Məhkəmə qərarları › İş №2-1(116)-611/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-611/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-611/2025 30.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki şəhər XDS İcraiyyə Komitəsinin 28 fevral 1989-cu il tarixli 03 saylı qərarına əsasən ona Şəki şəhəri Sarabski küçəsindən ayrılmış 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-611/2025 nömrəli qərardadı ilə Şəki Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, “Şəki şəhər XDS İcraiyyə Komitəsinin 28 fevral 1989- cu il tarixli 03 nömrəli iclas protokolundan çıxarışa əsasən Şəki şəhəri 27ci rayon Sarabski küçəsi 14 nömrəli evdə yaşayan İddiaçı istifadəsinə atası X3 istifadəsində olan 1850 kv m torpaq sahəsindən 600 kv m torpaq sahəsinin ayrılması, ayrılmış torpaq sahəsində 3 otaqlı ev tikməyə icazə verilməsi qərara alınmışdır. İddiaçı qeyd edir ki, ayrılan həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş və bu günədək iddiaçı tərəfindən həmin torpaq sahəsi ilə bağlı torpaq vergisi ödənişi həyata keçirilir. İddiaçı nəzərə çatdırır ki, xx.xx.2024-cü il tarixdə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Şəki şəhəri Sarabski küçəsində yerləşən fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən imtina bildirişi verilmiş və bildirilmişdir ki, aparılmış araşdırma zamanı qeydiyyata alınması istənilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin xarici ölkə vətəndaşı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası torpaq qanunvericiliyinin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Qeyd olunanları nəzərə alaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilir. İddiaçı idarənin cavabını aşağıdakılara görə tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, əvvəla onu qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsinə əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə - minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" ARQ-nun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan başqa onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların dövlət bağçıhq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirlməsi qaydası nəzərdə tutulmuş və göstərilmişdir ki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi İddiaçı Sirəli oğluna Şəki şəhər XDS icraiyyə Komitəsinin 28 fevral 1989cu il tarixli 03 nömrəli qərarına əsasən 600 kv m torpaq sahəsi ayrılaraq 3 otaqlı ev tikintisinə icazə verilmiş, həmin qərar hazırda qüvvədədir və yuxarıda qeyd edilən qanunvericiliyin normalarına əsasən Şəkİ şəhər XDS İcraiyyə Komitəsinin 28 fevral 1989cu il tarixli 03 nömrəli qərarı sözügedən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün əsasdır. Bundan başqa torpaq islahatı zamanı İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmuş, qanuni istifadəsində olan sözügedən torpaq sahəsi əvəzsiz olaraq onun mülkiyyətinə verilmiş, bu səbəbdən də torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına onun qanuni gözləntisi yaranmış, lakin o, torpaq üzərində mülkiyyət hüquqlarını qeydə aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir. Göründüyü kimi sözügedən torpaq sahəsi İddiaçı Şəki şəhər XDS İcraiyyə Komitəsinin 28 fevral 1989cu il tarixli 03 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün verilmişdir. Qərara və yuxarıda qeyd edilən qanun normalarına əsasən İddiaçı hələ Azərbaycan Respublikasının vətəndaşı olduğu dövrdə torpaq sahəsi əldə etmiş və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ yaranmışdır. Hazırda isə o, torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmaq istəyir. Bir sözlə İddiaçı Rusiya Federasiyasının vətəndaşı olaraq Azərbaycan Respublikasında torpaq sahəsi əldə etmək yox, 1989-cu ildə Şəki şəhərində yaşadığı zaman və Azərbaycan Respublikasının vətəndaşı olarkən mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata aldırmaq istəyir. Göründüyü kimi torpaq sahəsinin ayrılmasına dair Şəki şəhər XDS İcraiyyə Komitəsinin 28 fevral 1989-cu il tarixli 03 nömrəli qərarı qüvvədə olduğu halda, Azərbaycan Respublikasında torpaq islahatı zamanı qanuni istifadəsində olan həmin torpaq sahəsi İddiaçı mülkiyyətinə verildiyi halda və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ yarandığı halda, sözügedən torpaq sahəsi üzərində hüquqların qeydə alınmasından imtina edən inzibati orqan 12 saylı Şəki Ərazi İdarəsi bunu işin hallarına istinadən əsaslandırmamış və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" ARQ-nun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməmişdir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtin edən inzibati orqan bunu işin halların istinadən əsaslandırmalı və bu halın "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respubikası Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Göründüyü kimi qanunvericiliyin tələbi baxımından torpaq sahəsi İddiaçı qanunla müəyyən edilmiş qaydada ayrılmasına, Şəki şəhər XDS İcraiyyə Komitəsinin 28 fevral 1989-cu il tarixli qərarının qüvvədə olmasına və həmin qərarın torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilməsinə baxmayaraq, 12 saylı Şəki Ərazi İdarəsi qanunsuz və əsassız olaraq həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsindən imtina etmişdir. Bununla da onlar hüquqlarımızın həyata keçirilməsinə süni maneələr yaratmışlar ki, bu da korrupsiyaya şərait yaradan hüquqpozmadır. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, “xx.xx.2024-cü il tarixli, 2- 1(116)-2370/2024 nömrəli sərəncama əsasən iddiaya qarşı rəsmi münasibət olaraq bildiririk ki, Rusiya Federasiyasının vətəndaşı İddiaçı etibarnamə (** AA ***6854) üzrə nümayəndəsi Nümayəndə 13 yanvar 2024-cü il tarixdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizə ilə (daxilolma Ne-si **********) DƏDKR PHŞnin 12 saylı Şəki Ərazi idarəsinə müraciət edərək. Şəki şəhəri, Sarabski küçəsində yerləşən fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı adına dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Lakin, ərizəyə əlavə olunan sənədlərin yoxlanılması zamanı müraciət olunan Şəki şəhəri, Sarabski küçəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsinin Şəki şəhər X4 icraiyyə Komitəsinin 28 fevral 1989-cu il tarixli 03 nömrəli iclas qərarı ilə İddiaçı ayrıldığı görünsə də, torpaq sahəsinin mülkiyyətçisi İddiaçı hazırda xarici ölkə vətəndaşı olduğundan və Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə əsasən xarici ölkə vətəndaşının Azərbaycan Respublikasında torpaq sahəsini yalnız icarə hüququ əsasında əldə edə biləcəyi nəzərdə tutulduğu əsas götürülərək ərizəçiyə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli 3-21-3-39/2- 278/2024 Ns-li bildiriş verilmişdir. Bundan əlavə, Şəki şəhəri, Sarabski küçəsində yerləşən X5 və İddiaçı istifadəsində olan fərdi yaşayış evinə dair arxiv qovluğunda mövcud olan bütün sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunması ilə bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən X5 və İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Göstərilənlərə əsasən, Şəki şəhər X4 İcraiyyə Komitəsinin 28 fevral 1989-cu il tarixli 44 nömrəli qərarına əsasən İddiaçı Şəki şəhəri. Sarabski küçəsindən yaşayış evi tikmək üçün ayrılmış 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tərəfimizdən qanunamüvafiq hesab olunmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. 16.03.1989-cu il tarixli qəbzin surəti.

3. 28.02.1989-cu il tarixli 03 nömrəli Şəki şəhər İcraiyyə Komitəsinin protokolunun çıxarışın surətindən görünür ki, İddiaçı

4. Şəki rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışının surətindən görünür ki, Təsərrüfatlararası cins mal-qara müəssisəsinə təhvil verilmiş.Şəki rayonu Yemçilik birliyinin “Qaytanlanmış torpaq" kitabına əsasən 54-cü sırada X3 cəmi torpağı 0.20,o cümlədən yaşayış məntəqəsindən kənarda 0.02 olması qeyd edilmişdir.

5. 9977 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surəti.

6. Şəki şəhər Xalq Deputatlari İcraiyyə Komitəsinin 19889-cu il tarixli 44 nömrəli qərarın surəti.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-ci tarixli 3-21-3-39/2-6041/2025 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, məktubda qeyd edilən fərdi yaşayış evi və ona məxsus torpaq sahəsi mövcuddur. 1992-ci ildə fərdi ev üçün tərtib olunmuş texniki pasport tikiliyə uyğun gəlir.Həmin pasportda göstərilmiş 2 yaşayış otağı olduğu kimi qalır.4 nömrəli eyvanın bir hissəsi bağlanaraq rəyə əlavə olunmuş sxemdə göstərilmiş formada 2 ümumi sahəsi 16.9 m2 və 6.1 m2 olan yarımçı sahələr əmələ gəlmişdir.Evin tikintialtı sahəsi 162 m2-dir.Ümumi sahəsi 70.7 m2, o cümlədən 47.7 m2 yaşayış sahəsi(2 otaq),23 m2 köməkçi sahəsi,61,2m2 eyvanı var.Bir mərtəbəlidir.Daxili hündürlüyü- 2.90 m-dir.Orta xarici hüdürlüyü 4.6 m-dir.Divarları çay daşı və saman kərpicdən,dam örtüyü dəmirdəndir.Ev sağlam vəziyyətdədir. Fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsi 0.1435 hadır.Həmin torpaq sahəsinin içərisindən evin cənub tərəfindən və torpaq sahəsinin şərq hissəsindəki küçədən 6 və ya 10 kv-luq elektrik xətti keçir.Torpaq sahəsinin 950 m2-i, o cümlədən evin tikintialtı sahəsinin 21.6m2-i həmin xəttin mühafizə zonasına düşür. TEKUİS məlumat bazasına görə torpaq sahəsinin təyinatı yaşayış məntəqəsi torpağıdır.Mülkiyyətçisi Şəki Bələdiyyəsidir.Uqodiyası tikintialtında olan torpaqlardır. Fərdi yaşayış evinin ÜRİS proqramına görə ünvanı ünvan 1n Respublikasının Mülki Məcəlləsi: Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 206.1. Əgər qanunun yol verdiyi əsaslara görə şəxsin mülkiyyətinə qanunla ona mənsub ola bilməyən əmlak düşmüşsə, həmin əmlakı mülkiyyətçi, qanunla ayrı müddət müəyyənləşdirilməyibsə, əmlaka mülkiyyət hüququnun əmələ gəldiyi andan bir il ərzində özgəninkiləşdirməlidir. Maddə 206.2. Mülkiyyətçi əmlakı bu Məcəllənin 206.1-ci maddəsində göstərilən müddətlərdə özgəninkiləşdirmədikdə, belə əmlak, onun xarakterini və təyinatını nəzərə almaqla, dövlət orqanının ərizəsi üzrə məhkəmənin çıxardığı qərara əsasən məcburi satılaraq satış pulu keçmiş mülkiyyətçiyə verilməli və ya dövlət mülkiyyətinə verilərək dəyəri keçmiş mülkiyyətçiyə ödənilməlidir. Bu zaman əmlakın özgəninkiləşdirilməsinə çəkilən xərclər çıxılır. Maddə 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 48.

1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir.

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə 49.

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Torpaq islahatı haqqında Azərbaycan Respublİkasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Əsaslandırma hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıda qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə iddianı əsaslı hesab edir. Hazırkı iddia ərizəsinin ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı Şəki şəhər XDS İcraiyyə Komitəsinin 28 fevral 1989-cu il tarixli 03 saylı qərarına əsasən ona Şəki şəhəri Sarabski küçəsindən ayrılmış 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh imtinanın əsası kimi iki hala istinad etmişdir: - torpaq sahəsinin mülkiyyətçisinin hazırda xarici ölkə vətəndaşı olması; - elektron bazaya toplanmış məlumatlarda və arxiv materiallarında X5 və İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilməməsi. Məhkəmə aşağıdakılara əsasən cavabdehin dəlillərini əsaslı hesab etmir. İlk növbədə qeyd edilməlidir ki, Şəki şəhər XDS İcraiyyə Komitəsinin 28 fevral 1989cu il tarixli 03 nömrəli iclas protokolundan çıxarışa əsasən Şəki şəhəri 27-ci rayon Sarabski küçəsi 14 nömrəli evdə yaşayan İddiaçı istifadəsinə atası X3 istifadəsində olan 1850 kv m torpaq sahəsindən 600 kv m torpaq sahəsinin ayrılması, ayrılmış torpaq sahəsində 3 otaqlı ev tikməyə icazə verilməsi işin mübahisəsiz halıdır. İddiaçı Rusiya Federasiyasının vətəndaşı olması barədə cavabdehin dəlilinə gəldikdə isə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü hissəsində müəyyən edilmiş məhdudiyyət qanun qüvvəyə mindikdən sonra torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını əldə etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil olunur. Lakin təsadüfi deyil ki, həmin Məcəllənin 49-cu maddəsinin 4-cü hissəsində xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinə dair mülkiyyət hüququnun müəyyən şərtlər daxilində keçdiyi halda bir il müddətinə onun qanunvericiliyinə uyğun özgəninkiləşdirilməsi təsbit edilmişdir. Hazırkı halda iddiaçıya Şəki şəhər XDS İcraiyyə Komitəsinin 28 fevral 1989-cu il tarixli 03 nömrəli iclas protokolundan çıxarışa əsasən 600 kv. m torpaq sahəsi ayırılan zaman o, Azərbaycan Respublikası vətəndaşı olmuşdur. Mövcud qanunvericlik qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydiyyatını istisna etmir. Lakin burada məhdudiyyət ondan ibarətdir ki, xarici hüquqi və fiziki şəxslərin mülkiyyətinə keçmiş torpaq sahələrini həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq özgəninkiləşdirməlidirlər. Mövcud vəziyyətdə həmin dövrdə qanunla müəyyən edilmiş qaydada iddiaçıya torpaq sahəsi ayırıldığı halda, hazırda onun Azərbaycan Respublikası vətəndaşı olmaması səbəbi ilə mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün yetərli deyil. Çünki sözügedən torpaq sahəsi həmin dövrdə buna səlahiyyətli qurum tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə ayırılmışdır. Belə ki, həmin dövrdə iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi qanuni əsaslarla onun mülkiyyətinə verilmiş, iddiaçının həmin torpaq sahəsini mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün qanuni imkanı olmuş, lakin iddiaçı həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişdir. İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz. Lakin iddiaçının hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda, Torpaq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində torpaq sahəsini özgəninkiləşdirmək öhdəliyi iddiaçıya da şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans”a xidmət edir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-114/2023 nömrəli Qərarı) Cavabdehin “elektron bazaya toplanmış məlumatlarda və arxiv materiallarında X5 və İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilməməsi” ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, İddiaçının sözügedən daşınmaz əmlaka mülkiyyət hüquqları torpağa münasibətdə Şəki şəhər XDS İcraiyyə Komitəsinin 28 fevral 1989- cu il tarixli 03 nömrəli iclas protokolundan çıxarışa, evə münasibətdə isə həmin tarixli 44 nömrəli qərara əsasən yaranmışdır. Həmin qərarlarların ləğv və yaxud etibarsızlığı ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qeyd oluanan sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş hallardan hər hansı birinə əsaslanmadan iddiaçının müraciətindən imtina etmişdir. Təsadüfi deyil ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı”nda qeyd olunmuşdur ki, “......Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.”. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Şəki şəhər XDS İcraiyyə Komitəsinin 28 fevral 1989-cu il tarixli 03 saylı qərarına əsasən Şəki şəhəri Sarabski küçəsindən ayrılmış 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərtilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə həvalə edilməlidir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki şəhər XDS İcraiyyə Komitəsinin 28 fevral 1989-cu il tarixli 03 saylı qərarına əsasən Şəki şəhəri Sarabski küçəsindən ayrılmış 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququnun bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərtilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar