Məhkəmə qərarları › İş №2-1(116)-609/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-609/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-609/2022 05.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil Mirmurad oğlunun iştirakı ilə, İddiaçı X1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “özünə məxsus 0.05 ha torpaq sahəsinin üzərində olan qeyri-yaşayış binası üzərində (“Nigar” şadlıq evi) vahid daşınmaz əmlak obyekti kimi mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddiaçıya məxsus qeyri yaşayış binasının (“Nigar” şadlıq evi) yerləşdiyi torpaq sahəsi ilə birgə, vahid daşınmaz əmlak obyekti kimi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 05.05.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, məhkəmə iclasında, tələbini dəqiqləşdirərək, “özünə məxsus 0.05 ha torpaq sahəsinin üzərində olan qeyri-yaşayış binası üzərində (“Nigar” şadlıq evi) vahid daşınmaz əmlak obyekti kimi mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 05.05.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Qəbələ bələdiyyəsinin 21.07.2005-ci il tarixli 07 saylı qərarı ilə iddiaçıya 0.05 ha torpaq sahəsi satılmışdır. Qəbələ RİH başçısının 31.08.2005-ci il tarixli 165 №-li sərəncamı ilə iddiaçıya həmin torpaq sahəsi üzərində ticarət və iaşə xidməti obyektinin tikintisinə başlamağa icazə verilmiş, tikinti 2006-2012-ci illərdə həyata keçirilmiş, Qəbələ RİH tərəfindən 07.08.2019-cu il tarixdə tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi qeyd edilərək istismara qəbul edilmişdir. Bundan sonra iddiaçı, mülkiyyətində olan həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış obyektinin vahid daşınmaz əmlak obyekti kimi dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odurki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu mülkiyyətində olan torpaq sahəsinin ona Qəbələ bələdiyyəsinin qərarı əsasında satılması, 2012-ci ildə başa çatdırdığı tikilinin inşasına Qəbələ RİH tərəfindən icazə verilməsi, tikinti işləri başa çatdıqdan sonra isə istismara hazırlıq aktının alınması və istismara qəbul edilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazını qeyri-yaşayış binasının 8.4 kv.m hissəsinin iddiaçının mülkiyyətində olan 500 kv.m torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsi və qeyri-yaşayış binasının faktiki vəziyyətinin təqdim edilmiş layihədən fərqli olması ilə əsaslandırmış, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Qəbələ bələdiyyəsinin 21.07.2005-ci il tarixli 07 saylı iclas protokolundan çıxarışdan görünür ki, iddiaçıya ticarət obyekti tikmək üçün 0.05 ha torpaq sahəsi satılmışdır. - Qəbələ RİH başçısının 31.08.2005-ci il tarixli 165 №-li sərəncamından çıxarışdan görünür ki, Qəbələ şəhər sakini İddiaçı Qəbələ bələdiyyəsindən alqı-satqı yolu ilə aldığı 310 kv.m torpaq sahəsində ticarət və iaşə xidməti obyektinin tikintisinə başlamağa icazə verilmişdir. Əsas: Qəbələ bələdiyyəsinin 21.07.2005-ci il tarixli 07 saylı qərarı, 16.08.2005ci il tarixdə qeydə alınmış 274 saylı torpaqların alqı-satqısına dair akt, 08.08.2005-ci il tarixli 31 saylı ödəniş qəbzi. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət Reyestri, Tikinti obyektlərinə verilən koda dair şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən “Ticarət və ictimai iaşə obyekti” 001890 nömrə ilə, 22.04.2019-cu il tarixdə tikintilərin dövlət reyestrində qeydə alınmış və informativ və statistik xarakterli kod - 40601014-3-2501-001890/0419 – verilmişdir. - ünvan 1 ünvanında yerləşən “Ticarət və ictimai iaşə obyekti”-nin eskiz layihəsindən görünür ki, müvafiq layihə şəhərin baş memarı ilə razılaşdırılmışdır. - ********** qeydiyyat nömrəli, 25.04.2012-ci il tarixli Seriya MA ******* №-li çıxarışdan görünür ki, Qəbələ şəhərində yerləşən 0.05 ha torpaq sahəsi iddiaçının tam xüsusi mülkiyyətindədir. - 002886 №-li, 30.05.2019-cu il tarixli istismara hazırlıq aktından görünür ki, obyektin əsas göstəriciləri olaraq 2 mərtəbəli binanın ümumi sahəsi 907.5 kv.m, tikintialtı sahəsi 446 kv.m, həcmi 5730.0 kub.m, tikintinin başlanma tarixi 25.05.2006, qurtarma tarixi 15.09.2012-ci il qeyd edilmişdir. - 07.08.2019-cu il tarixli Ö/İİ-03/2019 №-li Tikinti obyektinin istismarına icazə sənədindən görünür ki, tikintialtı sahəsi 446 kv.m olan tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair nprmativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alınaraq 07.08.2019-cu il tarixdən “ünvan 2 ünvanında 2 mərtəbəli ticarət və iaşə xidməti” tikinti obyektinin istismarına icazə verilmişdir. - cavabdehin 27.01.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Cavabdehin iddia tələbinə qarşı dəlilləri - qeyri-yaşayış binasının 8.4 kv.m hissəsinin iddiaçının mülkiyyətində olan 500 kv.m torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsi və qeyri-yaşayış binasının faktiki vəziyyətinin təqdim edilmiş layihədən fərqli olması ilə bağlıdır. Məhkəmə aşağıda qeyd olunan əsaslara görə həmin dəlilləri əsassız hesab edir. İş materiallarından və iddiaçının tələbindən göründüyü kimi, iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin faktiki ölçüsü üzrə (yerləşdiyi torpaq sahəsi üzrə) deyil, mülkiyyətindəki 0,05 hektar torpaq sahəsi üzərində yerləşən hissəsinə birlikdə dövlət çıxarışının verilməsini tələb edir. Yəni, iddiaçı qeyri-yaşayış sahəsinin sənədində olan ölçüsünə uyğun çıxarış almaq istəyir, qeyri-yaşayış sahəsinin artıq ölçüsünün çıxarışa daxil edilməsi kimi iddiaçının tələbi yoxdur. Müvafiq torpaq sahəsinin iddiaçının mülkiyyətində olması və tikilinin 2013-cü ilədək (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək) inşa edilməsi işin mübahisəsiz halıdır (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-774/2020 nömrəli, 25.02.2020-ci il tarixli qərarı mövcuddur). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. İş materiallarından göründüyü kimi qeyri-yaşayış binasının eskiz layihəsi Qəbələ RİH-nin memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış, Qəbələ RİH tərəfindən həmin qeyriyaşayış binasının tikintisinə icazə verilmiş, həmçinin sonuncu tərəfindən tikili 07.08.2019cu il tarixdən istismara qəbul edilmiş və istifadəsinə icazə verilmişdir. İddiaçının, üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, iddiaçının inşa etdiyi tikili ilə bağlı istinad olunan Qanunun 8.0.9.2-ci maddəsində göstərilən tələblər yerinə yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə əsasən, yerli icra hakimiyyəti başçısı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Əsasnamənin 3.11.1-ci bəndinə əsasən, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. Formaya görə təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, hansı tarixdən tikinti obyektinin istismarına icazə verilməsi rayon icra hakimiyyətinin başçısına həvalə edilmişdir. İddia tələbinə etirazında cavabdeh, qeyri-yaşayış binasının faktiki vəziyyətinin təqdim edilmiş layihədən fərqli olmasını qeyd etsə də, buna dair məhkəməyə hər hansı sübutlar təqdim etməmişdir. Yuxarıda istinad olunan hüquq normalarından göründüyü kimi tikilinin layihəsinin təsdiq edilməsi və onun istismara qəbuluna razılıq verilməsi Qəbələ rayon İcra hakimiyyətinin səlahiyyətində olmuş və sonuncu 07.08.2019-cu il tarixli Ö/İİ-03/2019 №-li Tikinti obyektinin istismarına icazə sənədində tikinti altı sahəsi 446 kv.m olan tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini qeyd edərək onun istismarına icazə vermişdir. Beləliklə, həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək Qəbələ Rayon İcra Hakimiyyətinin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi Qəbələ Rayon İcra Hakimiyyəti sözügedən obyektin tikinti layihəsinə uyğun inşa edildiyini müəyyən etmiş və ötən müddət ərzində müvafiq sərəncam və digər sənədlər mübahisələndirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı işdə iddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən qeyriyaşayış sahəsi üzərində mlkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını zəruri edən şərtləri sübuta yetirsə də, cavabdeh müvafiq qeydiyyatın aparılmasından imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə tərəfindən iddiaçının ilkin tələbinə uyğun olaraq qeyri-yaşayış binasının 8.4 kv.m hissəsinin hansı subyektin mülkiyyətində olması ilə bağlı cavabdeh orqana sorğu verilmişdir. İddiaçı tərəfindən iddia tələbi dəyişdirildiyindən artıq həmin torpaq sahəsinin hansı subyektin mülkiyyətində olmasının araşdırılması və müvafiq subyektin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmçinin «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Eyni zamanda 15.2-ci maddədə qeyd olunmuşdur ki, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə iddiaçı X2 məxsus 0.05 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binası üzərində iddiaçının (“Nigar” şadlıq evi) vahid daşınmaz əmlak obyekti kimi mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar