Məhkəmə qərarları › İş №2-1(116)-613/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-613/2021

07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-613/2021 07.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zakirli Rabiyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə qarşı “02.06.2020-ci il tarixli **********0 saylı qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “02.06.2020-ci il tarixli **********0 saylı qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktına əsasən 07.02.2018-ci il tarixindən əlil hesab edilmişdir. Bu barədə ona 3cü dərəcəli əlillik təyin etmişlər. Bundan sonra DSMF-nın Yevlax rayon Şöbəsinin müvafiq qərarı ilə ona pensiya təyin edilmişdir. O, bir müddət pensiya almışdır. Bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon Şöbəsi tərəfindən 02.06.2020-ci il tarixli **********0 nömrəli qərar qəbul edilərək, ona artıq hesablanmış 16198.02 manat məbləğində pensiyanın geri qaytarılması qərara alınmışdır. O, qeyd olunan qərarla razı deyil. Belə ki, onda xəstəlik mövcud olduğu üçün tibbi komissiya ona 3-cü dərəcəli əlillik dərəcəsi müəyyən etmişdir. 02.06.2020-ci il tarixə qədər bu hallar etibarlı idi. O da etibarlı olduğundan dövlətin pensiya təminatından istifadə etmişdir. Bu proses dövlətin mühim idarələri tərəfindən yoxlanılaraq, qeydiyyatdan keçərək nizamlanmışdır. Odur ki, cavabdehin 02.06.2020-ci il tarixli **********0 saylı qərarını əsassız hesab edir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında mübahisələndirilən qərarın əsaslı olduğunu bildirərək, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən 25 fevral 2021-ci il tarixdə iddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, ƏƏSMN tabeliyində DSMF X3 23.11.2020-ci il tarixli qərarı ilə Fondun keçmiş rayon şöbələri (filialları) üzrə Regional Ərazi Filialları yaradılmışdır. Müvafiq qərara əsasən Fondun keçmiş Yevlax rayon şöbəsi hazırda 17 saylı Regional Ərazi Filialının yurisdiksiyasına aid edilmişdir. Odur ki, iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Regional Ərazi Filialının qeyd edilməsi iddiaçıya təklif olunmuş, nöqsanların aradan qaldırılması üçün 15 (on beş) gün müddətində vaxt təyin edilmişdir. Hüquqi yardım məktubu 04.03.2021-ci il tarixdə iddiaçı tərəfindən imza edilərək poçt vasitəsilə alınmış, lakin verilmiş müddət ərzində nöqsanlar aradan qaldırılmamışdır. İddiaçıya 16 mart 2021-ci il tarixdə təkrar, eyni məzmunlu yardım məktubu ünvanlanmış, qeyd olunan nöqsanların aradan qaldırılması üçün 5 (beş) gün müddətində vaxt təyin edilmişdir. Hüquqi yardım məktubu 26.03.2021-ci il tarixdə iddiaçı tərəfindən imza edilərək alınmış, lakin verilmiş müddət ərzində nöqsanlar aradan qaldırılmamışdır. İddiaçıya hüquqi yardım edilməsi üçün 21 may 2021-ci il tarixinə məhkəmə hazırlıq iclası təyin edilmiş, lakin iddiaçı təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak etməmiş, nəticədə nöqsanların aradan qaldırılması mümkün olmamış, məhkəmə hazırlıq iclası 07.06.2021-ci il tarixə növbəti dəfə təyin edilmiş, eyni zamanda iddiaçıya 21 may 2021-ci il tarixdə təkrar eyni məzmunlu yardım məktubu ünvanlanaraq, qeyd olunan nöqsanların aradan qaldırılması üçün növbəti dəfə 5 (beş) gün müddətində vaxt təyin edilmişdir. Hüquqi yardım məktubu 25.05.2021-ci il tarixdə iddiaçı tərəfindən poçt vasitəsilə imza edilərək alınmış, lakin verilmiş müddət ərzində nöqsanlar aradan qaldırılmamış, həmçinin iddiaçı 07.06.2021-ci il tarixli məhkəmə hazırlıq iclasında heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin 02.06.2020-ci il tarixli **********0 saylı qərarından görünür ki, müvafiq qərar əsasında iddiaçıdan 16198.02 manat məbləğində artıq pensiyanın tutularaq Yevlax 16 saylı RXİ bölmə 6.1.3, maddə 271111 hesabına köçürülməsi qərara alınmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə iddia ərizəsində yol verilmiş nöqsanların aradan qaldırılması üçün yardım etmə vəzifəsini həyata keçirməsinə baxmayaraq, iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsində və tələbini düzgün cavabdehə yönəltməkdə maraqlı deyildir. Belə ki, məhkəmə tərəfindən göndərilmiş hüquqi yardım məktublarının heç birinə iddiaçı tərəfindən münasibət bildirilməmiş, iddiaçı məhkəmə hazırlıq iclaslarında heç bir üzrlü səbəb olmadan iştirak etməmiş və iddia ərizəsini dəqiqləşdirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi inzibati orqan olaraq artıq mövcud olmadığından, iş üzrə cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqan qismində qəbul edilə bilməz. Buna görə də hazırki iş üzrə tələbin cavabdeh qismində DSMF-nun keçmiş Yevlax rayon şöbəsinə qarşı yönəldilməsi və işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə qarşı “02.06.2020-ci il tarixli **********0 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar