Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-61/2022 22.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin planölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində (Qəbələ şəhər bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş) göstərilən qaydada plan-ölçü sənədinin işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ şəhər bələdiyyəsi və Qəbələ rayon torpaq komitəsi tərəfindən verilmiş ilkin sənədlər əsasında onun həyətyanı torpaq sahəsinin yerinin dəqiq müəyyən edilərək, həmin torpaq sahəsinin texniki pasportunun sxeminin, xəritəsinin hazırlanmasını və yerin koordinatlarının düzgün təyin edib buna müvafiq olaraq yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində (Qəbələ şəhər bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş) göstərilən qaydada, faktiki yerləşmə vəziyyətinə uyğun koordinatlarla yeni planölçü sənədinin işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(116)-783/2021 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək, mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində (Qəbələ şəhər bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş) göstərilən qaydada plan-ölçü sənədinin işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Qəbələ şəhərində yerləşən 0.06 ha yaşayış məntəqəsi torpaqları təyinatlı həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2008-ci ildə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Bundan sonra iddiaçı həmin plan-ölçü sənədinin faktiki koordinatlara uyğunlaşdırılması tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmə iclasında iddiaçı, iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, iddiaçının müraciəti əsasında ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunmuşdur. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddia olunan torpaq sahəsi ərazi idarəsində mövcud olan elektron baza məlumatlarına görə kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsinə AİKnın qərarı əsasında başqa vətəndaşların adına Dövlət Aktı hazırlanmışdır. İddiaçının adına dövlət reyestrindən verilmiş çıxarış və plan ölçü sənədində göstərilən torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsindən tamamilə kənarda başqa ərazidə yerləşir. Qeyd edilən torpaq sahəsi Dövlət qeydiyyatına alınan zaman həmin torpaq sahəsi boş ərazi olmuş, sonradan həmin torpaq sahəsində yüksək gərginlikli elektrik xətləri üçün ötürücü qüllə inşa edilmişdir. Ona görə də iddiaçı sənəd üzrə yerdən imtina edir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (reyestr nömrəsi **********13) görünür ki, Qəbələ şəhərində yerləşən 0.06 ha yaşayış məntəqəsi torpaqları təyinatlı həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2008-ci ildə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindən (reyestr nömrəsi **********13) görünür ki, döngə nöqtələri: X - 234703,17, 234718.01, 234697.72, 234682.89, Y- 4539370.37, 4539356.95, 4539334.85, 4539348.27 qeyd edilməklə 0.06 ha torpaq sahəsinin 1:500 miqyasında cizgisi tərtib edilmişdir. - Qəbələ rayon Qəbələ bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 nömrəli qərarından görünür ki, X5 fərdi yaşayış evi tikmək məqsədilə 0.06 ha torpaq sahəsi satılmışdır. - A000556 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Qəbələ bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 nömrəli qərarı ilə satılmış 0.06 ha torpaq sahəsinə dair döngə nöqtələri: X – 234450.32, 234485.16, 234444.87, 234430.04, Y- 4539190.08, 4539176.66, 4539154.56, 4539167.98 qeyd edilməklə 0.06 ha torpaq sahəsinin 1:1000 miqyasında planı tərtib edilmişdir. - Seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (reyestr nömrəsi **********13) görünür ki, Qəbələ şəhərində yerləşən 0.06 ha yaşayış məntəqəsi torpaqları təyinatlı həyətyanı torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2007-ci ildə tərtib edilmiş Daşınmaz Əmlakın Pasportundan (reyestr nömrəsi **********13) görünür ki, döngə nöqtələri: X - 234703,17, 234718.01, 234697.72, 234682.89, Y- 4539370.37, 4539356.95, 4539334.85, 4539348.27 qeyd edilməklə 0.06 ha torpaq sahəsinin 1:500 miqyasında cizgisi tərtib edilmişdir. - Qəbələ bələdiyyəsi və DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yerquruluşu sənədindən görünür ki, ayrılmış torpaq sahəsinin 311 nömrəli konturda yerləşməsi qeyd edilməklə 1:2000 miqyasda planı tərtib edilmişdir. - xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, X2 MH ******* saylı çıxarışa əsasən Qəbələ şəhər ərazisində yerləşən 0.06 ha torpaq sahəsini İddiaçı satmışdır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir:
1. Qəbələ bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 saylı qərarı ilə X1 0.06 ha torpaq sahəsinə dair ləğv edilmiş DT və XK Qəbələ rayon şöbəsi tərəfindən A 000556 nömrəli plan-ölçü sənədi tərtib edilmişdir. Həmin plan ölçü sənədində qeyd olunmuş koordinatlara əsasən torpaq sahəsi baza məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar daxilində yerləşir və uqodiyası əkindir. Faktiki olaraq isə digər vətəndaşın istifadəsində olan (daxilində fərdi yaşayış evi vardır və həyətyanı torpaq sahəsi kimi istifadə olunur) torpaq sahəsi ilə üst-üstə düşür.
2. Qəbələ bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 saylı qərarı ilə X1, DT və XK Qəbələ rayon şöbəsi tərəfindən tərtib edilmiş A 000556 nömrəli plan-ölçü sənədində göstərilən 0.06 ha torpaq sahəsinin koordinatları ilə X4 adına xx.xx.2007-ci il tarixdə **********13 reyestr nömrəsi ilə tərtib edilmiş “Daşınmaz Əmlakın pasportunda” göstərilən torpaq sahəsinin koordinatları üst-üstə düşmür.
3. X4 adına xx.xx.2007-ci il tarixdə **********13 reyestr nömrəsi ilə tərtib edilmiş “Daşınmaz Əmlakın pasportunda” göstərilən torpaq sahəsinin koordinatları ilə İddiaçı adına xx.xx.2008-ci il tarixdə **********13 reyestr nömrəsi ilə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin koordinatları üst-üstə düşür.
4. iddiaçının iddia etdiyi 0.06 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq, uqodiyası isə əkindir. Faktiki olaraq torpaq sahəsi 0.0673 hektardır. Torpaq sahəsi hər tərəfdən daş hasarla hasarlanmışdır və digər vətəndaş tərəfindən istifadə olunur.
5. iddiaçının iddia etdiyi və naturada ölçülmüş torpaq sahəsinin koordinatları ilə Qəbələ rayon Qəbələ bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 11 saylı qərarı ilə X1 0.06 ha torpaq sahəsinə dair Dilarəm Faykovanın adına xx.xx.2007-ci il tarixdə **********13 reyestr nömrəsi ilə tərtib edilmiş “Daşınmaz Əmlakın pasportunda” və xx.xx.2008-ci ildə İddiaçı adına **********13 reyestr nömrəsi ilə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin koordinatları üst-üstə düşmür. - cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
Əsaslandırma hissəsi:
Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-). Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə:
3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: (-); 3.0.23. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; (-). Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:
3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: (-); 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; (-); 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; (-). İş materiallarından görünür ki, Qəbələ rayon Qəbələ bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 nömrəli qərarı ilə X5 fərdi yaşayış evi tikmək məqsədilə 0.06 ha torpaq sahəsi satılmış və satılmış torpaq sahəsinin ilkin yeruquruluşu sənədi və A000556 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla həmin torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2007-ci ildə Daşınmaz Əmlakın Pasportu tərtib edilmişdir. xx.xx.2008-ci il tarixli müqavilə ilə X3 MH ******* saylı çıxarışa əsasən Qəbələ şəhər ərazisində yerləşən 0.06 ha torpaq sahəsini İddiaçı satmış və seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 0.06 ha yaşayış məntəqəsi torpaqları təyinatlı həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı Dilarəm Faykovaya faktiki olaraq ayrılmış, A 000556 nömrəli plan-ölçü sənədində göstərilən 0.06 ha torpaq sahəsinin koordinatlarının xx.xx.2007-ci ildə Daşınmaz Əmlakın Pasportunda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşməməsi, həmçinin, iddiaçının adına xx.xx.2008-ci ildə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin, xx.xx.2007-ci ildə tərtib edilmiş Daşınmaz Əmlakın Pasportunda qeyd edilmiş torpaq sahəsinin koordinatlarına uyğun tərtib edilməsi müəyyən edilmişdir. Beləliklə, xx.xx.2007-ci ildə Daşınmaz Əmlakın Pasportunda qeyd edilmiş torpaq sahəsində, torpaq sahəsinin koordinatları A 000556 nömrəli plan-ölçü sənədində göstərilən 0.06 ha torpaq sahəsinin koordinatlarına uyğun olmamaqla yanlış tərtib edilmiş, bu isə son nəticədə xx.xx.2008-ci ildə iddiaçının adına tərtib edilmiş plan-ölçü sənədində də, torpaq sahəsinin koordinatlarının düzgün qeyd edilməməsinə səbəb olmuşdur. Cavabdeh orqan Dilarəm Faykovaya satılmış torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı olduğu qeyd edilsə də, nəzərə alınmalıdır ki, seriya MH ******* nömrəli və Seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları təyinatlı həyətyanı torpaq sahəsi olaraq qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
48. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” İddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqanda onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. İddiaçının torpaq sahəsinə hüquqları qeydə alınmışdır, bu barədə mübahisə və iddiaçının müraciəti olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, yuxarıda sadalanan Əsasnamələrin tələbinə görə belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək xidmətin vəzifələrinə aid edilmişdir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-84/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe). İddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi ilə, Dilarəm Faykovaya satılmış və sonradan iddiaçının alqı-satqı qaydasında əldə etdiyi torpaq sahəsinin yerləşmə yeri fərqli olduğundan və iddiaçı, Qəbələ bələdiyyəsi və DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yerquruluşu sənədi əsasında həmin torpaq sahəsinin naturada ölçülməsini tələb etdiyindən, işdə olan, ilkin yeruquruluşu sənədinin - Qəbələ bələdiyyəsi və DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yerquruluşu sənədinin coğrafi yerləşmə vəziyyəti nəzərə alınmaqla, uyğun gəldiyi torpaq sahəsi ilə bağlı məlumatın verilməsi və iddia olunan torpaq sahəsinin və A000556 nömrəli plan-ölçü sənədində göstərilən torpaq sahəsinin kənd təsərrüfatına yaralı, yararsız və ya az yararlı olması barədə Əmlak Məsələləri Dövlət Xidmətinə, eyni zamanda Dilarəm Faykovaya yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinin hazırda faktiki olaraq hansı subyektin istifadəsində olması və iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsinin Dilarəm Faykovaya yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi ilə eyni ərazi olub-olmamasına aydınlıq gətirilməsi üçün Qəbələ bələdiyyəsinə sorğu verilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğu cavablandırılmamış və Əmlak Məsələləri Dövlət Xidməti, ilkin təqdim edilmiş mütəxəssis rəyini məhkəməyə yenidən göndərmişdir. Qəbələ bələdiyyəsi isə sorğunu cavablandırmamışdır. Odur ki, müvafiq çöl-ölmə işlərinin aparılması məqsədilə cəlb edilmiş mütəxəssis məhkəmə iclasına dəvət edilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında mütəxəssis tərəfindən məhkəməyə təqdim edilmiş yerquruluşu planına, ilkin yerquruluşu sənədinə və mütəxəssis rəyinə baxış keçirilmiş və sorğuda qeyd edilmiş suallar cavablandırılaraq bildirilmişdir ki, Qəbələ bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 saylı qərarı ilə X1 0.06 ha torpaq sahəsinin naturada yeri – DT və XK Qəbələ rayon şöbəsi tərəfindən tərəfindən tərtib edilmiş A 000556 nömrəli plan-ölçü sənədi əsasında müəyyən edilmişdir. Belə ki, həmin sənəddə torpaq sahəsinin koordinatları və döngə nöqtələri qeyd olunmuşdur. İddiaçının istinad etdiyi ilkin yerquruluşu sənədində isə koordinatlar qeyd olunmamışdır və torpaq sahəsinin ayrılmasından ötən 16 il ərzində sözügedən ərazidə xeyli dəyişikliklər baş vermiş, tikililər inşa edilmiş, yol genişlənmişdir. Odur ki, hazırda faktiki olaraq sözügedən ərazi, təqdim edilən ilkin yeruquruluşu sənədi ilə müqayisədə xeyli dəyişikliklərə məruz qalmışdır. Həmin torpaq sahəsinə dair tərtib edilmiş A 000556 nömrəli plan-ölçü sənədində koordinatlar olduğundan torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etmək mümkündür. Qəbələ bələdiyyəsi və DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin ilkin yerquruluşu sənədində koordinatlar olmadığından, qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerini naturada tam dəqiqliklə müəyyən etmək mümkün olmasa da, həmin torpaq sahəsi A 000556 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerinə, yəni mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planındakı X - 739407.97, 739389.34, 739373.53, 739392.24, Y – 4538279.05,4538255.62, 4538267.99, 4538291.42 koordinatlarında yerləşən torpaq sahəsinə uyğun gəlir. Məhkəmə iclasında mütəxəssisin verdiyi izahatla ilkin yerquruluşu sənədində qeyd edilmiş torpaq sahəsinin yerləşmə yeri ilə bağlı suallar ətraflı cavablandırıldığından, Əmlak Məsələləri Dövlət Xidmətinə və Qəbələ bələdiyyəsinə verilmiş sorğuların cavablarının alınması zərurəti aradan qalxmışdır. Beləliklə, cavabdeh orqan tərəfindən iddiaçının mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə dair xx.xx.2008-ci ildə tərtib edilmiş plan-ölçü sənədində koordinatlar düzgün göstərilmədiyindən, yəni, qeyd edilmiş koordinatlar, A 000556 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerinə uyğun olmadığından, iddiaçı, ilkin yerquruluşu sənədlərinə istinad edərək torpaq sahəsinin plan-ölçü sənədinə düzəliş edilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. Qəbələ bələdiyyəsi və DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin ilkin yerquruluşu sənədində qeyd olunmuş 0.06 ha torpaq sahəsinin yerləşmə yeri -A000556 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsinə uyğun olduğundan, cavabdeh orqan A 000556 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerinə, yəni mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planındakı X - 739407.97, 739389.34, 739373.53, 739392.24, Y – 4538279.05,4538255.62, 4538267.99, 4538291.42 koordinatlarına uyğun olaraq plan-ölçü sənədinə düzəliş etməklə, yeni plan-ölçü sənədi tərtib etməlidir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İddiaçı mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin (Seriya MH 0009064, **********13 reyestr nömrəli) plan-ölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində (Qəbələ şəhər bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş) göstərilən qaydada plan-ölçü sənədinin işlənməsi öhdəliyi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.