Məhkəmə qərarları › İş №2-1(116)-610/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-610/2020

03.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-610/2020 03.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X1 iştirakı ilə İddiaçı cavabdeh İsmayıllı rayon Qeydiyyat şöbəsinə qarşı “adının və soyadının dəyişdirilməsi və yeni doğum şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1956-ci ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olmuşdur. Hazırda İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 107, mənzil 33 ünvanında qeydiyyatdadır. İddiaçının ilk doğum haqqında şəhadətnaməsində adı “Eldar”, soyadı “Ağayev” qeyd olunmuşdur. 18.01.2018-ci il tarixdə adını və soyadını dəyişdirmək qərarına gəlmiş və bunun üçün Cavabdehnə müraciət etmişdir. Sözügedən orqan müraciət əsasında adı “Elton”, soyadı “Ağazadə” olaraq dəyişdirmiş, iddiaçıya müvafiq doğum haqqında şəhadətnamə və ona əsasən şəxsiyyət vəsiqəsi vermişdir. İddiaçı ərizəsində qeyd edir ki, ad və soyadını dəyişdirsə də, dəyişikliyə uyğunlaşa bilmir, həmçinin yaxınları onu yenə də köhnə ad və soyadla çağırırlar. Ona görə də, iddiaçı adının və soyadının yenidən əvvəlki ad və soyada dəyişdirmək qərarına gəlmiş və aidiyyatı orqana müraciət etmişdir. Cavabdeh orqan adın və soyadın yenidən dəyişdirilməsi üçün səlahiyyətlərinin olmadığını bildirmiş və bunun üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Odur ki, iddiaçı “adımın, soyadımın dəyişdirilməsi və yeni doğum şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin etirazı: İddiaçı Cavabdehnə qarşı müvafiq vətəndaşlıq aktında “Elton” adının “Eldar” adına, “Ağazadə” soyadının “Ağayev” soyadına dəyişdirilməsi tələbinə dair iddiaya münasibət bildirərək qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsi Qaydalarının 6.3-cü bəndinə uyğun olaraq müəyyən olmuş hallarda yol verilir. Həmin qaydalarda vətəndaşın adını və soyadını dəyişdirməsi üçün heç bir əsas yoxdur. Qeyd etmək istəyirik ki, İddiaçı müvafiq qanunvericiliyə uyğun olaraq 18.01.2018 ci il tarixdə adını “Eldar”dan “Elton”a, soyadını “Ağayev”dən “Ağazadə”yə dəyişdirmişdir. Vətəndaşın müraciətinə 26.12.2019-cu il tarixli 721 saylı məktubla cavab verilərək doğum haqqında akt qeydində adının və soyadının növbəti dəfə dəyişdirilməsi üçün müvafiq qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Cavabdeh 26.12.2019-cu il tarixli 721 nömrəli imtina məktubu, AZE seriyalı ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, AZ-İV 016208 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, AZ-İİ 248467 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surəti, AZ-İ 015671 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, Cavabdeh etiraz məktubu, soyadın, adın və ata adının dəyişdirilməsi haqqında aktın qeydinin təsdiq edilmiş surəti, nikahın bağlanması haqqında aktın qeydinin təsdiq edilmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu adın və soyadın dəyişdirilməsindən imtina etmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından İddiaçı cavabdeh İsmayıllı rayon Qeydiyyat şöbəsinə qarşı ““adının, soyadının dəyişdirilməsi və yeni doğum şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh İsmayıllı rayon Qeydiyyat şöbəsinə qarşı “adının, soyadının dəyişdirilməsi və yeni doğum şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar