Məhkəmə qərarları › İş №2-1(116)-603/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-603/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-603/2020 09.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxxx 1973-cü ildə Yevlax rayonu Havarlı kəndində anadan olmuşdur. Hazırda da həmin kənddə yaşayır. İddiaçı 1991-1996-cı illər ərzində Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda döyüşmüşdür. Hazırda o da bir Azərbaycan vətəndaşı olaraq müharibə iştirakçıları üçün verilmiş imtizaylardan istifadə etmək istəyir. İddiaçı bu baxımdan da bir neçə dəfə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, onun aidiyyatı qurumuna müraciət edərək müharibə veteranı statusunun və vəsiqəsinin iddaçıya verilməsini istəmişdir. O, 1991-1996-cı illər ərzində Qarabağ müharibəsində iştirak etmiş (xüsusilə Ağdam rayonu ərazisində) vətənimizin azadlığı uğrunda şərəflə döyüşmüşdür. Bununla bağlı sübut və şahidləri də var. Lakin Nazirliyin 19 dekabr 2019-cu il tarixli məktubu ilə ona müharibə veteranı adını və vəsiqəsini verməkdən imtina etmişdir. Ona görə də o, bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək istəyir. Buradan onun istəyi ona qanun, haqqının verilməsidir. Başqa heç niyyət və istəyi yoxdur.Hesab edir ki, o Azərbaycan dövlətinin vətəndaşı olaraq bu döyüşlərdə iştirak edən bir şəxs olaraq onun da haqqı var ki, bu imtiyaz və statuslardan istifadə etsin. Cavabdehin etirazının dəlilləri: Arxiv arayışından görünür ki, iddiaçı 02.07.1992-ci ildən 04.07.1996-cı ilə kimi N nömrəli hərbi hissədə hərbi xidmət keçmiş, ancaq həmin dövrdə hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində onun döyüş bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmamışdır. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli ş/v-nin təsdiqlənmiş surəti, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 19.12.2019-cu il tarixli 1/2-18249 nömrəli imtina məktubu, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 26.12.2018-ci il tarixli 9/2-21124 nömrəli, 26.12.2018-ci il tarixli 9/2- 21124 və 30.09.2018-ci il tarixli 9/2-4916 nömrəli arxiv arayışlarının təsdiqlənmiş surətləri, Azərbaycan Respublikasının Prokurorluğu Qarabağ Hərbi Prokurorluğunun 18.02.2020-ci il tarixli 16/653 nömrəli məktubu, Şəki Şəhər Rayon Polis Şöbəsinin 20.02.2020-ci il tarixli 189-4514-1220 nömrəli məktubu,Azərbaycan Respublikasının Prokurorluğu Füzuli Hərbi Prokurorluğunun 06.03.2020-ci il tarixli 17/952 nömrəli məktubu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 04.03.2020-ci il tarixli 11/1362 nömrəli etirazı, aiddir.Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 26.12.2018ci il tarixli 5/2-21124 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin 02.07.1992-ci il tarixli 3 №-li nizami hissə üzrə əmrində xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş, sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Müdafiə nazirinin 24.06.1996-cı il tarixli müvafiq əmrinə əsasən ehtiyyata tərxis olunduğu üçün avtomobil bölüyünün bölmə komandiri çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin 04.07.1996-cı il tarixli 157 nömrəli nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Yevlax RHK-na göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin 02.07.1992-10.05.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilməmişdir. İşdə olan 04.03.2020-ci il tarixli 11/362 nömrəli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin məktubundan görünür ki, iddiaçı 02.07.1992-ci ildən 04.07.1996-cı ilə kimi N nömrəli hərbi hissədə hərbi xidmət keçmiş, ancaq həmin dövrdə hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində onun döyüş bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün döyüş əməliyyatlarında iştirak etdiyini sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının döyüşlərdə iştirak etməsisübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar