Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-610/2022 29.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "xx.xx.2021-ci ildən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1961-ci ildə Zaqatala rayonu Ağdamkələl kəndində anadan olmuş və hazırda Zaqatala şəhərində yaşayır. O, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı aşağıdakı iş yerlərində işləmişdir: - xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilədək Qazaxıstan Respublikası "Manqışlaqneft" X2 Qazma İşləri İdarəsində neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçı köməkçisi, - xx.xx.1987-ci ildən xx.xx.1998-ci ilədək həmin İdarədə (xx.xx.1996-cı ildə İdarənin adı dəyişdirilərək "Manqistaumunayqaz" Səhmdar Cəmiyyətinin "Burqışı" X1 adlandırılmışdır) neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçısı, - xx.xx.1998-ci ildən xx.xx.1999-cu ilədək həmin müəssisədə quyuların yeraltı təmiri üzrə qazmaçı, - xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək həmin müəssisədə (xx.xx.2001-ci ildən müəssisə "Oil Services Company" X1 adlanır) neft və qaz üçün istismar və kəşfiyyatqazma quyularının qazmaçısı, - xx.xx.2001-ci ildən xx.xx.2008-ci ilədək həmin müəssisədə quyuların əsaslı təmiri üzrə qazmaçı, - xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək Qazaxıstan Respublikası "Enerqoproyekt- Visokoqradnya" Səhmdar Cəmiyyətində çilingər. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2021-ci ildə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı 21 il 8 ay 7 gün (xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək və xx.xx.1982-ci ildən xx.xx.2001-ci ilədək) olmaqla 25 ildən azdır. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40000 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16525,09 manat təşkil edir. Ona görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, bundan sonra isə məhkəməyə ərizə verərək tələbini dəqiqləşdirmiş və xx.xx.2021-ci ildən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, onun qanunvericiliklə tələb olunan müddətdən də artıq həm ümumi, həm də güzəştli sosial sığorta stajı vardır. Cavabdeh iddianı qəbul etməyərək iddiaya qarşı etirazında imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq isə bildirmişdir ki, İddiaçı cavabdehə müraciət edərkən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını cavabdehə təqdim etməmişdir. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli məktubda bildirmişdir ki, İddiaçı xx.xx.2006-cı ilədək ümumi iş stajı 25 il 9 ay 13 gün, güzəştli iş stajı isə 19 il 6 ay 28 gün təşkil edir. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli digər məktubda bildirmişdir ki, İddiaçı xx.xx.2006-cı ilədək ümumi iş stajı 21 il 8 ay 7 gün, güzəştli iş stajı isə 19 il 6 ay 28 gün təşkil edir. Bundan başqa, Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 820- İQ nömrəli Qanunu ilə Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında "Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Qazaxıstan Respublikası vətəndaşlarının və Qazaxıstan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında" Saziş təsdiq edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1979cu ildən xx.xx.1981-ci ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, ЕТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilədək Qazaxıstan Respublikası "Manqışlaqneft" X2 Qazma İşləri İdarəsində neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçı köməkçisi, xx.xx.1987-ci ildən xx.xx.1998-ci ilədək həmin İdarədə (xx.xx.1996-cı ildə İdarənin adı dəyişdirilərək "Manqistaumunayqaz" Səhmdar Cəmiyyətinin "Burqışı" X1 adlandırılmışdır) neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçısı, xx.xx.1998-ci ildən xx.xx.1999-cu ilədək həmin müəssisədə quyuların yeraltı təmiri üzrə qazmaçı, xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək həmin müəssisədə (xx.xx.2001-ci ildən müəssisə "Oil Services Company" X1 adlanır) neft və qaz üçün istismar və kəşfiyyatqazma quyularının qazmaçısı, xx.xx.2001-ci ildən xx.xx.2008-ci ilədək həmin müəssisədə quyuların əsaslı təmiri üzrə qazmaçı, xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək Qazaxıstan Respublikası "Enerqoproyekt-Visokoqradnya" Səhmdar Cəmiyyətində çilingər işləmişdir. - İşdə olan, "Oil Services Company" X1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 33 nömrəli arayışdan görünür ki, İddiaçı "Manqışlaqneft" X2 Qazma İşləri İdarəsində işləmiş və orada işləyən zaman 2002-2006-cı illərin bütün aylarında əmək haqqı almışdır. - İşdə olan, "Oil Services Company" X1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 4- 12/1-267 nömrəli və 4-12/1-267 nömrəli arayışlardan görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.2001-ci ilədək yuxarıda göstərilən müəssisədə işləmiş və müəssisənin adı bir neçə dəfə dəyişdirilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsində isə deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsinə görə, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, hazırda qüvvədə olan normalara əsasən, kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər aşağıdakılardır: 1) 60 yaşa çatması, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya azı 25 il sığorta stajının olması, 3) azı 12 il 6 ay güzəştli sığorta stajının olması. Müəyyən edildi ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla, 60 yaşa xx.xx.2021-ci ildə çatmışdır. İddiaçı iddia ərizəsində pensiya hüququnu özünün pensiya kapitalı ilə deyil, sığorta stajı ilə əsaslandırdığına görə məhkəmə ilk növbədə onun sosial sığorta stajının müddətini hesablamağı zəruri bildi. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə görə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Ona görə də İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olduğu 2 il 1 ay 9 gün müddət onun sığorta stajına daxil edilməlidir. Bundan başqa, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsində deyilir ki, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsində isə deyilir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən, onun xx.xx.2006-cı ilədək iş stajı 23 il 8 ay 6 gün təşkil edir. Həmin staj bütövlükdə Qazaxıstan Respublikası ərazisində toplanmışdır. Məhkəmə qeyd edir ki, göstərilən müddətin xx.xx.1992-ci ilədək olan hissəsi hər hansı şərt olmadan onun sığorta stajına daxil edilir. Əmək stajının xx.xx.1992-ci ildən sonrakı hissəsi ilə bağlı isə müəyyən edildi ki, Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 820-İQ nömrəli Qanunu ilə "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Qazaxıstan Respublikası vətəndaşlarının və Qazaxıstan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında Saziş" təsdiq edilmişdir. Həmin Sazişin 9-cu maddəsində deyilir ki, müəyyən güzəştlərə əsas verən staj da daxil olmaqla, əməkçi miqrantın Tərəflərin ölkələrindən birinin ərazisində əmək fəaliyyəti müddətində əldə etdiyi əmək stajı qarşılıqlı olaraq hər iki Tərəf ölkəsində tanınır. Əməkçi miqrant işlə təmin edən Tərəfi tərk etdikdə işəgötürən, əməkçi miqranta onun əmək fəaliyyətinin müddəti və əməyin ödənilməsi haqqında (hər ay üçün əmək haqqının məbləği göstərilməklə) möhürlə təsdiq edilmiş arayış təqdim etməlidir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1992-ci ildən sonra Qazaxıstan Respublikası ərazisində işlədiyi müddət də onun sosial sığorta stajına daxil edilməlidir. Belə olan halda, iddiaçının əmək kitabçasında göstərilmiş 23 il 8 ay 6 gün və hərbi xidmətdə olduğu 2 il 1 ay 9 gün müddətin cəmi 25 il 9 ay 15 gün təşkil edir ki, bu da ümumi sığorta stajı ilə bağlı yuxarıda göstərilən şərti tam təmin edir və iddiaçının pensiya kapitalının hesablanmasına zərurət qalmır. Bundan başqa, məhkəmə İddiaçı güzəştli sığorta stajı ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"nın "X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı" bölməsinin "Qazma" adlanan 1-ci yarımbölməsinin a) bəndinin ikinci abzasında "1100000a—11297. Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları", "Neft-qaz və qaz kondensatının hasilatı" adlanan 2-ci yarımbölməsinin a) bəndinin ikinci abzasında "1100000a—11292. Quyuların əsaslı təmirinin qazmaçıları" göstərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın "Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı" adlanan 10-cu hissəsinin "Qazma" adlanan 10.1-ci bəndinin a) yarımbəndinin ikinci abzasında "Neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları", "Neft, qaz və qaz kondensatının hasilatı" adlanan 10.2-ci bəndinin a) yarımbəndinin ikinci abzasında isə "Quyuların əsaslı təmirinin qazmaçıları" göstərilmişdir. Göründüyü kimi, İddiaçı sosial sığorta stajının 12 il 6 aydan artıq hissəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan bütün şərtlərə cavab verir. Məhkəmə bunu da qeyd edir ki, cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etsə də, imtina məktubunda, iddiaya qarşı etirazında və məhkəmənin sorğularına verdiyi cavablarda bunu hər dəfə fərqli dəlillərlə əsaslandırmağa çalışmış və ardıcıl bir mövqe göstərə bilməmişdir. Belə ki, o, imtina məktubunda iddiaçının ümumi sığorta stajının 21 il 8 ay 7 gün olduğunu və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 16529,09 manat pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına (40000 manat) imkan vermədiyini bildirdiyi halda, iddiaya qarşı etirazında əlavə olaraq, iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının tələb olunduğunu, məhkəmənin sorğusuna yazdığı xx.xx.2022-ci il tarixli cavab məktubunda iddiaçının ümumi iş stajının 25 il 9 ay 13 gün, güzəştli sığorta stajının 19 il 6 ay 28 gün təşkil etdiyini, məhkəmənin sorğusuna yazdığı xx.xx.2022-ci il tarixli cavab məktubunda isə iddiaçının ümumi iş stajının 21 il 8 ay 7 gün, güzəştli sığorta stajının 19 il 6 ay 28 gün təşkil etdiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh iddia tələbi ilə bağlı qarışıq mövqe nümayiş etdirsə də, xx.xx.2022-ci il tarixli cavab məktubunda iddiaçının ümumi iş stajının 25 ildən artıq (25 il 9 ay 13 gün), güzəştli sığorta stajının isə 12 il 6 aydan artıq (19 il 6 ay 28 gün) olmasını etiraf etmişdir. Bundan başqa, məhkəmə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun azı 25 il sığorta stajı ilə yanaşı, həm də fərdi hesabının sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması barədə cavabdehin dəlili ilə razılaşmır. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində yaşa görə əmək pensiyası hüququnun həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaranmasını təsbit etmişdir. Qanunun 7-ci maddəsində isə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması şərti və şəxsin azı 25 il sığorta stajının olması şərti bir-birinə alternativ olaraq nəzərdə tutulmuşdur. Başqa sözlə, bu şərtlərdən yalnız birinin təmin olunması 60 yaşa çatmış və azı 12 il 6 ay güzəştli staja malik olan kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayətdir. Cavabdeh öz etirazında bildirmişdir ki, ""Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 2.4.1ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla həmin müddəa ""Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın deyil, həmin Qaydalara 2 nömrəli əlavə olan "Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı"nın 2.4.1-ci bəndində nəzərdə tutulmuşdur. Digər tərəfdən, İddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair Qazaxıstan Respublikası "Oil Services Company" X1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 33 nömrəli, xx.xx.2021-ci il tarixli 4-12/1-267 nömrəli və xx.xx.2021-ci il tarixli 4-12/1-267 nömrəli arayışları (hər üç arayış iş materiallarındadır) cavabdehə təqdim etmiş, lakin cavabdeh onlara heç bir münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməməkdə haqlı olmamışdır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin olunmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-610/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-610/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver