Məhkəmə qərarları › İş №2-1(116)-61/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-61/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-61/2025 30.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12 qızının katibliyi, cavabdehin nümayəndəsi X1, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri ”PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “JN-0037 nömrəli Dövlət Aktında qeyd edilmiş 0,64 ha torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “dəymiş ziyanın ödənilməsi və Dövlət Aktı ilə verilmiş 2.16 ha torpaq sahəsində olan kəsir torpaq sahəsinin verilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X2, Məmmədova (Feyzullayeva) Günəş Paşa qızı və Məmmədova (Həsənzadə) Günel Paşa qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi baradə ərizə göndərərək, JN-0037 nömrəli Dövlət Aktında qeyd edilmiş 2,16 ha torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2436/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-61/2025 nömrəli qərardadı ilə iddiaçının faktiki istifadəsində olan 1,52 ha torpaq sahəsinə aid hissədə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmşdır: - Şəki rayonu Aqrar İslahatlar Komissiyasının 1997-ci il dekabr tarixli 42 nömrəli qərarı ilə iddiaçı və ailə üzvlərinə 2,16 ha əkin təyinatlı torpaq sahəsi verilmişdir. O, 2023-cü il tarixində bu torpaq sahəsinə çıxarış almaq üçün müraciət etdikdə, cavabdeh tərəfindən bildirilmişdir ki, bu torpaq sahəsi əslində 2,16 ha deyil, 1,52 ha-dır. O, ilər ərzində istifadəsində olan 1,52 ha torpağı 2,16 ha adı ilə əkir və vergisini verir. Bu prosses 25 ildir ki, davam edir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - ərizəyə baxılması zamanı Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən 2,16 ha torpaq sahəsinə X8, X3, X9, X10 və İddiaçı adına JN-0037 KOD 40414018 nömrəli torpağa mülkiyyət hüququna dair 26 noyabr 1998-ci il tarixli Dövlət aktı olsa da, “X4 X7’’nə əsasən təhvil verilmiş elektron baza məlumatlarında 0037 saylı konturdakı torpaq sahəsinin faktiki ölçüsünün hüquq müəyyənedici sənəddə göstərilən ölçüdən 0,64 ha az, yəni 1,52 ha olduğu müəyyən edildiyindən və ərizəçi tərəfindən yeni hüquq müəyyənedici sənəd olan çıxarışda torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə notarial qaydada təsdiq olunmuş yazılı razılıq təqdim olunmadığından vətəndaşa xx.xx.2023-cü il tarixli 3- 21-3-39/2- 2003/2023 №-li imtina məktubu verilmişdir. Belə ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsin-də əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 2.3.2-ci yarımbəndində göstərilmişdir ki, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilir. Beləliklə, torpaq islahatı aparılan zaman hazırlanmış kompleks yerquruluşu layihə xəritəsində X8 və ailə üzvləri X3, X9, X10, İddiaçı məxsus pay torpaq sahəsinin yerləşdiyi konturun ümumi sahəsi naturada faktiki ölçülərdən artıq göstərildiyindən çatışmayan torpaq sahəsini bərpa etmək mümkün deyil və bu səbəbdən Şəki rayonunun Orta Zəyzid yerləşən pay torpaq sahəsi üzərində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, JN 0037 kod 40414018 nömrəli Dövlət Aktı, 305830 nömrəli ölüm haqqında şəhadətnamə, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş mütəxəssis rəyi. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə prossesində iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı JN-0037 nömrəli Dövlət Aktında qeyd edilmiş 2,16 ha torpaq sahəsinin naturada mövcud olmayan 0,64 ha hissəsi üzərində ümumbirgə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın cavabdeh orqan tərəfindən ona verilməsinə nail olmaqdır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki,JN- 0037 nömrəli Dövlət Aktının DWG və TEKUİS elektron bazası əsasında yerləşmə vəziyyəti, faktiki olaraq 1.52 hektardır. Həmin torpaq sahəsi DWG (təsərrüfatın kompleks yerqurluşu layihə xəritəsi) və TEKUİS (X4 X7) məlumatlarında xüsusi mülkiyyətə aid kənd təsərüfatı təyinatlı əkin torpaqları kimi göstərilmişdir. Torpaq sahəsi faktiki olaraq iddiaçı tərəfindən istifadə edilir. Faktiki istifadə edilən torpaq sahəsi DWG və TEKUİS elektron məlumat bazasında JN0037 nömrəli Dövlət Aktının yerləşmə vəziyyətinə uyğun deyil (tərtib olunmuş yerquruluşu xəritəsində göstərilmişdir) JN-0037 nömrəli Dövlət Aktında qeyd edilmiş 2.16 ha torpaq sahəsinin 0.64 ha azalmasına səbəb həmin ərazidə vətəndaşların mülkiyyətinə verilən Dövlət Aktlarında göstərilən hektarın cəmi ilə naturada yerləşmə konfiqurasiyasındakı hektarla uyğun olmamasıdır. Məhkəmə qeyd edir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.5-ci maddəsinə əsasən müvafiq yeni nümunəli çıxarışın verilməsi üçün əsas olsa da, torpaq islahatı dövründə aparılmış ölçmələrin və verilmiş sənədlərin bir çox hallarda faktiki vəziyyətlə uyğun olmaması məhkəmə təcrübəsindən və inzibati orqanın praktikasından məlumdur. Bunun hüquqi həlli məhz 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanda nəzərdə tutulmuş və torpaqların faktiki istifadəsinə uyğun tənzimləmə mexanizmi müəyyən edilmişdir. Sözügedən Fərmanın qəbul edilməsinin başlıca məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək olmuşdur. Belə ki, torpaq islahatından sonra belə ölçü uyğunsuzluqlarının sistemli şəkildə qalması dövlətə məlum idi və bu səbəbdən də müvafiq fərman verilməklə torpaqların real istifadə vəziyyətinə uyğun hüquqi mexanizm yaradılmış, torpaq islahatı prosesi zamanı yaranmış ölçü uyğunsuzluqlarının həlli məqsədilə istinad olunan Fərmanın müvafiq bəndlərində torpaq sahəsinin faktiki ölçülərinin hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olması halına münasibətdə xüsusi tənzimləmə müəyyən edilmişdir. İstinad olunan “Fərman”ının 2.3.2-ci bəndində torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi... 2.3.5-ci bəndində ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi qeyd olunmuşdur. Göründüyü kimi Fərmanın 2.3.2-ci bəndinə əsasən, torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılması torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılmalıdır. Bu o deməkdir ki, əgər sənəddə göstərilən ölçü ilə faktiki istifadə arasındakı fərq yalnız sənəd üzərində qeyri-dəqiqlikdən irəli gəlirsə və real istifadə olunan torpaq sahəsi dəqiq müəyyən edilə bilirsə, bu halda sənəd dəyişdirilmədən hüquqi qeydiyyat davam edə bilər. Lakin, fərmanda aydın şəkildə göstərilir ki, torpaq sahəsinin faktiki ölçüsü sənəddə göstəriləndən az olduqda, yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçüsü göstərilməlidir və bu, yalnız mülkiyyətçinin, istifadəçinin və ya icarəçinin yazılı razılığı əsasında həyata keçirilə bilər. Bu prinsip istənilən halda torpaq sahibinin hüquqlarını qorumaqla yanaşı, real vəziyyəti də hüquqi müstəvidə tanımağa imkan yaradır və qeydiyyatın formallığını aradan qaldırır. 2.3.5-ci bəndə görə isə, torpaqla bağlı layihələr və sənədlər, normativ hüquqi aktların tələblərinə uyğun olduğu və digər şəxslərin hüquqları pozulmadığı hallarda, faktiki istifadə vəziyyəti əsas götürülərək tərtib edilməlidir. Bu müddəa bir daha təsdiq edir ki, torpaq sahələrinin ölçüləri ilə bağlı sənəddə göstərilən məlumatlarla real vəziyyət arasında fərq olduqda, cavabdeh real vəziyyəti nəzərə almalı və bu fərqin hüquqi sənədlərə uyğunlaşdırılmasını təmin etməlidir. Odur ki, torpaq sahəsinin faktiki istifadəsi ilə hüquq müəyyənedici sənədlərdə göstərilən ölçülər arasında uyğunsuzluq mövcud olduğu və iddiaçının faktiki istifadəsində tələb etdiyi ölçüdə torpaq sahəsi olmadığı halda, o, Dövlət Aktında göstərilən ölçüyə istinad edərək torpaq sahəsinin tamamlanmasını tələb etməkdə haqlı sayıla bilməz. Çünki fərmanda vurğulanan əsas prinsiplərdən biri real vəziyyətin nəzərə alınmasıdır. Buna görə də, mülkiyyət hüququnun qeydiyyatı faktiki mövcud olan sahə əsasında aparılmalıdır. İddia ərizəsində iddiaçı özü də, bildirir ki, 25 ildir həmin torpaq sahəsini 2,16 ha hesab edərək istifadə edir. Yəni, faktiki olaraq iddiaçı, torpaq islahatı aparılan dövrdən indiyədək torpaq sahəsini sənəd üzrə göstərilən ölçüdən az istifadə etmiş və ondan 0,64 ha torpaq sahəsi geri alınmamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, JN0037 nömrəli Dövlət Aktında göstərilən 2,16 ha torpaq sahəsinin 0,64 ha hissəsi naturada mövcud olmadığından cavabdeh orqan həmin torpaq sahəsinə münasibətdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri ”PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “JN-0037 nömrəli Dövlət Aktında qeyd edilmiş 2,16 ha torpaq sahəsinin 0,64 ha hissəsi üzərində ümumbirgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar