Məhkəmə qərarları › İş №2-1(116)-614/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-614/2022

05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-614/2022 05.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı Əhmədiyyə oğlunun və iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Əhmədiyyə oğlunun cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 17 saylı ünvan 1 ünvanda mülkiyyətində olan 0,0111 ha torpaq sahəsi üzərində bir mərtəbəli ticarət sahəsi 45,0 kv metr, anbar sahəsi 42,0 kv metr olan qeyri yaşayış binasına (mağazaya) mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Əhmədiyyə oğlu cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ağdaş şəhəri, Heydər Əliyev prospekti ev 33 saylı ünvanda mülkiyyətində olan 0,0111 ha torpaq sahəsi üzərində bir mərtəbəli ticarət sahəsi 45,0 kv metr, anbar sahəsi 42,0 kv metr olan qeyri yaşayış binasına (mağazaya) mülkiyyət hüququnun tanınması, Dövlət Reyestrində qeydiyyata alınması və texniki pasportun verilməsi üçün sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, “Ağdaş şəhəri, Heydər Əliyev prospekti ev 33 saylı ünvanda mülkiyyətində olan 0,0111 ha torpaq sahəsi üzərində bir mərtəbəli ticarət sahəsi 45,0 kv metr, anbar sahəsi 42,0 kv metr olan qeyri yaşayış binasına (mağazaya) mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: - ünvan 2 ünvanda mülkiyyətində olan 0,0111 ha torpaq sahəsi üzərində bir mərtəbəli ticarət sahəsi 45,0 kv metr, anbar sahəsi 42,0 kv metr olan qeyri yaşayış binası (mağaza) tikdirmiş və binaya ünvan 2 ünvan verilmişdir. Qeyri yaşayış sahəsi binasından (mağazadan) istifadə etmək üçün hər cür kommunal xidmətləri, elektrik və su xəttləri çəkdirmişdir və onun adına sayğac quraşdırılmışdır. Tikdirdiyi qeyri yaşayış sahəsinin (mağazanın) 1991-ci ildə smeta dəyəri Ağdaş Tədarük satış idarəsi tərəfindən tərtib edilmiş və eskiz tikinti layihəsi həmin ildə rayon İcra Hakimiyyətinin Memarlıq idarəsinin razılığı ilə "xxxx" MMC-tərəfındən çəkilmişdir. xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil- Kommunal Təsərrüfat Komitəsinin “Azərtexinventarlaşdırma” X4 RTİB tərəfindən xx.xx.1994-cü il tarixli AR 061711 №li lisenziya əsasında mülkiyyətində olan qeyri yaşayış binasına texniki pasport verilmişdir. Mülkiyyətində olan torpaqda tikdirdiyi və eskiz-layihəsi razılaşdırılmış qeyri yaşayış binasının istismara qəbul edilməsi və hüquqi qeydiyyata alınması barədə sərəncam verilməsi üçün Ağdaş rayon İcra hakimiyyətinin başçısına xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmiş və ərizəsinə 0,0111 ha torpaq sahəsinin özünün mülkiyətimdə olmasına dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və A№638612 saylı torpaq sahəsinin plan və ölçüsü sənədini əlavə etmişdir. Ancaq Ağdaş rayon İcra hakimiyyətin xx.xx.2021-ci il tarixli məktubu ilə tikili üzrərində mülkiyyət hüququnun tanınması üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Bundan sonra o, hazırkı tələblə cavabdeh orqana ərizə ilə müraciət etmiş və ərizəsinə torpağın mülkiyyətə verilməsinə dair sənədi, eskiz layihəni, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsinin “Azərtexinventarlaşdırma” X4 RTİB tərəfindən xx.xx.1994-cü il tarixli AR 061711 №li lisenziya əsasında qeyri yaşayış obyekti olan mağazanin texniki pasportunu və digər sənədlərin surətlərini əlavə etmişdir. Lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, 0,0111 ha torpaq sahəsinin mülkiyətində olmasına dair çıxarış və A№638612 saylı torpaq sahəsinin planı və ölçüsünə dair sənəd verdiyi halda, xx.xx.2021-ci il tarixli məktubu ilə inşa etdiyim qeyri yaşayış binasına dair torpaq sahəsi üzərində mülkiyyət, icarə və istifadə hüququnu təsdiq edən sənəd tələb edilir, həmin tikintiyə aid icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə olduğu halda cavabdeh orqan qeyri qanuni olaraq ondan layihə tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsinin “Azərtexinventarlaşdırma” X4 RTİB tərəfindən xx.xx.1994-cü il tarixli AR 061711 №li lisenziya əsasında qeyri yaşayış obyekti olan mağazasına texniki pasport verildiyi halda, mülkiyyətində olan həmin mağazanın texniki pasportu nəzərə alınmır. Halbuki, cavabdeh orqan yaradılmamışdan qabaq ona aid olan funksiyaları az və ya çox həcimdə Mənzil- Kommunal Təsərrüfat Komitəsinin “Azərtexinventarlaşdırma” X4 rayon Texniki İnventarizasiya bürosu həyata keçirmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, - təqdim olunmuş sənədlərdən göründüyü kimi İddiaçı Ərazi idarəsinə qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün ərizə ilə müraciət etmişdir. Ərizyə əlavə olunmuş sənədlərdən məlum olmuşdur ki, hazırda vətəndaşın mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa olunan tikili-qurğuya dair hər hansı hüquqmüəyyənedici və ya texniki sənədlər əlavə edilməmişdir. Bu barədə vətəndaşa rəsmi olaraq bildirilmişdir ki, qeyri-yaşayış binasına (ticarət obyekti) dair hüquqmüəyyənedici sənədlər natamamdır. Belə ki, qeyri-yaşayış binası üzərində hüquqların qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9,-cu və 8.0.10-cu maddələrinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1- dək) inşa edilmiş tikiliyə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq yerli icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir və qanunvericiliklə tələb olunan sənədlər ərazi idarəsinə təqdim olunduqdan sonra daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestirndə qeydiyyata alınması məsələsinə baxılacaqdır. Ərazi idarəsinin 07 dekabr 2021 -ci il tarixli məktubundan da göründüyü kimi daşınmaz əmlak üzərində vətəndaşın mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından imtinanın səbəbləri açıq-aydın göstərilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Ağdaş şəhər XDS-nin İK-nin sədri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş xx.xx.1991-ci il tarixli aktda qeyd edilmişdir ki, Ağdaş rayon Tədarük satış bazasının 3/X- 1991-ci il tarixli 328 №-li və RİK-nin 3/X-1991-ci il tarixli 6/1762 №-li məktubları əsasında kənd təsərrüfatı məhsullarının və mal mübadiləsi ilə alınan malların satışının rayon daxilində satılmasının təşkil edilməsinə mağaza tikilməsi üçün sahənin seçilməsinə komissiya vasitəsilə baxdıqda aşağıdakı kimi müəyyən etdik: şəhərin Azadlıq küçəsi 29№li evin yaxınlığında istifadəsiz boş torpaq sahəsindən 10m x 8m ölçüdə həmin məqsədə ayrılması məqsədəuyğun hesab edilərək icrakomda baxılması məsləhət bilindi. - Ağdaş rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 5/8№-li X1 məxsus şəhərin Azadlıq küçəsi 29 №-li ünvanda tikilmiş mağaza binası üçün torpaq sahəsinin təsdiq edilməsi haqqında qərarından görünür ki, şəhərin Azadlıq küçəsi 29№-li ünvanda tikilmiş və hazırda fəaliyyət göstərən mağaza binası üçün 10 m x 8 m ölçüdə torpaq sahəsinin təsdiq edilməsi qərara alınmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli DƏDR-dən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.0111 ha torpaq sahəsi iddiaçının tam xüsusi mülkiyyətindədir. - iddiaçıya məxsus mağaza tikintisinin layihə smeta sənədlərindən görünür ki, müvafiq layihə baş memar tərəfindən imzalanaraq razılaşdırılmışdır. - 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının adına ünvan 3 ünvanında (**********-33001 kodlu) təsərrüfat subyekti (obyekti) vergi uçotuna alınmışdır. - Ağdaş bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 215 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası, mağaza binası kimi 1991-ci ildə kənd təsərrfüatı mallarının tədarükü və satışı məqsədilə tikilmişdir və bu günə kimi mağaza kimi fəaliyyət göstərir. Həmin mağaza Ağdaş şəhəri Heydər Əliyev prospekti 33 saylı evdə yaşayan X3 tərəfindən 1991-ci ildən bü günə kimi istifadə edilir. - "xxxx" ASC-nin X5 xx.xx.2022-ci il tarixli, 03 №-li arayışında qeyd edilmişdir ki, Ağdaş şəhəri Heydər Əliyev prospekti 33 ünvanında yerləşən mağaza iddiaçının adınadır və abonent X7 “Oracle” proqram bazasında **********4 kodla qeydiyyatdadır. Hal-hazırda fəaliyyətdədir. - su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, "xxxx" ASC "xxxx" MMC-nin Ağdaş “Sukanal” Törəmə Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixdə Ağdaş şəhəri Heydər Əliyev prospekti 33 ünvanı üzrə içməli və istehsalat məqsədi ilə su ilə təmin olunma və tullantı sularının fasiləsiz qəbul edilməsi ilə bağlı müqavilə bağlanmışdır. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia tələbindən göründüyü kimi hazırkı tələbl məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı, mülkiyyətində olan 0.01111 ha torpaq sahəsi üzəridə inşa edilmiş, qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır. Ağdaş RXD-nin Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 5/8№-li qərarı ilə müəyyən olunur ki, iddia olunan tikili 1995-ci ilədək inşa edilmişdir. Belə ki, həmin qərar şəhərin Azadlıq küçəsi 29 №-li ünvanda tikilmiş mağaza binası üçün torpaq sahəsinin təsdiq edilməsi haqqındadır. Odur ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.9-cu maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilibyetirilməməsinə hüquqi qiymət verilməlidir. İstinad olunan Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair - ... qeyri-yaşayış binalarına ... münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili - torpaq sahəsinin üzərində inşa olunan tikiliqurğuya dair hər hansı hüquqmüəyyənedici və ya texniki sənədlərin əlavə edilməməsi ilə bağlıdır. İddiaçının, üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli DƏDR-dən Çıxarışa əsasən mülkiyyət hüququ ilə iddiaçının özünə məxsusdur. İşdə olan mağaza tikintisinin layihəsindən görünür ki, müvafiq layihə baş memar tərəfindən imzalanaraq razılaşdırılmışdır. Qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, Ağdaş bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 215 nömrəli məktubları, "xxxx" ASC-nin X5 xx.xx.2022-ci il tarixli, 03 №-li arayışı və digər sənədlərlə iddiaçının artıq uzun müddətdir ki, iddiaçının etirazsız olaraq həmin qeyri yaşayış sahəsindən istifadə etdiyi aşkar şəkildə görünür. Belə ki, Ağdaş şəhər XDS-nin İK-nin sədri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş xx.xx.1991-ci il tarixli aktı, Ağdaş RXD-nin Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 5/8№-li qərarı, adıçəkilən qeyri-yaşayış sahəsinin layihə smeta sənədlərinin şəhərin baş memar tərəfindən təsdiq olunması işin təkzibolunmaz halları olmaqla, bununla yanaşı iddiaçının sözügedən daşınmaz əmlakdan 30 ildən artıq istifadə etməsini, vergi ödəməsini, adıçəkilən layihəni təsdiq etmiş memarlıq şöbəsinin İcra Hakimiyyətinin struktur vahidi olduğunu, həmin tikintiyə dair Dövlət nəzarətedici orqanlar tərəfindən hər hansı bir iddianın və iradın olmamasını nəzərə alan məhkəmə hesab edir ki, Ağdaş rayon İcra Hakimiyyəti öz davranışı ilə (hərəkəti və hərəkətsizliyi ilə), həmçinin yuxarıda göstərilmiş mötəbər sənədlərin mövcudluğu diqqətə alınaraq, sözügedən daşınmaz əmlakla (tikili ilə) bağlı rəsmi sənəd (istismara qəbul aktı) verməsə də, mübahisə predmeti olan həmin obyekti faktiki şəkildə istismara qəbul etmişdir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-1524/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe). İddia olunan qeyri-yaşayış sahəsinin tikintisinə icazə barədə qərarın olmamasına münasibətdə isə məhkəmə qeyd edir ki, qanunverici icazənin verilməli olması ilə bağlı normanı həmin icazənin məhz qərar (sərəncam) formasında olması ilə məhdudlaşdırmamışdır. İşdə olan, xx.xx.1991-ci il tarixli aktın məzmunundan görünür ki, Azadlıq küçəsi 29 №-li evin yaxınlığında istifadəsiz boş torpaq sahəsindən 10m x 8m ölçüdə torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının və mal mübadiləsi ilə alınan malların satışının rayon daxilində satılmasının təşkil edilməsinə mağaza tikilməsi üçün ayrılması məqsədəuyğun hesab edilmiş və icrakomda baxılması məsləhət bilinmişdir. Nəzərə alınmalıdır ki, Ağdaş şəhər XDS-nin İK-nin xx.xx.1991-ci il tarixli aktı ilə iddiaçıya torpaq sahəsinin ayrılmasında məqsəd mağaza binasının tikintisi olmuşdur. Belə ki, Ağdaş şəhər XDS-nin İK müvafiq torpaq sahəsini faktiki olaraq hansı məqsəd üçün ayırmasını da həmin aktda həll etmiş və iddiaçının həmin torpaq sahəsində mağaza binası inşa etməsi, torpaq sahəsinin ayrılması məqsədinə uyğun olmuşdur. Digər tərəfdən qeyd olunmalıdır ki, istinad olunan akt Ağdaş şəhər XDS-nin İK-nin sədri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Bu isə o deməkdir ki, tikintiyə icazə verməli olan Ağdaş şəhər XDS-nin İK-nin sədrinin həmin tikilinin inşasına icazə verilməsi ilə bağlı iradə ifadəsi sözgedən aktda artıq mövcud olmuşdur. İddiaçı tərəfindən müvafiq mağaza binası Ağdaş şəhər XDS-nin İK-nin razılığı ilə inşa edildiyinə görə, ünvan 6 ünvanda tikilmiş və hazırda fəaliyyət göstərən mağaza binası üçün 10 m x 8 m ölçüdə torpaq sahəsinin təsdiq edilməsi barədə xx.xx.1995-ci il tarixli, 5/8№-li qərar qəbul etmişdir. Bu isə onu deməyə əsas verir ki, Ağdaş rayon XDS-nin Rəyasət Heyəti xx.xx.1995-ci il tarixli, 5/8№-li qərarla müvafiq tikilinin icazə əsasında inşa edildiyini qəbul etmiş və tikilmiş mağaza binası üçün 10 m x 8 m ölçüdə torpaq sahəsini təsdiq etmişdir. İnzibati praktikaya əsasən tikintiyə icazə sənədi adətən qərar (sərəncam) formasında tərtib edilsə də, hazırkı halda istinad olunan aktın tərtib edilməsi tikintiyə icazənin verilməməsi kimi qiymətləndirilməməlidir (yaxud tikilinin özbaşına tikili hesab edilməsinə səbəb olmamalıdır). İcazə sənədinin hansı formada verilməli olmasına cavabdehliyi Ağdaş şəhər XDS daşımış və iddiaçının inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqı olmuşdur. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmçinin «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Eyni zamanda 15.2-ci maddədə qeyd olunmuşdur ki, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 17 saylı ünvan 7 ünvanda, 0,0111 ha torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli, ticarət sahəsi 45,0 kv metr, anbar sahəsi 42,0 kv metr olan qeyri yaşayış binası (mağazaya) üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar