Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-61/2020 19.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “01.03.1973-cü il tarixdən 22.06.1973-cü il tarixədək Mingəçevir Sürücülük məktəbində əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 06.03.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı pensiya yaşına çatdığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X5 rayon Şöbəsinə müraciət etmişdir. O, 1975-ci ildən 2005-ci ilədək qısamüddətli fasilələrlə müxtəlif müəssisələrdə əmək fəaliyyətində olmuşdur. Ümumi iş stajı 25 il 5 ay 3 gün təşkil edir. Qeyd olunan iş stajı ona təqdim olunmuş əmək kitabçasında öz əksini tapmışdır. Lakin X6 Kombinatının 1996-cı ilə dair əmr kitabları arxivə natamam təhvil verildiyindən ( Dövlət, arxivinin 18.04.2019-cu il tarixli, 151 saylı məktubu) onun 01 aprel 1996-cı il tarixdən 23 dekabr 1996-cı il tarixədək olan iş stajını müəyyən etmək mümkün olmamışdır. Son nəticədə həmin dövr iş stajına daxil edilmədiyindən və rəsmi olaraq 24 il 8 ay 15 gün sosial sığorta stajı qeydə alındığı üçün DSMF-nun Yevlax rayon Şöbəsi tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edildi və qeyd olunan halın başqa yolla aradan qaldırılmasının mümkün olmaması səbəbindən ona məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Onun 01 aprel 1996-cı il tarixdən 23 dekabr 1996-cı il tarixədək X2 İstilik Mərkəzində “Labarant” vəzifəsində (X6 Kombinatının adı 01 aprel 1996-cı il tarixdə dəyişdirilərək X3 adlandırılıb) əmək fəaliyətində olmağını şahidlər də təsdiq edə bilər. Qeyd olunan əmək stajı, əmək stajı kimi qəbul edilmədiyindən o, məhkəməyə müraciət edərək bu özbaşınalığa son qoyulmasını, qanunla müəyyən olunmuş işlədiyi illərin sosial sığorta stajına daxil edilərək əmək stajına aid edilməsini qanuni və əsaslı hesab edir. İddiaçı 26.11.2019-cu il tarixli iddianın dəyişdirilməsi barədə ərizə verərək, “01.03.1973-cü il tarixdən 22.06.1973-cü il tarixədək Mingəçevir Sürücülük məktəbində əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 26.11.2019-cu il tarixli qərardadı iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının izahatı: İddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin iddiaya münasibəti: İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğu üçün yaşa görə əmək pensiyası yaş həddinə 06.03.2019-cu il tarixdən etibarən malik olur. Lakin yaşa görə əmək pensiyası hüquq qazanmaq üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sosial sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sosial sığorta stajı olmalıdır. İddiaçı ümumi iş stajı 24 il 8 ay 15 gün təşkil edir. Odur ki, vətəndaşın bu stajına uyğun olaraq hesabında 17852.31 manat pensiya kapitalı yaranır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, 30.05.2019-cu il tarixli ********* nömrəli qəbz, Cavabdeh 16.04.2019-cu il tarixli **********4 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 18.04.2019-cu il tarixli 151 nömrəli, 20.06.2019-cu il tarixli 11/10 nömrəli arxiv arayışları, 18.04.2019-cu il tarixli 239 nömrəli, 08.06.1983-cü il tarixli arayışlar, 30.12.1975-ci il tarixli i və 01.10.1976-cı il tarixli ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçalarının təsdiqlənmiş surətləri, Cavabdeh 05.09.2019-cu il tarixli **********5 nömrəli, 25.06.2019-cu il tarixli **********1 nömrəli və 25.11.2019-cu il tarixli **********7 nömrəli məktubları, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Vergilər Baş İdarəsinin 05.09.2019-cu il tarixli **********592500 nömrəli və 26.09.2019-cu il tarixli **********302100 nömrəli məktubları, 15.03.2019-cu il tarixli aktın surəti, 21.11.2019-cu il tarixli ərizə, AAİİİ seriyalı, 741220 nömrəli sürücülük vəsiqəsinin surəti, ВД seriyalı 440188 nömrəli şəhadətnamənin surəti və əsli, 19.02.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirmə barəsində ərizə aiddir aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İddiaçının 01.03.1973-cü il tarixdən 22.06.1973-cü il tarixədək Mingəçevir Sürücülük məktəbində təhsil alması ВД seriyalı 440188 nömrəli şəhadətnamə ilə öz təsdiqini tapır və bu işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı təhsil müddətinin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, yaşa görə pensiya təyin olunması üçün tələb olunan 25 il sosial sığorta stajının tamamlanmasından ibarətdir. Qeyd olunan müddət daxil ediləcəyi təqdirdə onun ümumi iş stajı 25 ildən artıq olacaq. (ümumi iş stajı 24 il 8 ay 15 gün + 3 ay 22 gün təhsil müddəti = 25 il 7 gün) İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının 01.03.1973-cü il tarixdən 22.06.1973-cü il tarixədək Mingəçevir Sürücülük məktəbində əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı şöbəsinin üzərinə İddiaçı 01.03.1973-cü il tarixdən 22.06.1973-cü il tarixədək Mingəçevir Sürücülük məktəbində əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-61/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-61/2020
19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver