971 ha torpaq sahəsi ilə üstüstə düşür.İddia olunan torpaq sahəsi qapalı həyət daxilindədir və üzərində fərdi yaşayış evi inşa olunmamışdır. Təqdim olunan mütəxəssis rəyinə əlavəyə əsasən müəyyən edilmişdir ki, X5 iddia olunan torpaq sahəsinə reyestrdən Çıxarışı var. X6 verilmiş torpaq sahəsinin yerləşdiyi 0.10 ha torpaq sahəsinin təqdim etdiyi sənədlərdə koordinatların olmadığından müəyyən etmək mümkün deyil. Göründüyü kimi iddiaçının hüquqi marağı Balakən rayonu Qullar kəndi H.Nəsibov adına Kolxozun xx.xx.1980-cı il tarixli 4№-li iclasının qərarı ilə mərhum X4 mülkiyyətinə verilmiş 0.05 ha həyatyanı torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququnun X2 məxsus olması barədə arayışın verilməsindən ibarətdir.Həmin torpaq sahəsi X8 və qeyrilərinin adına dövlət reyestrin də qeydiyyata alınmış reyestr nömrəsi **********17 olan çıxarışın koordinatları ilə üst-üstdə düşür.Həmin Çıxarış isə Balakən RAİK-in xx.xx.1998-ci il tarixli qərarına əsasən verilmiş JN1254 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmişdir. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə 08 oktyabr 2025-ci il tarixinə məhkəmə iclası təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilmişdir. Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım qaydasında izah edildir ki, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə **********17 qeydiyyat nömrəli çıxarış və onun ilkin hüquqmüəyyənedici sənədi mübahisələndirilə bilər. X2 Nəsibov adına Kolxozun xx.xx.1980-cı il tarixli 4№-li iclasının qərarı ilə ayrılmış 0.05 ha torpaq sahəsinin koordinatları müəyyən edilməsə də hazırda iddia olunan torpaq sahəsi üzərində qeydə alınmış hüquq mövcuddur. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4№-li qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonu Qullar kəndi H.Nəsibov adına Kolxozun xx.xx.1980-cı il tarixli 4№-li iclasının qərarı ilə mərhum X4 mülkiyyətinə verilmiş 0.05 ha həyatyanı torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququnun X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-600/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-600/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver