Məhkəmə qərarları › İş №2-1(116)-614/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-614/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-614/2020 01.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi vəkil X2, üçüncü şəxs X5 vəkili X4 iştirakı ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs X9, X10) qarşı "mülkiyyətində olan mənzildən üçüncü şəxslər X5 və X6 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Mingəçevir Şəhəri XDS İK-in xx.xx.1988-ci il tarixli 209 nömrəli qərarı ilə Mingəçevir şəhəri Toxucular küçəsində (hazırda Ş.İ.Xətai küçəsi) yerləşən 15 nömrəli evin 16 nömrəli mənzili İddiaçı istifadəsinə verilmiş və onun adına xx.xx.1988-ci il tarixli 6629 nömrəli order yazılmışdır. Orderdə ailə üzvləri kimi Manafova Liliana, Manafov Vidadi və Manafova Bellanın adları göstərilmişdir. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, həmin mənzil İddiaçı mülkiyyətinə verilmiş, onun mülkiyyət hüququ xx.xx.2008-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Üçüncü şəxs X9 iddiaçının oğlu X8 ilə ailə qurmuş və xx.xx.2010-cu ildə iddiaçıya məxsus olan mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Üçüncü şəxsin xx.xx.2006-cı ildə doğulmuş övladı X10 da xx.xx.2016-cı ildə həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Üçüncü şəxs X9 ilə iddiaçının oğlu X8 arasında olan nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə qeyd aparılmışdır. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək, özünə məxsus olan mənzildən üçüncü şəxslərX5 və X6 qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli cavab məktubları ilə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bundan sonra İddiaçı Cavabdehnə (üçüncü şəxs X9) qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək X5 özünə məxsus olan Mingəçevir şəhəri X18 küçəsi ev 15-də yerləşən 16 nömrəli mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X6 da qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, üçüncü şəxs X9 2010-cu ilin dekabr ayında onun mənzilinə qeydiyyata düşmüş, lakin hazırda Bakı şəhərində yaşayır, X10 da anasının yanındadır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X10 üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir. Cavabdehə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Mingəçevir şəhəri X18 küçəsi istifadədə olan 0,0828 ha torpaq sahəsində yerləşən 15 nömrəli evin 16 nömrəli mənzilinə İddiaçı tam mülkiyyət hüququ xx.xx.2008-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 4 nömrəli Mənzil İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli 781 nömrəli arayışından görünür ki, İddiaçıX18 küçəsi ev 15-də yerləşən 16 nömrəli mənzildə yaşayır. X8, X9, X10, X3 isə X18 küçəsi ev 15-də yerləşən 16 nömrəli mənzil ünvanında qeydiyyatdadırlar, lakin orada yaşamırlar. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə görə, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. İddiaçı üçüncü şəxslərin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmaları barədə tələbini onların həmin mənzildə yaşamaması, qeydiyyatın formal olması ilə əsaslandırmışdır. Şəxsin qeydiyyatdan çıxarılmasının əsasları "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsində təsbit edilmişdir. Həmin halların hər hansı biri mövcud olmasa belə, qeydiyyatda olan şəxslərin qeydiyyatda olduqları mənzildə əmlak hüquqları olmadığı və orada yaşamadıqları təqdirdə onların başqasının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması mümkün sayıla bilər. Bu hüquqi mövqe 2-1(102)-3075/2019 nömrəli başqa bir oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmişdir. Məhkəmə üçüncü şəxs X9 ilə bağlı qeyd edir ki, onun iddiaçıya məxsus evdə əmlak hüquqlarının olması, o cümlədən istifadə hüququ əldə etməsi işdə olan sübutlarla təsdiq olunmur. Əksinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X11 alınmış xx.xx.2020-ci il tarixli arayışla müəyyən edilir ki, X5 həmin mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa, sözügedən mənzilin özəlləşdirilməsi zamanı toplanmış sənədlər alınıb öyrənilərkən məlum oldu ki, xx.xx.2008-ci ildə 4 saylı mənzil istismar sahəsi tərəfindən verilmiş 2 №-li forma arayışda həmin mənzildə yaşayış hüququ olmaqla qeydiyyatda olan şəxslərin siyahısında nə X5, nə də onun qızı Aysu Manafovanın adları göstərilməmişdir. Onlar özəlləşdirmədə iştirak etməmiş, özəlləşdirmə ilə əlaqədar hər hansı ərizə verməmişlər. Həmçinin, onların hazırda həmin evdə daimi yaşaması da təsdiq edilmir. Belə olan halda, iddiaçı üçüncü şəxs X5 özünə məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. Digər üçüncü şəxs X10 ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 2-ci maddəsinin 4-cü hissəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. İşdən görünür ki, X10 14 yaşına çatmışdır. Onun valideynləri ayrılmış və o, anası X5 yanında qalmışdır. Onlar hazırda iddiaçıya məxsus olan mənzildə deyil, başqa ünvanda yaşayırlar. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, üçüncü şəxs X9 iddiaçıya məxsus olan mənzildən qeydiyyatdan çıxarılmalı olduğuna görə onun qızı Aysu Manafova da həmin mənzildən qeydiyyatdan çıxarılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus olan, Mingəçevir şəhəri X18 küçəsi ev 15-də yerləşən 16 nömrəli mənzildən üçüncü şəxs X5 və X6yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar