Məhkəmə qərarları › İş №2-1(116)-606/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-606/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-606/2020 05.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1968-ci ildə Zaqatala rayonu Aşağı Çardaxlar kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 1992-ci ilin iyul ayında Zaqatala Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmışdır. O, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Bundan sonra o, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və xx.xx.1995-ci il tarixli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçı hərbi xidmətdən tərxis olunması barədə əmr aşkar edilməmişdir. İddiaçı hərbi xidmətdən qanuni əsaslarla tərxis olunma faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(033)-810/2019-cu il nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-3131/2019 nömrəli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-810/2019-cu il nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin sonuncu bundan imtina etmiş və xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığından müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün deyildir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993cü il tarixli 1N nömrəli əmrinə əsasən, hərbi hissəyə daxil olmuş, hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 27 nömrəli əmrinə əsasən, şəxsi heyət sırasından çıxarılmışdır. N nömrəli hərbi hissənin tərkibində Ağdam rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli 11/N26 nömrəli etirazında bildirmişdir ki, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə Müdafiə Nazirliyinin xx.xx.1994-cü il tarixli müvafiq əmrinə əsasən, hərbi hissənin xx.xx.1995-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Cavabdeh həmin etirazında işə iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə şifahi məhkəmə baxışı cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirildi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissədə xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək hərbi xidmətdə olmaqla Ağdam rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. - İşdə olan, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)- 1073/2018-ci il nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə X2 eyni şəxs olması və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 9/2- 13232 nömrəli və xx.xx.2018-ci il tarixli 9/2-4177 nömrəli arxiv arayışlarında olan məlumatların İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli imtina məktubundan görünür ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığından iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün deyildir. - İşdə olan, Şəki ŞRPŞ-nin xx.xx.2020-ci il tarixli 189-4680-1120 nömrəli məktubu ilə göndərilmiş tələbnamədən görünür ki, iddiaçının barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 11/N26 nömrəli etiraz məktubundan görünür ki, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə Müdafiə Nazirliyinin xx.xx.1994-cü il tarixli müvafiq əmrinə əsasən, hərbi hissənin xx.xx.1995-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırkı iddia məcburetmə haqqında olmaqla mümkün iddiadır. Lakin aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etmədi. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində deyilir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin dördüncü bəndində deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissədə xidmət etməsi faktına əsaslana bilər. Lakin iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Yuxarıda istinad edilən Əsasnamənin tələbinə görə, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Normanın məzmununda aşkar olaraq göstərilir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. İddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur. X3 Məcəllənin 33.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər N gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan N gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən N gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar