Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-615/2022 19.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “çıxarışın ləğvi və torpaq sahəsi üzərində hüquqlarının DƏDR-də qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1ində yerləşən, 0.499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair DƏDRX-də xx.xx.2019-cu il tarixli çıxarışla üçüncü şəxs X5 adına qeydiyyata alınan çıxarışın ləğv olunması, 02 iyun 1999-cu il tarixli Muxax kənd YAİK-nın qərarına əsasən iddiaçıya ayrılmış 0.04 ha torpaq sahəsi üzərində hüquqlarının DƏDR-də qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-615/2022 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - 02 iyun 1999-cu il tarixli Muxax kənd YAİK-nm qərarına əsasən 1-ci Qarabağ müharibəsi veteranı və 2-ci qrup əlil olduğu üçün ona əlavə bir pay torpaq verilməsi barədə qərar qəbul edilmişdir. Həmin 0.04 ha torpaq sahəsinə dair plan və ölçü sənədi işlənmişdir. İlkin torpaq isiahatı zamanı həmin torpaq sahəsi onun xüsusi mülkiyyətində olmuşdur. Sonradan məlum olmayan səbəblərdən torpaq sahəsi X3 adına işlənmişdir. Daha sonra həmin torpaq sahəsinə dair digər ümumbirgə mülkiyyətçilər öz paylarını X7 bağışlamışlar. İddia ərizəsinə əlavə etdiyim plan və cizgi sənədindən, eyni zamanda Muxax kənd Bələdiyyəsinin vermiş olduğu arayışdan məlum olur ki, 0.04 ha torpaq sahəsi onun adımda olmuş, lakin naməlum səbəblərdən X3 ailə üzvlərinin adına işlənmişdir. Həmin 0.04 ha torpaq sahəsində onun ticarət obyekti yerləşir. İstifadəsində olan ticarət obyektinin yerləşdiyi ərazi 1999-cu il tarixdə verilmiş 0.04 ha torpaq sahəsinin plan cizgisinin sərhədləri üçüncü şəxsin adına qeydiyyata alınan torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının iddia etdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının və digərlərinin, o cümlədən 3-cü şəxsin adlarına paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və çıxarışla rəsmiləşdirilmişdir. Buna görə də iddiaçının ərizəsinin icrası mümkün olmamış və ona bu barədə xx.xx.2021-ci tarixli, **********56 nömrəli məktub göndərilmişdir. İddia olunan ünvan 1i ünvanında yerləşən 0,04 ha torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli, 69 nömrəli qərarı ilə 0,499 ha ölçüdə kənd təsərrüfatı təyinaltı torpaq sahəsi kimi iddiaçının və digərlərinin (5 nəfərin, o cümlədən 3-cü şəxsin) mülkiyyətinə verilmiş və Ləğv edilmiş DTXK-si tərəfindən həmin 0,499 ha torpaq sahəsinə dair AN 246870 nömrəli plan və ölçü sənədi tərtib edilmişdir. Həmin plan və ölçü sənədi və digər sənədlər əsasında sözügedən 0,499 ha kənd təsərrüfatı təyinaltı torpaq sahəsi üzərində iddiaçının və digərlərinin (5 nəfərin, o cümlədən 3-cü şəxsin) ümumbirgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra, notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-1074 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən sözügedən 0,499 ha kənd təsərrüfatı təyinaltı torpaq sahəsi üzərində iddiaçının (1/5 hissədə payı üzrə) və 3-cü şəxsin (4/5 hissədə payı üzrə) paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Göstərilənlər nəzərə alınaraq qanuna müvafiq qaydada qərar qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxs iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı iddia ərizəsinə əlavə edilmiş Zaqatala Rayon Dövlət Arxivindən verilən xx.xx.2021 -ci il tarixli 5446 saylı Arxiv arayışından görünür ki, Muxax kənd YAİK-nin xx.xx.1999-cu il tarixli iclasa protokol qərarı ilə ona əlil olduğu nəzərə alınaraq kənd yaxınlarından 1 pay torpaq sahəsi verilməsi qərara alınmışdır. Halbuki mübahisə predmeti olan 0,04 ha torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı ilə (0,499 ha ölçüdə) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi 5 nəfərin mülkiyyətinə verilmiş, həmin torpağa DT və XK-si tərəfindən AN 246870 nömrəli plan-ölçü sənədi tərtib işlənmişdir. Bundan sonra isə həmin 0,499 ha kənd təsərrüfatlı torpaq sahəsi üzərində 5 nəfərin mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışla qeydə alınmış, daha sonra isə xx.xx.2019-cu il tarixli 4Ə-1074 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən həmin 0,499 ha k/t təyinatlı torpaq sahəsi 1/5 hissə İddiaçı, 4/5 hissə mənim olmaqla paylı müllkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Qeyd edilənlərdən də görünür ki, İddiaçı iddiası əsassız olmaqla yanaşı, əmisi oğlu Muxax bələdiyyəsinin sədrinin əsassız arayışlarına əsaslanmaqdadır. Halbuki Aqrar islahat zamanı torpaqlar verilərkən bələdiyyə mövcud olmamışdır, bələdiyyənin torpaq sahəsinin üst-üstə düşdüyünü göstərən hər hansı bir ölçü aləti də yoxdur. Arayışlar və sonradan tərtib edilmiş yerquruluşu xəritəsindən çıxarış saxtalaşdırılmışdır. Bələdiyyə arayışında məlum olmayan səbəblərdən torpağın başqa şəxsin adına işləndiyini bildirir, halbuki yuxarıda da qeyd edildiyi kimi mübahisələndirilən torpaq sahəsi 0,499 ha olmaqla Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı ilə 5 nəfərin mülkiyyətinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi verilmişdir. Həmin vaxtlar bələdiyyə mövcud olmadığından Muxax bələdiyyəsi tərəfindən verilən arayışların doğruluğu da şübhə altındadır, iddiaçıya yardım üçün verilmiş əsassız arayışlardır. Bundan başqa mən həmin torpaq üzərində yerləşən mağazanı 2004-cü ildən özü inşa edərək oranı 2017-ci ilin iyun adınadək işlətmiş, 2017-ci ilin iyun ayında İddiaçı ona zor tətbiq edərək mağazadan qovmuş, mağazanı və torpağı əsassız olaraq öz mülkiyyəti kimi istifadə etməyə başlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-4690/2018-ci il tarixli qərarında Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(107)-730/2018 saylı qətnaməsi qüvvəsində saxlanılmış, həmin qərarlarda, həmçinin Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadında yuxarıda göstərilən və iddianın əsassız olduğunu sübut edən arqumentlər öz təsdiqini tapmışdır. Bundan başqa həmin vaxt Muxax Bələdiyyəsi tərəfindən verilən arayışların da hüquqi əsasının olmadığı görülməkdədir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışdan görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0.0499 ha torpaq sahəsi İddiaçı (1/5 hissə) və X5 (4/5 hissə) paylı mülkiyyətindədir. - A246870 №-li Torpaq sahəsinin plan-ölçüsü sənədindən görünür ki, X4 Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı ilə 499 kv.m kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsinin verilməsi qeyd edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilərək Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarının və Zaqatala rayonu Muxax kəndində aqrar islahat aparılan zaman həyətyanı torpaq sahəsi alacaq subyektlərdən siyahısından X8 və İddiaçı aid hissədən çıxarış təqdim edilməsi xahiş edilmişdir. Müvafiq sorğunun verilməsində məqsəd A246870 №-li Torpaq sahəsinin planölçüsü sənədinin mötəbərliyinin araşdırılması olmuşdur. İşdə olan, üçüncü şəxs tərəfindən təqdim edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)-730/2018 nömrəli qətnaməsinin 5-ci səhifəsində həmin plan-ölçü sənədinin mötəbərliyinə aşağıdakı kimi hüquqi qiymət verilmişdir: - “Göründüyü kimi birinci instansiya məhkəməsinin doğru olmasına şübhə ilə yanaşdığı, iş materiallarının 14-16-cı səhifələrində olan AN246870 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi saxta olmamaqla Zaqatala rayonu Muxax kəndi ərazisində 499 kv.m torpaq sahəsinin Zaqatala AİK-nın 21 may 1998-ci il tarixli qərarı ilə iddiaçı X4 verilməsini sübuta yetirir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə iş materiallarında olan üçüncü şəxs DƏDRX-nin 18 Ərazi İdarəsinin 24 noyabr 2017-ci il tarixli məktubu, həm torpaq sahəsi verilmiş subyektlər siyahısı, həm də AN246870 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surəti sübuta yetirir ki, mübahisəli 499 kv.m torpaq sahəsi iddiaçı X3 mülkiyyətindədir. Göründüyü kimi hazırkı vəziyyətdə mübahisəli torpaq sahəsinin təkzibolunmaz sübutlarla iddiaçının mülkiyyətində olması öz əksini tapır və iddiaçı X6 haqlı olaraq mülkiyyətində olan torpaq sahəsində ölçmə işlərinin aparılması ilə həmin torpaq sahəsinə çıxarış almağa çalışır”... Beləliklə, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)-730/2018 nömrəli qətnaməsində AN246870 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində öz əksini tapmış məlumatların doğruluğu müəyyən edildiyindən, məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmiş sorğunun cavabının alınması zərurəti aradan qalxmışdır. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsində ləğv edilməsi tələb edilən xx.xx.2019-cu il tarixli 0.0499 ha torpaq sahəsinə dair DƏDR-dən çıxarış Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı əsasında verilmiş, 499 kv.m torpaq sahəsinə dair A246870 №-li plan ölçü sənədinə əsasən tərtib edilmişdir. Nəzərə alınmalıdır ki, çıxarış inzibati akt deyildir və onun mübahisələndirilməsi üçün ilk növbədə onun verilməsinə əsas olmuş sənədlər (hazırkı iş üzrə Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı) mübahisələndirilməlidir. Müvafiq qərarın mübahisələndirilməsi ilə bağlı müddətin tətbiqində isə Aqrar İslahat Komissiyasının qərarının qəbul olunduğu zaman qüvvədə olan hüquq normaları rəhbər tutulmalıdır. Belə ki, X2 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. X1 verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər... Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X11 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Ləğvi tələb edilən çıxarışın verilməsinə əsas olmuş Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarını mübahisələndirilmədən xx.xx.2019-cu il tarixli 0.0499 ha torpaq sahəsinə dair DƏDR-dən çıxarışın mübahisələndirilməsi mümkün deyildir. Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı qüvvədə olduğundan və onun mübahisələndirilməsi imkanı artıq itirildiyindən, həmin qərar əsasında verilmiş çıxarış mübahisələndirilə bilməz. İddia tələbinin ikinci hissəsinə (Muxax kənd YAİK-nın qərarına əsasən ayrılmış 0.04 ha torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı) münasibətdə məhkəmə izah edir ki, tələbin həmin hissəsi ilkin tələbdən asılı olduğundan, ilkin tələbin qeyri-mümkün olması həmin hissədə də iddianın mümkünsüzlüyünə səbəb olur. Belə ki, işin hallarından görünür ki, iddiaçının hüquqi marağı mağaza binasının yerləşdiyi, xx.xx.2019-cu il tarixli 0.0499 ha torpaq sahəsinə dair DƏDR-dən çıxarışın ləğv edilərək, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına nail olmaqdır. İddia ərizəsinin məzmununda da hüquqlarının qeydiyyata alınması tələb edilən 0.04 ha torpaq sahəsinin üçüncü şəxsin adına qeydiyyata alınmış torpaq sahəsi ilə üstüstə düşdüyü qeyd edilir. Odur ki, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün ilk növbədə xx.xx.2019-cu il tarixli 0.0499 ha torpaq sahəsinə dair DƏDR-dən çıxarış ləğv edilməlidir ki, yuxarıda qeyd edilən əsaslara görə müvafiq çıxarışın ləğv edilməsi mümkün olmadığından, tələbin həmin hissəsi də mümkün sayıla bilməz. Hazırkı iddianın mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün xx.xx.2022-ci il tarixdə iddiaçıya hüquqi yardım məktubu ünvanlanmışdır. Lakin, ötən müddət ərzində iddiaçı, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1382 nömrəli Fərmanının 7.2-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Komitənin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2021 -ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən publik hüquqi şəxsin bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. Odur ki, hazırda inzibati iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, hüquq varisi olan – “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilir. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ünvan 1ində yerləşən, 0.499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair DƏDRX-də xx.xx.2019-cu il tarixli çıxarışla üçüncü şəxs X5 adına qeydiyyata alınan çıxarışın ləğv olunması, 02 iyun 1999-cu il tarixli Muxax kənd YAİK-nın qərarına əsasən iddiaçıya ayrılmış 0.04 ha torpaq sahəsi üzərində hüquqlarının DƏDR-də qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmır. Qərardadın, “inzibati məhkəmə icraatına üçüncü şəxsin cəlb edilməsindən imtina edilməsi və iddianın mümkün sayılmaması hissəsindən” onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-615/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-615/2022
19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver