Məhkəmə qərarları › İş №2-1(116)-603/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-603/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-603/2021 01.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “İsmayıllı rayon İsmayıllı kənd sakini olmuş, 24 iyun 2020-ci il tarixdə vəfat etmiş X1 ilə arasında 01 avqust 2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə 2019-cu ilin sentyabr ayından xitam verilmiş hesab edilərək həmin müqavilənin sistemdən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi Təsviri hissə : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı rayon İsmayıllı kənd sakini olmuş, 24 iyun 2020-ci il tarixdə vəfat etmiş X1 ilə arasında 01 avqust 2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə 2019-cu ilin sentyabr ayından xitam verilmiş hesab edilərək həmin müqavilənin sistemdən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum qardaşı sağlığında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və onu 01 avqust 2010-cu il tarixli əmək müqaviləsinə əsasən usta köməkçisi kimi vaxtamuzd olaraq işə götürmüşdür. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan qardaşı X1 16 iyun 2020-ci il tarixdə vəfat etmişdir. Qardaşı hələ sağlığında 2019-cu ilin sentyabr ayında sahibkarlıq fəaliyyətini dayandırmaqla VÖEN-i bağlatmışdır. Lakin onu işdən azad etməmiş, adı formal olaraq işləyən şəxs kimi sistemdə qalmışdır. O, adının işçi kimi sistemdən silinməsi barədə cavabdeh təşkilata müraciət etmiş, həmin təşkilatın nümayəndəsi ona ərizəsi ilə bağlı telefon vasitəsi ilə zəng vuraraq adının onlar tərəfindən sistemdən silinməsinin mümkün olmadığını, bunun üçün məhkəməyə müraciət edilməli olmasını bildirmişdir. Lakin o, bu imtinanı rəsmi şəkildə ona çatdırılmasını xahiş etdikdən sonra ona 24 sentyabr 2020-ci il tarixli məktub göndərilmiş, həmin məktubda imtinanın səbəbləri göstərilməmiş, onunla telefon əlaqəsi saxlandığı və ona müvafiq tövsiyyənin verildiyi bildirilmişdir. Beləliklə də, cavabdeh təşkilat tələbini təmin etməmişdir. Hesab edir ki, cavabdeh təşkilatın hərəkətsizliyi tamamilə əsasızdır. Belə ki, onun adında olan işə qəbul əmri cavabdeh təşkilat tərəfindən sistemdən silinməlidir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsindən də göründüyü kimi İddiaçı ilə işəgötürən arasında xitam verilməmiş əmək müqaviləsi mövcuddur. Belə olan halda iddiaçı ilk növbədə sözügedən əmək müqaviləsinin xitamı və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsinin işəgötürənə həvalə edilməsi ilə əlaqədar aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrə müraciət etməlidir. Buna baxmayaraq əmək müqaviləsinin xitam verilməsi ilə bağlı tələb fərdi əmək mübahisəsi olduğu və bu mübahisə mülki xarakter daşıdığı halda iddiaçı qeyd olunan mübahisə öz həllini tapmamış birbaşa inzibati məhkəməyə müraciət etmiş, bununla da, məhkəmə aidiyyəti normalarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələblər Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Bununla yanaşı əmək müqaviləsininin elektron informasiya sistemindən çıxarılması və ya etibarsız hesab edilməsi kimi öhdəliklərin Xidmətin üzərinə qoyulması tələbi qanunvericiliyinin tələblərinə uyğun deyil. İddiaçının da bildirdiyi İddiaçı ilə işəgötürən arasında bağlanılmış, qüvvədə olan, xitam verilməmiş əmək müqaviləsi mövcud olduğu məlumdur. Qanunvericiliyə əsasən həmin müqavilə işəgötürən ilə işçi arasında müvafiq qaydada və ya məhkəmə qaydasında xitam verilməli və bundan sonra əmək müqaviləsinə xitam verilməsi barədə elektron sistemdə işəgötürən tərəfindən müvafiq qeydlər aparılmalıdır. Qeyd olunanları və iddiaçının tələbinin Xidmətin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə hazırki iddia tələbinin mümkünsüzlüyü ilə bağlı məhkəmənin mövqeyinə münasibət bildirilməsi üçün 28.04.2021ci il tarixdə 10 (on) gün müddətində vaxt təyin edilməklə iddiaçıya yardım məktubu göndərilmişdir. İddiaçı tərəfindən yardım məktubu 06.05.2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq məhkəmənin mövqeyinə münasibət bildirilməmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 17.10.2014-cü il tarixli xxxxxxx000100 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi, - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 24.09.2020-ci il tarixli **********4 nömrəli məktubu, - AZ-İİ seriyalı 111913 nömrəli Ölüm haqqında Şəhadətnamənin təsdiqlənmiş surəti, - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 01.03.2021-ci il tarixli **********485000 nömrəli məktubu, - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 15.03.2021-ci il tarixli **********0 nömrəli etirazı. Əsaslandırma hissəsi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “İsmayıllı rayon İsmayıllı kənd sakini olmuş, 24 iyun 2020-ci il tarixdə vəfat etmiş X1 ilə arasında 01 avqust 2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə 2019-cu ilin sentyabr ayından xitam verilmiş hesab edilərək həmin müqavilənin sistemdən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş, 17.10.2014-cü il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X1 ilə İddiaçı arasında 01.08.2010-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş, AZ-İİ seriyalı 111913 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X1 16.07.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 01.03.2021-ci il tarixli **********485000 nömrəli məktubundan görünür ki, İddiaçı (VÖEN **********) 09 iyun 2006-cı il tarixində fiziki şəxs kimi vergi uçotuna alınmışdır. Vergi ödəyicisinin 08 yanvar 2019-cu il tarixli ərizəsinə əsasən vergi orqanında fəaliyyəti həmin tarixdə dayandırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsində isə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həllinin fərdi əmək mübahisələrinin predmetinə aid olduğu qeyd edilmişdir. Həmin Məcəllənin 289-cu maddəsinə əsasən fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. Məcəllənin 294-cü maddəsinin 1-ci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin yuxarıda sadalanan normalarının təhlilindən göründüyü kimi işəgötürənlə işçi arasında əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı yaranan mübahisələr fərdi əmək mübahisələri hesab olunur və bu mübahisələrdə bir tərəf işəgötürən, digər tərəfin isə işçi və ya onun müvəkkil etdiyi şəxsdir. Bu isə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün birinci növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olmasının müəyyən edilməsi baxımından əhəmiyyətlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarı). Bununla yanaşı qeyd edilməlidir ki, hazırkı iş üzrə cavabdeh qismində qoyulan orqan inzibati orqan statusuna malik olmuş olsa da, lakin nəzərə alınmalıdır ki, hazırkı mübahisə publik hüquq münasibətlərindən deyil, xüsusi mülki hüquq münasibətlərindən, yəni, əmək hüquq münasibətlərindən irəli gəlmişdir. Odur ki, publik hüquqla tənzimlənmir. Cavabdehin iddiaçı barəsində bağlanmış əmək müqaviləsinin elektron sistemdən silməsi, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsindən sonra mümkündür. Hazırki iş üzrə işəgötürən X1 vəfat etdiyindən və müvafiq məlumatların onun tərəfindən elektron sistemə daxil edilməsi mümkün olmadığından iddiaçı əmək müqaviləsinə xitam verilmiş hesab olunması ilə bağlı xüsusi icraat qaydasında ümumi rayon məhkəməsinə müraciət etməlidir. Belə ki, MPM-nin 307.2.11-ci maddəsində məhkəmənin qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxdığı təsbi edilmişdir. Əmək Məcəlləsinin 74-cü maddəsindən görünür ki, tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarında işçinin vəfat etməsi halı qeyd olunmasına baxmayaraq, həmin maddədə işəgötürənin vəfat etməsi halında əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmamışdır. İddia tələbinin “Əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi” ilə bağlı hissəsi hüquqi həllini tapdıqdan sonra, iddiaçı hazırki iş üzrə cavabdehdən əmək müqaviləsinin elektron sistemdən silinməsini tələb edə, sonuncunun hərəkət və hərəkətsizliyindən inzibati qaydada məhkəmə şikayət verilə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən xüsusatlar əmək hüquq münasibətlərindən irəli gəldiyindən, hazırkı mübahisəyə inzibati icraat qaydasında inzibati məhkəmədə deyil, mülki icraat qaydasında ümumi məhkəmədə baxılmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “İsmayıllı rayon İsmayıllı kənd sakini olmuş, 24 iyun 2020-ci il tarixdə vəfat etmiş X1 ilə arasında 01 avqust 2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə 2019-cu ilin sentyabr ayından xitam verilmiş hesab edilərək həmin müqavilənin sistemdən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar