Məhkəmə qərarları › İş №2-1(116)-613/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-613/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-613/2024 28.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2023-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qərarının qanunsuz hesab edərək ləğv edilməsi və cavabdehin üzərinə xx.xx.2023-cü ildə ünvanlı sosial yardımın təyin edilməsi, 2023-cü ilin fevral ayında ünvanlı yardım üçün olan elektron ərizənin təyin olunmayan aylarının yəni fevral, mart, aprel, may və sonradan təyin olunmayan sentyabr və oktyabr ayları üçün hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdehə qarşı “xx.xx.2023-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qərarının qanunsuz hesab edərək ləğv edilməsi və cavabdehin üzərinə xx.xx.2023-cü ildə ünvanlı sosial yardımın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-12217/2023 saylı qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2023-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qərarının qanunsuz hesab edərək ləğv edilməsi və cavabdehin üzərinə xx.xx.2023-cü ildə ünvanlı sosial yardımın təyin edilməsi, 2023-cü ilin fevral ayında ünvanlı yardım üçün olan elektron ərizənin təyin olunmayan aylarının yəni fevral, mart, aprel, may və sonradan təyin olunmayan sentyabr və oktyabr ayları üçün hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı ünvanlı sosial yardım almaq məqsədi ilə 13 fevral 2023-cü il tarixli **********29201 nömrəli "Ərizə bəyannamə" ilə cavabdeh inzibati orqana müraciət etmiş, ona ünvanlı dövlət sosial yardımının təyinatından imtina edilməsi haqqında qərar qəbul etmişdir. İddiaçının təkrar müraciəti əsasında ona 2023-cü ilin iyun ayında ünvanlı sosial yardım təyin edilmiş,iyun-avqust ayları üçün üç ay ərzində ödənilmişdir.Sonradan cavabdeh tərəfindən sentyabr və oktyabr ayları üçün ödənilmə təyinat zamanı uyğunsuzluq olduğu əsası ilə dayandırılmışdır.İddiaçının növbəti müraciəti əsasında həmin ilin noyabr ayından etibarən ünvanlı sosial yardım təkrar təyin edilmiş və hazırda da ödəniş aparılmaqdadır. İddiaçı cavabdeh sosial yardımın təyinatından imtina edilməsi haqqında qərar qəbul etdiyinə görə, xx.xx.2023-cü il tarixdən 4 ay müddətinə sosial yardım almaq hüququndan aztəminatlı ailəsini qanunsuz məhrum etdiyini hesab edərək məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, həmin müraciətə qanunla nəzərdə tutulmuş müddət ərzində baxılmış və xx.xx.2023-cü il tarixdə maddi-məişət şəraitinin müayinəsi nəticəsində aşağıdakı 2 əsasla sosial yardım təyin edilməsindən imtina edilmişdir:

1. Ümumi istifadəli sayğacın aşkar edilməsi;

2. Ailənin kirayədə qalması ilə bağlı məlumatın öz təsdiqini tapmaması. (İmtina bildirişi iş materiallarına əlavə edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli müraciət zamanı maddi-məişət şəraiti müayinə edilərkən iddiaçının ümumi işıq sayğacından istifadə etməsi aşkar edilmişdir. Sayğaların ümumi olması artıq bir dam örtüyü altında olan iki evdə birgə təsərrüfat aparılması 1 aktını ortaya çıxarmış, təmsilçi tərəfindən şərait yaradılmadığıdan təsərrüfatın ayrı aparılmış bina (mətbəxə) baxış keçirmək mümkün olmamışdır. Beləliklə, qeyd olunmuş hal təmsilçiin müraciətinə imtina verilməsinə səbəb olmuşdur. İkinci imtina əsasına münasibətdə qeyd edirik ki, maddi-məişət şəraitinin müayinəsi təmsilçi tərəfindən ərizə-bəyannamədə qeyd olunan məlumatların doğruluğunun təsdiq edilməsi məqsədilə aparılır. Təmsilçi ərizəbəyannamədə kirayədə yaşadığını qeyd etmiş, lakin maddi-məişət şəraitinin müayinəsi zamanı ailənin kitayədə qalması ilə bağlı məlumat təsdiq edilməmişdir. Təmsilçi kirayədə qalması faktını sübut edə bilməmiş, kirayə müqaviləsi təqdim etməmişdir. Qeyd olunan bu hal ərizə-bəyannamədə qeyd edilmiş məlumattarda uyğunsuzluq yaranmasına səbəb olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Az-İ seriyalı 351540 nömrəli Nikahın pozulması haqqında Şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X2 ilə İddiaçı arasında olan nikah xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir.

2. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin 343 nömrəli arayışı,

3. İş materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçının ünvanlı dövlət sosial yardımı almaqla bağlı xx.xx.2023-cü tarixli müraciəti əsasında ona yardımın təyin olunmasından imtina olunmuşdur.

4. 2929 nömrəli xx.xx.2023-cü il tarixli Arayış,

5. Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2023-cü il tarixli məlumat;

6. Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2023-cü il tarixli məlumat;

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı 2023-cü ilin fevral ayında cavabdehə müraciəti əsasında ünvanlı sosial yardımın təyin edilməsindən imtinanın qanunsuz hesab edilməsi,oan 2023-cü ilin fevral-noyabr ayları ərzində ödənilməmiş altı aylıq (fevral,mart,aprel,may,sentyabr və oktyabr ayları üçün) ünvanlı sosial yardımın ödənilməsindən ibarətdir. İşin hallarından görünür ki,cavabdeh tərəfindən ilkin olaraq 2023-cü ilin fevral ayında ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə müraciət edilmişdir.Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli imtinaya dair bildiriş təqdim edilmişdir.Bildirişdə imtinanın iki əsası qeyd olunmuşdur : Ümumi istifadəli sayğacın aşkar edilməsi və ailənin kirayədə qalması ilə bağlı məlumatın öz təsdiqini tapmaması. Lakin,sonradan eyni məlumatlar əsasında iddiaçıya xx.xx.2023-cü il tarixindən ünvanlı sosial yardım təyin edilmiş və sentyabr ayına kimi ödənilmişdir.Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində təyin edilmiş ünvanlı sosial yardımın dayandırmışdır.İmtina bildirişdə əsas kimi iddiaçının oğlu X1 təhsil alması barədə məlumatın DİM tərəfindən təsdiq olunmadığı bildirilmişdir.Bununla da sentyabr və oktyabr ayları ərzində ünvanlı sosial yardımın ödənilməsi dayandırılmış və noyabr ayından başlayaraq eyni məlumatlar əsasında ödəmə davam etdirilmişdir. Göründüyü kimi inzibati orqan tərəfindən aparılan inzibati icraat natamam və qüsurlu olmuş,iddiaçı tərəfindən təqdim edilən sənədləri lazımınca araşdırmamış,sistem vasitəsi ilə yoxlanılmalı olan məlumatları iddiaçıdan tələb etmişdir.Digər tərəfdən təyin edilmiş ünvanlı sosial yardım inzibati icraat aparılmadan ləğv edilmiş,sonra yenidən iddiaçının müraciəti əsasında bərpa edilmişdir.Nəticə etibarı ilə iddiaçının sosial durumu və ünvanlı sosial yardımın təyin edilməsi əsasları dəyişmədiyi halda ona əsassız olaraq cəmi altı aylıq ödənişin ödənilməsi təmin edilməmişdir.Odur ki,cavabdehin faktiki hərəkətləri qanuzsuz olduğundan imtina qərarı ləğv edilmə və iddiaçıya ünvanlı sosial yardımın ödənilməsi həyata keçirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qanunvericilikdə (müvafiq Qaydalarda) “ünvanlı sosial yardımın alınması”ndan imtina əsasları kimi müəyyən edilmiş, o cümlədən “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.-ci bəndində göstərilən halların iddiaçıya münasibətdə mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir. Cavabdehin imtinalarında məktubunda məsələyə formal yanaşılaraq, iddiaçının ailə gəlirləri barədə düzgün məlumat verilmədiyi barədə dəlillərə əsaslanaraq mövqe bildirilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə müraciətin araşdırılması zamanı hər hansı uyğunsuzluğun aşkar edilməsi halı yaranarsa, cavabdeh ilk növbədə yardım etmə vəzifəsinə uyğun olaraq həmin uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş fəaliyyəti həyata keçirməlidir. Çünki uyğunsuzluq halının aradan qaldırılması ehtimalı və ərizəçinin müraciətinin təmin edilməsi imkanı qalır. Yalnız bu qaydada davrandıqdan sonra aşkar edilmiş uyğunsuzluğun ünvanlı sosial yardım təyin edilməsi meyarları baxımından imtina səbəblərini aradan qaldırmadığı halı mövcud olmaqda davam etdikdə, ərizənin təmin edilməməsi haqqında qərar çıxarıla bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)- 1139/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında təsbit olunan hüquqi mövqe). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Qaydaların 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Həmin Qaydaların 5.11-ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 4cü maddəsinə əsasən (Sosial yardımın məqsədi və prinsipləri) sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur (4.2.1ünvanlılıq), - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur (4.2.2-ədalətlilik). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı 2023-cü ilin fevral ayından ünvanlı sosial yardımın təyin edilməsi,həmin il üçün ödənilməyən fevral, mart, aprel, may,sentyabr və oktyabr ayları üçün ünvanlı sosial yardımın hesablanaraq ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar