Məhkəmə qərarları › İş №2-1(116)-602/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-602/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-602/2021 21.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh İsmayıllı bələdiyyəsinə qarşı “əlindən alınmış 0,06 ha həyətyanı torpaq sahəsinin əvəzinə, ona İsmayıllı şəhəri ərazisində yerləşən başqa 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı müvafiq qərarın qəbul olunması, habelə həmin torpaq sahəsinin naturada təhvil verilməsi barədə cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, əlindən alınmış 0,06 ha həyətyanı torpaq sahəsinin əvəzinə, ona İsmayıllı şəhəri ərazisində yerləşən başqa 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı müvafiq qərarın qəbul olunması, habelə həmin torpaq sahəsinin naturada təhvil verilməsi barədə cavabdehin üzərinə öhdəliyin qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı müraciətinə əsasən, cavabdeh 03.03.2014cü il tarixli 05 saylı qərarı ilə iddiaçıya İsmayıllı şəhərinin keçmiş İsmayıllı kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsini fərdi yaşayış evi tikmək məqsədilə satmış, cavabdehlə iddiaçı arasında 05.03.2014-cü il tarixində torpaqların alqı-satqısına dair akt tərtib edilərək, müvafiq qaydada imzalarla və möhürlə təsdiq edilmişdir. Bütün bunlardan sonra həmin sözügedən torpaq sahəsi hasara alınmışdır. Lakin sonradan, məlum olmuşdur ki, cavabdeh, iddiaçıya satdığı sözügedən torpaq sahəsini əvvəllər başqa şəxsə satmışdır. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26.01.2016-cı il tarixli 2(037)-23 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçıya satılmış sözügedən torpaq sahəsi X1, yəni, ona məxsus imiş. Həmin sözügedən qətnamə ilə müəyyən edilərək göstərilmişdir ki, işdə olan “A” seriyalı 396285 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, İsmayıllı rayon İsmayıllı kənd bələdiyyəsinin 19.12.2011-ci il tarixli 16 saylı qərarına uyğun olaraq, fərdi yaşayış evi tikmək üçün ayrılmış 600 kv.metr (yəni, 0,06 ha) torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq, İsmayıllı rayon İsmayıllı kənd sakini X2 adına X5 Kitabında 31.05.2012-ci il tarixində 6197 nömrə ilə uçota alınmış, həmçinin, keçmiş ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsində **********28 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq, daşınmaz əmlakın mülkiyyət hüququna dair çıxarışla rəsmiləşdirilmişdir. Beləliklə, İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 yanvar 2016-cı il tarixli 2(037)-23 nömrəli qətnaməsi ilə sözügedən torpaq sahəsi iddiaçıya aid edilməyərək, iddiaçının əlindən alınmışdır. Bu məsələ ilə bağlı DƏDRX 9 saylı ərazi idarəsi münasibət bildirərək, 12.04.2016-cı il tarixli **********15 nömrəli məktubunda qeyd etmişdir ki, “...həmin torpaq sahəsinin koordinatlarının hazırlanın üçün İsmayıllı bələdiyyəsi tərəfindən sizə satılmış 0,06 ha torpaq sahəsinin yerini bələdiyyə üzvləri ilə dəqiqləşdirdikdən və mərzçəkmə nişanları qoyulduqdan sonra ərazi idarəsinin rəy şöbəsinə hüquqların dövlət qeydiyyatı üçün müraciət edə bilərsiniz”. Bu məktuba əsaslanaraq, iddiaçıya başqa torpaq sahəsinin ayrılaraq verilməsinə dair ərizə ilə cavabdehə 27.01.2020-ci il tarixində müraciət olunmuş, lakin cavabdeh 05.02.2020-ci il tarixli 36 nömrəli cavab məktubu ilə mübahisəni həll etməyərək, işini bitmiş hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə birlikdə 11.02.2021-ci il tarixli buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, nümayəndəsi olduğu bacısı İddiaçı cavabdeh İsmayıllı Bələdiyyəsinə qarşı iddia tələbi üzrə Azərbaycan Respublikası İnzibati Prosessal Məcəlləsi ilə müəyyən edilmiş iddia ərizəsinin məhkəməyə verilməsi müddəti iddiaçının təqsiri olmadan buraxılmışdır. Belə ki, bu məsələni məhkəmə müdaxiləsi olmadan həll etmək məqsədilə iddiaçıya başqa torpaq sahəsinin ayrılaraq verilməsinə dair ərizə ilə cavabdehə 27.01.2020-ci il tarixində müraciət olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş, cavabdehin 05.02.2020-ci il tarixli 36 nömrəli cavab məktubunda göstərilmişdir ki, məsələnin araşdırılması üçün vətəndaş A.Nəhmədovaya sənədlərinin cavabdehə təqdim etməsi rəsmi bildirilmiş, vətəndaş sənədləri təqdim etdikdən sonra həmin yerə naturada və sənəd üzrə baxış keçiriləcək, bu barədə iddiaçıya bildiriləcəkdir. Bu səbəbdən, cavabdeh tərəfindən ərizəyə mahiyyəti üzrə baxılaraq, nəticəsi barədə məlumat verilməsini gözləmişdir. Lakin cavabdeh tərəfindən bu məsələnin həlli ilə bağlı hər hansı bir məlumat verilməmişdir. Pandemiya ilə bağlı bir çox sahələrdə məhdudiyyətlərin və qadağaların tətbiq edilməsi də məhkəməyə vaxtında müraciət etməyə imkan verməmişdir. Qeyd olunanlara əsasən, prosessual müddətin iddiaçının təqsiri olmadan buraxıldığını və bu səbəbdən buraxılmış prosessual müddətin bərpa edilməsini əsaslı və qanuni hesab etdiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdehin 09.09.2021-ci il tarixli məktubunda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi və müddətin bərpa olunması barədə ərizəyə uyğun izahat vermiş, iddianın mümkün sayılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçının qəbul olunmasını tələb etdiyi torpaq sahəsinin verilməsi barədə qərar «İnzibati icraat haqqında» AR Qanununun 2-ci maddəsi anlamında inzibati aktdır. İPM-in 2.2.2-ci maddəsinə görə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu baxımdan, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.2, 33.1, 33.2, 35.1). İşdən müəyyən edilir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən 05.02.2020-ci il tarixdə imtina verilməsi mübahisəsiz haldır. İPM-in 38.2-ci maddəsinə görə, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsi iddiaçının nümayəndəsi tərəfindən 11 fevral 2021-ci il tarixdə imzalanmaqla, məhkəməyə göndərilməsi üçün poçta təhvil verilmişdir. İddia ərizəsi, digər iş materialları və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlardan və təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iddiaçı cavabdehin 05.02.2020-ci il tarixli imtinasından artıq 2020-ci ilin fevral ayından məlumatlı olmuşdur. İddiaçının nümayəndəsi buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsində də bu faktı təkzib etməmişdir. Bu da o deməkdir ki, iddiaçı hazırkı iddia ilə bağlı məhkəməyə müraciət edilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddəti ötürmüşdür. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçının nümayəsinin izahatında cavabdehin imtinasını 2020-ci ildə aldıqlarını bildirməsindən və dəqiq tarix qeyd etməməsindən çıxış edərək, imtinadan ilin son günündə məlumat alındığı nəzərə alınaraq, müddət iddiaçı tərəfindən ilkin olaraq iddia ərizəsinin poçta təqdim edildiyi 11.02.2021-ci il tarixədək hesablansa belə, qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürüldüyü müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh İsmayıllı bələdiyyəsinə qarşı “əlindən alınmış 0,06 ha həyətyanı torpaq sahəsinin əvəzinə, ona İsmayıllı şəhəri ərazisində yerləşən başqa 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı müvafiq qərarın qəbul olunması, habelə həmin torpaq sahəsinin naturada təhvil verilməsi barədə cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar