Məhkəmə qərarları › İş №2-1(116)-615/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-615/2020

22.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-615/2020 22.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair aktında əlillik qrupu qrafasında "3cü dərəcəli əlillik" ifadəsinin "2-ci dərəcəli əlillik" ifadəsi ilə, səbəb qrafasında "ümumi xəstəlik" ifadəsinin "Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı almışdır” ifadəsi ilə dəyişdirilməsi" tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair aktında əlillik qrupu qrafasında "3cü dərəcəli əlillik" ifadəsinin "2-ci dərəcəli əlillik" ifadəsi ilə, səbəb qrafasında "ümumi xəstəlik" ifadəsinin "Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı almışdır” ifadəsi ilə dəyişdirilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair aktında əlillik qrupu 3-cü dərəcəli əlillik, səbəb-ümumi xəstəlik qeyd edilmişdir. Ərizəyə əlavə olunmuş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli 3321 nömrəli və xx.xx.2017-ci il tarixli **********7 nömrəli məktublarında qeyd edilmişdir ki, o, xx.xx.2016-cı il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində əyani müayinədə olmuşdur, 2-ci dərəcə ümumi səbəbdən 5 il müddətinə əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci ildir. Buna baxmayaraq cavabdeh tərəfindən bugünədək heç bir dəyişiklik edilməmişdir. Cavabdeh məktublarında qeyd etsə də, icrası ilə bağlı heç bir hərəkət yoxdur. Bu da onun sosial təminat hüququnu pozur Cavabdeh etirazında bildirmişdir ki, müəyyən olunmuşdur ki, İddiaçı Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi (88 nömrəli forma) ilə xx.xx.2016cı il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində əyani müayinə edilmiş və beş il müddətinə ümumi səbəbdən üçüncü dərəcə əlillik təyin edilmişdir. Xəstənin təqdim etdiyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli, 436 nömrəli qərarında göstərilən, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış “Sağ budun içəri səthində yumşaq toxumalarını dəlib keçən qəlpə yarası və sol budun bayır səthində kor qəlpə yarası” diaqnozlu travmanın hal-hazırda əlilliyin təyininə əsas verəcək ağırlaşmaları aşkar edilmədiyinə və əlilliyin təyininə səbəb olan “Kəllədaxili travmaların nəticələri, Postravmatik ensefalopatiya, Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Təkrarlanan paroksizmlər” diaqnozlu xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi müəyyən edilmədiyinə görə əlilliyin səbəbi “ümumi xəstəlikdən” müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, 2016-cı ildə qüvvədə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 27 avqust 1998-ci il tarixdə qeydiyyata alınmış, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19 avqust 1998-ci il tarixli, 19-5 nömrəli təsdiq edilmiş “Keçmiş hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi barədə” Təlimatın 3.1. bəndinə görə, eləcə də hazırda qüvvədə olan “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş "Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimatın 3.1. bəndinə görə “Keçmiş hərbi qulluqçuya hərbi xidmətlə əlaqədar əlillik onun hərbi xidmətlə əlaqələndirilmiş yaralanması (travma, kontuziya zədələnmə) xəstəliyi bilavasitə, ayrılıqda götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir”. Qeyd edildiyi kimi hərbi həkim komissiyasının qərarında "Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” səbəbi ilə əlaqələndirilmiş “Sağ budun içəri səthində yumşaq toxumalarını dəlib keçən qəlpə yarası və sol budun bayır səthində kor qəlpə yarası” diaqnozlu travmanın hal-hazırda əlilliyin təyininə əsas verəcək ağırlaşmaları aşkar edilməmişdir. Buna görə də hərbi xidmətlə səbəb əlaqəsi müəyyən edilməmiş və əlilliyə səbəb olan “Kəllədaxili travmaların nəticələri, Postravmatik ensefalopatiya, Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, Təkrarlanan paroksizmlər” diaqnozlu xəstəliyə əsasən əlillik səbəbi ümumi xəstəlik müəyyən edilmişdir. Əlilliyin səbəbinin müəyyən edilməsi zamanı TSEK tərəfindən heç bir hüquq pozuntusuna yol verilməmiş, İddiaçı hüquqlarını məhdudlaşdıracaq heç bir hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Həmçinin nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasına müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə əlillik altsistemi üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Eləcə də bildiririk ki, Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi zamanı əlillik səbəbi barədə məlumat Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş göndərişlər əsasında müəyyən olunur. İddiaçı Azərbaycan Respublikasında aldığı travma ilə bağlı səhhətində ağırlaşma olduğu halda səhiyyə müəssisəsi tərəfində müayinə edildikdən sonra göndəriş rəsmiləşdirildiyi təqdirdə əlillik vəziyyəti iştirakı olmadan qiymətləndirilib. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2019-cu il tarixli, 2-1 (84)-71/2019 saylı qərardadı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı "Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair aktında əlillik qrupu qrafasında "3-cü dərəcəli əlillik" ifadəsinin "2-ci dərəcəli əlillik" ifadəsi ilə, səbəb qrafasında "ümumi xəstəlik" ifadəsinin "Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı almışdır” ifadəsi ilə dəyişdirilməsi" tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2019-cu il tarixli, 2-1 (84)-71/2019 saylı qərardadından İddiaçı apellyasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2019-cu il tarixli, 2-1(107)-446/2019 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, Şəki İnzibati- İqtisadi Məhkəməsinin 22 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2019-cu il tarixli qərardadından İddiaçı və onun vəkili Sarıyev Musa Kahov oğlu kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-3229/2019 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2019-cu il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşdə olan DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən İİİ qrup ümumi xəstəlikdən əlilliyə görə sosial müavinət ödənilir. İddiaçı xx.xx.2016-cı il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində əyani müayinədə olmuş, üçüncü dərəcə ümumi səbəbdən beş il müddətinə əlillik təyin olunması qərarı verilmiş və növbəti müayinə vaxtı xx.xx.2021-ci il tarix göstərilmişdir. İddiaçı “3-cü dərəcəli əlillik" və "ümumi xəstəlik" ifadələrinin yazıldığını ən azından 2016-cı ilin aprel ayından bilmiş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar kı, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri İlkin şərt onun zəruri olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-huquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcüdluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırkı halda iddiaçının mübahisələndirdiyi akt barəsində məhkəməyə şikayət verilməmiş inzibati aktdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati akt 2016-cı il 15 aprel tarixdə qəbul edilmiş və surəti ona təqdim olunmuş, iddiaçı həmin vaxtdan sosial müavinət almışdır. Lakin iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, həmin aktı mübahisələndirmə imkanını itirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair aktında əlillik qrupu qrafasında "3cü dərəcəli əlillik" ifadəsinin "2-ci dərəcəli əlillik" ifadəsi ilə, səbəb qrafasında "ümumi xəstəlik" ifadəsinin "Hərbi travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı almışdır” ifadəsi ilə dəyişdirilməsi" tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar