Məhkəmə qərarları › İş №2-1(116)-601/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-601/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-601/2021 19.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə (üçüncü şəxslər X4 və X5) qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərarı qəbul etdi Təsviri hissə : İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə (üçüncü şəxslər X4 və X5) qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” Çıxarışa əsasən Şəki şəhəri D.Bünyadzadə küçəsi ev 44 İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Evi 1972-ci ildə İddiaçı tikdirmişdir. Tikildiyi tarixdən indiyə kimi İddiaçı xüsusi mülkiyyətindədir və ailəsi ilə birlikdə yaşayır. Qızları X4 və X5 ailə həyatı qurmuş və həmin evdə yaşamırlar. Həmin evi rəsmiləşdirərkən qeydiyyatda olan X4 və X5 qısa müddətdə qeydiyyatdan çıxmaları barədə vəd versələr də bu günə kimi qeydiyyatdan çıxmamışlar. X4 və X1 Məmməd Mustafa oğlunun adına olan evdə qeydiyyatda olmaları İddiaçı konstitusion hüquqlarını məhdudlaşdırır. Göstərdiklərini nəzərə alaraq İddiaçı “X4 və X3 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırki iddia ərizəsinə baxılarkən aşağıdakı sənədlərin məzmununa istinad edilmiş, həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış, Şəki Şəhər-Rayon Polis Şöbəsindən 189-27321F-3220 nömrəli məktub, ********** qeydiyyat nömrəli DƏDRXdən Çıxarış, 1979-cu il tarixli, 8539 inventar nömrəli texniki pasport. Əsaslandırma hissəsi : İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə (üçüncü şəxslər X4 və X5) qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki icraat qaydasında, ümumi rayon məhkəməsində (Şəki Rayon Məhkəməsində) baxılmalıdır. İş materiallarına əlavə edilmiş ********** qeydiyyat nömrəli DƏDRX-dən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tam xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 2014-cü il tarixli, 8539 inventar nömrəli texniki pasportdan görünür ki, 1971-ci ildə tikilmiş ünvan 1 yerləşən yaşayış sahəsi üzrə hüquq subyekti İddiaçıdur. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında X4, X5 və digər şəxslər qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 189-27321F-3220 nömrəli məktubunda qeyd edilmişdir ki, müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olmaqla araşdırılması polis orqanlarının səlahiyyətinə aid deyildir. Odur ki, iddiaçıya mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. İddia ərizəsinin məzmunundan, “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən çıxarışdan və məhkəmə tərəfindən əldə edilmiş məlumatlardan bəlii olur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını arzuladığı X4 və X5 onun ailə üzvləridir. Odur ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. İnzibati icraat çərçivəsində isə yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi ilə qeydiyyatdan çıxarılması mümkündür. Qeyd olunan şəxslərin iddiaçıya məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün ilk növbədə onların həmin yaşayış sahəsində əmlak hüquqlarının hazırda mövcud olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu isə inzibati məhkəmə icraatının tənzimetmə predmetinə aid deyil və xüsusi hüquqla həll olunmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 2, 3.1-ci bəndlərində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün birinci növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Hazırki iddia tələbinin mülki məhkəmə icraatı qaydasında baxılmalı olması ilə bağlı məhkəmənin mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 5 (beş) gün müddətində vaxt təyin edilmiş, iddiaçı tərəfindən yardım məktubu 12.05.2021-ci il tarixdə imzalanaraq qəbul edilməsinə baxmayaraq məhkəmənin mövqeyinə münasibət bildirilməmişdir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə (üçüncü şəxslər X4 və X5) qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar