Məhkəmə qərarları › İş №2-1(116)-608/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-608/2024

10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-608/2024 10.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “etibarnamə olmadan X3 təkrar doğum haqqında şəhadətnaməsinin iddiaçıya veriməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəxsiyyət vəsiqəsi olmadan X3 doğum haqqında şəhadətnaməsinin təkrar veriməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 10 yanvar 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “etibarnamə olmadan X3 təkrar doğum haqqında şəhadətnaməsinin iddiaçıya veriməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı X9 ilə arasında 12 aprel 1986-ci il tarixdə Şəki rayonu Kiçik Dəhnə kənd İcra Nümayəndəliyində 28 nömrə ilə nikahlarını rəsmiləşdirilməklə ailə həyatı qurmuşdur.Birgə nikahdan 3 övladları dünyaya gəlmişdir. Övladlarından biri X6 02 iyul 1990-cı il tarixdə anadan olub. 15 aprel 1991-ci il tarixdə ona XİV-JQ 468292 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Lakin bu günədək şəxsiyyət vəsiqəsi ala bilməmişdir. İddiaçı X4 yenidən doğum haqqında şəhadətnaməsinin verilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Lakin oradan mənə məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Cavabdeh iddia tələbinə münasibətində bildirmişdir ki, X2 şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmədiyi üçün onun özünə, İddiaçı adına notarial qaydasında təsdiq olunmuş etibarnaməsi olmadığına görə onun təkrar doğum haqqında şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. Şəki şəhər İcra Hakimiyyəti Başçısının Kiçik Dəhnə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışı.

3. Şəki şəhər İcra Hakimiyyəti Başçısının Kiçik Dəhnə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1966-cı il tarixli İddiaçı Şəki rayonu Kiçik Dəhnə kəndində yaşayır və X6 ailə tərkibinə daxildir.

4. Şəki şəhər İcra Hakimiyyəti Başçısının Kiçik Dəhnə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 1990-cı il tarixli X6 ərdə olması səbəbi ilə Quba rayonunda yaşayır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2-521/2023 nömrəli məktubuna əlavə edilmiş iddiaçı barəsində çıxarışdan görünür ki, iddiaçının qızının adı “İlahə”, soyadı “İsmayılova”, ata adı “Elxan”, doğulduğu yer Şəki rayonu Kiçik Dəhnə kəndi, doğulduğu il xx.xx.1990-cı il, anası İddiaçı göstərilmişdir.

6. xx.xx.1991-ci il tarixli 90 nömrəli doğum aktı qeydinin surətindən görünür ki, iddiaçının, adı “İlahə”, ata adı “Elxan” soyadı “İsmayılova”, doğum tarixi “ xx.xx.1990-cı il” kimi qeyd edilmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldığı üçün məhkəməyə iddia vermişdir. İddianın qaldırılmasında iddiaçının hüquqi marağı şəxsiyyət vəsiqəsinin alınması üçün zəruri olan, qızı X7 barəsində təkrar doğum haqqında şəhadətnamənin cavabdeh tərəfindən ona verilməsinə nail olmaqdır. Hazırkı halda haqqında təkrar şəhadətnamə tələb edilən xx.xx.1990-cı il təvəllüdlü X3 anası İddiaçı şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin ona verilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından, iddiaçının hüquqi marağını nəzərə alaraq, tələbini – xx.xx.1990-cı il təvəllüdlü X3 doğum haqqında təkrar şəhadətnaməsinin etibarnamə olmadan iddiaçıya verilməsi kimi qəbul edir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Yuxarıda sadalanan qanuvericiliyin tələblərindən göründüyü kimi, təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edə bilər. Maraqlı şəxslər dedikdə isə yalnız barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özləri nəzərdə tutulmur. Belə ki, Qaydaların 9.3.3-cü bəndinə əsasən, təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı göstərilməsi ona dəlalət edir ki, maraqlı şəxs dedikdə tək şəxsin özü deyil haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin əri, arvadı, atası, anası, uşaqları, bacıları, qardaşları və sair şəxslər də müraciət edə bilərlər. Cavabdeh inzibati orqan müraciətin təmin olunmasından imtinasını iddiaçının notarial qaydada təsdiq edilmiş etibarnaməyə malik olmaması, həmçinin, İlahə İsmayılovanın şəxsiyyət vəsiqəsinin olmaması ilə izah etmişdir. İşin hallarından göründüyü kimi müvafiq etibarnamənin verilməsi üçün X3 şəxsiyyət vəsiqəsi olmalıdır ki, hazırki mübahisə də məhz onun şəxsiyyət vəsiqəsinin olmaması ilə bağlı yaranmışdır. X3 şəxsiyyət vəsiqəsi olmadığından onun iddiaçıya etibarnamə vermək imkanı ümumiyyətlə yoxdur. Qanunvericilik şəhadətnamələrin notarial qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilməsini nəzərdə tutsa da, qeyd olunmalıdır ki, hazırki mübahisə üzrə müvafiq etibarnamənin mövcudluğu iddiaçının və qızı X3 hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından əhəmiyyətlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları onu deməyə əsas verir ki, İlahə İsmayılova barəsində təkrar doğum haqqında şəhadətnamənin iddiaçıya verilməsi birbaşa iddiaçının və qızının hüquqi marağına xidmət edir. Məhkəmə araşdırması zamanı iddiaçının X3 anası olması öz təsdiqini tapmışdır. X7 barəsində tərtib olunmuş doğum haqqında akt qeydində “ana haqqında məlumat” qrafasında “X1” yazılmışdır.Əhalinin dövlət reyestrindən çıxarış məlumatlarıəndan görünür ki,elektron bazada uşağın ana adı doğru olaraq İddiaçı kimi qeyd olunmuşdur.İddiaçının qeydiyyatda olduğu Şəki ŞİHB-nın Kiçik Dəhnə KİƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X1 və İddiaçı eyni şəxsdir.Göründüyü kimi iddiaçının adı Zümrüd olduğu halda doğum haqqında akt qeydində yanlış olaraq “Məlahət” kimi qeyd edilmişdir.İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə prosessual qənaət prinsipi baxımından yanaşan məhkəmə hesab edir ki, X7 barəsində tərtib olunmuş xx.xx.1991-ci il tarixli 90 nömrəli Doğum aktı qeydinin “ana haqqında məlumat” qrafasında “Məlahət” sözü “Zümrüd” olaraq düzəldilməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Şəki Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin üzərinə notariat qaydasında təsdiq olunmuş etibarnamə olmadan X4 təkrar Doğum haqqında şəhadətnamənin anası İddiaçı veriməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar